Zavodun əməkdaşları 8 aydır maaşsız qalıb; rəhbərlik isə maaş əvəzinə söz verir.

"Bakı Körpü Tunel” Açıq Səhmdar Cəmiyyətinin 65 nəfər işçisindən 35-i bir aydır ki, tətil edir. Tətilin səbəbi isə 8 aydır maaşların verilməməsidir. 

Zavod rəhbərliyi hər dəfə işçilərə ödənişin olacağını desə də, verilən vədlər söz olaraq qalır. 

Bunu musavat.com-un reportyoruna ASC-nin qarşısında etiraz edən işçilər deyiblər. Avqustun 29-da bir qrup zavod işçisi idarənin həyətinə toplaşıb. Aylardır maaş üzünə həsrət qalan işçilər daha öncə də bu formada yığışıb, maaşlarını tələb ediblər. Həmin gün onlara söz verilib ki, avqustun 29-u maaşları veriləcək. Deyilən tarixdə isə maaş əvəzinə onlara bol-bol söz verilib. Onlar artıq bu get-gəldən bezdiklərini və maaşlarının verilməyəcəyi təqdirdə Prezident Administrasiyasına, oradan da müsbət cavab gəlməsə, ABŞ səfirliyinə gedəcəklərini deyirlər. 

1978-ci ildən bu zavodda işləyən Əlifağa Mütəllimli deyir ki, iyul ayın 21-dən etibarən xəbər vermədən bütün işçiləri öz hesablarına məzuniyyətə buraxıblar: "Ümumilikdə 8 aydır maaş ala bilmirik. Hamının buradan alacağı var. İşləmişik, amma pulumuzu vermirlər. Nə problemləri varsa, bizlik deyil. Amma bizim maaşımızı, halal pulumuzu versinlər. Mən evə 8 aydır pul apara bilmirəm". 


Maaşını ala bilməyən işçilərdən biri də Habil Həsənovdur. Onun sözlərinə görə, zavodun mühasibi onları təhqir edib: "Zavodun Etibar adlı mühasibi sizdən qabaq burada idi. Gəldi, söyüş söydü, təhqiramiz ifadələr işlətdi. Deyir ki, "kim mənim nömrəmi jurnalistlərə verib? Mən heç kimi tanımıram. Nə müdir tanıyıram, nə də başqasını. Gedin kimə istəsəniz şikayət edin". Biz halal pulumuzu istəyirik, artıq şey istəmirik ki. Maaşımızı versinlər". 

İşçilərin sözlərinə görə, onlara hər dəfə söz verilir ki, yaxın günlərdə maaşlar veriləcək, amma verilmir: "Hər dəfə gəlirik-gedirik. Ortada da heç nə yoxdur. Evə gedirəm, uşaqlarım məndən çörək gözləyir. Mən nə edim? Bunlar mənə deyir gözlə, mən də uşaqlarıma... Mən gözləyərəm, uşaq gözləmir axı". 

Zavodun digər işçisi Məmmədov Zeqan deyir ki, 4 dəfə direktorun qəbulunda olub: "Hər gün səhər saat 8-dən axşam 5-ə kimi işləmişəm. Elə olub ki, 2 nəfərin yerinə işləmişəm. Təki iş dayanmasın. İndi də xəstəlik tapmışam. Müalicə olunmalıyam. Amma pulum yoxdur. Zavod da maaşımı, halalca pulumu vermir ki, gedim müalicə olunum. Nə vaxt maaşımı verəcəklər, öləndən sonra?"

Narazı işçilərlə söhbətimiz zamanı zavodun direktoru Zakir İbrahimov da gəldi. O, işçilərə yenə söz verməyə başladı: "İşləmisiniz, əmək haqlarınız yazılıb. Hamının pulu veriləcək, narahat olmayın". 

 İşçilər birağızdan dillənir: 

- Hər dəfə 2 günə veriləcək deyirsiniz. Amma maaşlar verilmir. Hər gün gəlirik bura. 8 aydır ailəmə bir qəpik pul apara bilmirik.

Direktor: - Sakit olun. Biz bunu həll edəcəyik.

- Hər dəfə belə deyirsiniz. Əgər yenə pulumuz verilməsə, gedəcəyik Prezident Administrasiyasına.

Daha sonra zavodun direktoru Zakir İbrahimov narazı işçiləri qəbul edib və onlardan mühasibin sözlərinə görə üzr istəyib: "Ola bilər ki, əsəbi olub. Çağıracağam və gözünüzün qarşısında sözümü deyəcəyəm. Mən onun yerinə sizdən üzr istəyirəm. O ki, qaldı maaş məsələsinə, onu da həll etməyə çalışırıq. Sifarişimiz az olub, işimiz çox. Ona görə də, maaşları verə bilmədik. Amma çalışırıq həll edək". 

Buna baxmayaraq işçilər verilən sözlərə inanmırlar. Əldə etdiyimiz məlumata görə, zavodun problemləri devalvasiyadan sonra başlayıb. Şirkətin direktoru vergi borcuna görə ölkədən buraxılmır. Onun ölkədən çıxışına qadağa qoyulub. Zavod bir neçə dəfə cərimə edilib. 

Məhəmməd Türkmən
Fotolar müəllifindir


 














Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300