Ölkə iqtisadiyyatının formalaşmasında önəmli rol oynayan kiçik sahibkarlıq, təəssüflə qeyd etməliyik ki, Azərbaycanda nəinki dövlət dəstəyindən məhrum olub, hətta bir çox hallarda sahibkarlıq subyektləri əsassız yoxlamalara, təzyiqlərə məruz qalırlar. Ölkə rəsmiləri sahibkarların hər cür dövlət qayğısı ilə əhatə olunduqlarını bildirsə də, reallıq heç də bunu təsdiq etmir.

 

Ümid Partiyasının Cəlilabad rayonu şöbəsinin sədr müavini Ruslan Cavadovla uluyol.info olaraq ölkə iqtisadiyyatını müzakirə etdik:

 

-Azərbaycanda iqtisadi vəziyyət, sahibkarların üzləşdiyi problemlər daha çox nələrdir?

 

-   Ümumi vəziyyəti dəyərləndirdikdə ölkədə sahibkarlar üçün müəyyən çevrə cızıldığın şahidi olarıq.Kim o çevrədən ayağını kənara qoysa cəzalandırılacaq. Bizi işləməyə qoymayan əsasən vergi işçiləri və polislərdir. Vergi işçiləri kiçik sahibkarların dövlətə vergi ödəmələrində maraqlı deyillər. Çalışırlar ki, kiçik sahibkarlardan qanunsuz pul olub onları vergidən yayındırsınlar. Beləliklə, hər ay dövlət büdcəsinə deyil, məmurlara vergilər verək. Azərbaycanda əksər dükan sahibləri vergi məmurları ilə "partnyorluq” edərək fəaliyyət göstərirlər. Vergi müfəttişləri dükanlara gələrək sahibkarlara hansısa sənədləri imzalatdırırlar və sonra da hər ay haqq tələb edirlər. Vergi işçilərilə yanaşı sanitariya və epidemioloji xidmətindən, polis sahə müvəkkiliyindən hər ay gəlib haqlarını alıb gedirlər. Bu cür şəraitdə işləmək olduqca çətin idi. Hansısa dövlət qurumuna şikayət edəndə sahibkarların günü qara olur. Çünki, şikayət məktubu şikayət olunan qurumun üzərinə yönləndirilir. Həmin qurumun rəhbəri sahibkarı yanına çağırıb danlayır və onun işini daha da çətinləşdirir. Bu gün ölkədə kiçik sahibkara təzyiq etmək çox asandır. Çünki onların mühasib, hüquqşünas saxlamaq imkanları məhduddur. Bütün işləri sahibkar özü görməli olur. Adamdan o qədər sənəd tələb edirlər ki, onu düzəldənə qədər sahibkarlıqla məşğul ola bilmirsən. Fermerin, mağaza sahibinin və digər kiçik sahibkarların o qədər vaxtı yoxdur ki, sənəd dalınca düşsün, dövlət idarələrini gəzsin. Bir sıra hallarda məmurlar özləri süni əngəllər yaradırlar ki, sahibkar ya onlara rüşvət versin, ya da bezib biznesdən kənarlaşsın. Adətən sahibkar özünə qarşı olan maneəni aradan qaldırmaq üçün məhkəməyə müraciət edir. Hakimlərsə, bir çox hallarda sahibkarın və qanunun yox, dövlət orqanlarının tərəfini tutur. O zaman ədalət prinsipi pozulur.

 

- Problemin qarşısını necə almaq olar?

 

- İlk növbədə ölkədə ədalətli məhkəmə sistemi olmalıdır. Məhkəmələrin dövlət orqanlarının tərəfini tutmaması üçün onlara ictimai nəzarət güclənməlidir.

Bizdə indi əmək haqqından sosial müdafiəyə 25 faiz vergi tutulur. Bura 14%-lik gəlir vergisini də əlavə edəndə ümumilikdə 39% edir. Bu, əməkhaqqından birbaşa tutulan vergidir. Sahibkar da öz işçilərinə verdiyi maaşı daha aşağı göstərmək üçün ikili mühasibatlıq sistemi ilə işləməyə məcbur olur. Azərbaycan kimi ölkələrdə sahibkarlar işçiyə o qədər maaş verə bilmir ki, ondan 39 faiz vergi ödəyə bilsin. Qanunun aliliyi qorunsa sahibkarların problemi xeyli həll olunmuş olar. Meyvə-tərəvəz satışı ilə məşğul olan sahibkarlar malı şəxsi adamlardan alırlar. Fermerlərsə heç yerdə qeydiyyatda deyillər. Belə olan halda məhsulun sənədlərini toplamaq mümkün olmur. Dövlət qurumları bu boşluqdan istifadə edib sahibkarları incidirlər. Sahibkarlardan daim müxtəlif adlarla vəsaitlər yığırlar. Məsələn, Heydər Əliyev Fondu, o tədbir, bu tədbir, hətta idman  oyunları üçün sahibkarlardan qeyri-leqan pullar alınır. Təzə icra başçısı təyin olunanda ilk olaraq sahibkarların siyahısını istəyir və aylıq haqq müəyyənləşdirir.  Bu baxımdan təbii ki, sahibkarların vəziyyəti ağırdır.

 

- Bir çox sahibkar monopoliyadan əziyyət çəkir. Sizcə, Azərbaycanda monopoliya hansı səviyyədədir?

 

- Sahibkarların problemlərinin həlli variantlarından biri də monopoliyanın aradan qaldırılmasıdır. Mən düşünürəm ki, daha çox islahatlar dərinləşdirilməli, monopoliya aradan qaldırılmalı, dövlət büdcəsinin xərcləri səmərəli olmalı və sahibkar da əmin olmalıdır ki, onun büdcəyə ödədiyi vergilər Azərbaycanın inkişafı və gələcəyi naminə sərf olunur. Ölkədə "idxal inflyasiyası” adlı ifadə mövcuddur. Onu yaradan idxalda monopoliyadır. Bu, ilk növbədə vətəndaşlara ziyandır. Gömrük işçilərinin özlərinə də ziyandır, çünki onlar da istehlakçıdırlar. Ölkədə qiymətlərin baha, bazarın xarici məhsullardan asılı olmasının başlıca səbəbi yerli sahibkarların sıxışdırılmasıdır. Əhalinin yaşayış səviyyəsi çox aşağıdır. Ünvanlı yardım almaq istəyənlərin sayı, ölkəni tərk etmək istəyənlərin sayı günü-gündən artır. Bütün bunlar son anda dövləti zəiflədir, imicini korlayır. Hakimiyyət yalnız bir-iki monopolisti qorumamalıdır. Kiçik və orta sahibkarlar üçün də çalışmağın vaxtı çatıb. Biz dövlətdən dəstək istəyəndə üstümüzə polis, vergi işçisi, sanitar-epidemiologiya mərkəzinin əməkdaşlarını göndərirlər ki, bizi susdursunlar. Azərbaycanda kiçik və orta sahibkarlıq sıradan çıxarıldığı üçün ölkə iqtisadiyyatının bel sütunu demək olar ki, yoxdur. Bir sözlə ölkədə sahibkarlıq sahəsi "məmurların əsas gəlir" mənbəyinə çevirlib.

 

 Uluyol.info

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300