Bu ifadəni çox eşitmişik: quyruq doğdu, yoxsa dondu? Qulağımız öyrəşib bu sözlərə, ancaq mənasını bilmirik. Nəyə görə belə deyilir, səbəb nədir? Kulis.Az bu mövzuda tarix üzrə fəlsəfə doktoru Asəf Orucovun "Yayın ikinci dövrü: quyruq dondu, yoxsa doğdu” adlı məqaləsini təqdim edir.     

 

Xalq arasında yayın ortası, yay fəslinin yarı olan günü "quyruqdoğdu” adlanır. "Quyruqdoğdu” avqust ayının 5-nə təsadüf edir. El arasında deyərlər ki, bu dövr səmada quyruğa oxşayan ulduzların görünməsinə uyğun olaraq, bu cür adlandırılmışdır. Təsərrüfatın bütün sahələrində ilin bu dövrünə uyğun olaraq, müəyyən işlər görülərdi. Ancaq onu da qeyd edək ki, maldarlıq təsərrüfatında yayın ikinci dövrü "quyruqdondu” adlanır. İlin bu dövrünün maldarlıq təsərrüfatında "quyruqdondu” adlandırılmasının səbəbi aşağıdakı kimi izah edilir.

 

Deyirlər ki, hava sərin olduğu üçün yaylaqda kəsilən heyvanın quyruğu əridildikdə donar. Demək, ad da buna görə verilib. Onu da deyə bilərik ki, Naxçıvanın bəzi bölgələrində bu dövr "quyruqdoldu” adlandırılır. Bu da onunla izah edilir ki, həmin dövrdən artıq çöldə otlayan qoç və qoyunun quyruğu dolmağa (kökəlməyə) başlayır. Lakin toplanmış materiallardan məlum olur ki, bu nə quyruğun donması, nə də quyruğun dolması ilə bağlı deyil. Çünki bu vaxtdan təsərrüfatın digər sahələrində, atmosferdə də dəyişiklik əmələ gəldiyi müşahidə edilir.

 

Beləliklə, "quyruqdoğdu” ifadəsi daha çox yerinə düşür. Xalqımızın uzunmüddətli müşahidəsinə görə, "quyruqlu ulduzlar”ın görünməsi ilə artıq yaylaqda dəvələr üzü arana tərəf yatır. Bununla da, artıq maldarlar havaların soyuduğunu, arana köçməyin vaxtı gəlib çatdığını bilərdilər. Yay yarı olanda, quyruq doğduqda (avqustun 5-i) quzu qırxımına başlayırdılar.

 

Nənələrimiz danışırlar ki, yaxşı pendir tutmaq üçün "quyruqdoğdu”dan, yay yarı olandan sonra bu işə başlanılmalıdır. Xalq arasında adı, dadı dillər əzbəri olan arxac, qaşar, axtarma pendirləri daha çox ilin bu dövründən sonra tutular. El arasında bu cür pendirlərə "payız pendiri” deyərlər. Çünki ilin bu dövründə süd yağlı olduğundan ondan hazırlanan pendirlər daha dadlı olur.
 

Etnoqrafik-çöl materiallarına görə, ilin bu dövrü əkinçilik təsərrüfatında mühüm yer tutur. Əkinçilik təsərrüfatında bu ulduzların görünməsi yay şumunun başlanmasına işarədir. Torpağı yayda şumlayardılar ki, payız əkininə qədər Günəş şüaları torpağı qovursun. Bu zaman məhsul bol olardı. Əkinçilərin dediyinə görə, "quyruq doğana” qədər ot-küləş yığılmazdı. Çünki ot ovulub yerə tökülür, tozu isə otu yığan adama zərər verir. Ancaq "quyruq doğandan” sonra yerə şeh düşər, bu da küləşin, otun yığılıb daşınma işini asanlaşdırar. 


Mövsümi müşahidələrə görə, "quyruq doğanda” sular yerin altına batar. Digər bir inama görə, bu dövrdən etibarən mineral suların tərkibi dəyişər. Sular artıq öz gücünü itirər. Payızda ağacların yarpaqları saraldıqdan sonra sular (mineral) yenidən öz kəsərini bərpa edər.


Həmin vaxtdan etibarən havalar dəyişməyə başlayır, gecələr şeh düşür. Bu durum xalq arasında işlədilən "avqustun on beşi yay, on beşi qış” ifadəsinin doğru olduğunu göstərir. Babək rayonunun Nehrəm kəndindən toplanmış materiallara görə, "quyruqdoğdu”dan sonra əqrəblər çoxalmağa başlayar. Bu da çox güman ki, havaların sərinləşməsi ilə əlaqədardır. 
İllik turpu isə xalq təqviminə görə, "quyruqdoğdu”dan sonra, arpa-buğdanın yerinə əkərlər.


Arıçılıq təsərrüfatında da ilin bu dövrünün özünəməxsus yeri vardır. Belə ki, peşəkar arıçıların dediyinə görə, "quyruq doğana” qədər balı kəsməzlər, çünki bu vaxta qədər bal sulu olar, tez süzülsə turşuyar.


Son olaraq qeyd edək ki, xalqın min illərlə yaddaşına hopmuş, sınaqlardan çıxmış inamlar sistemini, məişət münasibətlərini, uzun inkişaf yolu keçmiş empirik bilikləri, xalq meteorologiyasını, feneologiyasını hərtərəfli araşdırmaq, xalqın yaddaşına yenidən qaytarmaq lazımdır. Çünki bu təqvim həm də ənənəvi təsərrüfatla məşğul olan hər bir insanın iqtisadi həyatının əsasını təşkil edir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300