Hakerlər artıq... qaz da oğurlayır


Dünyanın qorxulu röyası olan kiber-cinayətkarlar nələrə qadirdir? 


 

Hakerlər Azərbaycan qazını Gürcüstan üzərindən Türkiyəyə nəql edən kəmərin idarə olunması sisteminə müdaxilə edərək qazın nəqli istiqamətini dəyişdirib. Çexiyada açıqlanan bu sensasion məlumata görə, Azərbaycan qaz kəmərinə haker hücumu haqda Çexiyanın kiber təhlükəsizlik strategiyası konsepsiyasının müəllifi olan Ales Şpidla "Pravo” adlı çex nəşrinə danışıb.

Ales Şpidla deyib ki, super dövlətlər kiber-hücumlar həyata keçirərək başqa ölkələrdən məxfi məlumatları ələ keçirir, eyni zamanda gələcəkdə həmin dövlətlərdə kiber-hücumlarla xaos yaratmaq imkanlarını araşdırır.

Ales Şpidlanın bildirdiyinə görə Çində kiber-hücumlar və casusluqla məşğul olan xüsusi hərbi bölmənin 50 minə yaxın personalı var. O, Rusiyanın da irimiqyaslı haker hücumları həyata keçirdiyini, Voronejdə bu işlə məşğul olan mərkəz fəaliyyət göstərdiyini, 12 min mütəxəssisin bu mərkəz üçün işlədiyini deyib.

Onlar ancaq cinayət etmirlər 


Amma bu xəbəri eşidən kimi sıravi oxucunun ağlına gələn ilk sual "haker hara, qaz xətti hara” sualı olur. Məlum, haker sözü birbaşa kompüter, texnika ilə assosiasiya olunur. Və insanlara elə gəlir ki, hakerlər ancaq hansısa kompüterə, hesablara, tranşlara müdaxilə edə bilən insanlardır. Halbuki dünya onların əlində əsir qalıb. Onların "barmaqları hər yerdədir” - dövlət idarələrinin saytında, hesablarda, beynəlxalq müqavilələrdə. Sizə elə gəlir ki, onlar ancaq cinayətkarlıqla məşğuldular. Əslində isə elə deyil. 

Haker proqramlaşdırmanı çox gözəl bilən, kompüterlər üçün yeni proqramlar yaradan və ya onları dəyişdirən, kompüter texnologiyalarının təhlükəsiz fəaliyyətini təmin edə bilən insanlara deyilir. Hakerlər həmçinin o şəxslərdir ki, onlar məişət texnologiyalarına, məsələn, radioqəbuledicilərə, printerlərə və ya çiləyici sistemlərə müdaxilə edirlər ki, onların fəaliyyətində maksimum rahatlıq əldə etmək mümkün olsun. "Haker” sözü XX əsrin 60-cı illərində informasiya texnologiyalarının inkişafı nəticəsində əmələ gəlib. 

Onları xarakterizə edən cəhətlərə gəlincə, nəzərə almaq lazımdır ki, hakerlər əksərən adi istifadəçilərdən fərqli olaraq proqramları detallarına kimi tədqiq etməkdən həzz alır, onların imkanlarını genişləndirməyə çalışır. Bundan başqa, proqramlaşdırmanı çox həvəslə, şövqlə aparır və ya proqramlaşdırmanı nəzəriyyədən daha çox real şəkildə aparmağı xoşlayırlar. 
Hakerlər eyni zamanda sürətli proqramlaşdırmanı da bacarırlar. Onları xarakterizə edən başqa bir cəhət isə kompüterlər üçün zərərli proqramları-virusları hazırlayıb, onları yaymaq və antivirus proqramları satıb pul qazanmaqla həyatlarına davam etməyə çalışmalarıdır. 


Yaxşı iş görəndə olurlar.... proqramçı


Amma bura qədər dediklərimiz heç də hakerlərin ancaq qara məqsədlər üçün çalışması anlamına gəlmir. Bu sahə üzrə çalışan yüksək ixtisaslı proqramçılar da var. Belə olan təqdirdə onların təyinatı dəyişir və bu peşənin yiyələri əvvəlcədən heç bir hazırlıq görmədən çətin həll olunan problemin həll olunmasına nail olurlar.  Şəbəkə miqyasında isə haker o şəxsdir ki, şəbəkənin elementlərinə və kompüterin girişinə nəzarət edir, lazım gəldikdə onları məhdudlaşdırır. Bu şəxslər fərdi şəkildə şəbəkələrin normal fəaliyyətini nizamlayırlar. Bu cür hakerlər habelə internet vasitəsilə açılmaz kodları sındırmaqla və internet müharibələrinin iştirakçısı kimi də iştirak edir. Hakerlərin bu cür fəaliyyətləri cəmiyyətdə digər fəaliyyətlərə nisbətən daha dərin iz buraxır. KİV-lərdə əksərən bu cür hakerlərdən danışırlar. Hakerlərin bu fəaliyyəti əksərən neqativ qarşılansa da, pozitiv fəaliyyət göstərən hakerlər da mövcuddur. 
Dediyimiz kimi, dünya üzrə bir çox səs-küylü maxinasiyalarda, iqtisadi qalmaqallarda hakerlərin adı hallandırılıb. Bu günə qədər Rusiya hakerləri mütəmadi olaraq Qərbin yüzlərlə neft və qaz şirkətinin kompüterlərinə hücum ediblər. Belə hücuma məruz qalan şirkətlər arasında enerji investisiyaları şirkətləri də var. Bu hücumların arxasında dayanan bir məqam var, o da iqtisadi casusluqdur. Ancaq Rusiya hakerlərinin hücumları təkcə kompüter sistemlərini yarıb, burdan nəsə öyrənmək deyil. Onlar həmin sənayelərə nəzarəti ələ keçirirlər. Bu, təxminən ABŞ və İsrailin Stuxnet kompüter proqramı vasitəsilə 2009-cu ildə İranın nüvə proqramı kompüter sistemi üzərində nəzarəti ələ keçirməsinə və İranın nüvə təchizatının 20 faizini məhv etməsinə  oxşayır. 

Rusiya hakerləri 84 ölkədə 1000-dən çox şirkətə haker hücumu edib. Bunu ilk dəfə 2012-ci ilin avqustunda Kaliforniyada qərarlaşan «Crowd Strike» təhlükəsizlik şirkəti ortaya çıxarıb. Şirkət bildirir ki, Rusiya haker qruplarının enerji şirkətlərinə hücumları həddən artıq yüksək texnologiyalı və aqressivdir. İyunun 30-da Kaliforniyadakı Symantec şirkəti hesabat yayıb ki, Rusiya hakerləri Stuxnet növlü proqramlara oxşar proqramdan istifadə edirlər.

Məhkəmə onları belə cəzalandırır - bir neçə ay kompüterə toxunmamaq 


Tarixdə səs-küy yaratmış hakerlərə keçək indi. Bunlardan birincisi Adrian Lamodur. "Evsiz haker” ləqəbi ilə tanınan Lamonun ən çox səs gətirən əməliyyatı "New-York Times” və Microsoft-un sistemlərinə girməsi idi. Eyni zamanda yahoo!, "Bank of America”, "Citigroup” və "Cingular” sistemlərinə girmiş ola biləcəyi təxmin edilir. Buna görə o, 65 000 dollarlıq cəza alıb, haqqında 6 ay ev həbsi və 2 il kompüterə toxunmama hökmü verilib. Cəzasını çəkib, hazırda sərbəstdir.

"Kaspersky Lab” ekspertləri hakerlərin hücum təşkil etməklə və haker alətlərinin yaradılması ilə nə qədər pul qazandıqlarını hesablayıb. Hesablamalara görə, kiber-cinayətkarların əldə etdikləri gəlir xərclərindən 20 qat çoxdur. Məsələn, hər hansı təşkilat və yaxud sosial şəbəkənin saxta səhifəsinin yaradılması fırıldaqçılara 150 dollara başa gəlir. Lakin onların tələsinə təqribən 100 insan düşərsə, bu fırıldaqçılar bundan 10 000 dollar qazana bilər.

Blok edən mobil troyan virusunun proqramının yaradılması və yayılması hazırda hakerlər üçün əhəmiyyətli dərəcədə baha başa gəlir. Təqribən 1000 dollar. Lakin hakerlərin buradan da əldə etdikləri qazanc itkilərindən çoxdur. Fırıldaqçıların smartfonun blokunu açmaq üçün təyin etdikləri məbləğ isə 10 dollardan 200 dollara qədər dəyişə bilər. Bu da o deməkdir ki, 100 potensial zərərçəkmişdən fırıldaqçılar 20 000 dollar qazana bilər.

Bank troyan virusunun işə düşməsi halında birbaşa olaraq istifadəçilərin pullarına "ova çıxmış” hakerlər əhəmiyyətli gəlir əldə edə bilirlər. Sözügedən virusun əldə edilməsinə və lazımi spam-keçidlərə 3000 dollar xərcləməklə kiber-cinayətkarlar 72 000 dollar qazanmaq şansı əldə edirlər. Bu halda 1 zərərçəkmiş istifadəçinin itirdiyi orta məbləğ 722 dollar təşkil edəcək.

ABŞ Ədliyyə Departamentinin saytında yerləşdirilmiş xəbərlərdən birində qeyd olunur ki, uç nəfər amerikalı və bir nəfər kanadalı haker ABŞ ordusuna məxsus olan saytı yararaq oradan dəyərli məlumatlar oğurlayıb. Haker dəstəsinin digər şirkətlərin saytlarından da gizli məlumatları oğurladığı üzə çıxıb. 

İttiham olunanlar beynəlxalq haker qrupuna daxildirlər. Onlar intellektual mülkiyyətin oğurluğu ilə məşğul olublar. Onların etdiyi oğurluğun dəyəri 100 milyon dollar məbləğində dəyərləndirilib. İstintaq zamanı dörd nəfərdən ikisi öz günahlarını etiraf edib. 

2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana hərbi müdaxiləsi ərəfəsində Bakı-Tiflis-Ceyhan neft kəmərinin Türkiyə hissəsində baş vermiş partlayışın da haker hücumu ilə törədildiyi üzə çıxmışdı. Məlum olmuşdu ki, hakerlər neft kəmərinin nasos stansiyasında kompüter sisteminə müdaxilə edərək kəmərdə təzyiqi süni şəkildə kəskin artırıb. Nəticədə kəmərə heç bir fiziki müdaxilə olmadan güclü partlayış baş verib. Bu hücumun arxasında Rusiyanın dayandığı ehtimal edilir.

Sevinc TELMANQIZI//musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300