Azərbaycanın hərbi və siyasi ekspertlərinə görə, bütün dövrlərdə olduğu kimi, indi də Rusiyaya inanmaq və etibar etmək olmaz...

 



Aprel döyüşlərindən sonra elə ermənilərin özlərinin etiraf etdiyi kimi, hətta bəzi rayonları azad etməyə hazır olan Ermənistan prezidenti Serj Sərkisyan indi Bakını tuta biləcəyi barədə sərsəm fikirlər səsləndirir. Təbii ki, bu cəsarəti ona verən qüvvə var və bu havadar işğalçı ölkə ilə hərbi birlik yaradan, onu "İsgəndər” raket kompleksləri ilə təchiz edib işğalı stimullaşdıran şimal qonşumuzdir.

Ermənistan hakimiyyətinin aqressiv siyasəti S.Sərkisyanın yay aylarında Moskvaya səfərindən sonra daha da vüsət almağa başladı. O zaman rusiyalı "ağa”sının qarşısında az qala diz çöküb pulsuzluqdan və silahsızlıqdan şikayətlənən, ölkəsində hazırlanan saxta anti-Rusiya etitrazlarını yatırmaq üçün Kremldən dəstək istəyən erməni prezident istəyinə nail olandan sonra tamam fərqli bir qiyafədə görünməyə başladı. Ötən ay Bakı və İrəvan arasında "qaynar xətt” yaradılması təşəbbüsü ilə çıxış edən, ardınca Dağlıq Qarabağ xaric, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını söyləyən S.Sərkisyan indi daha da uzağa gedərək Bakını təhdid edir. Onun hakim Respublikaçılar Partıyasının qurultayında söylədiyi "Bizim Bakını tutmaq və kapitulyasiyaya məcbur etmək kimi strateji məqsədimiz yoxdur, amma sarsılmaz zərbə endirə endirə bilərik” təhdidlərinə çox qəribədir ki, nə həmsədr ölkələrdən, nə də beynəlxalq təşkilatlardan hər hansı reaksiya verilmədi. Bu faktın özü sübut edir ki, dünya birliyi Qarabağ məsələsi ilə, sadəcə, vaxtı və həvəsi olanda məşğul olur. Məşğuliyyət isə prosesdə ciddi nəticəyə nail olmaqla bağlı olmur, sadəcə, görüntü yaradılmasına xidmət edir. 

Sərkisyan deyib ki, hərbi əməliyyatların bərpasına Ermənistanın ehtiyacı yoxdur və münaqişə yalnız sülh yolu ilə həll oluna bilər. Ancaq unudur ki, sülh yolu ilə həll yalnız torpaqların işğalına son verildiyi halda mümkündür. Lakin Ermənistanın  həyasızlığı o həddə çatıb ki, hətta Azərbaycan ərazilərində arxeoloji qazıntılar aparıb bu ərazilərin "qədim ermənilərə məxsus olduğu” barədə saxta tarix yazmağa çalışırlar. Bütün bunlara stimul verən isə işğalçının hərbi müttəfiqi Rusiyadır. 

Azərbaycan Milli Məclisinin son plenar iclasında Moskvanın bu siyasətinə kəskin etirazlar ifadə olunub. "Ermənistan prezidenti Azərbaycanı hədələyib və deyib ki, hətta Bakını işğal edə bilər. Aprel döyüşlərində siçan kimi girməyə deşik axtaran Sərkisyan indi Moskvada özünə deşik tapıb, arxasında ”İsgəndər" raketlərini hiss edir və bizi hədələyir" deyən deputat Qüdrət Həsənquliyev açıq şəkildə bildirib ki, Ermənistanın arxasında Rusiya dayanır. Deputatın fikrincə, biz Qarabağ problemini ona görə çözə bilmirik ki, onu Moskva müdafiə edir. Q.Həsənquliyev deyib ki, Rusiya ya vasitəçi kimi bitərəf mövqeyini saxlamalıdır, ya da bu ölkə ilə münasibətlərə yenidən baxmalıyıq. Digər deputatlar da etirazlarını ifadə ediblər. 

Deputat Fərəc Quliyev Rusiya-Ermənistan hərbi birləşməsinin Naxçıvanla Qarabağ arasında yerləşdirilməsi barədə razılığı xatırladıb və Qars müqaviləsini xatırladaraq deyib ki, Türkiyə hərbi bazasının Naxçıvanda yerləşdirilməsi ilə bağlı işlər aparılmalıdır. Deputat Asim Mollazadə isə "Biz artıq danışıqları Ermənistanın sahibləri ilə aparmalıyıq. Minsk Qrupu Azərbaycanla Rusiya arasında vasitəçilik etməlidir” - söyləyib. 

Image result for Elxan Şahinoğlu
 
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da hesab edir ki, Rusiya təhlükəli qonşudur və belə bir dövlətlə normal münasibətlərin davamına çalışılmalıdır: "Ancaq bu, o demək deyil ki, rəsmilərimiz Rusiyanı tənqid etməməli, heç olmasa yumşaq şəkildə ”Rusiya işğalçı ölkədə "İsgəndər” raketlərini yerləşdirməklə, Ermənistanla birgə qoşun birlikləri yaratmaqla Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsizliyinə kölgə salır" ifadəsini səsləndirməməlidirlər. Əgər rəsmilər bunu deyə bilmirlərsə, bu tip fikirlər heç olmasa parlamentdə səslənməlidir. Ona görə də millət vəkillərindən Qüdrət Həsənquliyev və Fazil Mustafanın Milli Məclisin iclasında Rusiyanın siyasətini tənqid etməsi yerində idi. Həqiqətən gur səslə deyilməlidir ki, Ermənistanla hərbi müttəfiqliyini daha da dərinləşdirən Rusiya ilə münasibətlərə yenidən baxılmalıdır. Rusiya Ermənistana hərbi dəstəyini artırmaqla Dağlıq Qarabağ münaqişəsinin həllindəki tərəfsizliyinə kölgə salır. Ona görə də deputatların tələbi haqlıdır". 

Ekspertin fikrincə, bu cür tənqidlər daima səslənməlidir ki, Azərbaycanda Rusiyanın regional siyasətindən ciddi narazılığın olduğunu Moskvada anlasınlar: "Bugünlərdə deyildi ki, Azərbaycanda 90 min şagird rus dilində təhsil alır. Ermənistan Rusiyanın hərbi siyasi müttəfiqidir, ancaq rus dilində təhsil Azərbaycanda olduğu həcmdə deyil. Bunun əvəzinə isə şimal qonşumuz Ermənistanda bundan dəfələrlə az rus dilində təhsil alan topluma dəstək verir. Rusiya Ermənistana hərbi dəstək verməsə, Dağlıq Qarabağ münaqişəsi çoxdan həll olunmuş və Ermənistan da Azərbaycanın şərtlərini qəbul etmişdi. Ermənistan nəyə görə ”İsgəndər" raketlərinə görə Rusiyaya yalvardı və ya Rusiya birgə hərbi birliklər yaratdı? Çünki bilir ki, təkbaşına Azərbaycanın təzyiqlərinə tab gətirməyəcək. Ermənistan prezidenti açıq etiraf etdi ki, ölkəsinin silah almağa pulu yoxdur və silahlanmada Azərbaycanla ayaqlaşa bilmir. Biz elə etməliyik ki, Ermənistan daima Rusiyadan silah və sursat yalvarsın. Elə bir gün gəlməlidir ki, Rusiya Ermənistana silah və sursat göndərməkdən yorulmalıdır. Çünki nə qədər ki, torpaqlarımız işğal altındadır, Azərbaycan hər il silah alışına milyardlarla dollar xərcləyəcək. Müharibə başlamasa belə, biz silahlanmanın həcmi ilə daima Ermənistanı qorxu içində saxlamalıyıq. Rusiyaya da aydın olmalıdır ki, bu silahlar kazarmalarda yerləşdirilmək üçün alınmır".

Politoloq Elçin Mirzəbəyli isə bildirdi ki, Rusiyanın Ermənistanla hərbi-siyasi müttəfiqliyi möhkəmləndirmək istiqamətində atdığı son addımlar Kremlin Cənubi Qafqaz siyasətində prioritetlərinin dəyişmədiyini göstərir: "Moskva indiki halda regionda mövcud olan vəziyyətdən, Türkiyə-Qərb münasibətlərində yaranmış gərginlikdən, iqtisadi problemlərin gətirdiyi sıxıntılardan maksimum dərəcədə yararlanmağa, təkcə Cənubi Qafqazı deyil, daha böyük ərazini öz təsir dairəsində saxlamağa çalışır. Rusiya təkcə regionu təsir dairəsində saxlamağa cəhd göstərmir, həm də həyata keçirilən və keçirilməsi nəzərdə tutulan bütün enerji layihələrinə sahiblənmək, nəqliyyat dəhlizlərini əlinə almaq istəyir. Bu baxımdan da Moskvadan ədalətli mövqe gözləmək sadəlöhvlükdür. Bütün dövrlərdə olduğu kimi, indi də Rusiyaya inanmaq olmaz. Etibar etmək isə heç olmaz”. 

Image result for Elçin Mirzəbəyli

E.Mirzəbəyli şübhə etmir ki, Kreml getdikcə ətrafımızdakı həlqəni daha da daraltmağa, region dövlətlərini qarşı-qarşıya qoymağa çalışacaq: "Rusların ən yaxşı işi müharibədir. Bu ölkə müharibə meydanında sındırılmayanadək ağlı başına gəlməyəcək. Bu baxımdan, Rusiyanın Azərbaycana olan münasibətini dəyişmək kimi bütün faydasız fəaliyyətə son qoyulmalıdır. Bütün bunlara vaxt və resurs sərf etməyin heç bir mənası yoxdur. Rusiya elə bir dövlətdir ki, aldıqlarının müqabilində heç nə vermək istəmir. 9 may sindromu rus xalqının düşüncəsinə hakim kəsilib. Onlar özlərini bəşəriyyətin xilaskarı kimi görürlər və elə hesab edirlər ki, bütün dünya onlara borcludur. Rusiyanın vasitəçi olduğuna özümüzü inandırmaqdan da əl çəkməliyik. Bu vasitəçi ilə - maskalı işğalçı ilə ”tənzimləmə" oyunu nə zamansa bitməliydi. Zənnimcə, biz artıq qırılma nöqtəsinə gəlib çatmışıq".

Məsələ burasındadır ki, Rusiyanın Azərbaycana qarşı təzyiqləri Moskva-Ankara münasibətlərindəki əlaqələrin yaxşılaşdığı dövrdə baş verir. Hansı ki, rəsmi Bakı ümid edirdi ki, bu iki böyük qonşusunun münasibətlərindəki problemlər aradan qalxsa, bu, Qarabağ məsələsinin ədalətli həllinə də kömək edər. Ancaq Azərbaycan hakimiyyəti rəsmən etiraf olunduğu kimi, qonşuları arasında ötən ildən sonra müşahidə olunan "soyuq müharibə”nin aradan qaldırılmasında vasitəçi olsa da, indi şimal qonşusundan zərbələr almaqda davam edir. 

"Nə qədər qəribə səslənsə də, mən şəxsən inanmıram ki, Rusiya-Türkiyə yaxınlaşması bizə Qarabağ probleminin tezliklə həll olunmasında köməklik göstərsin. Nəzəri baxımdan hər şey mümkündür. Amma praktiki baxımdan isə bu mümkünsüzdür”. Bu fikirləri qəzetimizə hərbi ekspert Üzeyir Cəfərov söylədi.

Ekspertin fikrincə, onsuz da bir qədər yuxarıda məhz Rusiyanın region üçün başdan-ayağa problemli ölkə olan Ermənistanla sıx münasibətləri imkan vermir ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olunsun: "Əksinə, bəzi pessimist təhlillər də var ki, mən onları bölüşürəm. Əgər indiyə kimi biz ərazi bötövlüyümüzlə bağlı hər hansı bir addım atmağa başlasaydıq, yəqin ki, qardaş Türkiyədən haqlı olduğumuza görə dəstək almış olardıq. İndiki şərtlər çərçivəsində isə bu məsələnin praktiki cəhətdən reallaşmasının qarşısını ala biləcək xeyli məqamlar sadalamaq olar ki, onlardan da ən əsası Rusiya-Türkiyə münasibətlərinin son vaxtlar sürətlə genişlənməsi faktorudur. Bu isə heç də Azərbaycanın maraqlarına cavab verən hal sayıla bilməz”. 

Image result for Üzeyir Cəfərov

Artıq  Ermənistan və Rusiya arasında birgə hərbi birləşmələrlə bağlı konkret addımlar atılmaqdadır. Bu isə Azərbaycanı seçim etmək məcburiyyətində qoyur. Ü.Cəfərova görə, belə vəziyyət nəinki hərb yolunu istisna edir, əksinə, aprel döyüşlərinin növbəti dəfə daha dəhşətli formada təkrar olunması riskini artırır:"Biz düşünürdük ki, Minsk Qrupu, başda Rusiya, Amerika və Fransa olmaqla, aprelin əvvəllərində qoşunların təmas xəttində yaranmış gərginlikdən sonra nəhayət ki, Ermənistanı qarşılarında oturdub başa salacaqlar ki, yetər və bəsdir. Amma gördüyümüz əks mənzərə isə onu deməyə əsas verir ki, həm düşmən, həm də ona havadarlıq edən güclər, sadəcə, növbəti hiyləgər oyun oynayırlar. Onların nə Azərbaycanın təbii haqqı olan ərazi bötövlüyümüzlə bağlı ciddi fikirləri var, nə də hər hansı həvəsi. Ona görə də əgər bu dəfə apreldə yaşananlar təkrar baş verərsə, loru dillə desək, ”qan su yerinə axacaq".

Tərəflər kifayət qədər ciddi və ağır silahları bütün cəbhə boyu yerləşdiriblər və istənilən an savaş bu dəfə apreldəki toqquşmalardan daha faciəli və çoxsaylı insan itkisi ilə müşaiyət olunacaq hadisələrlə alovlana bilər. Və böyük ehtimalla, yəqin ki, yaxın vaxtlarda biz vəziyyətin daha da ağırlaşdığının şahidi olacağıq".//musavat.com 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300