Arif Hacılı:
 
"Bu, tamamilə yanlış mövqedir və Azərbaycanın təhlükəsizlik konsepsiyasına ziddir". 

Müsavat Partiyasının başqanı Arif Hacılı gündəmi məşğul edən hadisələrlə bağlı Arqument.Az-a geniş müsahibə verib. 

Bir sıra aktual mövzuları əhatə edən, həmçinin maraqlı açıqlamalarla diqqət çəkən müsahibəni ULUYOL.İNFO xəbər portalı olaraq  təqdim edirik: 

- Arif bəy, bu yaxınlarda Avropa Liberal Demokrat İttifaqının (ALDE) konqresində iştirak etmək üçün Budapeştdə rəsmi səfərdə oldunuz. Bu səfərin Azərbaycan üçün əhəmiyyəti nə oldu? 

- Budapeştdə Azərbaycanı Müsavat başqanı olaraq, yalnız mən təmsil edirdim. Konqresdə Avropanın, postsovet məkanının 20-dən artıq ölkəsinin siyasi partiya rəhbərləri, Avropa Parlamentinin yüzdən artıq  üzvü təmsil olunurdu. Bir çox partiya rəhbərləri ilə ikitərəfli görüşlər keçirdim. Daha çox Şərqi Avropa və postsovet məkanına daxil olan ölkələrin  siyasi partiyalarının rəhbərləri ilə həm Müsavat Partiyasının  əlaqələri, həm də Azərbaycanda baş verən siyasi proseslər, ölkəmizdə demokratiyanın inkişaf perspektivləri, əlaqələrimizın daha da genişləndirilməsi, Azərbaycanın köklü problemləri, o cümlədən, Qarabağ probleminin ədalətli həlli yolları və digər məsələlər ətrafında ətraflı  müzakirələr apardıq. Hesab edirəm ki, burada  bizim təmsilçiliyimiz və keçirdiyimiz görüşlər, apardığımız müzakirələr  Müsavat Partiyasının və Azərbaycan cəmiyyətinin maraqlarına uyğun oldu. Ona görə də bu səfəri Azərbaycanın mənafeləri baxımından əhəmiyyətli hesab edirəm.  

- Səfər çərçivəsində Avropa Parlamentinin üzvü Hans van Baalenle, eləcə də Rusiya müxalifətinin liderlərindən Mixayil Kasyanovla görüşdünüz. Kasyanov demək olar ki, Rusiya müxalifətinin Nemtsovdan sonra ən aktiv siyasətçilərindədir. Bu görüş Kasyanovun təşəbbüsü ilə baş tutdu, yoxsa sizin? 

- Mən Kasyanovla hələ Brüsseldə tanış olmuşdum. Xatırlayırsınızsa, məni Avropa Parlamentində keçirilən "Avropa-Şərq tərəfdaşlığının perspektivləri” mövzusunda keçirilən toplantıya dəvət etmişdilər. Həmin səfər çərçivəsində bizim ilkin tanışlığımız baş tutmuşdu. Bu dəfə isə məsələləri əhatəli şəkildə müzakirə etmək imkanımız oldu. Kasyanov hazırda Rusiya Xalq Azadlıq Partiyasının sədridir. Əvvələr Nemtsovla həmin təşkilatın həmsədri olublar. Ancaq indi orada tək sədrlik institutu təsis olunub və Kasyanov həmin partiyanın sədridir. Biz siyasi məsələlərə ümumi baxışlarımız barədə söhbət etdik. Kasyanovun rəhbərlik etdiyi təşkilat Rusiyada demokratik bir cəmiyyətin qurulması uğrunda mübarizə aparan təşkilatdır. Rusiyada demokratik bir quruluşun olması Azərbaycanın da maraqlarına uyğundur və bu baxımdan  Müsavat Partiyası ilə PARNAS təşkilatının əlaqələrinin qurulması hesab edirəm ki,  həm Müsavatın, həm də Azərbaycan demokratik düşərgəsinin maraqlarına uyğundur. Çalışacağıq ki, bu əlaqələri daha da genişləndirək, müttəfiqlik səviyyəsinə yaxınlaşdıraq və əgər bu təşkilat Rusiyada hakimiyyətə gələrsə, bu, Rusiyanın demokratikləşməsi yolunda ciddi bir addım olacaq, eyni zamanda Azərbaycanla Rusiya arasında bərabərhüquqlu əlaqələrin qurulması üçün daha əlverişli şərait yaranacaq.  

- Yəni xüsusi təşəbbüs olmadı...

- Yox, xüsusi təşəbbüs olmadı. Bayaq dediyim kimi, Brüsseldə tanış olmuşduq və Müsavat kimi bir təşkilatla Rusiya Xalq Azadlıq Partiyasının münasibətlərinin qurulması üçün ortaq maraqlarımız olduğundan müzakirələrə zərurət yarandı.  

- Rusiya müxalifəti ilə münasibətlərə aktiv meyillilik demək olar ki, son illər gündəmə gəlib. Əvvəllər Azərbaycan müxalifəti Rusiya müxalifəti ilə əlaqələrə o qədər də üstünlük vermirdi...

- Belə deməzdim. Müsavat Partiyasının Rusiyanın "Yabloko” Partiyası ilə bundan əvvəl də əlaqələri olub. Qriqori Yavlinskinin o vaxt rəhbərlik etdiyi təşkilatla müəyyən kontaktlar yaratmışdıq. İndi həmin təşkilata Sergey Mitroxin rəhbərlik edir. Mən Brüsseldə olanda cənab Mitroxinlə də görüşmüşdüm. Hazırda Rusiyada olan müəyyən problemlərlə bağlı Mitroxun Budapeştdəki tədbirdə iştirak edə bilmədi. Ona görə də mən onun müavinləri ilə də görüşdüm və Müsavat Partiyasının həm "Yabloko”, həm də PARNAS təşkilatı ilə əlaqələrinin qurulması istiqamətində fəaliyyətimiz davam edəcək. Bu fəaliyyət əvvələr müəyyən səbəblərdən səmərəli olmayıb, ancaq biz fəaliyyətimizi davam etdirərək bu əlaqələrin yaxınlaşmasını təmin etməyə çalışacağıq. Çünki bu iki təşkilat Rusiyada demokratik cəmiyyətin qurulması uğrunda mübarizə aparan əsas təşkilatlardır. Bu təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyan, bütövlükdə nəinki Rusiyanın, eləcə də bütün postsovet məkanındakı ölkələrin demokratik quruluşa keçməsini istəyən avrointeqrasiya tərəfdarı olan  təşkilatlardır. Ona görə də hər iki təşkilatla əməkdaşlıqda maraqlıyıq. Bu həm Müsavatın, həm də Azərbaycanın maraqlarına cavab verir. 

- Gürcüstanın iqtidar koalisiyasına daxil olan Respublikaçılar Partiyasının sədri xanım Svanidze və parlament üzvləri ilə də görüşləriniz oldu. Cənubi Qafqazla bağlı hansı məsələləri müzakirə etdiniz? 

- Respublikaçılar Partiyası ilə Müsavat Partiyasının müttəfiqlik münasibətlərinin çox qədim tarixi var. Biz on ildən artıqdır ki, bu təşkilatla əməkdaşlıq edirik. Bir çox məsələlərdə mövqelərimiz üst-üstə düşür. Respublikaçılar Partiyası həm Gürüstanın, həm də bütüövlükdə Cənubi Qafqazın avrointeqrasiya xəttində olması istəyindədir. Eyni zamanda Gürcüstanda xeyli soydaşımızın yaşadığını nəzərə alaraq, Respublikaçılar Partiyası ilə əməkdaşlığımızın daha sıx olmasına çalışırıq və hesab edirəm ki, bu əməkdaşlıq da Azərbaycan-Gürcüstan münasibətlərinə, həmçinin orada yaşayan soydaşlarımıza qarşı olan münasibətlərə müsbət təsir göstərir. 

- Cəmiyyətdə belə fikirlər də var ki, Müsavat Partiyası sizin başqanlığınız dönəmində daha çox radikal addımlar atır. Bu, qurultayın ağır nəticələrini kölgədə saxlamağa hesablanıb, yoxsa İsa Qəmbərdən fərqlənməyə cəhd edirsiniz?

- Müsavat Partiyasının siyasətində hər hansı əsaslı dəyişikliklər baş verməyib. Əgər cəmiyyət hər hansı dəyişikliklər hiss edirsə, bunlar bir nəfərin  mövqeyindən asılı dəyişikliklər deyil. Müsavat Partiyası demokratik qaydalarla idarə olunan bir təşkilatdır və partiyanın bütün qərarları kollegial olaraq qəbul olunur. İndiki dövrün diqtə etdiyi şərtlər çərçivəsində qərarları qəbul edirik və çalışırıq ki, qərarlarımız Azərbaycan cəmiyyətinin maraqlarına xidmət etsin. 

- Bu radikallıq daha çox Müsavatın I Avropa Oyunları ilə bağlı boykot çağırışı ilə də əlaqələndirilir. Amma demək olar ki, digər partiyalardan bu çağırışınıza dəstək hiss olunmadı. Bunu da onunla əlaqələndirdilər ki, Siz həbsdə olarkən "Avroviziya" müsabiqəsinin Azərbaycan üçün əhəmiyyətli olduğunu ifadə etmisiniz. Necə olur ki, bu tədbirlərin biri dövlət üçün əhəmiyyətli olur, digəri əhəmiyyətsiz?..

- Bunlar fərqli məsələlərdir. Deyək ki, "Qarabağ” və "Qəbələ” futbol klublarının uğurlu çıxışları sayəsində Azərbaycana Avropanın məşhur futbol klubları gəlirsə, buna necə dəstək verməmək olar? Ona görə də Nigar Camalla Eldar Qasımovun qalib olması hesabına Azərbaycanda keçirilən "Avroviziya” müsabiqəsini dövlət büdcəmizdən ayrılan milyardlar hesabına başa gələn, heç kəsin sahib çıxmaq istəmədiyi Avropa Oyunları ilə müqayisə etmək gülüncdür.  "Avroviziya” müsabiəsi Azərbaycan hökumətinin təşəbbüsü ilə keçirilən bir tədbir deyildi. Azərbaycanın istedadlı gənc müğənniləri bu yarışmada qalib gələrək tədbirin ölkəmizdə keçirilməsini təmin etmişdilər. Bu da Azərbaycan üçün çox ciddi bir uğur idi. Bilirsiniz ki, Azərbaycan cəmiyyətini gözdən salmağa çalışan ciddi qüvvələr var və onlar da bu müsabiqənin ölkəmizdə keçirilməsinin əleyhinə idilər. Bu yarışma ilə bağlı İrandan səslənən fətvaları, bəzi düşmən qüvvələrin bu tədbiri durdurmaq üçün terror hədələrini unutmusunuzmu?

Azərbaycanlı  müğənnilərin, xüsusilə gənclər arasında populyar olan beynəlxalq  müsabiqədə qalib gəlməsi ölkəmizin nüfuzunu qaldıra bilərdi. O zaman da dediyim kimi, bu fürsətdən yararlanmaq lazım idi. Amma hakimiyyət bizi dinləmədi. Bu tədbirin keçirilməsinə Azərbaycanın milyardlarla vəsaiti xərclənməmişdi. Ona görə də hesab edirəm ki, bunlar tamam fərqli məsələlərdir. 

Hesab edirəm ki, hakimiyyət düzgün siyasi qərarlar qəbul etsə idi,  hətta Avropa Oyunları da qismən də olsa, Azərbaycanın mənafelərinə xidmət edə bilərdi. Ancaq ölkədə yüzədək siyasi məhbusun olduğu,  avtoritar  idarəçiliyin daha da sərtləşdiyi   şəraitdə,  hakimiyyətin təşəbbüsü ilə keçirilən Avropa Oyunları ölkəmizin maraqlarına ciddi zərbə vurdu. Avropa Oyunlarının keçirildiyi  dövrdə bütün dünya mətbuatı Azərbaycanda baş verən naqisliklər barədə yazdı. Bu da ölkənin imicinin yaxşılaşmasına deyil, pisləşməsinə səbəb oldu. Avropa Oyunları Azərbaycana həm də ciddi iqtisadi zərbə vurdu. Bunun nəticəsidir ki, ümumi iqtisadi böhranın ilkin mərhələsində ölkəmiz  daha az itkilərə məruz qalmışdısa, böhranın növbəti dalğası ilk olaraq Azərbaycanı vurdu.

- Parlament seçkilərini də boykot etdiniz və bəyan etdiniz ki, seçkilər qeyri-demokratik şəraitdə keçirilir, azad seçki mühiti yoxdur, nəticələr əvvəlcədən bəllidir. Nəticəsi əvvəlcədən bəlli olan seçkiyə niyə qatılırdınız ki? Və sonradan bunu boykot etməyin mənası nə idi?

- Bu barədə ətraflı açıqlamalar vermişik. Amma ehtiyac varsa, bir daha təkrar edə bilərəm: biz Azərbaycan cəmiyyətinin, demokratik düşərgənin və Müsavat Partiyasının maraqlarını əsas götürərək seçkilərin bir neçə mərhələsində iştirak qərarı verdik. İndiki siyasi şəraitdə  ən asan yol seçkiləri əvvəlcədən boykot etməklə bütövlükdə prosesə qatılmamaq olardı. Ancaq biz  təziqlərə, həbslərə baxmayaraq prosesə qatılmaqla 73 seçki dairəsindən öz namizədlərimizi irəli sürdük və təxminən Azərbaycanın üçdə iki hissəsində imzatoplama kampaniyası apardıq. Bu prosesdə yüz minlərlə seçici ilə birbaşa təmasda olduq. 50 mindən artıq imza toplayaraq dairə seçki komissiyalarına təqdim etdik. Bütövlükdə ölkənin 3 mlyondan artıq seçicisi olan ərazilərində ilkin seçki kampaniyası apardıq, insanlarla təmas qurduq. Seçki dönəmində bir neçə dəfə hesabat yayaraq seçkidə baş verən qanun pozuntularının miqyasını həm Azərbaycan cəmiyyətinin, həm də beynəlxalq birliyin diqqətinə çatdırdıq. 25 dairədə namizədlərimiz qeydə alındı və onlar da müəyyən təbliğat və təşviqat kampaniyası apardılar.  Məhz biz seçki prosesində iştirak etməyimizlə çoxsaylı saxtakarlığı üzə çıxartdıq. Boykotçuların iddialarına rəğmən, bu taktika yerli və beynəlxalq birliyin daha sərt reaksiyası ilə üzləşmədi. Bircə onu demək kifayətdir ki,  Amerika Birləşmiş Ştatları ATƏT-in Müşahidə missiyasının seçkiləri müşahidə etməməsini əsas gətirərək seçkilərin nəticələrinə qiymət verməkdən imtina etdi. 

İndi seçkilərlə bağlı əsasən bizim və bizimlə birlikdə seçkilərin müəyyən mərhələsində iştirak etmiş təşkilatların nümayəndələrinə qarşı yönəlmiş pozuntu faktları, qanunsuzluqlarla bağlı məhkəmə prosesləri, hazırlayıb bütün dünyaya yaydığımız hesabatlar var. 1 noyabr seçkilərdə yol verilən qanun pozuntuları və saxtakarlıqlarla bağlı məsələlərə münasibət bildirərkən hər kəs bu faktlara istinad edir.

Ölkədə belə ictimai rəy  yaratmağa cəhd olunur ki, guya  Azərbaycanda müxalifət mövcud olmadığı üçün Azərbaycan iqtidarı istədiyini edir. Biz seçki prosesinin müəyyən  mərhələlərində iştirak etməklə bütün  çətinliklərə, basqılara, maliyyə imkanlarının olmamasına baxmayaraq, ölkədə fədakarlıqla mübarizə aparan müxalifətin olduğu, lakin hakimiyyətin  müxalifəti zorakılıqla əzərək istədiyini etdiyi mesajını verdik. 

- Parlament seçkilərinin nəticələrinin təsdiq edilməməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etdiniz. Bilirdiniz ki, bu müraciətinizin də nəticəsi olmayacaq... 

- Bütün məhkəmə instansiyalarını keçirik və bundan sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət edirik. Biz mübarizə aparırıq, fəaliyyət göstəririk. Ona qalsa, hər bir insan bilir ki, o nə vaxtsa öləcək. Onda gərək heç yaşamaq və mübarizə aparmaq barədə düşünməyəsən. Bu, mübarizədir və biz bütün imkanlardan, əldə olan məhdud resurlardan istifadə edərək yolumuza davam edirik. Məncə, Konstitusya Məhkəməsinə müraciətimiz də ictimaiyyətin diqqətini cəlb etdi. Cəmiyyət bununla yeni bir addımın atılmasının şahidi oldu və hesab edirəm ki, bu addım həm bugünkü ictimai rəy üçün, həm də tarix üçün  əhəmiyyətlidir. 

- Hakimiyyət bütün bunları müxalifətin hansısa xarici qüvvələrdən sifariş alması ilə izah edir. Doğrudanmı, Azərbaycan müxalifəti xaricdən təlimat alır?

- Mən bütün müxalifət partiyalarının adından danışa bilmərəm. Müsavat Partiyası tam müstəqil fəaliyyət göstərən təşkilatdır. Amalımız dürüstlükdür. Apardığımız siyasət azərbaycanpərəst siyasətdir.  Heç kəsdən, nə xarici nə daxili siyasi mərkəzlərdən hansısa asılılığımız yoxdur. Beynəlxalq və yerli qrumların layihələrinin, ayırdığı qrantların bizə aidiyyatı yoxdur. Müsavat tamamilə müstəqil fəaliyyət göstərən bir partiyadır. Xidmət etdiyimiz Azərbaycanın maraqları, istinad etdiyimiz Azərbaycan xalqıdır. 104 il öncə də belə idi, indi də belədir, bundan sonra da belə olacaq.

- Müxalifətdaxili münasibətlərdə yendən hansısa addımlar atmağı düşünürsünüzmü? 

- Təəssüf ki, hakimiyyətin təzyiqi altında  Azərbaycanda fəaliyyət göstərən bir sıra siyası institutlar sıradan çıxarılıb. Mətbuat xeyli dərəcədə sıradan çıxarılıb, vətəndaş cəmiyyəti məhv edilir.  Bəzi  siyasi partiyalar da sıradan çıxarılıb, bəziləri ələ alınıb, bəzilərinin birmənalı müxalifət mövqelərini davam etdirmək üçün enerjisi tükənib. Ona görə də indi ölkədə real siyasi müxalifət kimi etimad göstərdiyimiz təşkilatların sayı məhduddur. Etimad göstərdiyimiz təşkilatlarla isə münasibət qurmağa çalışmışıq, müəyyən nəticələr də var. Seçki dövründə  REAL və NİDA Vətəndaş Hərəkatları ilə müəyyən razılıqlar əldə etdik, birgə fəaliyyət göstərdik. Seçkilərin nəticələrinə də birgə qiymət verməyə nail olduq. Bu istiqamətdə münasibətlər indi də davam etməkdədir. Digər müxalifət hesab etdiyimiz təşkilatlara da təkliflərimiz qüvvədədir və müsbət cavab veriləcəksə, əməkdaşlığımızı davam etdirəcəyik. 

- Türkiyə-Rusiya münasibətlərinin kəskinləşməsi bölgə üçün nə vəd edir? 

- Təbii ki, həm Türkiyə, həm də Rusiyada baş verənlər birbaşa  bizim regiondakı siyasi  proseslərə təsir edir. Xüsusilə Azərbaycana bu hadisələrin bilavasitə təsiri olacaq. Hesab edirəm ki, baş verən son hadisələrə  görə Türkiyəni qınamağa heç bir əsas yoxdur. Türkiyə bir dövlət olaraq, həm öz sərhədlərini, həm də öz sərhədlərinə yaxın olan əraziləri qorumağa borcludur.  Türkiyə sərhədinə yaxın olan ərazidə yaşayan soydaşlarımızı, qorumağa borclu idi. Orada günahsız insanların bomardıman edilməsinə  biganə qala bilməzdi. Bu məsələyə Azərbaycan da biganə qalmamalıdır və Türkiyənin yanında olmalıdır. 

- Əgər Azərbaycan Türkiyəni müdafiə edəcəksə, Rusiyanın ciddi təzyiqi ilə üzləşəcək...

- Azərbaycan həmişə Rusiyanın ciddi təhdidləri altındadır. Azərbaycan hətta SSRİ-nin tərkibində Pusiya ilə vahid dövlətdə olduğu zaman  da daim ciddi təhdidlər altında olub. Ona görə də  Azərbaycan hakimiyyəti və cəmiyyətinin  Rusiyaya loyallığı  sayəsində Rusiyanın Azərbaycana münasibətinin yaxşılaşacağını düşünmək siyasətə peşəkar yanaşma deyil. Azərbaycan hakimiyyəti  indiki siyasi şəraitdə Azərbaycanın mənafelərini nəzərə alan ardıcıl siyasət yürütsə, Rusiya Azərbaycanla daha çox hesablaşmağa məcbur olacaq. Belə təbliğat 90-cı illərin əvvəllərində daha geniş yayılmışdı. Amma 1993-cü ildə, Elçibəy hakimiyyəti devrildikdən sonra yeni hakimiyyətin Rusiyaya loyal siyasət yeritməsi, Azərbaycanın MDB-yə daxil olması heç də ölkəmizin mənafelərinə xidmət etmədi. Məhz bu dövrdə Azərbaycanın 6 rayonu Rusiyanın hərbi və siyasi dəstəyi ilə işğal olundu, Zəngilanın işğalından sonra  Qarabağ ətrafında bufer ərazi yaradıldı. Birmənalı şəkildə deyirəm ki, Rusiyaya qarşı köləlik nümayiş etdirməklə bu ölkənin Azərbaycana münasibətinin müsbətə doğru dəyişməsinə nail olmaq mümkün deyil. Ona görə də torpaqlarımızı işğal altında saxlayan ölkəni himayə edən və Cənubi Qafqazda ordu saxlamaqla təhlükəsizliyimizə problem yaradan bir ölkəyə qarşı olan ölkələrlə, yəni demokratik dünya ilə, Türkiyə ilə bir yerdə olmalıyıq.

- Amma hakimiyyət nümayəndələri açıq şəkildə Rusiyameyilli mövqe sərgiləyir, Azərbaycanın bu məsələyə qarışmamasının vacibliyini qeyd edirlər.

- Bu, tamamilə yanlış mövqedir və Azərbaycanın təhlükəsizlik konsepsiyasına ziddir. 

- Ötən gün Nardaran kəndində baş verən və hələ də gərginiklə müşahidə olunan hadisələrlə bağlı nə deyə bilərsiniz?

- Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı azı 6 nəfərin həlak olması dəhşətli hadisədir. Məqsədin nə olmasından asılı olmayaraq problemlər dinc yolla, silahlı qarşıdurma olmadan həll edilməlidir.  Bundan sonra atılacaq addımlar çox vacibdir. Azərbaycan hakimiyyəti qərarlar qəbul edərkən ilk  növbədə ölkədə vətəndaş qarşıdurmasının aradan qaldırılması barədə düşünməyə borcludur.

Şəmşad AĞA
Arqument.Az
  
 
                                 ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300