Dadaş Əhmədli: "İslahatlara vaxtında – ölkəyə neft pullarının axını olduğu vaxt başlamaq lazım idi”

«Hesab edirəm ki, Azərbaycanda referendumdan sonra üç istiqamət üzrə ciddi və çox vacib tədbirlər həyata keçiriləcək».

Milli Məclisin üzvü Səməd Seyidov «Trend»ə müsahibəsində belə deyib. Onun sözlərinə görə, həmin üç istiqamətin birincisi dövlətin ümumi idarə olunması, onun gələcəkdə dünyada, regionda təhlükələrə, çağırışlara qarşı dözümlülüyünün və müqavimət gücünün artırılmasıdır: «Referendum buna imkan verdi və bu istiqamətdə işlər aparılacaq. Bu, birinci əsas məsələdir. Ona görə ki, ətrafa baxsanız, görərsiniz ki, nə dərəcədə çətin proseslər, nə dərəcədə təhlükəli çağırışlar mövcuddur».

S.Seyidov deyir ki, ikinci əsas məsələ bütün sahələr üzrə islahatların aparılmasıdır: «Dünya və dünya iqtisadiyyatı tələb edir ki, iqtisadi, siyasi, mədəni – bütün sahələri əhatə edən islahatlar həyata keçirilsin».

Deputata görə, üçüncü əsas istiqamət Azərbaycan vətəndaşlarının hüquqlarının ən yüksək səviyyədə müdafiəsi ilə bağlıdır: «İnsan hüquqları ilə bağlı şəxsiyyətin toxunulmazlığı, torpaq mülkiyyəti, yəni Konstitusiyaya edilən hər bir dəyişiklik Azərbaycan vətəndaşına daha yaxşı şəraitin yaradılmasına imkan verir». Deputat hesab edir ki, bu üç istiqamətin hər biri yaxın zamanlarda prezident İlham Əliyevin siyasətində öz əksini tapacaq.

Səməd Seyidovun bu açıqlamasını şərh edən Müsavat başqanının müşaviri, politoloq Dadaş Əhmədli hakimiyətin bu vədlərinin inandırıcı olmadığını bildirib:

"Əgər həqiqətən islahata başlamaq istəsəydilər, indiyə qədər bunun işartılarını görərdik. Ölkədə olduqca səmərəsiz idarəçilik sistemi formalaşıb”, – Dadaş Əhmədli "Basta” əməkdaşı ilə söhbətində bildirib.

"İqtisadi islahatlara vaxtında, ölkəyə neft pullarının axını olduğu vaxt başlamaq lazım idi. İslahatların həyata keçirilməsi üçün vəsait lazımdır. İndi gəlirlərin iki dəfədən çox azaldığı, büdcənin yarıbayarı azaldığı, iqtisadi böhranın dərinləşdiyi vaxt hansı islahatı həyata keçirəcəklər? İndi pensiyaları, maaşları belə ödəyə bilmirlərsə, islahatları hansı pulla həyata keçirəcəklər?

İslahatların həyata keçirilməsi ən vacib şərtlərdən biri Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olmasıdır. Dünyada ÜTT-nin üzvü olmayan cəmi 25 dövlət qalıb, onlardan biri də Azərbaycandır. Hakimiyyət islahat istəsəydi indiyədək Azərbaycanın UTT-yə üzv olmasını əngəlləməzdi”, – Dadaş Əhmədli bildirib.

"İnsan haqlarının və mülkiyyət hüququnun qorunması üçünsə, Konstitusiyanı dəyişdirməyə ehtiyac yox idi. Siyasi məhbusları azad etmək, məhkəmələrin qanunla əvvəlcədən təsbit olunan müstəqilliyini təmin etmək, bütün sahələri ağuşuna alan monopoliyanı, məmur özbaşınalığını aradan qaldırmaq lazımdır. Əgər bu yoxdursa, hansısa islahatların aparılacağı haqda deyilənlər də inandırıcı görünmür”.//bastainfo

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300