Bir aya yaxındır ki, AXCP sədrinin müavini Gözəl Bayramlının ölümlə təhdid olunması haqqında xəbər mətbuatın gündəmindədir. Bununla əlaqədar Milli Şuranın da rəsmi bəyanatı yayılıb. Gözəl Bayramlının hadisə ilə əlaqədar mövqeyi dünən "Basta” saytında dərc edilib. Gözəl Bayramlıya zəng edən və buna görə 12 sutka həbsdə yatan Çingiz Tağızadə baş verənlərlə bağlı  bu gün "Basta”ya məqalə göndərib. Yazını təqdim edirik:

"GÖZƏL BAYRAMLIYA MƏN ZƏNG ETMİŞƏM

AXCP sədrinin müavini Gözəl Bayramlını təhdid edən şəxs kimi oktyabrın 28-dən sosial şəbəkələrdə və mətbuatda anonim şəkildə hallanan şəxs mənəm, 1983-cü ildə Lənkəran şəhərində anadan olmuş Cingiz Vaqif oğlu Tağızadə.

Baş verən hadisənin heç də fəxr etməli olmadığından üstündən keçməyi üstün tutardım. Lakin bu müddət ərzində, eləcə də dünən Gözəl Bayramlının facebookda yazdığı statusun altındakı şərhlərdə adım çəkilməsə də hökumətin öyrətdiyi, hüquq-mühafizə orqanlarının agenti kimi təqdim edilməm məni mətbuata müraciət etməyə və hadisənin necə baş verdiyini söyləməyə vadar edir.

MÜXALİFƏTƏ RƏĞBƏTİMƏ GÖRƏ YAZDIM Kİ…

Oktyabrın 28-də Gülnar Rzayeva adlı bir istifadəçi Natiq Ədilovun statusunu paylaşmışdı. Bu statusda Müsavat başqanının müavini Səxavət Soltanlının dindarların siyasi məhbus hesab olunmasını mübahisələndirməsi əsasında Müsavat Partiyasının hakimiyyətlə anlaşması iddia olunurdu. Müxalifətə rəğbəti olan bir insan kimi belə çəkişmələrin ziyanlı olması barədə şərh yazdım. Bu zaman Oktay Saqixov (yəqin ki, Sadıxov olmalıdır. Lakin profil o qədər tələsik qeydiyyatdan keçirilib ki, soyad səhv yazılıb) mənə son dərəcə təhqiramiz şəkildə cavab verdi. Daha sonra küçə söyüşlərinə keçdi. Təbiidir ki, mən də ona eyni şəkildə cavab verdim. Bu zaman Oktay Saqixov bir telefon nömrəsi yazaraq "kişiliyin çatır zəng et, görüşək, söhbət edək” təklif etdi. Mən həmin nömrəyə zəng edərək "nə ağzına gələni yazırsan?” deyərək təhqir etməyə başladım. Qarşı tərəf bir qədər dinlədikdən sonra telefonu qapatdı.

KİMSƏNİ ÖLÜMLƏ TƏHDİD ETMƏMİŞƏM

Sakitləşmədiyimdən təxminən 1 saat sonra yenidən həmin nömrəyə zəng etdim.  Bu dəfə bir qadın cavab verərək özümü təqdim etməyimi istədi. Oktay Saqixovun qorxusundan telefon qadına verdiyini güman edərək kobud şəkildə "sən kimsən ki, mən sənə özümü təqdim edim?” cavabını verdim. Amma bu dəfə söyüş söymədim. Ümumiyyətlə, nə birinci, nə də ikinci zəngimdə kimsəni ölümlə təhdid etməmişəm.

Hadisənin yanlışlıq üzündən baş verməsini o da sübut edir ki, bu haqda facebookda da yazdım, Oktay Saqixovun qorxduğunu, ya da mənə başqa nömrə verməsini göstərdim. Həmin yazılar indi də profilimdə durur. Yəni Oktayın sandığım nömrəyə nə gizli nömrədən zəng etmişəm, nə də bu hadisəni gizlətmişəm.

İkinci zəngdən bir neçə saat sonra Oktayın məni aldada bilməsi fikrinə gəldim. Yenidən həmin nömrəyə zəng edib yenə qadın cavab verərsə, məsələni izah etmək və üzrxahlıq etmək istədim. Lakin zənglərə cavab verilmədi.

AXCP RƏHBƏRLİYİ SİYASİ MƏNFƏƏT NİYYƏTİNDƏ İDİ

Gözəl Bayramlı bu haqda status yazandan sonra mənim telefonuma zənglər gəldi, eləcə də xaricdən. Yalnız bu zaman hadisənin mahiyyətini bildim. Facebookda dostluq siyahımda olan Bəhruz Həsənli ilə yazışıb məsələni izah etdim, lakin xeyri olmadı. Görünür, AXCP rəhbərliyi bu hadisədən maksimum siyasi mənfəət götürmək niyyətində idilər.

Bir neçə gün sonra Suraxanı rayonunun 32-ci polis bölməsindən mənə zəng edərək Bakıya gəlməmi istədilər. Noyabrın 3-də izahatım alındıqdan sonra Suraxanı rayon məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə (xırda xuliqanlıq) əsasən 12 sutka inzibati həbsə məhkum edildim. Noyabrın 15-də cəzamı çəkib azadlığa çıxdım.

MƏNİ SAXTA PROFİLDƏN TƏXRİBATA ÇƏKDİLƏR

Baş verən hadisə mənə hələ tam aydın deyil. Gülnar Rzayeva adlı istifadəçi Natiq Ədilovun statusunu yazıldıqdan 5 gün sonra paylaşdı. Oktay Saqixov məni belə təxribata çəkdi. Bu saxta profillərin kimə məxsus olması qaranlıqdır. Hadisədən sonra hər 2 profil ləğv olunub.

Amma mən nə hökumətin öyrətdiyi adamam, nə də hüquq-mühafizə orqanlarını agenti – sıravi vətəndaşam. Mənim atamı, babamı Lənkəranda hamı, o cümlədən xalq hərəkatının veteranları olan Hüseynqulu Məmmədli, Rahim Nuriyev, İltifat Rəhimzadə tanıyır. Şəxsən özümü isə Yadigar Sadıqov, Xalid Bağırov kimi tanınmış müxalifətçilər. Kim istəsə mənimlə maraqlana bilər.

Gözəl Bayramlı dünən yazdığı statusda haqqımda cinayət işinin qaldırılmamasından narazılıq edib. Əgər AXCP rəhbərliyi sadəcə oyuna düşmüş bir insanı siyasi ambisiyalarını məmnun etmək xatirinə həbsə göndərməkdə israrlıdırlarsa, ona da hazıram”.

Bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300