ABŞ-ın yeni prezidenti Donald Trampın administrasiyasının siyasətində də demokratiya prioritet təşkil edəcək. Bununla bağlı gözləntilər olsa da, bəzi ekspertlər Trampın siyasətinin fərqli olacağı qənaətində idilər. Lakin Dövlət Departamentinin açıqladığı sənəd göstərir Tramp administrasiyası da demokratiyaya önəm verəcək.

Sənədə gəldikdə, Dövlət Departamenti 2017-ci il büdcəsində Azərbaycana yardımların artırılmasını təklif edir.

Virtualaz.org Dövlət Departamentinin rəsmi saytına istinadən xəbər verir ki, gələn il Azərbaycana ayrılacaq maliyyə dəstəyinin 2016-cı ilə nisbətən təxminən 3 milyon dollar artırılması nəzərdə tutulur. Belə ki, 2016-cı il büdcəsində ABŞ Azərbaycana yardım üçün 10.08 milyon dollar ayırmışdı, gələn il isə bu vəsait 12.94 milyon dollara yaxındır. Və Dövlət Departamenti elan edir ki, maliyyə dəstəyinin artırılmasının məqsədlərindən biri Azərbaycanın Rusiyanı təzyiqlərinə və təsirinə qarşı müqavimətini gücləndirməkdir. (http://www.state.gov/documents/organization/252734.pdf)

Dövlət Departamentinin Azərbaycan üçün Konqresə göndərilən yardım sorğusuna dair izahedici sənədində deyilir ki, Birləşmiş Ştatlar Bakıya münasibətdə demokratikləşmə və insan haqları, təhlükəsizlik və iqtisadi liberallaşma, ticarətin inkişafı və Avroatlantika strukturları ilə əməkdaşlığın gücləndirilməsi prioritetlərindən ibarət "kompleks yanaşma” tətbiq edir.

"Bu yardımlar Azərbaycanın Rusiyanın və digər xarici qüvvələrin təhdidlərinə qarşı əlçatanlığını azaltmağa, habelə mümkün zorakı ekstremizmə qarşı mübarizə imkanlarını gücləndirməyə xidmət edəcək”-Dövlət Departamenti bildirir.

Sənədə əsasən ABŞ-ın Azərbaycana ayıracağı maliyyə yardımları əsasən vətəndaş cəmiyyətinə, QHT-lərə, jurnalistlərin hüquqlarının müdafiəsinə və digər bu kimi məqsədlərə xərclənəcək. Başqa sözlə, ABŞ Dövlət Departamenti Azərbaycan və digər keçmiş sovet respublikalarına qarşı ənənəvi siyasətini davam etdirəcək. "Bu yardımlar idarəçiliyin təkmilləşdirilməsinə, demokratikləşməyə, o cümlədən demokratik institutların və proseslərin inkişafına xidmət edəcək”-sənəddə göstərilir.

Sənədə əsasən yardımların bir hissəsi insan alverinə qarşı mübarizəyə, sərhəd təhlükəsizliyinə, terrorçuluq və digər transmilli cinayətkarlığa qarşı mübarizəyə, qadın hüquqlarının təminatına, kiçik infrastruktur layihələrinin həyata keçirilməsinə, Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin ABŞ-la birgə həyata keçirəcəyi missiyalara, strateji enerji infrastrukturunun mühafizəsinə, iqtisadiyyatın şaxələndirilməsinə dəstək verilməsinə və şəffaflığın artırılmasına xərclənəcək.

"Azərbaycan iqtisadiyyatı əhəmiyyətli dərəcədə enerji daşıyıcılarından asılıdır, lakin ölkənin uzunmüddətli rifahı və iqtisadi stabilliyi üçün diversifikasiya zəruridir”-Dövlət Departamenti bildirir. Bu səbəbdən ABŞ-n Azərbaycana ayıracağı iqtisadi yardımlar əsasən siyasi və instusional islahatların dəstəklənməsinə, ticarətin liberallaşmasına, Qərb və qlobal bazarlarla əlaqələrin möhkəmləndirilməsinə, qeyri-xammal sektorlarında dayanıqlı inkşafa xidmət edəcək. "ABŞ-ın köməyi Azərbaycanın rus aqessiyası qarşısında əlçatanlığını azaldacaq”-sənəddə vurğulanır.

Habelə göstərilir ki, ABŞ Azərbaycanda ticarətin liberallaşmasına yönələn islahatlara dəstək verəcək. Çünki bu islahatlar ABŞ və Avropa ilə daha etibarlı ticarətin qurulmasına, Azərbaycanın regional nəqliyyat və tranzit şəbəkəsi kimi rolunun gücləndirilməsinə xidmət edəcək. "İqtisadiyyatın diversifikasiyası, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, habelə Qərbə açılım Azərbaycanın Rusiyanın təzyiqlərinə və təsirinə qarşı müqavimət imkanlarını gücləndirəcək”-Dövlət Departamenti Azərbaycana dair siyasətinin əsas prioritetini gizlətmədən bunları bildirir.

Sənədə əsasən ABŞ Azərbaycana dəstək proqramında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında irəliləyiş əldə edilməsinə dair fəaliyyətin maliyyələşdirilməsini də nəzərdə tutur. Bu, əsasən tolerantlığa və gənclər auditoriyaları arasında dialoqun yaradılmasına, ictimai rəy liderlərinin, tarixçilərin və jurnalistlərin müəyyən edilərək onların mübadilə proqramlarına daxil edilməsinə yönələn fəaliyyətlər olacaq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300