Murad Əhmədov: Hakimiyyətin bütün özbaşnalığına "dözümlü" yanaşma gündəlik normasına çevrilib.

 

"Uluyol.info” nun suallarını "Aztoday.az" saytinin mühacirətdə olan müxbiri  Murad Əhmədov cavablandırır.


-  Murad bəy, əvvəlcə Azərbaycanda mətbuat və ifadə azadlığının durumu ilə bağlı fikrilərinizi bilmək istəyirdik...


- Düşünürəm ki, son illər ərzində ölkədə media azadlığının durumu olduqca pisləşib. Bu çox narahatedici haldır və Azərbaycan hökumətinin öz vətəndaşlarının və jurnalistlərin hüquqlarına məhəl qoymamasının göstəricisidir. Hökümət ölkədə əsas insan haqqlarını pozur, deyir ki, bunlar mənim daxili işimdir. İnsan haqları bir ölkənin daxili məsələsi ola bilməz. Vəziyyətin daha da pisləşdiyi indiki halda isə beynəlxalq təşkilatlar, xüsusilə də Avropa Şurası, Azərbaycanda insan hüquqlarının vəziyyəti üzrə danışıqları yenidən gündəmə gətirməli və Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icra edilməsinə Azərbaycan hakimiyyəti məcbur edilməlidir.


- Hökümətin arqumenti budur ki, bəzi jurnalistlər təkcə jurnalistika ilə deyil, çox işlə məşğul olurlar, məsələn siyasətlə. Uzun müddət deyirdilər ki, məsələn "Yeni Müsavat" qəzetinin yazarı Tofiq Yaqublu həm də Müsavat Partiyası sədrinin müavinidir və media fəaliyyətinə görə yox, qanunsuz siyasi çağırırşlara görə həbs edilib.


- Hakim rejim hökumət rəsmiləri tərəfindən qanun pozuntularını tənqid etməyə cəsarət edən az saylı müstəqil jurnalist və media qurumlarını susdurmaq üçün cinayət ittihamları və mülki iddialar qaldırmaqla, ölkənin siyasiləşmiş və saxta məhkəmə sistemindən istifadə edir. Onu da qeyd edim ki, axı ifadə və informasiya azadlıqları Azərbaycanın imzaladığı və qoşulduğu bir çox beynəlxalq müqavilələr və hüquqi sənədlərlə təmin olunur – İnsan Hüquqları haqqında Ümumi Bəyannamə (maddə 19), Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt (maddə 19) və İnsan Hüquqları haqqında Avropa Konvensiyası (maddə 10). Amma hakimiyyət nə edir? Sizin də dediyiniz kimi, məsələn indi də Azadlıq qəzetinin yazarı və "Azərbacyan saatı" proqramının aparıcısı Seymur Həzi həbs edilib. Seymur Həzi həm də, AXCP sədrinin müavinidir. Buna istədiyin adı qoya bilərsən, amma bu ölkədə hamı bilir ki, Seymur Həzi jurnalist fəaliyyətinə görə həbs edilib.


- Axu bunu sübut etmək lazımdır...


- Sübut digər jurnalistlərin də həbsidir. Tək jurnalistlər deyil, ölkədə azad QHT təmsilçiləri, hüquq müdafiəciləri, hətta hakimiyyətə bağlı olmayan iş adamları həbs edilir. Əgər siz deyən iddianın tərəfdarları varsa onda mən bir arqument irəli sürürəm. Cəmisi bir-iki il əvvəl hökumətyönlü "Səs” İnternet TV "Azadlıq Radiosu”nun müxbiri Yafəz Həsənova böhtan atan və onu gözdən salmaq istəyən Naxçıvan sakinlərinin telefon danışığının səs yazısını yayımlayıb. Ekspertlərin MTN tərəfindən planlaşdırılığını hesab etdikləri bu hadisədən sonra Həsənovu susdurmaq məqsədilə ona qarşı buna bənzər digər hücumlar da təşkil olunmuşdur. Bəlkə Yafəz Həsənov da siyasi çıxışlar edib? Bəlkə o da narkotik istifadəçisi və ya silah qaçaqmalçısı imiş xəbərimiz yoxdur? Daha bir fakt kimi araşdırmaçı jurnalist Xədicə İsmayıla olan basqıları demək olar. Xatırlayırsınızsa hökümətyönlü web-saytlar və hətta bəzi televiziyalar tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılova haqda qondarma pornoqrafiya videosunu öz səhifəsində yerləşdirib ona təzyiq etmək istəyirdilər. İsmayılovaya qarşı bu şantaj əməli jurnalist tərəfindən prezident və ailəsinin biznes maraqlarını ifşa edən daha bir səs-küylü yazının yazılmasının ardınca baş vermişdi. Daha neçə fakt lazımdır, sübut olunsun ki, bu ölkədə azad media insanı olmaqdan dolayı təzyiq altına düşdüklərini sübut edək?


- Jurnalist olaraq bilirik ki, ölkədə bu problemlər var. Sadəcə insnaları və beynəlxalq ictimaiyyəti buna inandırmaq lazımdır. Ona görə sizin bunu sübut etmənizi istədim.


- Bu gün bunu sübut etməyə daha ehtiyac da yoxdur. Axrıncı Konstitusiya dəyişikliyindən sonra ölkədə demək olar ki, "demokratiya imitasiyalı monarxiya" yaranıb. İndi bu Konstitusiyaya görə Prezident istədiyi qədər dövlət başçısı seçilə bilər, seçkiləri saxtalaşdırmaq kimi ağır cinayət ölkədə ən rahat bir formada həyata keçirilən bir olaya çevrilib. Bu Konstitusiyaya görə Prezident xalqın ona etimad etdiyi vəzifəni istədiyi halda özünün təyin etdiyi və ailəsindən olacağı gözlənilən 1-ci və ya digər vitse-prezidentlərə verə bilər. İstədiyi anda Parlamenti buraxa bilər. Növbəti seçkilərdən sonra daha prezidentlik müddəti 5 yox 7 il olacaq. Hökumət rahat bir şəkildə vətəndaşın əmlakını əlindən ala bilər və sair. Sizcə bütün bunlar "demokratiya imitasiyalı monarxiya" demək deyil bəs nədir?


- Azərbaycanda media və insan hüquqları sahəsində vəziyyətin düzəlməsi üçün nə təklif edərdiniz?


- İlk onu deyərdim ki, vəzifədən əl çəkə biləcək qədər cəsur olsunlar. Dünya tarixində - hələ əsrlər əvvəl ən uzun diktatura 50-60 ildən çox çəkməyib. Və hamısının sonu faciəvi olub. Bu adamlar da islahatlar etmir və eyni aqibətlə üzləşəcəklər. Digər tərəfdən, jurnalistlərə qarşı zorakılıq və təzyiqin digər formalarına son qoyulsun– baş vermiş hücumlar tam araşdırılsın və səbəbkarlar məsuliyyətə cəlb olunsun. İfadə azadlığı hüququnu həyata keçirməkləri ilə bağlı olaraq həbs olunmuş bütün jurnalistlər dərhal azad edilsin. İfadə azadlığı hüququnu həyata keçirməkləri ilə bağlı olaraq barələrində cinayət işi açılmış jurnalistlərə qarşı irəli sürülmüş ittihamlar ləğv olunsun. Milli qanunvericilik yenidən nəzərdən keçirilsin və onun mətbuat azadlığının beynəlxalq standartlarına uyğunluğu təmin olunsun. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları dərhal yerinə yetirilsin. Seçkilərlə bağlı Venesiya Komissiyasının təkliflərinə ciddi şəkildə riayət olunsun. Bu iqtidar nə Azərbaycanı nə özünü biabır etməsin, Azərbaycana demokratiya və hüquq dövlətçiliyi gətirsin.  Çox təəssüf ki, hakimiyyətin bütün özbaşnalığına "dözümlü" yanaşma gündəlik yaşam normasına çevrilib, insanlar elə bil yad planetdə yaşayır.
 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300