MHP-nin 1 noyabr krizi böyüyür

 

Seçki uğursuzluğundan sonra rəhbərlikdə dəyişiklik tələb edənləri Bahçeli "saray legionerləri və AKP missionerləri” adlandırıb 

 


1 noyabr seçkisindəki məğlubiyyətdən sonra Türkiyənin Milliyətçi Hərəkat Partiyasında gərginlik səngimək bilmir. Partiya sədri Devlet Bahçeliyə müxalif qanad israrla fövqəladə qurultay keçirərək yeni partiya başqanı seçmək fikrindədir. Bu təşəbbüslə ilk açıq çıxış edən keçmiş İğır millət vəkili Sinan Oğandır.

"Milliyətçi Hərəkat Partiyasının fövqəladə qurultayının keçirilməsi ilə bağlı mövqeyimi noyabrın 30-da İstanbulda keçirəcəyim mətbuat konfransında açıqlayacağam”. 

Bu sözləri Milliyətçi Hərəkat Partiyasının üzvü, sədrliyə namizəd olacağı bildirilən Meral Akşener noyabrın 24-də sosial mediadan paylaşıb. 

1 noyabr seçkisinin nəticələri açıqlanandan sonra bir sıra xəbər qaynaqları Devler Bahçelinin MHP sədrliyindən istefa verdiyi haqqında xəbərlər yaymağa başlamışdı. Ancaq sosial mediada sürətlə yayılan və doğru addım kimi dəyərləndirilən xəbər təsdiqini tapmadı. Əksinə, Devlet Bahçeli "görəvimdəyəm” açıqlaması ilə həm tərəfdarlarına, həm də rəqiblərinə sədrlikdən getməyə hazırlaşmadığı haqqında mesaj vermiş oldu.

"Milliyət” qəzeti yazır ki, MHP sədri Devlet Bahçeli partiyanın fövqəladə qurultayının keçirilməsi təşəbbüskarlarını "saray legionerləri” adlandırıb. Noyabrin 23-də Türkiyə Böyük Millət Məclisində partiyanın qrup toplantısından çıxış edən MHP başqanı bu işlərdə AKP barmağı olduğunu deyib:"Bu gün MHP-nin birlik və bütünlüyə ehtiyacı olduğu halda partiyada bölücülük aparanlar saray legionerləri, AKP missionerləridir”. Qəzet yazır ki, son dərəcə narahat görünən Bahçeli rəqibləri haqqında çox sətr ifadələr işlədib.

Artıq partiyaiçi müxalifətin hazırlıqları son mərhələyə daxil olub. Partiya dəhlizlərində yayılan xəbərlərdə bildirilir ki, Akşener rəsmi olaraq partya sədrliyinə namizədliyini MHP-nin qurucusu Alparslan Türkeşin doğum günündə - noyabrın 25-də açıqlayacaq.
 
Media yazır ki, Meral Akşener və Sinan Oğanla yanaşı keçmiş sədr müavini Süleyman Servet Sazakın, Alparslan Türkeş dönəmində partiya sədrinin müavini olan Selim Kaptanoğlunun da namizədliklərini irəli sürəcəkləri gözlənilir. Adı çəkilən 4 namizəddən hər hansının digərinin xeyrinə namizədliyini geri çəkəcəyi növbəti mərhələdə bəlli olacaq. Namizədlərin hər biri fərqli qrupları təmsil edir. Hələlik onların əsas qayğısı partiyanın qurultay nümayəndələrindən 270 nəfərin imzasını toplaya bilməkdir. Fövqəladə qurultayın keçirilməsi yalnız bu halda mümkün ola bilər. Partiyaiçi müxalifətin öz qüvvələrini necə birləşdirəcəyi, Bahçeliyə qarşı hansı taktikanı yürüdəcəyi məsələsi sonrakı mərhələdə aydınlaşacaq. 

Türkiyə analitiklərinin fikrincə, qurultay baş tutarsa, sədrliyə namizədlərin sayı 3-dən az olmayacaq.  


Hələlik isə, MHP-lilər arasında sədr kürsüsünə namizədlərin sayının 5-ə yüksələcəyi ehtimalları dolaşır. Radikal.com MHP-dəki durum haqqındakı məqaləsində partiyanın keçmiş başqan vəkili Koray Aydının da sədrliyə namizədliyini açıqlayacağını yazıb: "Koray Aydın çalışmalarını səssiz yürüdür. Onun son günlərdə partiyanın bölgə təşkilatlarının liderləri və qurultay nümayəndələri ilə davamlı danışıqlar aparması və yaxın çevrəsindəki şəxslərin bu məqsədlə bölgələrdə təbliğata başlaması haqqında xəbərlər var”.

Devlet Bahçeli son günlər gərgin görünür. Bununla belə partiya rəhbərliyi fövqəladə qurultay çağırmaq prosesinin nəticə verəcəyini ehtimal etmir. Son günlər həm sədr müavinləri, həm parlamentdəki başqan vəkili, həm də Bahçelini qeyd-şərtsiz dəstəkləyən MHP-lilərin açıqlamalarından görünür ki, onlar partiyaiçi müxalifəti dağınıq sayır və ortaq mövqedən çıxış edəcəkləri ehtimalına inanmır.  

Partiya rəhbərliyi prosesi hər nə qədər kiçiltməyə çalışsa da qurultay çağırışları hər keçən gün daha aydın eşidilir. Partiyanın keçmiş İğdır millər vəkili Sinan Oğan sosial şəbəkədə son dərəcə aktivdir. Hər gün partiyadaşlarına bir neçə mesaj ünvanlayan Oğan internetdə Devlet Bahçelinin çıxışlarını tənqid edən çoxsaylı videoçarxları "Ateşi yenidən yandırmaq vaxtıdır” başlığı altında yerləşdirir. 

Oğanın Facebook sosial şəbəkəsində yaratdığı "O an gəlir” səhifəsi davamlı yenilənir və tərəfdar toplayır. Sinan Oğan eyni zamanda gün boyu bir neçə dəfə MHP-lilərlə  interaktiv bağlantı qurur. Onun partiyadaşları ilə sonuncu interaktiv müzakirəsində "bu sarayın projesidir” iddialarına cavab verilməlidirmi məsələsi ətrafında olub. Oğan çıxışlarının və paylaşımlarının çoxunu "Bir şey dəyişəcək, hər şey dəyişəcək” şüarı ilə bitirir.


Devlet Bahçeli ilə Sinan Oğanın münasibətlərinin gərginləşməsi hekayəsi 7 iyun parlament seçkisinə hazırlıq prosesindəndən öncə başlayıb. Oğanın MHP rəhbərliyini açıq tənqid etməsi gözlənilən nəticəni verib -  İğdır millət vəkili olan Oğan yenidən namizədliyini irəli sürmək istəsə də ona etimad göstərilməyib. Oğanı 7 iyun seçkisində Azərbaycan əsilli İsa Yaşar Tezel əvəz edib. Həm İsa Yaşar Tezel,  həm də digər MHP yetkililəri Oğanın seçki prosesindən kənarda qalmasını onun millət vəkilliyi dönəmində seçicilərinə etinasız münasibəti ilə əsaslandırıb.Seçkidən öncə İsa Yaşar Tezel "Yeni Müsavat” qəzetinə açıqlamasında da bildirmişdi ki, seçicilər Sinan Oğanın onlara verdiyi sözlərin arxasında durmamasından şikayətçidir. 

Partiya və partiya rəhbəriyini sərt tənqid etməsi qısa müddət sonra  Oğanın partiyadan xaric edilməsi ilə nəticələndi. Qərarı əsassız sayan Oğan məhkəməyə müraciət etdi və yenidən partiya sıralarına bərpa olundu.



MHP-də müxaliflərin güclənməsinin əsas səbəbi kimi 7 iyun seçkisindən sonra Devlet Bahçelinin koalisyon danışıqlarında düzgün strategiya yürütməməsi göstərilir. Seçkinin nəticələrinə görə AKP tək hakimiyyət qurma imkanından məhrum olmuşdu. AKP ya MHP, ya da CHP ilə koalisiyaya getməli idi. Bu halda PKK-nin siyasi qanadı kimi tanınan HDP-nin dəstəyinə ehtiyac olacaqdı. Ancaq MHP koalisiyaya aparan bütün qapıları bağladı, bununla da hökumət qurulması prosesi baş tutmadı və təkrar seçki keçirmək məcburiyyəti ortaya çıxdı. Devlet Bahçelinin bütün təkliflərə "yox” deməsi siyasət aləmində onun "mister NO” ləqəbi qazanmasına qədər irəlilədi.  


Koalisyon danışıqlarının uzun və nəticəsiz qalması, MHP-nin bütün təkliflərə qarşı çıxsması təkrar seçkidə partiya elektoratını parçaladı və 7 iyunda MHP-yə səs verən 2 milyon insan 1 noyabrda səsini AKP-yə verərək yenidən partiyanın tək hakimiyyət formalaşdırmasına imkan yaratdı. 

Ancaq məğlubiyyət sadəcə AKP-nin yenidən hakimiyyətdə qalmasında deyildi. Dayaqlarını itirən MHP-nin 1 noyabr seçkisindəki ən böyük uğursuzluğu Türkiyə Böyük Millət Məclisində HDP-dən də az millət vəkili ilə təmisil olunmasıdı. 7 iyun seçkisi ilə müqayisədə MHP bu gün TBMM-də 50 faiz az səslə təmsil olunur. Partiyaiçi müxalifət hesab edir ki, 7 iyundan sonra MHP-nin əldə etdiyi tarixi şansı dəyərləndirməyən başqan Bahçelinin artıq milliyətçi cameəyə rəhbərlik etməyə mənəvi haqqı yoxdur.




MHP-dəki və MHP-dən kənardakı milliyətçi cameənin önəmli bir hissəsi bu postda Akşeneri görmək istəyir. O, Türkiyə siyasətində zərif cinsin ən güclü nümayəndələrindən sayılır. 

1956-cı ildə İzmitdə doğluan Akşener İstanbul Universitetinin ədəbiyyat fakultəsini bitirib, daha sonra Marmara Universitetində sosial elmlər üzrə alim dərəcəsi alıb. Yıldız və Kocaeli Universitetlərində dərs deyib. Aktiv sosial fəaliyyətə Zübeyde xanım Şəhid Anaları Vəqfində başlayıb. Siyasi işinin ilk ünvanı isə Doğru Qol Partiyası olub. Akşenet 1995-ci ildə partiyanın qadın qollarına başqanlıq edib. Həmin il İstanbuldan millət vəkili seçilib və koalisyon hökumətdə daxili işlər nazirinin müavini postunu tutub. Akşenerin bu postda özünü doğrultduğuna misal kimi onun ölkədəki bir sıra kriminal qruplaşmaları qanunlara tabe etdirə bilməsi göstərilir.  

Daha sonra siyasi fəaliyyət meydanını MHP-yə dəyişən Meral Akşener 2000-ci ildə partiyanın Kocaeli millət vəkili seçilib. 2010-cu il ildə isə o, partiyasını TBMM-də İstanbul millət vəkili olaraq təmsil edib.



M.Akşenerin adı ötən ilin sentyabrında Türkiyə tarixində ilk dəfə keçirilən prezident seçkisində müxalifətin vahid namizədi olaraq da hallanırdı. Ancaq sonradan bu səlahiyyət professor Ekmeleddin İhsanoğluna verildi. Türkiyə müxalifətinin güclü isimlərindən olan xanım Akşeneri rəqiblər kompromatlarla dəfələrlə vurmaq istəsəyib. 7 iyun seçkisindən öncə onun haqqında dövriyyəyə "kaset”skandalı daxil olmuşdu.

Prezident Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla bir çox rəsmi xanım siyasətçiyə qarşı bu yöntəmin yolverilməz olduğunu desə də, proses Bahçeli ilə Akşenerin münasibətlərində gərginlik yaratdı. Nəticədə Akşener sıxışdırılmağa başlandı və qalib gələcəyi heç bir şübhə doğurmasa da adı millət vəkilliyinə namizədlər sırasından çıxarıldı.

Qəzetlər yazır ki, Devlet Bahçeliyə alternativlər arasında əldə olunan razılaşmaya görə, onlar bir-birinə qarşı təbliğat aparmayacaqlar. Bütün güc partiyanı uzun illərdir seçkilərdə qələbəyə apara bilməyən Devlet Bahçelidən alınmağa yönələcək. Partiyanın gələcəyə kimin rəhbərliyi altında gedəcəyi qərarını isə qurultay nümayəndələri verəcək.

Aygün Muradxanlı 

MUSAVAT.COM

 
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300