İslam Partiyasının sədri referenduma etiraz olaraq həbsxanada aclıq aksiyasını davam etdirir

Siyasi fəaliyyətinə və hakimiyyəti tənqid edən çıxışlarına görə, 2011-ci ildə həbs edilən və 12 il cəza alan AİP sədri, ilahiyyatçı alim Mövsüm Səmədov  26 sentyabrda keçiriləcək referenduma etiraz olaraq həbsxanada başladığı aclıq aksiyasını davam etdiri.

Vəkili Yalçın İmanovun mediaya verdiyi məlumatda Hacı Mövsüm Səmədovun səhhətində ciddi problemlərin yarandığı,  buna baxmayaraq  onun karsa salındığı bildirilir. Eyni zamanda AİP sədrinə qarşı təzyiqlər davam etdirilir.

İslaminSesi məlumat verir ki, ilahiyyatçı alimə qarşı yönələn bu təzyiqlər ölkənin tanınmış siyasi və ictimai xadimləri tərəfindən etirazla qarşılanıb.

Müsavat Partiyasının başqanı Arif Hacılı həbsxanada AİP sədri, ilahiyyatçı alim  Mövsüm Səmədova qarşı yönələn təzyiqlərə münasibət bildirib: "Biz Azərbaycanda günahsız yerə həbs edilən bütün siyasi məhbusların azadlığa buraxılmasını tələb edirik. Mövsüm Səmədov uzun müddətdir ki, azadlıqdan məhrum edilib. O, törətdiyi hər hansı bir cinayət əməlinə görə deyil, hakimiyyətə qarşı siyasi mövqeyinə görə həbs edilib. Hacı Mövsüm Səmədov kifayət qədər aydın dünyagörüşə malik, Azərbaycanın ərazi bütövlüyü, azadlığı və suverenliyi barədə düşünən bir siyasətçidir. Bu səbəbdən də, ona qarşı edilən təzyiqlər insan haqqlarının kobud şəkildə pozulmasıdır. Ona görə də, Mövsüm Səmədovun azadlığa buraxılmasını zəruri hesab edirəm”.

Arif Hacılı həmçinin qeyd edib ki, aclıq aksiyası keçirən hər hansı bir məhbusun karsa salınması daxili intizam qaydalarına aid olan bir məsələdir:  "Lakin görünən odur ki, AİP sədri Mövsüm Səmədovun siyasi məhbus olması, ona qarşı əlavə problemlərin yaranmasına da gətirib çıxarır. Bu isə humanizm prinsiplərinə zidd addımlardır”.

AİP funksioneri Akif Heydərli də,  Azərbaycanda  insan haqlarının  kobud şəkildə pozulduğunu deyib: "Bu  gün dini cameəyə aid şəxslər daha çox təhdidə məruz qalırlar. Siyasi məhbus Doktor Mövsüm Səmədov o qəbildən şərlənərək 12 il həbs cəzasına məhkum edilib.  Bu, kifayət deyilmiş kimi AİP sədrini iki ildir  Qobustan qapalı tipli həbsxanada saxlayırlar. Bütün bunlara baxmayaraq doktor   Mövsüm Səmədov cəmiyyətdə baş verən ictimai-siysi hadisələrə AİP sədri kimi biganə qalmır. O, hakimiyyətin Konstitusiyaya dəyişikliklərlə bağlı keşirəcəyi referenduma etirazını bildirib və bunu aclıq aksiyası şəklində cəmiyyətə çatdırmağı məqsədəuyğun hesab edib. Əlbəttə, bu addım Hacı Mövsüm Səmədovun hüququdur və heç kəsin onun qarşısını almağa haqqı yoxdur. Amma təəssüflər olsun ki, Doktor Mövsüm Səmədovun keçirdiyi aclıq aksiyası  ona qarşı xüsusi cəza rejiminin tətbiqi ilə nəticələnib və o, artıq bir neçə gündür ki, karsa salınıb. Mövsüm Səmədovun başına gələnlər cəza müəssisələrindəki qanunsuzluqlardan, nəzarətsizliklərdən və özbaşınalıqlardan xəbər verir”.

Ziyalılar Birliyinin rəhbəri və Milli Şuranın üzvü, kinodramaturq Eldəniz Quliyev də, İslaminSesinə verdiyi açıqlamasında  Hacı Mövsüm Səmədovun səhhətindəki problemlərin nəzərə alınmadan onun karsa salınmasını kəskin şəkildə  pisləyib. Doktor Səmədovun siyasi fəaliyyətinə və hakimiyyəti tənqid edən çıxışlarına görə, qanunsuz həbs edildiyini bildirib.  Eldəniz Quliyev qeyd edib ki, doktor Səmədov  26 sentyabr tarixində keçiriləcək referenduma etiraz olaraq aclıq aksiyasına start verib: "Hacı Mövsüm Səmədov karsa salınıb.  O,  Qobustan həbsxanasında aclıq aksiyası keçirir – ölüm-dirim mücadiləsi aparır! Mövsüm Səmədova qarşı qisasçılıq bu gün də davam edir!”

Ziyalılar Birliyinin rəhbəri əlavə edib ki, AİP lideri Mövsüm Səmədov imanlı, əqidəli və ləyaqətli mövqeyi ilə artıq ölkənin əxlaq, iman və mənəviyyat simvollarından birinə çevrilib: " Mövsüm Səmədov siyasi və vicdan məhbusudur. Beynəlxalq təşkilatlar və Avropa ölkələri də onu siyasi məhbus kimi tanıyır. Əslində hakimiyyət Hacı Mövsüm Səmədovu karsa salmaqla, haqq sözü çərçivəyə sığdırmağa çalışır”.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı da mövzu ilə bağlı fikir bildirərkən Mövsüm Səmədova qarşı edilən haqsızlıqları və təzyiqləri pislədiklərini vurğulayıb: "Mövsüm Səmədov Azərbaycanın ictimai-siyasi sferasında tanınan, kifayət qədər nüfuza sahib olan bir şəxs və partiya rəhbəridir. Heç bir səbəb olmadan həbs edilməsi böyük haqsızlıq idi. İndi isə saxlanma şəraiti çox pisdir və təzyiqlər olunur. Hesab edirəm ki, bu yalnış mövqedir və hakimiyyət belə rəftardan əl çəkməlidir.  Həmçinin bu məsələ ilə hüquq müdafiəçiləri də maraqlanmalıdır.  Məsələ mütləq ictimailəşdirilməlidir və beynəlxalq təşkilatlar da bu barədə öz fikirlərini söyləməlidir”.

Hüquq müdafiəçisi Qurban Məmmədov Hacı Mövsüm Səmədovun siyasi və ictimai xadim kimi  dəyərli insan olduğuna diqqət çəkib.  Doktor Səmədovun referendumla bağlı mövqeyini bölüşdüyünü diqqətə çatdırıb: "Azərbaycanda dövlətin özəlləşdirilməsi prosesi gedir və bunun qarşısı alınmalıdır.  Həbsxanada ilahiyyatçı alimə qarşı edilən təzyiqlər isə insanlıqdan kənardır.  Bu haqsız münasibəti kəskin şəkildə pisləyir və qınayıram. Hesab edirəm ki, ictimaiyyət nümayəndələri hakimiyyətin bu münasibətinə qarşı öz etiraz səsini ucaltmalıdır”.

Bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300