Kərkük Məclisi üzvü Əli Mehdi: "İraqda yerli türkmən özünüidarəsi yaradılmasını istəyirik” "Azərbaycandan dəstək göləyirik – ilk növbədə humanitar sahədə” 

 

İraq Türkmən Cəbhəsi sözçüsü, Kərkük Əyalət Məclisi üzvü Əli Mehdi Bakıda səfərdədir. Hazırda İraqda, xüsusən də Türkmən bölgələrində vəziyyət, türkmənlərin durumu və digər mövzularda çoxsaylı sualları necə deyərlər "hadisə yerindən” gəlmiş Əli bəyə ünvanladıq.

 İlk sualımız təbii ki, ordakı durumla bağlı oldu.

- İraq türkmənlərinin problemi bu günün məsələsi deyil, son 100 ildə, Osmanlıdan sonra İraqdakı türkmənlərin problemləri bitmədi. Bir neçə dəfə qətliamlara uğradılar, zorakılıqlara məruz qaldırlar, sürgün olundular. Buna rəğmən həmd olsun, İraq türkmənləri hələ də var, ayaqdadırlar, yerlərində qalırlar, sözlərini deyirlər. Ancaq İraq demokratik bir ölkə olmadığı üçün səsimizi daha çox eşitdirə bilmirik. Ona görə də istəyirik ki, Azərbaycan, Türkiyə, Türkmənistan və digər türk dövlətləri bizə yardımçı olsunlar, sıxıntılarımızın bir qisminə kömək etsinlər. 

- Necə bir kömək istəyirsiniz? Türkmənlərin istəyi nədir? Hansı şəkildə olmalıdır, İraq hökuməti ilə diplomatik danışıqlarla türkmənlərə imtiyaz əldə olunsun, maliyyə yardımı və ya başqa hansı şəkildə yardım gərəkdir indi? 

- İlk növbədə mənəvi yardım istəyirik. Azərbaycan, Türkiyə və digər türk cümhuriyyətlərinin xalqları bilsinlər ki, orda soydaşları var və onlar sıxıntı çəkirlər. Çünki biz türk olduğumuz üçün, ata yurdumuz Azərbaycan olduğu üçün həm də orda o sıxıntıları çəkirik. İstəyirik ki, ilk növbədə xalq bilgilənsin, xalq bilgilənsə, ictimai təşkilatlar, hökumət qurumları, millət vəkilləri bilgilənsə, bizim üçün bir mənəvi dəstək olar. İkinci dəstək təhsil sahəsində ola bilər. Türkmənlər İraqda ən çox təhsilli insanların olduğu etnik qrupdur. Biz təhsilin gücünə inanırıq. Amma bu gün biz İraqda təhsil məsələsində sıxıntı yaşayırıq. İraq universitetləri, ali təhsil mərkəzləri bizim insanları qəbul etmir. Bu səbəbdən də qardaş ölkələrin, o cümlədən Azərbaycanın təhsil mövzusunda bizə dəstəyi ola bilər. Azərbaycan bizə illik 100 nəfərlik tələbə yeri ayıra bilər. Biz illərdir Türkiyədən bunu alırıq, indi də davam edir. Amma istərdik ki, Azərbaycanın da bu mövzuda dəstəyi olsun. Xüsusən də mədəniyyət sahəsində biz çox yaxınıq.Mahnılarımız, musiqilərimiz, şeirlərimiz çox oxşardır, istədrik ki, mədəniyyət və incəsənət sahəsində təhsil imkanları yaradılsın. Daha bir problemli sahəmiz səhiyyədir. İraqda səhiyyə sıxıntısı var. Xəstəxanalarda dərman çatmır, həkim azlığı var. Bu istiqamətdə Azərbaycan bizə kömək edə bilər. Ən azından imkansız ailələrə səhiyyə yardımında kömək etsələr, bizə çox kömək olar. Amma təbii ki, ən önəmlisi Azərbaycan xalqının könlünün bizimlə olmasıdır. 

- Bu elədir, Azərbaycan insanları çox həssasdır Kərkük türkmənlərinə. Bildiyim qədəri ilə Kərkükdən yeni gəlmisiniz. Orda indi durum necədir? Keçən ay İŞİD Kərkükə hücum etdi, əhali arasında xeyli itki oldu. 

- Hazırda İŞİD Kərkükdən 20 km məsafədə yerləşir. Oktyabrın 21-də Kərkükə hücum etdi və 24 saat Kərkükdə qaldı. 100-ə yaxın insan şəhid oldu. Çox təəssüf ki, "Türkməneli” telekanalının xəbərlər proqramının rəhbəri də şəhid oldu. Hazırda Kərkükdə İraq ordusu yoxdur, yalnız peşmərgə, İraq polisi və "Həşdi Şabinin”, yerli silahlı qüvvələrin bölməsi var. Təhlükə hələ də qalır, çünki indi İŞİD Kərkükün 20 kilometrliyində Havicə adlı bölgədədir. Havicə azad edilmədi, İraq ordusu Mosula doğru getdi. Havicədə İŞİD qaldıqca, Kərkükə təhlükə var. Bu səbəbdən də hazırda Kərkükdə təhülkəsizliyin tam təmin olunduğunu deyə bilmərik. 

- Kərkükdə indi nə qədər türkmən yaşayır?  

- 2003-cü ildə Kərkük əhalisinin sayı 850 min nəfər idi. Onlarn 60 faizini türkmənlər təşkil edirdi. Bu gün Kərkük əhalisinin sayı 1 milyon 400 min nəfərdir. Türkmənlər yerli əhalinin 20 faizini təşkil edir. Yəni bir demoqrafiya dəyişikliyi oldu. Kərkükdə türkmənlər təhdidə, qorxuya, sürgünə məruz qaldı. İqtisadi durumları çox pis oldu. Bu səbəbdən də Kərkükdə türkmən sayı azaldı. 

- Yəni hardasa 300 min türkmən var Kərkükdə?

- Bəli, Kərkükdə 350 min nəfər, ümumi İraqda isə 2-2.5 milyon türkmən yaşayır. Kərkük türkmən şəhəri olub tarix boyunca, amma son 100 ildə davam edən basqılar öz mənfi nəticəsini verdi.

- Amma hazırda o bölgədə, həmçinin Kərkükdə nəzarət kürdlərin əlindədir. Bəs türkmənlərin yerli idarəçilikdə iştirakı necədir? 

- Təəssüf ki, elə ciddi bir təmsilçiliyimiz yoxdur. Kərkük əyalət məclisində 41 üzvü var, onlardan yalnız 9 nəfəri türkməndir. 

- Bəs şəhərin və vilayətin idarəçiliyində türkmənlər hansə səviyyədə təmsil olunur?

- Təəssüf ki, indi çox azdır. 3 il əvvələ qədər şəhər idarəçiliyində, polis və bələdiyyədə vardı, amma indi çox azdır, hardasa 5 faizə qədər türkmən ola, ya olmaya. Kərkükdə 80-85 faiz kürd hakimiyyəti var.
 
- Yeri gəlmişkən, iki gün əvvəl Bərzani növbəti dəfə bəyan etdi ki, İŞİD-dən azad edilmiş bölgələrdən çıxamayacaqlar, o yerlər peşmərgənin nəzarətində qalacaq. İndi əsas ağrılı məsələ odur ki, İraqda bölünmə olursa – böyük ehtimalla İŞİD-dən sonra olacaq – o zaman türkmənlərin durumu necə olacaq? Türkmənlərin neçə faizi kürd bölgəsinə, neçə faizi mərkəzi hökumət ərazilərində qalacaq?

- Bizim ən böyük problemimiz budur əslində. Türkmənlər uzun illərdir bir xəttə yaşayır ki, bir tərəfimiz kürdlər, o biri tərəfimiz ərəblərdir. Bu səbəbdən də hər zaman iki basqı altında olmuşuq, bəzən ərəblər, bəzən də kürdlər tərəfindən. İŞİD probleminin həllindən sonra İraq rahatlıq tapmayacaq, ölkədə yeni bir problem ortaya çıxacaq. Bu, qaçılmazdır. Mənim təxminlərimə görə, türkmənlərin bir qismi ərəb bölgəsində, bir qismi isə kürd bölgəsində yaşamalı olacaq. 

- Yəni türkmənlər üçün vahid İraqın qalması daha uyğundur?

- Biz türkmənlər bu günə qədər vahid İraqdan hansısa bir xeyir görmədik. 100 ildir İraq bir dövlətdir, lakin biz yenə əzilən xalq olduq. Bu səbəbdən də biz deyirik ki, türkmənlərə İraqda xüsusi bir status, yəni yerli türkmən özünüidarəsi yaradılsın. Bunu etmək üçün Türkiyə, Azərbaycan və digər türk respublikalarının dəstəyi, çalışmaları lazımdır. İraq hökuməti ilə danışmaq, BMT-də bu məsələni qladırmaq və nəhayətdə türkmənlər üçün İraqda bir yerli özünüidarə statusu almaq. Bunu türkmənlər yalnız edə bilməz, bunun üçün bizi dəstəkləyəcək dövlətlər lazımdır. Onlar isə adını qeyd elədiyim türk respublikalarıdır. 
 
- Daha əvvəl, 90-cı illərdə İraq Türkmən Cəbhəsinin silahlı gücü vardı. Bu gün necədir? Silahlı gücləriniz varmı? 

- Amerika o gücü dağıtdı. Amerika işğalından sonra silahlı gücümüz ləğv edildi. 

- Hazırda türkmən silahlıları nə qədərdir? "Həşdi Şabi” tərkibində türkmən birlikləri var və bir də bildiyim qədəri ilə Mosul ətrafında.

- "Həşdi Şabi” tərkibində bir az türkmənlər var, bir az da Mosul ətrafında Türkiyənin təlim keçdiyi türkmən silahlıları mövcuddur. Çox az sayda da Kərkükdə var. 

- Bu gün Yaxın Şərqin vəziyyəti elədir ki, silahlı gücü olmayan xalqların hansısa hüquq əldə etməsi mümkün deyil. Bu mənada ərəb və kürdlərin arasında qalan türkmənlərin özünümüdafiəsi necə mümkün olacaq?

- Təbii, silahlı güc olmasa çətindir. Amma bir tərəfdən də indi İraq kimi parçalanmış bir dövlətdən bu hüququ, yəni muxtariyyət hüququ əldə etmək mümkündür. Sadəcə lazımı dəstək olmalıdır. Çünki türkmənlərin var olması üçün bu yeganə yoldur. Əks halda türkmənlər çox sürətlə iki xalqın arasında əriyib gedəcək, mövqelərini və torpaqlarını itirəcəklər. 

- Bəlli bir türkmən bölgəsi varmı İraqda?

- Kərkük, Turzxurmatı, Telafer bölgələri bir-birinə yaxın və türkmənlərin sıx yaşadığı ərazilərdir. Yalnız Telafer bir az aralıdır. 

- Bu kimi mövzularda Bağdad və Ərbillə danışıqlarınız olurmu? Reaksiya necədir?

- Biz keçən həftə 5-6 nəfərlik türkmən nümayəndə heyəti olaraq Bağdada getdik. İraq prezidenti, parlamentin sədri, vitse-prezident, şiə koalisiyasının rəhbəri ilə görüşdük, sıxıntılarımızı bildirdik. Amma onlar yalnız dinlədilər, hər hansı bir icra yönündə addım olmadı. Kürdlər isə özləri müəyyən bir əraziləri nəzarət altına alıblar, öz ərazilərində rahatdılar. Onlar Bağdadla anlaşıblar. Bizə hansısa bir təsiri yoxdur.  

- Azərbaycanla hansısa bir rəsmi təmasınız oldumu? Diplomatik kanallarla görüş, müzakirə aparıldımı?

- Bu günə qədər təəssüf ki, olmadı. Amma arzu edərdik ki, belə bir görüş, müzakirə olsun. Ən azından Azərbaycanda bir İraq türkmənləri dərnəyi qurulsun. Çünki burda artıq müəyyən sayda tələbələrimizvar, onların biraraya gəlməsi üçün dərnəyin olması faydalı olardı. 

- Nə qədər tələbə var?

- Azərbaycanda hardasa 100-ə yaxın türkmən tələbə təhsil alır.

 
 
Kənan Rövşənoğlu, musavat.com


Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300