Mətbuat Şurası bəyanat yaydı
 
Azərbaycan Mətbuat Şurası bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Mətbuat Şurasının üzərinə götürdüyü başlıca missiya media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsidir: "Şura ötən dövr ərzində media məkanımızın saflaşmasına, jurnalistlərin peşəkarlıqlarının artırılmasına çalışmaqla ümumən jurnalistikamızın cəmiyyət qarşısındakı nüfuzunun yüksəldilməsini başlıca hədəf seçib. Bu nüfuzun qorunması peşə borcunu ləyaqətlə yerinə yetirməkdən keçir. Həmçinin hər bir vətəndaşın dövlətə, dövlətçiliyə inamının sarsılmazlığının təminatını şərəf işinə çevirir. Qətiyyətlə demək olar ki, mediamızın həm milli istiqlalımıza aparan yoldakı, həm də müstəqillik illərindəki fəalliyyəti bu baxımdan əlamətdar olub. Lakin zaman-zaman jurnalist adından sui-istifadə hallarına da rast gəlinir”.

Bəyanatda qeyd olunur ki, bəzən ayrı-ayrı media orqanlarının hadisə və proseslərə münasibətdə tutduqları mövqe ictimai missiya əhəmiyyəti daşımır: "Bunun ayrı-ayrı təzahür formaları yekunda vətəndaşın dövlətə inamını sarsıdır. Mətbuat Şurası təəssüf hissi ilə bildirir ki, son günlər bəzi media orqanlarının, əsasən də internet informasiya resurslarının bir sıra dövlət qurumları ilə bağlı məlumat və şərhləri də mövcud prizmadan dəyərləndirilməkdədir. Şuraya ünvanlanan müraciətlərdə medianın bir növ ittiham mexanizminə, təlaş, həyəcan yaratmaq vasitəsinə çevrilməsindən ciddi narazılıq və narahatlıq ifadə olunur. Müraciətlərdə qabardılan daha bir məqam isə müxtəlif KİV-lərin guya müəyyən kompramat materiallara malik olmalarını bildirərək şantaja əl atmalarıdır. Son proseslər fonunda Mətbuat Şurasının apardığı araşdırmalar onu da göstərir ki, ictimai rəydə qəbul edilən, cəmiyyətdə müəyyən oxucu kütləsinə malik media orqanları və internet xəbər saytlarının fəaliyyəti də narahatlıq doğurur. Bir çox hallarda onlar real nüfuza malik olmayan onlayn vasitələrin şəxsi mənafe və maraqlardan qaynaqlanaraq dövriyyəyə buraxdıqları mülahizələri mühüm informasiya kimi yayırlar. Şura belə xoşagəlməz meyllərin mövcudluğundan ciddi şəkildə narahatdır”.
 
Sənəddə vurğulanır  ki, jurnalistlər mövcud məqamı daim nəzərə almalı, onlara bəslənilən inamı sarsıltmamalıdırlar. Bunun yolu isə hadisə və proseslərə münasibətdəki həssaslıqdan, obyektivlik və dəqiqlikdən keçir: "Mətbuat Şurası ölkədə kütləvi informasiya vasitəsi kimi fəaliyyət göstərdiyini bəyan edən media orqanlarını  jurnalistika prinsiplərinə sadiq olmağa çağırır. Qurum bu sadiqliyi təkcə peşə borcunu ləyaqətlə yerinə yetirmək öhdəliyi deyil, müstəqil Azərbaycan Respublikasında qərarlaşmış qanunçuluğa, siyasi mövqeyindən, dünyagörüşündən asılı olmayaraq hər bir vətəndaşın dövlətə etimadının qorunmasına ehtiram əlaməti kimi dəyərləndirir. Şura bütün bunları nəzərə almayan, iradlardan nəticə çıxarmayan KİV-lər barədə müvafiq tədbirlərin görülməsi məqsədilə əlaqədar strukturlar qarşısında məsələ qaldıracaq və mövqeyində israrlı olacaq”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300