Həbsxanadan azadlığa çıxandan sonra QHT rəhbərləri niyə passivləşir?

 

Anar Məmmədli: "Ədalətlə danışmırlar”

 



   2013-14-cü illərdə Azərbaycanda həbs edilən və sonradan azadlığa buraxılan QHT rəhbərlərinin fəaliyyətlərində ciddi şəkildə passivlik müşahidə olunur. Bu, ictimaiyyət arasında bəzi suallar yaradıb. Onlar arasında azadlığa çıxdıqdan sonra ölkəni tərk edənlər də var. 

Buraya Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və həyat yoldaşı Arif Yunusu da aid etmək olar. Ötən ilin sonlarında Apelyasiya Məhkəməsinin qərarı ilə həbsdən azad olunan ər-arvada az keçməmiş müalicə üçün ölkədən çıxışlarına icazə verildi. Onlar ölkəni tərk etdilər və geri qayıtmadılar. Yunusların azadlığının ardından bu ilin martında əfv sərəncamı ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli və İnsan Hüquqları Klubun sədri Rəsul Cəfərov azadlığa çıxdı. Martın 27-də isə Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev Ali Məhkəmənın qərarı ilə azad olundu. Adlarını qeyd etdiyimiz QHT rəhbərlərindən cəmiyyətin gözləntiləri yüksək olsa da, onlar azadlıqlarını alandan sonra aktivlik göstərmirlər. 

Doğrudur, QHT-lərin fəaliyyəti iflic vəziyyətinə salınıb, ofisləri əllərindən alınıb, təzyiqlər hələ də qalmaqdadır. Amma bunlar da yaranan sualların cavabı deyil...

SMDT rəhbəri Anar Məmmədli "Yeni Müsavat”a açıqlamasında passiv olmalarına bu cür aydınlıq gətirdi: "Azərbaycanda QHT-lərə qarşı hücumlar 2013-cü ildə mənim həbsimlə başladı. Bundan  sonra həbslər davam etdirildi. Bu proseslər təkcə həbsimlə deyil, ölkədəki qanunvericiliyə olan təzyiqlərlə başladı. Eyni zamanda siyasi mühit də dəyişdi. 2013-cü ildə başlayan təzyiqlər dalğası azadlığa çıxmağımızdan sonra da dəyişmədi. 
İctimai təşkilatın müstəqil şəkildə fəaliyyət göstərməsi üçün münbit siyasi mühit lazımdır. Təəssüflər olsun ki, hazırda bizdə bu mühit yoxdur. Bunlar olmadığı şəkildə biz nə edək? Təzyiqlərə məruz qalan təşkilatların avadanlıqları, sənədləri götürülüb. İnsanlar təşkilatları tərk ediblər. 

Maddi-texniki təchizatımıza ciddi ziyan dəyib. Təbii ki, biz qabaqkı vəziyyətimizi bərpa edə bilmərik. Burada bir sıra faktorlar var. Qanunvericiliyə edilmiş dəyişiklər nəticəsində fəaliyyət göstərə bilmirik. O zaman fəaliyyət göstərmək üçün xarici donorlardan qrantlar ala bilirdik. İndi onlar yoxdur. Maddi-texniki təchizatımız var idi ki, indi onlar da dağıdılıb. Ofislər möhürlənib, bank hesabları bağlanıb. Belə bir şəraitdə necə fəaliyyət göstərmək mümkün olar? Hakimiyyət fəaliyyətə də imkan vermir. Rayonlarda treninq, seminarlar keçirmək üçün şərait yoxdur. Hətta öz hesabımıza belə bunları edə bilmirik. Bunları Azərbaycanda bilməyən insanlar varsa, demək mətbuatı və prosesləri izləmirlər? Yox əgər bunları bilib, demirlərsə, demək ədalətlə danışmırlar. Əsas məsələ budur”.

A.Məmmədli fəaliyyət göstərdiklərini, lakin bunun gözə çarpmadığını da qeyd etdi: "Bizim ofis, texniki-təchizatımız yoxdursa, ola bilər ki, fəaliyyətimiz gözə çarpmasın. Maksimum şəkildə çalışırıq ki, siyasi məhbus məsələsinin həllinə öz töhfəmizi verək. Bu istiqamətdə görüşlər keçirik. Şəxsən mən özüm bir neçə sənəd üzərində işləmişəm, araşdırmalar aparmışam. 

Heç kim bizim könüllü fəaliyyətimizə qadağa qoymur. Əlimizdən gələni edirik. Maksimum şəkildə çalışırıq ki, ölkədə baş verən qanun pozuntuları ilə bağlı məsələni gündəmdə saxlayaq. Nəzərə onu da almaq lazımdır ki, bizim tənqidi fikirlərimizi dərc edə biləcək 3-4 mətbuat orqanı var. "Yeni Müsavat” olaraq, siz zəng edib bəzi məsələlərə fikir öyrənirsiz. Eləcə də, Azadlıq” qəzeti və AzadlıqRadiosu. Bunların xaricində başqa hansı mətbuat orqanı bizdən məsələlərə münasibət alır ki, biz də mövqeyimizi bildirmirik. Tutaq ki, mətbuat konfransı keçirmək istəyirik, indi belə bir yer varmı? Yalnız sosial media qalıb. Mövcud imkanlar daxilində mövqelərimizi bildiririk. Başqaları bəlkə aktiv fəaliyyət göstərirlər, biz görmürük. Bizim ölkənin obyektiv gerçəkliklərini düzgün qiymətləndirmək lazımdır”.

SMDT rəhbəri qarşıdakı zamanla bağlı planlarını açıqladı: "Hazırda iki istiqamətdə çalışıram. Siyasi məhbusların azadlığa buraxılması və vətəndaş cəmiyyətinin fəaliyyətinə qoyulan qadağaların aradan qaldırılması ilə bağlı. Əgər seçkilərə kimi seçkilər əsas işim idisə, indi bu məsələ mənim üçün əsas deyil. Seçkidən əvvəl görüləsi daha vacib işlər var. Seçki o zaman əsas ola bilər ki, bu prosesi keçirmək üçün ölkədə münbit şərait olsun. Həmin mühiti yaratmadan mənim üçün seçki barəsində danışmaq yersizdir. Ona görə mən başqa istiqamətə daha çox diqqət ayırmışam”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300