Sizcə, bəs bu il ədəbiyyat üzrə Nobel mükafatı kimə veriləcək?

 

Kulis.Az bu barədə yazarlardan münasibət öyrənib. Cavabları təqdim edirik.

 

Nəriman Əbdürrəhmanlı

 

- Bu barədə müəyyən bir fikir söyləmək çətindir. Neçə illərdir ki, proqnozlar özünü doğrultmur, mükafatlar, bəlkə də, kimsənin ağlına gəlməyən yazıçılara verilir. Nobel mükafatı Komitəsinin öz ədəbi kriteriyaları var. İndi əksər adamlar Haruki Murakaminin adını çəkirlər. Amma mənə görə onun həmvətəni Kenzi Maruyama daha böyük yazıçıdır. İstərdim, mükafat ola verilsin. Təəssüf ki, adı iddiaçılar siyahısında yoxdur.

 

Etibar Əliyev

 

- Çox çətin məsələdir bunu demək. Seçimdə çox qeyri-adi laureatlar üzə çıxır. Sonradan biz təhlil eləyəndə görürük ki, əslində, Nobel komitəsi səhvə yol verməyib. Axırıncı laureat da bunu göstərdi, ondan sonralar da. Varqas Lyosa, Mo Yan çox böyük yazıçılardır. Sadəcə məlum səbəblərdən o yazıçılarla tanış olmamışıq. Mo Yanın bu yaxınlarda Nobel nitqini oxudum. Çox möhtəşəm bir publisistik dili var. Mən deyərdim ki, Herman Hesse, Hemenquey, Folknerin Nobel nitqindən geri qalmırdı Mo Yanın Nobel nitqi. Bilirsiniz, dünyada hal-hazırda çox yaxşı yazıçılar var. Amas Oz, Mişel Uelbek, Daniel Rot, Gulian Barns kimi yazıçıların adlarını çəkmək olar. Ola bilsin, Nobel komitəsi təhlillərdə sadaladıqlarımdan ideal yönüm tapa bilməsin. Ya da bəlkə ideal çalarlar tapsın. Nobel bəşəri vurğuya, ideal yönümə qiymət verir, praqmatik dəyərlərə yox. "Yüz illik tənhalıq”, "Qoca və dəniz” kimi əsərlərə, məsələn. Mənim adını çəkdiklərim XXI əsrin ən böyük yazıçılarıdır. Ola bilər, komitə həmin yazıçıların əsərlərini təhlil edərkən axtardıqları ideal yönüm onları qane etməsin. Mən bu siyahıya Salman Ruşdini də əlavə edərdim. Salman Ruşdi getdikcə Nobel mükafatına yaxınlaşır. Buker mükafatı, Cəngavər rütbəsi onu Nobelə aparır. Məncə, adını çəkdiklərimin hər hansı biri Nobel mükafatı ala bilər. Murakami də böyük yazıçıdır, bu siyahıya düşəcək yazıçıdır. Ancaq dediyim kimi, Nobelin ideal yönüm kriteriyalarını bilmirik. Mən özüm komitədə olsaydım Mişel Uelbekin namizədliyini verərdim. O, çox böyük intellektualdır.

 

Qismət

 

- Əgər Nobel mükafatı haqda deyilən siyasilik məsələsi doğrudursa, onda tutalım, Suriyadakı bitib-tükənməz gərginliyi nəzərə alıb şair Adonisin qalib olacağını ehtimal edə bilərik. Populyarlığı, bukmeykerlərin davamlı yüksək əmsallarla diri saxlamağını nəzərə alsaq, onda Haruki Murakaminin qalib olacağını düşünmək olar. Sonuncu kitabları da daxil olmaqla, Murakamini 5-6 romanını oxumuşam, ən yaxşı əsəri sayılan və Kafka mükafatına layiq görülən "Kafka çimərlikdə” romanından başqa bütün yazdıqlarını orta səviyyəli pop ədəbiyyat hesab edirəm. Bədii səviyyəsinə görə şəxsən mənə görə, heç ilk 50-liyə düşəsi müəllif deyil. Amma ötənilki Alekseyeviç nümunəsində gördük, komitə bəzən etik məsuliyyəti estetik səviyyədən, sənətkarlıqdan daha çox ön plana çəkir. İş orasıdır ki, çevik üslublu Murakami şöhrətindən başqa bunların heç birinə cavab vermir, məncə. Mən Pol Oster, Peter Handke, Xavier Marias kimi yazıçılardan birinin qalib olmasını arzu edirəm.

 

Svetlana Turan

 

- Bu il Nobeli kimin alacağını təxmin edə bilmirəm. Çünki təxminlərimdə hər il yanılıram. Amma Milan Kunderanın almasını çox istəyirəm. Kunderanın yaradıcılığını sevirəm və onun bu mükafata layiq olduğunu düşünürəm. Ancaq nədənsə mənə elə gəlir ki, Nobel komitəsi, həmişəki kimi, bizi bu il də təəccüb içində qoyacaq.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300