"Hakimiyyətdəkilər başqalarının bərpa etdiyi dövlətə sahib çıxdıqlarının fərqindədirlər”

Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya Aktımın qəbul olunmasından 25 il keçir.

18 oktyabr – Azərbaycanın müstəqillik günü, istiqlal bayramıdır. Bu, xalqımızın 20-ci əsrdə ikinci ən böyük zəfəridir.

5 il əvvəl İlham Əliyev müstəqilliyimizin 20 ili münasibəti ilə formal da olsa, yerinə yetirilməsə də, bir fərman imzalamışdı, bu günün əhəmiyyətini, təntənəli qeyd olunmasının  zəruriliyini qeyd etmişdi.

Müstəqilliyimizin 25-ci ildönümündə heç bu da olmadı.

Sabah bu müqəddəs günün 25 illiyidir, amma bir neçə tədbir, bir- iki yazı istisna olmaqla, bu mövzuya toxunulmur. Bəzi hallarda isə ən yeni tariximizə aid olan, hələ yaddaşlardan silinməmiş hadisələrin mahiyyəti təhrif olunur.

Müstəqilliyimizin əldə olunmasında, xalqımızın fədakar mübarizəsinin əhəmiyyəti kiçildilir,siyasi konyukturaya uyğun olaraq kimlərinsə rolu şişirdilir, kimlərinsə rolu tamamilə unudulur.

Bu yazını yazmaqda məqsədim çox əhəmiyyətli bu məsələyə diqqəti cəlb etmək, yaddaşımdakı və inkar edilməsi mümkün olmayan faktları bir daha yada salmaqdır.

Beş il əvvəl müstəqilliyimizin 20 illiyi ilə əlaqədar, Kürdəxanı həbsxanaslnda yazdığım məqalənin bəzi məqamları, aktuallığını itirmədiyi nəzərə alaraq, bu yazıda da təkrar etməyi zəruri saydım.

Rəsulzadədən başlanan yol

Azərbaycan cəmiyyəti 18 oktyabr müstəqilliyin bərpası haqqında Konstitusiya Aktının qəbul olunmasınadək uzun və şərəfli yol keçib. Bu yol həm də 1988-91-ci illərin  Xalq Hərəkatı ilə də məhdudlaşmır. Əslində bu yolun başlanğıcı 27 aprel 1920- ci il tarixdə Azərbaycan Milli Şurasının son toplantısında M.Ə. Rəsulzadənin çıxışından hesablanmalıdır.

1988-ci ilin noyabr ayında Bakıda yüzminlərlə vətəndaşımızın iştirakı ilə keçirilən mitinqlərdə əsas tələb ərazi bütövlüyümüzün bərpası, Ermənistanda və Qarabağda həmvətənlərimizə qarşı törədilən cinayətlərə qarşı etiraz olsa da, artıq o zaman Azərbaycanın müstəqilliyi şüarları ara-sıra səslənirdi. Azərbaycanın üçrəngli bayrağı ortaya çıxarılmış, Rəsulzadə, Müsavat haqqında danışanların təqib edilməsi çətinləşmişdi.

Dövlət müstəqilliyimizin bərpası haqqında ilk qanunvericilik aktı 1991-ci ilin 30 avqust tarixində qəbul olundu. Məhz 30 avqust 1991-ci ildə Ali Sovet "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Bəyannamə” qəbul etdi. Moskvada baş verən QKÇP hadisəsindən dərhal sonra qəbul edilən həmin bəyannaməni heç cür tarixdən silmək olmaz. Ən azı bu səbəbdən ki, Müstəqillik haqqında Konstitusiya Aktının mətnində həmin bəyannaməyə birbaşa istinad edilir. "Azərbaycan Respublikasının Ali Soveti … ”Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir”.

Bu mənada mən haqqında danışılan bəyannamə ilə Müstəqillik haqqında Konstitusiya Aktının qarşı qarşıya qoyulmasını da doğru saymıram.

Müstəqillik Aktı heç şübhəsiz Azərbaycan dövlət və hüquq tarixinin ən mükəmməl, unikal və mühüm sənədlərindən biridir.  32 maddədən, 6 hissədən ibarət olan bu aktı da  təəssüf ki, simvolizə etdiyi tarix kimi haqsız olaraq diqqətdən kənarda saxlamağa cəhd edilir.  Azərbaycan Respublikasının Konstitusiyasında göstərilir ki, Konstitusiya Müstəqillik Aktının prinsiplərini əsas tutaraq qəbul edilib. Daha bir maraqlı fakt isə ondan ibarətdir ki, hazırkı konstitusiya qəbul edildikdən sonra da Azərbaycan Respublikasının bağladığı bir sıra beynəlxalq sənədlərdə, məsələn, neft müqavilələrində konstitusiya ilə yanaşı, Müstəqillik Aktına da müstəqil, qüvvədə olan hüquqi mənbə kimi istinad edilir.

Qanunvericilikdə Azərbaycan Respublikasının Azərbaycan Demokratik Respublikasının varisi olması, 1920-ci ilin 28 aprelinin RSFSR-in Azərbaycanı işğalı tarixi olması, siyasi partiyaların siyasi fəaliyyətin əsas ünsürü olması və bir çox prinsiplər ilk olaraq və bəziləri yalnız Müstəqillik Aktında təsbit edilib.

18 oktyabr niyə inkar edilir?

Bu gün hakimiyyətdə olanlar 18 oktyabrın əhəmiyyətini azaltmaq üçün yalnız  28 May gününü istiqlal günü kimi qeyd edirlər. Heç şübhəsiz 28 May tariximizin yeni dövrünün ən şərəfli günüdür. Müstəqil dövlətçilik günüdür. Millətin dövlət halında var olma günüdür. Hətta bu gün də bütün dünyada nümunə ola biləcək bir demokratik dövlətimizin yarandığı gündür.

Ancaq 18 oktyabr günü həmin dövlətimimizin 71 il sonra bərpa edilməsi günü kimi misilsiz əhəmiyyətə malikdir. Əslində bu bayramın əhəmiyyətini azaltmağa çalışanların məqsədi başqadır.

Onlar müstəqillik uğrunda mübarizədə iştirak etmədiklərinə, milyonlar müstəqillik mübarizəsində iştirak edərkən öz şəxsi problemləri ilə məşğul olduqları üçün bu mübarizəni inkar edirlər. Hakimiyyətdəkilər başqalarının bərpa etdiyi dövlətə sahib çıxdıqlarının fərqindədirlər.

Bəzən hətta Azərbaycanda müstəqillik uğrunda xalq hərəkatının olduğu belə inkar edilir. Müstəqilliyin SSRİ-nin dağılması səbəbindən, xalqımızın iradəsindən asılı olmayaraq əldə olunduğu haqda cəfəng iddialar irəli sürülür. Bunu Otra Asiyada müstəqillik uğrunda mübarizə olmadan bu respublikaların da müstəqillik əldə etyməsi ilə əsaslandırmağa cəhdlər edilir. Halbuki, bu respublikalarda da uzun illər müstəqillik ideyaları mövcud olub. Bunun nəticəsi kimi həmin respublikalar Rusiyanın tərkibinə birbaşa yox müttəfiq respublikalar kimi daxil edilib. Başlıcası isə SSRİ-nin dağılması mexaniki bir məsələ deyildi. Baltikyanı ölkələrdə, Ukraynada, Gürcüstanda və Azərbaycanda gedən Milli Azadlıq Hərəkatları, Tbilisidə 9 aprel, Bakıda 20 yanvar hadisələri bu imperiyanın çökməsinə səbəb olan əsas amillərdir.

Azərbaycan xalqı sovet xalqları arasında bu mübarizənin önündə gedirdi. Təsadüfi deyil ki, hərəkatın qızğın dövründə, 1989-cu ildə Azərbaycan xalqı ilin xalqı elan olundu. Bu baxımdan Azərbaycan xalqının o dövrdə apardığı mübarizə nəinki Azərbaycanın, hətta bu mübarizədə nisbətən passiv olan xalqların öz dövlətini qurmasına təkan verdi. Azərbaycanda Xalq Hərəkatını inkar etmək xalqımıza qarşı həqarətdir, 20 yanvar şəhidlərinin ruhuna hörmətsizlikdir.

18 oktyabr Müstəqillik Gününü unutdurmaq üçün, onu iş günü olmayan bayramlar sırasından çıxardılar.

15 iyunda bir nəfərin parlament spikeri seçilməsi gününü qeyri iş günü kimi bayram edənlər Azərbaycan Dövlətinin bərpa edilməsi, BMT də və bütün dünyada Azərbaycan istiqlal günü kimi tanınan 18 oktyabrı ikinci dərəcəli bayramlar sırasına aid ediblər.

Bu gün siz artıq kim olduğunuzu sübut etdiniz

Lakin onlar unudur ki, bu yolla müstəqilliyin, ya da bir vəzifə tutmağın qiymətini yox, özlərinin qiymətini müəyyən ediblər. Bununla Azərbaycan xalqına onun fədakar mübarizəsinə verdikləri qiyməti ortaya qoyublar.

Hələ 1991-ci ilin fevralın 10-da Ali Sovetin birinci sessiyasının 3-cü iclas günündə fövqəladə vəziyyətin ləğv edilməsi, Azərbaycanın dövlət müstəqilliyinin bərpası, SSRİ-nin saxlanması barədə referenduma münasibət məsələləri barədə "Müstəqil Azərbaycan” bloku deputatlarının təkliflərini  rədd edənlərin ardıcıllarının belə davranışı təəccüblü də deyil. Dara düşəndə "hamımız bir xalqın övladlarıyıq” deyənlər belə məqamlarda xalqın maraqlarını öz maraqlarına qurban verdilər. Həmim sessiyada İsa Qəmbər  çıxışını qəzetlərin manşetinə düşən aşağıdakı sözlərlə başlamışdı. – "Tez-tez bizdən soruşursunuz, ”siz” kimsiniz, "biz” kimik”? Bu gün siz artıq kim olduğunuzu sübut etdiniz.

SSRİ-nin saxlanması haqqında 17 mart referendumu ilə bağlı baş verənlər Azərbaycanın istiqlal və müstəqillik tarixinin ən maraqlı və ən şərəfli səhifələrindən biridir. Eyni zamanda müstəmləkə kölələrinin də əsil simalarının açılması da həmin referendumla bağlıdır.

1990-cı il dekabrın 24-də SSRİ Xalq Deputatları Qurultayı SSRİ-nin saxlanması barədə referendum haqda qərar qəbul etdi və yalnız bundan üç gün sonra «Referendum haqqında» qanun qəbul edildi. Yeni çağırış Ali Sovetin sessiyasının iclasını ləngidərək artıq vaxtını çoxdan keçirmiş köhnə tərkib Ali Sovetin Rəyasət Heyəti referendumla bağlı bütün təşkilati işləri icra edirdi. 1991-ci ilin fevralın 2-də Rəyasət Heyəti referenduma münasibət məsələsini yeni çağırış Ali Sovetin gündəliyinə salmaq barədə qərar qəbul etdi və bu məsələ "Müstəqil Azərbaycan” bloku deputatlarının böyük müqavimətinə baxmayaraq  gündəliyə salındı.

43 nəfərin yazdığı şərəf tarixi

Referendumun keçirilməsinə cəmi 10 gün qalmış Azərbaycanda hadisələr dramatik xarakter aldı. 6 mart 1991-ci ildə Ali Sovetin sədri Elmira Qafarova məlumat verdi ki, deputatların təklifləri əsasında Ali Sovetin 3 komissiyasına 17 mart referendumuna münasibət bildirmək barədə tapşırıq verilmişdi və hər üç komissiya 17 mart referendumunun Azərbaycanda keçirilməməsi barədə qərar qəbul edib. Odur ki, bu məsələ barədə Ali Sovetin də qərar çıxarmasına ehtiyac var. Məsələ o qədər mürəkkəb idi ki, referendumun keçirilməsi barədə qərarın çıxarılması lehinə Sessiyada iştirak edən Ayaz Mütəllibovun özü çıxış  etdi. Mütəllibov yeniləşmiş ittifaqın qorunub saxlanmasının vacib olduğunda israr etdi, Azərbaycanın müstəqil dövlət olaraq mövcudluğununhəm siyasi, həm də iqtisadi baxımdan mümkün olmadığını bildirdi.  Bu çıxışdan sonra dərhal referendumun keçirilməsi lehinə qərar çıxarılaraq təsdiq edildi.

Qərarın əleyhinə cəmi 43 deputat səs verdi və bu 43 deputat tarixə istiqlalçı deputatlar kimi daxil oldu.

43 deputat tarixə SSRİ-nin saxlanması barədə referendumun keçirilməsinə qarşı çıxaraq, mübarizə tariximizə şərəfli bir səhifə yazdılar.

Картинки по запросу müstəqillik aktı

AXC xalqı müstəqilliyə apardı

Elə həmin gün  "Müstəqil Azərbaycan” blokunun 10 üzvü  Milli Məclisin zalında aclıq elan etdi.  Bütün gecə boyu  əsasən rus əskərlərindən ibarət xüsusi təyinatlılar bizi zorla zaldan uzaqlaşdırdılar. (Bu əməliyyata Vaqif Hüseynov və o zaman  Bakının komendantı olan Baleri Bünyatov rəhbərlik edirdi). Səhərdən AXC qərargahında aclığı davam etdirdik. AXC sədri Elçibəy də aclıq aksiyasına qoşuldu. AXC Məclisinin aclıq aksiyasına müdafiə müraciəti etdi. Bütün ölkə boyu həmrəylik aclıq aksiyaları başladı. Ümumrespublika nümayiş, mitinq və tətilləri təşkil etdik. Referendum faktiki boykot olundu. Referendumda "səs verilən” yeniləşmiş ittifaq müqaviləsi ümumiyyətlə üzə  çıxarılmadı. Azərbaycanda və SSRİ-nin bir sıra respublikalarında xalqın iradəsi SSRİ-nin xilasının mümkün olmadığını göstərdi.

"Müstəqil Azərbaycan” bloku rəsmən AXC-nin qrupu olmasa da, faktiki olaraq bu deputat blokunun arxasında möhtəşəm bir xalq hərəkatı və AXC-nin timsalında  hərəkatın qüdrətli bir təşkilatı dayanırdı. Məhz bu amil blokun təsir imkanlarını misilsiz artırırdı. Heç şübhəsiz ki, xalqı müstəqilliyə doğru addım- adım AXC aparırdı.

1988-ci ilin yay-payızında yazılan proqram layihəsində SSRİ tərkibində Azərbaycanın siyasi-iqtisadi və mədəni suverenliyinə nail olmaq, onu hüquqi dövlətə çevirmək AXC-nin siyasi fəaliyyətinin əsas məqsədi kimi bəyan edilmişdi.

1989-cu ilin iyulun 16-da AXC təsis konfransında proqrama əlavə kimi səsə qoyularaq təsdiq edilən "Azərbaycan SSRİ-nin dövlət suverenliyi haqqında” qətnamədə bəyan edilirdi ki, Azərbaycan SSRİ-nin dövlət hüquqlarının qaytarılıb, onun suveren dövlət statusunun bərpa edilməsi AXC-nin əsas proqram məqsədidir. Qətnamədə elan olunurdu ki, yenidənqurma baş tutmayacağı halda AXC Azərbaycanın tam müstəqilliyi uğrunda mübarizəyə başlayacaq.

20 Yanvar SSRİ-nin iflasına səbəb oldu

1990 cı ilin yanvarın 20-də on minlərlə dinc əhalinin sovet qoşunlarının qarşısına çıxması, azı 131 fədakarın şəhid olması da müstəqillik uğrunda hərəkatın dönüş nöqtəsi oldu. Bu hadisənin  ümumiyyətlə sovet imperiyasının çökməsində mühüm rolu oldu. Həmin dövrdə Moskva televiziyasında çox populyar olan "7 gün” ("Sem dney”) proqramının aparıçısı bu hadisənin SSRİ-nin iflasına səbəb olacağını açıq şəkildə bəyan etdi. Bu veriliş bağlandı, həmin aparıcı (səhv etmirəmsə, Tixomirov) bir daha TV ekranına buraxılmadı, amma onun dedikləri 17- 18 aydan sonra təsdiqini tapdı.

Qanlı yanvar hadisəsindən sonra yüz minlərin kommunist partiyasını tərk etməsi də, Qorbaçovun portretlərinin yandırılması da xalqımızın imperiyadan ayrılmaq istəyinin təzahürləri idi. Əslində mənəvi baxımdan ayrılıq artıq baş vermişdi.

1990-cı il yanvarın 26-da Zaqatala şəhərində minlərlə insanın iştirakı ilə keçirilən mitinqdə Azərbaycanın dövlət müstəqilliyinin qeyd-şərtsiz olaraq elan edilməsinin zəruriliyi barədə çıxış edərək, bu məqsədlə ümumxalq referendumunun keçirilməsini təklif etdim.

Fevral ayının 5-də, fövqəladə vəziyyət şəraitində AXC Ali Məclisinin Ağdaş şəhərində keçirilmiş qeyri-leqal sessiyasında Azərbaycanın demokratik yolla SSRİ tərkibindən çıxması  xəttini irəli sürdük.

1990-cı il avqustun 24-də qəbul edilmiş AXC- nin Ali Sovetə seçkilərə dair seçkiqabağı proqramında Azərbaycanın tam dövlət müstəqilliyinin bərpa edilməsi əsas proqram məqsədi kimi bir daha bəyan olundu. Həmin proqram "Demokratik Azərbaycan ” seçki blokunun da platforması kimi təsdiq edildi.

Qərarı Demblok verdi

1990-cı il dekabrın 27-də AXC-nin müdafiə etdiyi və "Demokratik Azərbaycan” seçki blokundan seçilmiş deputatlar olaraq,  "Müstəqil Azərbaycan” deputat blokunu təsis etdik. Sonra bu qrupa  bir neçə digər deputatlar da qoşuldu.

1991-ci il yanvarın 30-da "Müstəqil Azərbaycan” deputat bloku Azərbaycanın dövlət müstəqilliyinin bərpası” haqqında qanun layihəsini müzakirəyə çıxararaq qəbul etdi.

1991-ci il fevralın 6-da "Müstəqil Azərbaycan” Bloku Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi məsələsini Ali Sovetin sessiyasına təklif etdi…

Müstəqil dövlət qurmaq Azərbaycan xalqının haqqı idi. Xaqımız öz iradəsi, fədakar mübarizəsi ilə buna nail oldu.

Bu günkü hakim zümrəni istiqlaliyyətə və müstəqilliyə heç nə  bağlamır. İstiqlaliyyət Boyük Məhəmməd Əmin Rəsulzadə və Müsavat Partiyası, müstəqilliyimizin bərpası Böyük Elçibəy və Azərbaycan Xalq Cəbhəsi adları ilə simvollaşaraq tarixə keçib.

Bu zümrə "Azərbaycan olmamışdır, Azərbaycan xalqı yoxdur” deyən ermənilər kimi tariximizi oğurlamaq istəyir! Deyirlər ki, müstəqil dövlətimizin qurulmasında xalqımızın, həmin dövrdə bu prosesə rəhbərlik etmiş təşkilatların və bu təşkilatların liderlərinin heç bir rolu yoxdur. SSRİ onsuz da dağılacaqdı.

Qarabağ uğrunda mübarizə olmasa…

SSRİ-nin dağılmasında Qarabağ məsələsinin rolu şübhəsizdir. İndi, məsələn, ermənilər bundan yapışıb özlərini dünyaya xilaskar xalq kimi, SSRİ-ni dağıdan xalq kimi təqdim edirlər.

Lakin bu da bir faktdır ki, Azərbaycan xalqının Qarabağ uğrunda böyük mübarizəsi olmasa bu məsələ nəinki ümumdünya hətta sovet imperiyası daxilində ciddi hadisəyə çevrilməyəcəkdi. Bundan əvvəlki ərazilərimiz kimi bu ərazilərimizdə tədricən əlimizdən alınacaqdı.

Əgər bu böyük müqavimət olmasaydı, Qarabağı sadəcə, Moskvanın bir qərarı ilə Ermənistana verərdilər.

Xalqımızın mübarizə aparmaması, ərazilərimiz uğrunda döyüşməməsi barədə deyilənlər bir böyük yalandır. Azərbaycan türk milləti tarixin keçid dönəmində fədakarlıqla savaşdı. Bir də təkrar edirəm, sovet imperiyasının çökdürülməsi uğrunda bəzi xalqlarla yanaşı, Azərbaycan xalqının mübarizəsi, belə mübarizədə passiv olan digər xalqların da öz dövlətlərini qumasına şərait yaratdı. Xalqımız Qarabağ uğrunda da fədakarlıqla vuruşub.  Təkcə Ağdamda 1988-93-cü illər ərzində 5 min şəhid qəbri qaldı. Bu ilin aprel ayında keçirilən döyüş əməliyyatları, bu zaman Azərbaycan cəmiyyətinin davranışları da göstərdi ki, xalqımız vətən, dövlət və azadlıq naminə fədakarlıqlara hazırdır.

Yalnız xalqı təşkil etmək, düzgün istiqamətləndirmək, xalqın öz iradəsini azad ifadə etməsinə imkan yaratmaq lazımdır.

Bu gün xalqın iradəsinin ifadəsi yolunda əsas əngəl Azərbaycan iqtidarıdır. Heç şübhəsiz ki, xalqımız bu maneəni aradan qaldırıb, bütün digər problemləri həll etməyə qadirdir və bu iradənin hakimiyyətin zor  aparatı üzərində qalib gələcəyi gün uzaqda deyil.

Arif Hacılı, istiqlalçı millət vəkili, Müsavat Partiyasının başqanı

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300