Zamin Hacı: "Əgər sabah YAP mitinq eləsə, oraya da gedərəm, görüm onlar nə istəyir”

Əvəz Zeynallı: "Cəmiyyət jurnalistdən həm də vətəndaş və siyasi mövqe tələb edir”

Seymur Verdizadə: "Mənim də, digər həmkarlarımın da bir nöqsanı var ki, mitinqlərdə jurnalist gödəkcələrindən istifadə etmirik”

Röya Rəfiyeva: "Jurnalist də ölkənin vətəndaşıdır, ölkədə haqsız, qanunsuz hesab etdiyi məsələlərə münasibət bildirə bilər”

Sentyabrın 18-də Müsavat Partiyasının "Yaşasın Respublika!" şüarı ilə keçirdiyi mitinqdə jurnalistlərin də iştirak etməsi birmənalı qarşılanmayıb. Xüsusən də, jurnalistlərin  əynində üzərinə "Press” yazılmış gödəkcələrin olmaması Mətbuat Şurası tərəfindən də tənqidlərə məruz qalıb. Təndiqçilər jurnalistikanın tərəfsizlik və obyektivlik kimi prinsiplərini əsas gətirərək, jurnalistin mitinqlərə qatılmasını, siyasi mövqeyini və ya vətəndaş mövqeyini orta qoymasını doğru hesab etmirlər. Jurnalistlər isə mitinqə iştirakçı kimi deyil, müşahidəçi qismində qatıldıqlarını bildirir, siyasi mövqe nümayiş etdirməyin isə cəmiyyətin bir tələbi olduğunu səsləndirirlər.

"Yeni Müsavat” qəzeti olaraq, cəmiyyətdə gedən bu diskussiyalarla bağlı mitinqdə iştirak edən jurnalistlərin fikirlərini öyrənməyə çalışdıq. 

Mitinqdə iştirak edən "Yeni Müsavat” qəzetinin köşə yazarı Zamin Hacı sualımızı cavablandırarkən bildirdi ki, mitinqlərə cəmiyyəti  öyrənmək, insanların problemlərindən xəbərdar olmaq məqsədi ilə qatılır və jurnalist olaraq siyasi mövqeyini ortaya qoymağı da doğru hesab edir: ""Jurnalistin siyasi mövqe ortaya qoyması doğru deyil”- deyə bir qayda yoxdur. Bunu deyənlər səhv edir. İstənilən jurnalistin əslində siyasi mövqeyi ola bilər. Çünki jurnalist də vətəndaşdır, yaşadığı ölkənin problemlərini görür və onunla bağlı münasibət bildirir. Bu məsələnin bir tərəfi. Mənim mitinqdə iştirakıma gəlincə, reportyorluqla məşğul olmuram, publisistəm və cəmiyyətin nə düşündüyünü, mövqelərinin necə olduğunu öyrənmək üçün insanların toplaşdığı yerlərdə olmaq, insanların dərdi, problemləri nədir, nə istəyirlər-bunu öyrənmək mənim vətəndaşlıq borcumdur. Bu baxımdan mən müxalifətin bütün mitinqlərinə gedirəm, orada bunlarla maraqlanıram. Mən mitinqdə iştirak etmirəm, yəni şüar qışqırmıram və başqa fəaliyyətlə də məşğul olmuram. Şüar qışqırmaq lazım gəlsə, onu da təbii ki, edərəm. Orada da heç bir ayıb yoxdur. Çünki jurnalistin siyasi mövqeyinin olmaması  normal sivil ölkələr üçün qəbulolunandır. Amma Azərbaycan kimi ölkələrdə əgər, Mətbuat Şurasının sədri və ya baş redaktorlar açıq-aşkar hökuməti dəstəkləyən fikirlər səsləndirirlərsə, necə olur ki, bu siyasi mövqe sayılmır, ancaq hansısa jurnalist mülki formada mitinqə gedirsə, bu siyasi mövqe sayılır? Bu absurd və gülünc bir fikirdir. Mətbuat Şurasından bildiriblər ki, orada bəzi jurnalistlər jurnalist gödəkcəsində olmayıblar.  Orada jurnalist fəaliyyəti ilə məşğul olanların hamısının əynində press yazılmış gödəkcə var idi. Mən mitinqə iştirakçı kimi getməmişdim, müşahidə edirdim, cəmiyyəti öyrənirdim. Əgər sabah YAP mitinq eləsə, oraya da gedərəm. Ancaq təbii ki, YAP-ın mitinq eləmək fikri yoxdur, onlar bu referendumun mümkün qədər səssiz keçməsini istəyirlər. Ancaq eləsəydilər, oraya da gedərdim ki, görüm YAP nə istəyir”.

"Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının fikrincə, ölkəmizdə elə bir vəziyyət yaranıb ki, jurnalistin təkcə jurnalist fəaliyyəti ilə məşğul olması yetərli olmur, cəmiyyət jurnalistdən həm də vətəndaş mövqeyi və siyasi mövqe tələb edir: "Mən də həm Milli Şuranın, həm də Müsavat Partiyasının mitinqlərində iştirak etdim. Mənim üçün həm də jurnalist olaraq maralı idi. Mitinqdən sonra da müşahidələrimi yazdım. Həm mitinqlərə insanların münasibətini öyrəndim, həm siyasi partiyaların gücünü ölçə bildim, həm də bir vətəndaş kimi mitinqlərdə iştirak etməyi özüm də istəyirdim. Çünki vəziyyət həqiqətən də ağırdır. Ancaq o fikirlə də razıyam  ki, jurnalistlərin mitinqlərdə tərəf kimi iştirakına yol vermək olmaz, bu doğru deyil. Amma müşahidəçi kimi iştirak etməsi normaldır”. 

Mitinqlərdə iştirak edən jurnalistlərdən Seymur Verdizadə mitinqlərə iştirakçı deyil, müşahidəçi kimi iştirak etdiyini bildirdi: "Mən Azərbaycanda siyasi partiyaların keçirdiyi mitinqlərdə iştirak edirəm və jurnalist kimi ölkədə baş verən ictimai –siyasi prosesləri, bütün siyasi partiyaların, ictimai təşkilatların fəaliyyəti izləməyi özümə borc bilirəm. Bundan əvvəlki mitinqlərdə də iştirak etmişəm, bundan sonrakı mitinqlərdə də iştirak edəcəyəm. Jurnalist fəaliyyətimi yerinə yetirməyim üçün bu şərtdir. Burada xüsusi bir siyasi məna yoxdur. Amma mənim də, digər həmkarlarımın da bir nöqsanı var ki, onu qeyd etmək istəyirəm. Biz jurnalistlər son vaxtlar aksiyalarda xüsusi geyimlərdən, jurnalist gödəkçələrindən istifadə etmirik. Əslində isə bu gödəkçələri geyinməliyik və jurnalist olduğumuz bilinməlidir, digər mitinq iştirakçılarından fərqlənməliyik. Bizim buna riayət etməməyimiz də onunla bağlıdır ki, aksiyalar icazəli keçirilir, burada hər hansı zorakılıq, qarşıdurma ehtimalı yoxdur. Bu səbəbdən də biz bir qədər arxayın şəkildə, mülki geyimdə bu aksiyalara qatılırıq, nəticədə belə suallar ortaya çıxır.  Mən bu aksiyalara qatılmaqla jurnalist kimi peşə borcumu yerinə yetirmək istəmişəm. Hər dəfə də mitinqlərdən sonra onunla bağlı köşə yazılarım olub, çox güman ki, bu müşahidələrim əsasında da yaxın günlərdə köşə yazısı yazacağam. Lakin fürsətdən istifadə edib həmkarlarıma səslənmək istəyirəm ki, mitinqlərə fərqləndirici geyimlə, gödəkçə ilə çıxsınlar”. 

Jurnalistlərin mitinqlərin birbaşa iştirakçısına çevrilməsinə gəlincə, S. Verdizadə bildirdi ki, biz jurnalist olmazdan əvvəl vətəndaş kimi doğulmuşuq və vətəndaş mövqeyini bildirmək jurnalistin də haqqıdır. Lakin o bütün bunları jurnalist kimliyinin altında gizlənərək etməməli, bu iki fəaliyyətini bir-birindən ayrı tutmalıdır: "Jurnalist də vətəndaşdır və bizim də ölkədə baş verən proseslərə münasibət bildirmək hüququmuz var. Amma mən jurnalist vəsiqəsinin arxasında gizlənib aksiya iştirakçısına çevrilməyin əleyhinəyəm. Jurnalist də vətəndaş olaraq aksiyada iştirak edib mövqeyini ortaya qoya bilər, lakin sabah təzyiqlərə məruz qalanda, həbs olunanda, məhkəmə predmeti yarananda jurnalist vəsiqəsindən istifadə etməməlidir. Mən istəyirəm ki, jurnalistika ilə siyasi fəaliyyətin sərhədlərini ayıraq. Mən əgər nə vaxtsa aksiyalarda vətəndaş kimi iştirak etməyə qərar versəm, jurnalist vəsiqəmi evdə qoyub gedərəm. Bəzi siyasiləşmiş həmkarlarımız aksiyalarda hər hansı təzyiqlərə məruz qalsalar, jurnalist kimliyinin arxasında gizlənməsinlər. Jurnalist vəsiqəsindən tam təyinatına uyğun istifadə etmək lazımdır”.

"Yeni Müsavat” qəzetinin müxbiri Röya Rəfiyeva isə mitinqdə jurnalist kimi deyil, bir vətəndaş olaraq iştirak etdiyini vurğuladı: "Ölkədə son illər keçirilən bir çox mitinq və etiraz aksiyalarında iştirak etmişəm. Yazmaq üçün getmədiyim aksiyalara vətəndaş kimi, iştirakçı olaraq qatılmışam. Vətəndaşların bu aksiyalara münasibəti, aksiya iştirakçılarının sayı, çıxışlarda səslənən fikirlər vətəndaş olaraq mənə maraqlıdır. Azından meydanda qısa müddətdə - iki saatda baş verənləri izləyib müəyyən nəticələr çıxarmaq olur. Düşünmürəm ki, jurnalist mitinqlərdə iştirakla ortaya siyasi mövqe qoyur. Bu, siyasi deyil, vətəndaş mövqeyidir. Jurnalist də ölkənin vətəndaşıdır, ölkədə haqsız, qanunsuz hesab etdiyi məsələlərə münasibət bildirə bilər".


Nərgiz LİFTİYEVA
Musavat.com

 



Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300