Bu gün əziz dostumuz, demokratik düşərgənin sevimlisi, mübariz xanım, Müsavat Məclisinin üzvü Könül Mirzəyevanı( Könül Turan Türkü) itirdik.

Könül Turan Türk uzun sürən ağır xəstəlikdən sonra vəfat etdi.

Müsavat Partiyası demokratik düşərgənin tanınmış simalarından biri, Müsavatın Məclis üzvü Könül Mirzəyevanın (Könül Turan Türk) vəfatı ilə əlaqədar nekroloq yaydı.

"Basta”ya təqdim olunan nekroloqda deyilir:

Azərbaycan ictimaiyyətinə və Müsavat Partiyasına ağır itki üz verib.

Müsavat Partiyasının Məclis üzvü, demokratik düşərgənin tanınmış simalarından biri Könül Mirzəyeva (Könül Turan Türk) uzun sürən xəstəlikdən sonra vaxtsız vəfat edib.

Könül Mirzəyeva 1976-cı ildə Xaçmaz rayonunda anadan olub. Gənc yaşlarından Azərbaycanın demokratikləşməsi uğrunda mübarizəyə qoşulub. Müsavat Partiyasının Xaçmaz rayon təşkilatının sədr müavini, partiyanın Qadınlar Birliyinin şura üzvü, birliyin Xacmaz təşkilatının sədri olub.

2014-cü ildən Müsavat Partiyasının Məclis üzvü idi.  

Könül Mirzəyeva siyasi fəaliyyətinə görə daim təqib olunub, 2003-cü ilin prezident seçkiləri dövründə qanunsuz həbsə və dəhşətli işgəncələrə məruz qalıb.

Könül Mirzəyeva dönməz demokrat idi. Müsavat Partiyasının üzvü kimi partiyanın güclənməsində və müsavatçılıq ideologiyasının yayılmasında da böyük rolu olub.

Könül Mirzəyevanın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Demokratik düşərgənin tanınmış simaları, əqidə dostları və onu tanıyanlar da, onun haqqında təsirli statuslar yazdı, vaxtsız vəfatından kədərləndiklərini bildirdilər…

O statuslardan bir neçəsini olduğu kimi təqdim edirik:

Arif Hacılı: Son görüşümüz bir neçə gün əvvəl Xaçmazda oldu.
Mənə son sözləri : "Məzarımın üstünə Azərbaycanın və Müsavatın bayraqlarını sərin”
Baş üstə əziz dost, fədakar insan, bunu və nəyi necə demişdinsə hər şeyi elə də edəcəyik. Rahat uyu!

Vəfa Cümşüdlü:  Könül Turan Türk 40!!!
Qısa ömür yaşadı, Müsavatın Könülü! Amma şərəflə,ləyaqətlə yaşadı. Hələ orta məktəbdə oxuyandan hərəkata qoşulmuşdu. Sonralarda mübarizə yolunu Müsavatda gördü. Bu yolda nə qədər təzyiqlər olsa da YOLUNDAN dönmədi.2003_cü ildə müsavatçılara qarşı olan təzyiq və işgəncələr Könül xanımdan da, yan keçmədi. Seçki protokoluna imza atmadığına görə polis rəisi H. Əliyevin qəzəbinə tuş gəlmiş, barmağı sındırılmış, başı divara vurularaq yarılmış , bundan hirsi soyumayan rəis rəngi qaralana qədər onu böğmuşdur. Könül bu işgəncələrdən sınmamış, əqidəsindən dönməmişdir. Sonuna qədər rejimə nifrətini də gizlətmədi. Cəsarəti, mübarizliyi ilə çoxundan fərqlənirdi. O heç nədən qorxmurdu. Hətta ölümdən belə. Deyirdi ki, ” ölüm haqdır , hamı bu dünyadan köçəcək. Amma mən AZƏRBAYCANI DEMOKRATİK ölkə kimi görüb ölmək istəyirəm”. Təəssüf ki, onun arzusu yarımçıq qaldı, ömrü kimi.. Ruhun şad olsun, Könül! Sən rahat uyu əzizim. Sənin yarımçıq qalan arzularını əqidədaşların həyata keçirəcək və o gün məzarına gəlib bu müjdəni sənə verəcəyik. Görüşənədək!!!

Cözəl Bayramlı: Könül Turan Türk xanımın vəfatı xəbərindən çox üzüldüm. Könül xanımın simasında fədakar, ləyaqətli, əziz mübarizə dostumuzu itirdik.
Ailəsinə, yaxınlarına, əqidədaşlarına dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!

Rüfət Əliyev: Dünya gəlimli-gedimli dünyadır. Bir gün gəldiyimiz kimi, bir gün də gedəcəyik. Bu gün daha bir mübariz xanımı itirdik. Konul xanım, təkcə öz ailəsinin itkisi deyil, ölkəmizin normal dövlətə çevrilməsini arzu edən, hər birimizin itkisidir. Allah rehmet elesin. İnşallah ən qısa zamanda ölkəmiz gərəkən normal dövlət olacaq. Onda Könül xanım.

Rüfət Baxışbəyli: Bu acı xəbəri paylaşmağın özü xəbərin özündən də acıdır…
Müsavat və mübarizə yoldaşlarımız üçün ağır itkidir. Mərd, mübariz, fədakar Könül xanıma mübarizəsinin nəticəsini-əliyevlərsiz Azərbaycanı görmək nəsib olmadı, amansız xəstəlik onu bizlərdən alıb apardı…
Ruhun şad olsun, Könül xanım! Görə bilmədiyin Azərbaycan uğrunda bizlər-sənin dostların mübarizəni davam etdirir və etdirəcək. Arzu etdiyin Azərbaycanı oğlun Eltac və onun kimi oğul-qızlarımız görəcək, sənin də ruhun şad olacaq!
Allah sənə rəhmət eləsin!

Səadət Cahangir: Demokratik düşərgədən hər dəfə kimsə dünyasını dəyişəndə içimdə nəsə qırılır sanki. Xüsusən, o insanlar çox gənc, Konul Turan Turk kimi həyat dolu olanda. Məkanın cənnət olsun, Könül xanım. Tanrı bütün arzuladığın gözəllikləri övladının yaşamasına yol versin!

Gulaga Aslanli: Sənin barəndə yalnız dunyasını dəyişdi yaza bilərəm, Könül! Rahat ol, başladıgımız işi son nəfəsimizidək davam etdirəcəyik.

Əbülfəz Sadıqbəyli:

Yaxşı da, yaman da gedir neynəyək,
Həyatın sonuncu yazısı budur.
Könültək xanımlar yaşaya gərək,
Heyif zalım dünya onları udur.

Ruhun şad olsun, gözəl insan.

Nəsimi Məmmədli: Ölüm hər kəsin qapısını döyəcək.
Kimi harada, necə və nə vaxt yaxalayacağını heç birimiz bilmirik.
Bəzən ölümə kədərlənir, bəzən isə sevinirik. Hər bir insan bu dünyadakı davranışları və yanaşmaları ilə o münasibəti özü qazanır.
Ölümü ilə qalanları uzun illər kədərləndirəcək, rəhmətlə xatırlanacaq bir ömür yaşamaq çox çətindir. Bunun üçün gərək başqaları ilə eyni haqqa sahib olub yaşadığını unutmayasan. Başqalarının haqqına toxunmayasan.
Bu gün dünyasını dəyişən Konul Turan Turklə heç vaxt qarşılaşmamışdım və onu şəxsən tanımırdım. Amma sosial şəbəkələrdə fəallığı ilə seçilən mübariz bir qadın kimi diqqətimi çəkirdi. Ortaq tanışlarımız və dostlarımız onun haqqında övgü ilə danışardı. Virtual olsa da sanki ona bir yaxınlıq hiss edirdim. Səhətində ciddi problemlər olduğunu bildiyim üçün tez-tez onu tanıyanlardan əhvalını soruşurdum. Durumunun ağır və çarəsiz olduğunu bildiyim üçün onun yazdıqlarını, apardığı mübarizəsini üzülərək izləyirdim. Doğru bildiklərini sona qədər müdafiə etməkdən usanmadı, qorxmadı, çəkinmədi.
Könül xanım qısa və çətin ömür yaşadı. Lakin hətta onu tanımayanların da xatirəsində özünə əbədi rəğbət qazanaraq bu ömrü ləyaqətlə başa vurdu.
Uca Allahdan ona rəhmət, doğmalarına, yaxınlarına və əqidədaşlarına səbr diləyirəm. Məkanı cənnət olsun.

Tofiq Yaublu: Konul Turan Turk bizləri tərk etdi. Cəmiyyətimiz daha bir fədakar azadlıqsevər xanımını itirdi. Doğmalarına, yaxınlarına və azadlıq uğrunda mübarizə aparanlara başsalığı verirəm. Könül xanımın mübarizəsi qələbəyədək davam edəcək!

Raquf Kərimli:

"Ölüm sevinməsin qoy
Ömrünü vermir bada
El qədrini canından
Daha əziz bilənlər
Şirin bir xatirədək,
Qalacaqdı dünyadan
Sevərək yaşayanlar
Sevilərək ölənlər!”

Mirzə Sakit: Təxminən bir ay öncə Kəmalə Bəhlulovadan Konulün tel nömrəsini aldım və zəng edib səhhəti ilə maraqlanmaq istədim.
Oğlu götürdü telefonu, özümü təqdim etdim…dedi Mirzə bəy, anam yatıb indi, oyananda deyərəm ona..
Bütün ömrü boyu ruhu, zehni oyaq olan Konul bu gün də əbədi yuxuya getdi..
Ruhun şad olsun əziz dostum !!…

MƏN YAŞAMAQ ISTƏYİRƏM !!

Bu dunyada
insan kimi ömur sürüb
ölənlərə
qəbir qazıb çox hörmətlə
basdırdılar.
Alçaqlarsa
özlərinə qəbir qazıb
özlərini diri-diri basdırdılar.
İri-iri basdırılan insanların
dağ vüqarı, öz qalası
diri-diri basdırılan namərdlərsə
Şah təlxəyi, "bəy” tulasi.
Gedən getdi, qalan qaldı
qalanların ruhlari şad,
gedənlərin ruhları yad.
Gedənlərlə
bir cərgədə
addımlamaq istəmirəm,
bu nə həyat ?
Sağa-sola boylanıram
Qələmimə çaş-çaş baxan
bəbəklər var.
Şah yanında, "bəy” yanında
özlərini yerə gömən
cəmdəklər var.
Məmləkətin
alt qatında günah nə çox,
üst qatında Allah da yox.
Nə danışaq nə söyləyək
hansı yöndə qürrələnək
məğlub olan Ordumuza ?
Sabah nece cavab verək,
məğlub olmaz
o boz rəngli Qurdumuza ?
Necə dönək
babaların ruhları da
əsir qalan yurdumuza ?
Zövq almalı bir şey varmı,
hansı dürlü dəyərlərdən ?
Allahın da böyüklüyü
ondadır ki,
küsüb gedib bu yerlərdən.
Bu sözləri
Tanrım deyir, mən demirəm
O deyir ki,
zahirinə mələk düzən,
batilində şeytan gəzən
insanları istəmirəm.
Bu ölkədə
siyasətin qurbanları
dostum da yad,
qonşu da yad,
qohum da yad,
qardaş da yad
hamısının da beyinləri
əfsus boyat.
Biri şahın həyətində,
biri "bəy”in biyətində
irinləmiş bir yara var,
hər birinin niyyətində.
İri-iri basdırılan bədənlərin
ruhlarına salam olsun !!
Gedin deyin Tanrıma ki,
ölum yeli
başim üstən çox əsməsin,
ömur payin
nə çoxaltsın, nə kəsməsin,
Əzrayıla söyləsin ki,
tələsməsin,
mən yaşamaq istəyirəm.
Bu dunyada
nə gördüm ki,
nə qazandım, nə böldüm ki ?
Diri-diri basdırılıb
ölmədim ki, cəmdəyimi
kimlər ala, kimlər sata.
İnsan kimi ölmək üçün,
söyləməyə gücüm çata:
– Mən yaşamaq istəyirəm
Mən yaşamaq istəyirəm !!…

 

Könül Turan Türk Azərbaycanda sivil demokratik cəmiyyət üğrunda vuruşurdu. Nə yazıq ki, arzuladığı Azərbaycanı görmədən köçdü bu dünyadan, niskilli, nigaran!

 

Müsavat ailəsinin, demokratik düşərgənin və Azərbaycan xalqının başı sağ olsun!

Könül Alı, Bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300