Müsavat Partiyasının başqanı Arif Hacılı Avropada səfərdədir. O, ALDE-nin (Avropa liberal Demokrat İttifaqı) konqresində iştirak etmək üçün dünən Budapeşt şəhərinə gedib.
Bu şəhərdə iki gün ərzində keçiriləcək konqresdə Avropa və postsovet məkanına aid 20-dən artıq ölkənin siyasi partiyalarının liderləri və dövlət xadimləri, Avropa Parlamentinin üzvləri, o cümlədən Avroparlamentin rəhbərliyinə daxil olan şəxslər iştirak edəcək. Arif Hacılı bu mötəbər beynəlxalq tədbirdə Azərbaycanı təmsil edən yeganə siyasətçidir.
Müsavat Partiyasının mətbuat xidmətindən "Basta”ya verilən məlumata görə, səfər çərçivəsində Arif Hacılının bir sıra Avropa ölkələrinin partiya rəhbərləri, Avropa Parlamentinin üzvləri və dövlət xadimləri ilə çoxtərəfli və ikitərəfli görüşləri gözlənilir. Bu görüşlərdə Azərbaycanın gələcək siyasi inkişafı, Avrointeqrasiya məsələləri, Qarabağ probleminin ədalətli həlli yolları, ölkədə mövcud olan siyasi problemlər və digər məsələlər müzakirə olunacaq.
ULUYOL.İNFO