İqtidar mətbuatı son həbslərlə bağlı niyə susur?
 
Aydın Mirzəzadə: "Son proseslər iqtidarın siyasi cəsarətini göstərir”

Bəxtiyar Sadıqov: "Biz bununla bağlı yalnız Baş prokurorluğun, DİN-in və ya hər iki qurumun birgə açıqlamalarını yayırıq”

Son zamanlar hakimiyyət daxilində baş verənlər, sabiq nazirlər Eldar Mahmudov və Əli Abbasovun vəzifələrindən azad edilməsi, adıçəkilən qurumlarda həyata keçirilən yoxlamalar, həbslər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Günlərdir ki, bu məsələ ölkə mediasının manşetindən düşmür.
 
Lakin müstəqil və müxalif mediadan fəqrli olaraq, iqtidar mətbuatı bu məsələyə səssiz qalır. Hər zaman ölkə prezidentinin imzaladığı ən kiçik fərmanı belə, səhifələrində işıqlandıran iqtidaryönlü mətbuat orqanlarında son həbslərlə bağlı məlumata rast gəlmək mümkün deyil. Ölkə gündəmini dəyişən bu hadisələr sanki heç baş verməyib. Eləcə də, hakim partiyanın üzvləri prezidentin addımlarını mətbuatda şərh etmirlər, münasibət bildirmirlər. Ümumilikdə bu görüntü elə təəssürat yaradır ki, sanki iqtidar düşərgəsinə bütün bu baş verənlərə səssiz qalmaqla bağlı əmr verilib. 

Sözügedən məsələyə aydınlıq gətirmək üçün "Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqovla əlaqə saxladıq. 

Nazirlərin işdən çıxarılmasına və son həbslərə münasibət bildirən baş redaktor bunun ölkə başçısının müstəsna səlahiyyəti olduğunu dedi: "Bu prosesə mənim münasibətim çox normaldır. Dövlət başçısı Milli Təhlükəsizlik Nazirliyində baş verən xoşagəlməz hadisələrdən xəbər tutub və dərhal öz iradəsini ortaya qoyub, bu məsələnin araşdırılması üçün hüquq-mühafizə orqanlarına göstərişlər verib. Xüsusi İstintaq Komissiyası yaradılıb və bu məsələ araşdırılır. Hüquq mühafizə orqanları da əllərində əsas olduqda rütbəsinə, vəzifəsinə baxmayaraq həmin insanlar haqqında həbs-qətimkam tədbiri seçir və məhkəmənin qərarı ilə həbs edir. Bundan başqa prezident özünün müstəsna səlahiyyətlərindən istifadə edərək bir sıra insanları tutduğu vəzifələrdən azad edir. Mən hesab edirəm ki, bu qərarlar çox ədalətlidir və prezindet İlham Əliyev dövlətçiliklə bağlı çox prinsipialdır. Mən inanıram  ki, bu məsələ sona qədər obyektiv şəkildə araşdırılacaq, hadisələrə qiymət veriləcək, vəzifəsindən sui-istifadə edənlər də qanun qarşısında cavab verəcəklər”. 

İqtidarmeylli mətbuat orqanlarında bu məsələni işıqlandırmamasına gəlincə, B.Sadıqov bu haqda yalnız rəsmi informasiyaları dərc etdiklərini, prezidentin son addımlarını şərh etməyə səlahiyyətlərinin olmadığını bildirdi: "Azərbaycan” qəzeti rəsmi dövlət qəzetidir və yalnız dövlət qurumlarından gələn rəsmi informasiyaları yayımlayır. Biz çox azsaylı mətbu orqanlarındanıq ki, yalnız faktlar yoxlanıldıqdan, dəqiqləşdirildikdən sonra və rəsmi qurumlar tərəfindən təsdiq olunduqdan, rəsmi kanalla bizə göndərildikdən sonra onları dərc edirik. Yəni, biz bununla bağlı müsahibələr alıb, rəylər öyrənə və həqiqətə uyğun olan-olmayan fikirləri dərc edə bilmərik. Bizim qəzet bu cür müstəqil araşdırma ilə məşğul olmur. Biz bununla bağlı Baş prokurorluğun, DİN-in və ya ikisinin birgə açıqlamalarını yayırıq. Cənab prezidentin işdən çıxarılma ilə bağlı sərəncamlarını dərc edirik. Ancaq müstəqil şəkildə biz bu məsələ ilə bağlı araşdırma aparmağa, materiallar hazırlayıb, prosesin içinə nüfuz etməyə çalışmırıq, bu, bizim qəzetin prinsipinə uyğun deyil”. 

YAP-dan olan deputat Aydın Mirzəzadə isə musavat.com-a açıqlamasında vurğuladı ki, son proseslər iqtidarın siyasi cəsarətini göstərir: "Mən mətbuata açıq adamam və istənilən ictimai proseslə bağlı hər zaman fikirlərimi açıq şəkildə bildirmişəm. Bu məsələyə gəlincə, iki nazir fəaliyyətində yol verdiyi qüsurlara görə vəzifəsindən azad edildi. Onların işindəki problemlər barəsində mətbuata yetirəncə məlumatlar verilib. Həm rəsmi, həm də qeyri-rəsmi məlumatlarda bununla bağlı geniş informasiya verilir. Bunun özü də göstərir ki, Azərbaycan hakimiyyəti işində nöqsanlara yol verən məmurlara qarşı barışmazdır və onlar törətdikləri əməllərə görə cəzalarını alacaqlar. Eyni zamanda orta və aşağı təbəqədən olan məmurların fəaliyyətində də əgər, qanunazidd əməllər varsa, qanunamüvafiq addımlar atılır. Bu, Azərbaycan hakimiyyətinin qəti mövqeyidir və burada cəmiyyətdən gizlədiləsi heç nə yoxdur”. 

Bu cür neqativ hallara qarşı niyə daha öncə tənqidi fikir səsləndirilməməsinə gəlincə, Aydın Mirzəzadə qeyd etdi ki, deyilən faktlar ilk dəfədir ki, ortaya çıxarılır. Bu səbəbdən də əldə fakt olmadan kimisə ittiham etmək olmazdı: "Müxalifətin tənqidlərində hakimiyyətin əleyhinə hər zaman ümumi sözlər olub. Yəni, dedikləri nöqsanlar barəsində hər hansı fakt ortaya qoymurlar. Mətbuatın işi  bunu işıqlandırmaq, münasibət bildirmək, dəstəkləmək və ya etiraz etməkdir. Bunun üçün mətbuata şərait yaradılıb. Ancaq ümumi xarakterli münasibətlə hər hansı məmura qarşı ittiham irəli sürək olmaz. Bu gün ortaya çıxarılan faktlar ilk dəfədir ki, səslənir. Bunlar heç zaman səslənməyib və bu da onu göstərir ki, qüsurlara qarşı mübarizə aparmaq ilk növbədə iqtidarın özünün marağındadır. Çünki, o cəmiyyətdən mandat alıb və mandatına uyğun olaraq, ölkənin problemlərini həll edir, təhlükəsizliyi təmin edir və sosial problemləri həll etməyə çalışır. Bu vəzifəsini həyata keçirməyən, sui-istifadə hallarına yol verənlər isə məhkəmə qarşısında cavab verməli olurlar”. 

Millət vəkilinin sözlərinə görə, bu faktların vaxtında ortaya çıxmamasının səbəbi həmin qurumların fəaliyyətinin məxfi aparılmasıdır: "Müəyyən orqanlar var ki, onların fəaliyyəti haqqında məlumat qapalı olur. Bu, onların fəaliyyətinin xüsusiyyətidir. Orada nə baş verdiyini ya orada olan insan bilə bilər, ya da ki, bu barədə cəmiyyətə məlumat ötürüldükdə insanlar xəbər tuta bilərlər. Belə olduqda isə, vaxtında fikir bildirmək olmur. Bəzən bizə irad tuturlar ki, hər hansı məsələyə niyə vaxtında fikir bildirmədiniz. Əgər məlumat yoxdursa, əgər bu fəaliyyət məxfi qrifi altındadırsa, ona necə münasibət bildirək? Eyni zamanda ortaya çıxan qüsurlara biganə qalmaq, fikir bildirməkdən yayınmaq da düzgün deyil. Ümumən götürdükdə son proseslər iqtidarın siyasi cəsarətini göstərir. Bu yüksək ad altında gizlənən insanların fəaliyyətindəki qüsurları açıq şəkildə cəmiyyətə bildirir. Bu, onu göstərir ki, iqtidar məmurlardan vəzifələrini düzgün yerinə yetirməsini tələb edir. Buna əməl etməyənlər, sui-istifadə edənlər, öz maraqlarını güdənlər isə ifşa olunacaq və qanun qarşısında cavab verməli olacaqlar”. 

Nərgiz LİFTİYEVA

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300