Yeni deputat Rәsulzadәni vәtәn xaini adlandırdı -şok
 
Bu günlərdə jurnalist həmkarlarımız ilə birgə layihə çərçivəsində Gəncə şəhərində olduq. Səfərimiz zamanı məclislərin birində Gəncədən yenicə deputat seçilən 32 yaşlı Naqif Həmzəyev ilə görüşümüz oldu. 

Gənc deputat Gəncədə aparılan quruculuq işlərindən, işsizliklə bağlı görülən və görüləcək layihələrdən ağız dolusu danışdı. Daha sonra isə üzünü media nümayəndələrinə tutub- "mənə suallarınızı verə bilərsiniz, mən jurnalistlərin, gənclərin dostuyam” dedi. Elə bu an uzun müddətdir ki, narahatlıq doğuran, mətbuatda tez-tez müzakirə edlən bir məsələ ilə bağlı sual ünvanladım:
"Rəsulzadənın büstünə torba keçirilməsi ilə bağlı son durum haqda nə deyərdiz?”. 

Sualımdan diksinən millət vəkili bir qədər də üz-gözünü turşudub, Azərbaycan Cumhuriyyətinin, milli istiqlal hərəkatının lideri, "Bir kərə yüksələn bayraq, bir daha enməz” şüarının banisi Məhəmməd Əmin Rəsulzadəyə olan nifrətini izhar etdi. Jurnalistlərin gözü önündə bu cür dialoqumuz oldu:

- Niyə Rəsulzadının büstü və ya heykəli qoyulmalıdır ki?! Mən bu cür tarixi şəxsiyyət tanımıram, mənim üçün bircə lider var, o da ümummilli lider. Gəncəli gənclər də mənim bu fikrim ilə razıdırlar. 

- Şərqdə ilk demokratik...

-Tarixi məndən yaxşı biləcəksiz? Heç bilirsiz o Rəsulzadə respublika yaratmaq üçün nələr edib? Yaxşı şəxsiyyət olsaydı qurduğu respublikanı qoruyub saxlayardı. 


Bu zaman kənardan da müdaxilələr olur:

Rəsulzadə yaxşı kişi olsaydı, arvadına sahib çıxardı...

- O, bizim nə qədər sərvətimizi talayıb...

- Bunlar (mən nəzərdə tutuluram) Rəsulzadə fanatıdırlar.

Deputat canfəşanlıqla Rəzulzadəyə qara yaxmaqda, jurnalistləri şoka salaraq, mürtəce fikirlərini söyləməkdə davam edirdi:

- Rəsulzadə satqın olub, o bizim İrəvanı və digər torpaqlarımızı satıb. Azərbaycanda qarşı xarici qüvvələrlə sıx əlaqədə olub. Onun barəsində dəqiq məlumat bilmək üçün tarixçilərə müraciət edin. Onlar kimin nə olduğunu yaxşı bilir. Bir də ki, cumhuriyyətin qurulmasında  təkcə Rəsulzadə deyil, başqalarının da xidmətləri olub. Siz niyə onlar barəsində sual vermirsiz? Cümhuriyyət məgər təkcə Rəsulzadədən ibarətdir?! Hazırda Gəncədə Nizami Gəncəvinin və digər tarixi şəxsiyyətlərimizin həyat və yaradıcılığı ilə bağlı işlər görülür, onlara aid abidələr qoyulur. Cümhuriyyətin ildönümü ilə əlaqədar şəhərimizin Gülüstan qəsəbəsində "İstiqlal” parkı açılıb. 

- Gələn qonaqlara, xarici turistlərə parkı necə təqdim edirsiz- satqın Rəzulzadənin qurduğu istiqlaliyyətə aid "İstiqlal” parkı?

- Axı niyə fikirləşirsiz ki, Gəncədə Rəsulzadənin heykəli olmalıdır?! Rəsulzadə respublikanı Gəncədə deyil, Tiflisdə qurub... Qoy bu barədə Müsavat Partiyasının üzvləri məşğul olub,  onunla bağlı məsələləri həll etsinlər. Bir dəfə də olsun müsavatçılardan kimsə onun büstünün qoyulduğu quruma zəng edib başına torba keçirilməsinin səbəbini soruşub?...
Siz 28 May günü Gəncəyə gəlsəniz görərsiz ki, biz necə bayram keçiririk. Hətta on yerə əklil qoyuruq.

- Məsələn, hara?

-Gəlib öz gözlərinizlə görə bilərsiz hara. 

Dialoqun bu yerində jurnalist həkarlarımdan biri dözməyərək atmaca atır:

-Gəlin birlikdə Rəsulzadəni vətən xaini elan edək və beləcə də məsələyə son qoyulsun...

Anladım ki, söhbəti davam etdirməyin heç bir mənası yoxdur. Bu gün artıq yüksək vəzifə tutan məmurlarımız tərəfindən tarixi şəxsiyyətlərimiz barəsində qarayaxmalar eşidəndə, onların satqın adlandırlmasının şahidi olanda  heç də təəccüblənmirik. Bu, reallıq da olsa dəhşətli, qorxuncdur. Pafosla deyilən "xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil etdik, tariximiz haqqında məlumat verdik, adət-ənənələrimizi təqdim etdik, Azərbaycan həqiqətini dünyaya çatdırdıq” sözlərini bunu deyən şəxslərin heç özləri də buna inanmır. 

Naqif Həmzəyevə gəlincə, mətbuatda yayılan son məlumatlara görə, yenicə deputat olan bu gənc zamanında Azərbaycan hakimiyyətinə qarşı sərt mövqe tutan bir sıra siyasətçilərlərlə canbir, dilbir olub.  Çox qəribədir ki, bundan öncə YAP-ı (Yeni Azərbaycan Partiyası) söyən Naqif Həmzəyevin sonradan  elə həmin partiya tərəfindən namizədliyi irəli sürüb və hazırda eyni zamanda YAP-ın Gəncə şəhər təşkilatının sədridir. Bu müəmmaların qaranlıq tərəfləri çoxlarına məlumdur. Lakin bir sual yəqin ki, çoxlarını düşündürür- Rəsulzadə niyə bir çox məmurları qorxudur, ona qarşı bu cür kinin məğzi nədir?

Beləcə, o gün Gəncədə rəsmilərin Rəsulzadəyə qarşı əsl münasibətin şahidi olduq. 

Xalidə Gəray
Musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300