Sülhəddin Əkbər: "Heydər Əliyev revanş götürmək üçün Azərbaycan Xalq Cəbhəsi ilə bir paraleldə hərəkət edirdi”

24saat.org Azərbaycanın İstiqlal Bəyannaməsinə imza atan 43 şəxsdən biri- Sülhəddin Əkbərlə dövlət müstəqilliyimizin 25 illik yubiley söhbətini təqdim edir.

– Sülhəddin bəy, Azərbaycan Respublikasının Müstəqillik Aktının bərpa etməsinin 25 illiyi gəlir. Müstəqillik Haqqında Konstitusiya Aktına səs verərkən neçə yaşınız var idi?

– Həmin dövrdə mən 31 yaşında idim. Səhv etmirəmsə bir nəfər məndən də gənc idi.

– 1991-ci ilin 18 oktyabr gününü necə xatırlayırsınız?

– Sözsüz ki, o dövr mənim siyasi taleyimdə ən sevincli gün kimi qalıb. Azərbaycan tarixinin də parlaq səhifəsidir. Mən çox şadam ki, Allah həmin günü mənə də nəsib edib. Seçicilərimə o dövrdə mənə belə bir şans verdikləri üçün təşəkkür edirəm. Həmin gün Ali Sovetdə təmsil olunan Demokratik Blokdakı deputatların, Azərbaycan Xalq Cəbhəsinin-bir sözlə millətsevər vətənpərvər qüvvələr üçün sevincli gün idi. Azərbaycan milli dövlətçiliyinin bərpa edirdi. Bu gün bizim də, xalqımızın da yaddaşında məhz belə qalıb. Biz çox şanslı nəsil olduq ki, dövlət müstəqilliyinin 25 illiyini qeyd edə bildik. Bizdən öncə ki, nəsillərə belə bir gün qismət olmayıb. Əslində 1803-cü ildə Azərbaycan torpaqları Rusiya tərəfindən işğal edilib. Biz bu tarixdən götürsək Azərbaycan torpaqları 200 ilə yaxın dövrdə əsarətdə olub. Biz yeganə nəsilik ki, həm müstəqillik uğrunda mübarizəni, həm də onun nəticəsini görə bilmişik. Azərbaycanın müstəqillik uğrunda mübarizə aparan bütün böyüklərimizin ruhu şad olsun, şəhidlərimizə allah rəhmət etsin, qazilərə can sağlığı arzulayıram. Xalqımızı da səmimi qəlbdən təbrik edirəm.

– Həmin dövrdə həm də Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya Aktına səs verməyənlər, bunun əleyhinə çıxanlar olub…

– Bəli. Ancaq nəzərə alın ki, avqust ayında SSRİ-də QKÇP-ni qiyam etdi və Azərbaycan Kommunist Partiyasının sədri Ayaz Mütəllibov açıq şəkildə QKÇP-ni dəstəklədi. Lakin QKÇP məğlubiyyətə uğradıldı və Rusiyada Yelsin dönəmi başladı. Yelsin həmin dövrdə müttəfiq respublikalarda olan kommunist partiyalarının sədrlərinə təzyiqlər etdi. Azərbaycan Xalq Cəbhəsi isə bu tarixi anı ciddi dəyərləndirdi. Hələ QKÇP-nin iflas etməsindən 1 həftə sonra, 30 avqustda Azərbaycan SRRİ-nin suverenliyi haqda bəyannamə qəbul etdik. Əslində Azərbaycanın müstəqilliyinin bərpasının əsası 1991-ci il, 30 avqustda qoyuldu. Artıq 18 oktyabr 1991-ci ildə Konstitusiya Aktını qəbul edənə qədər ki, dövr aralıq dövr idi və biz sənəd üzərində işləyirdik. Tarixi şəraitdə bu dövrə təsadüf etdi və SSRİ-də yaranan şərait son nöqtəni qoymağa imkan yaratdı. Biz də 18 oktyabrda Konstitusiya Aktını qəbul etdik. Qeyd edim ki, 18 oktyabrda biz xüsusi çətinliklə üzləşmədik. Çünki Azərbaycanda milli azadlıq hərəkatının qalib gələcəyi açıq görünürdü.

– Bəs həmin dövrdə Müstəqillik Aktına səs verməyənlər kimlər idi və onların arqumenti nədən ibarət idi?

– Fikrimcə, müstəqilliyin bərpası haqda Konstitusiya Aktına kimlərin səs verdiyi, kimlərin vermədiyi bəllidir. Bu arxivdə var. Lakin bu mübarizədə əsas qırılma nöqtəsi mart ayında oldu. 1991-ci ilin martında Qarbaçov SSRİ-nin saxlanması üçün referendum təşəbbüsü ilə çıxış etdi. Və SSRİ məkanında SSRİ-nin saxlanmasına dair referendum keçirildi. Biz də referenduma qarşı idik. Biz hətta buna etiraz olaraq parlament binasında aclıq elan etdik.

– Və buna görə sizi parlamentin binasından qovdular?

– Bizə təzyiqlər oldu. Həmin vaxt Bakıda fövqəladə vəziyyət idi. Bizi zorla parlamentin binasından çıxardılar. Biz də aclıq aksiyasını davam etdirdik. Sonradan rəhmətlik Əbülfəz Elçibəy də bu aclıq kampaniyasına qoşuldu. Demək istəyirəm ki, əsas siyasi toqquşma bu dövrdə oldu. Həmin dövrdə yalnız 43 deputat Azərbaycan SSRİ-də referendumun keçirilməsinin əleyhinə səs verdi. İndi istiqlalçı deputat deyəndə əsasən həmin 43 deputat nəzərdə tutulur. Çünki onlar Azərbaycanın SSRİ-nin tərkibində qalmasının əleyhinə səs vermişdilər. 18 oktyabrda Konstitusiya Aktı qəbul ediləndə biz artıq kommunist müqavimətini sındıra bilmişdik.

– Həmin dövrdə siyasi taleyi baxımdan kommunizmə bağlı olan Heydər Əliyevin Müstəqillik Aktının lehinə səs verməsinə səbəb nə oldu?

– İndi Azərbaycanda postsovet elitası hakimiyyətdədir. Yəni bunlar keçmiş kommunistlər, komsomolçular, partiya sovet fəalları, hüquq-mühafizə orqanlarının işçiləri və ya onların övladlarıdır. Əslində bunlar siyasi və ideoloji baxımdan Kremli və kommunist partiyası ilə bağlı olan qüvvələrdir. Sadəcə olaraq həmin dövrdə Heydər Əliyev dünyada və SSRİ-də yaranan vəziyyəti bilirdi. Odur ki, vəziyyəti daha düzgün qiymətləndirdi və doğru addım atdı. Üstəlik həmin dövrdə Heydər Əliyevlə Azərbaycan Kommunist Partiyası arasında (AKP) mövqe fərqləri var idi. Yəni həmin zaman Heydər Əliyev həm də AKP-na qarşı müxalifətdə idi. O cümlədən Siyasi Büroya qarşı müxalifətdə idi, çünki Əliyevi Siyasi Bürodan kənarlaşdırmışdılar. Heydər Əliyev revanş götürmək üçün Azərbaycan Xalq Cəbhəsi ilə yaxınlıq siyasəti aparır, bir paraleldə hərəkət edirdi. Ona görə də, Heydər Əliyevlə Azərbaycan Kommunist Partiyası arasında mövqe fərqi var idi. Heydər Əliyev siyasi məsələlərdə AXC və Demokratik Blokla birgə hərəkət edirdi, Azərbaycan Kommunist Partiyası və onun üzvləri, deputatları isə əks mövqedə idi.

– Müstəqillik Aktına qarşı çıxanlar, onun əleyhinə səs verənlər Kremlə bağlı deputatlar idi, yoxsa qərarlarını fərdi şəkildə qəbul edirdilər?

– Həmin dövrdə Müstəqillik Aktının əleyhinə çıxan qüvvələr Kremlə, xüsusi xidmət orqanlarına bağlı qüvvələr idi və onlar Azərbaycanın müstəqilliyini istəmirdilər. Çünki ehtiyat edən deputatlar heç olmasa bitərəf qalırdılar, müstəqilliyə qarşı aqressiv mövqe ortaya qoymurdular.

– Maraqlı nüans var. Heydər Əliyev Müstəqillik Aktının lehinə səs verib, amma onun əsas müdafiəçisi olan Arif Rəhimzadə əleyhinə. Bunu necə izah etmək olar?

– Arif Rəhimzadə müstəqilliyə qarşı ən çox aqressiv çıxış edən şəxslərdən biri idi. Ən aqressiv çıxışlar ondan gəlirdi.

– Onun kimi deputatlar çox idimi?

– İlk dövrlər çox idi. Amma QKÇP hadisəsindən sonra onların mövqeyində sınma baş verdi və tamamilə əks proses başladı. Azərbaycan Xalq Cəbhəsi və Demokratik Blokla onların bəziləri yaxın əlaqələr qurmağa çalışdı, bəziləri isə neytrallaşdılar və aqressiv çıxış etmədilər. Amma sona qədər bir neçə deputat çıxış edirdi və onlardan biri də Arif Rəhimzadə idi.

– İstiqlalçı deputat olan 43 nəfərə Azərbaycan hökumətinin və dövlətinin münasibəti sizi qane edirmi?

– Bu artıq siyasi-etik məsələdir. Məncə, Azərbaycan cəmiyyəti, onun aktiv kəsimi, jurnalistlər münasibət bildirsə daha münasib olar. Açığı, mən bu haqda danışan zaman mənəvi-əxlaqi baxımdan bir qədər çətinlik çəkirəm. Çünki konkret şəxsimizə aid olan məsələdir. Ancaq sizə qısaca olaraq onu deyim ki, Azərbaycandan savayı ikinci bir dövlət yoxdur ki, orada istiqlal, müstəqillik uğrunda mübarizə aparan, dövləti təsis edən, müstəqilliyini bərpa edən istiqlalçı millət vəkillərinə belə münasibət sərgilənsin. Azərbaycandan savayı yer üzündə ikinci belə bir dövlət yoxdur. Bu da, çox ağrıdıcı, təəssüf yaradıcı haldır. Ən nəhayətdə bu canlı tarixin şahidi olmaq çox üzücüdür.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300