Ev dustağı edilənlərə nələr qadağandır

Cəzanın bu növü barədə bilmədiklərimiz...

 

Xəbər verdiyimiz kimi, bugünlərdə Naxçıvanın sabiq milli təhlükəsizlik naziri Vəli Əsgərovun barəsində həbs-qətimkan tədbiri seçilib.  Ev dustaqlığında olan sabiq nazir barədə qərarın dəyişməsinə isə onun öz statusuna uyğun olmayaraq davranmasıdır. Belə ki, V.Əsgərovun  ev dustağı olduğu halda vəkili ilə skayp-la danışması ev dustaqlığının şərtlərinin pozulması kimi qiymətləndirilib, məhkəmədə ev dustaqlığı haqda qərar dəyişdirilərək, həbs-qətimkan tədbiri ilə əvəz edilib. 

Bu günə qədər Azərbaycanda tanınmış şəxslər arasında ev dustaqlarının sayı az olmayıb. "Yeni Müsavat” onların kimliyini xatırlatmadan öncə ümumiyyətlə, qanunvericilikdə bu məsələnin necə tənzimləndiyini yada salır. 

Cinayət Prosessual Məjəllənin 163 bəndində ev dustaqlığı barədə bildirilib ki, ev dustaqlığı qətimkan tədbiri qismində təqsirləndirilən şəxsi həbsdə saxlamadan və cəmiyyətdən tam təcrid etmədən, lakin məhkəmənin qərarı ilə müəyyən edilmiş azadlıq və digər bir sıra hüquqlara məhdudiyyətlər qoyulmasından ibarətdir. Bundan başqa, ev dustaqlığının qətimkan tədbiri qismində seçilməsi məsələsinə məhkəmə tərəfindən yalnız müdafiə tərəfinin vəsatəti əsasında həbs-qətimkan tədbirinin seçilməsi haqqında qəbul olunmuş qərarın əvəz edilməsi kimi baxıla bilər. 

Məcəllənin 3-cü bəndində yer alıb ki, ev dustaqlığını ayrı-ayrılıqda tətbiq olunan və ya mümkün məcmusu qaydasında aşağıdakı tədbirlər müşayiət edə bilər: 

163.3.1. yaşayış yerindən tamamilə və ya müəyyən vaxtlarda çıxmağa qadağan qoyulması; 

163.3.2. telefon danışıqlarına, poçt göndərişlərinə və digər rabitə vasitələrindən istifadəyə qadağan qoyulması;

163.3.3. müəyyən şəxslərlə ünsiyyətdə olmağa və evində hər hansı şəxsi qəbul etməyə qadağan qoyulması; 

163.3.4. elektron nəzarət vasitələrinin tətbiqi, bu vasitələri gəzdirmək və onların işinə xidmət etmək vəzifəsinin qoyulması; 163.3.5. nəzarət telefon zənglərinə və ya digər nəzarət siqnallarına cavab vermək, təhqiqat orqanına və ya təqsirləndirilən şəxsin davranışına nəzarət edən digər orqana müəyyən edilmiş vaxtda zəng etmək, yaxud şəxsən gəlmək vəzifəsinin qoyulması; 

163.3.6. təqsirləndirilən şəxsin və ya onun yaşayış yerinin müşahidə altına alınması, habelə evinin, mənzilinin və ya yaşayış üçün ona ayrılmış digər yerin polis tərəfindən mühafizə edilməsi; 

163.3.7. təqsirləndirilən şəxsin lazımi davranışını və cəmiyyətdən natamam təcrid olunmasını təmin edən digər tədbirlər görülməsi. 

163.4. Ev dustaqlığı, onun müddətinin müəyyən edilməsi və uzadılması, ev dustaqlığından azad etmə barədə qərarların qəbul edilməsi əsasları və qaydası bu Məcəllənin həbs qətimkan tədbirinə aid olan müddəaları ilə tənzimlənir. 

163.5. Məhkəmə təqsirləndirilən şəxsin həbsdən azad edilməsi məsələsini həll edərkən ev dustaqlığının qətimkan tədbiri qismində seçilməsi və ya bundan imtina edilməsi barədə qərar qəbul edir. 

Ev dustaqlığı qətimkan tədbirinin seçilməsi və ya bundan imtina edilməsi barədə məhkəmənin qərarından apelyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror həmin qərarla razı olmadıqda: 

163.5.1. ev dustaqlığı qətimkan tədbirinin seçilməsi barədə məhkəmənin qərarı yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən təsdiq olunduqdan sonra qanuni qüvvəyə minir; 

163.5.2. bu qərarın qanuniliyi və əsaslılığı məsələsinə apelyasiya instansiyası məhkəməsində baxılanadək birinci instansiya məhkəməsinin həbs qətimkan tədbiri kimi seçdiyi qərar ev dustaqlığı məsələsi həll edilənədək qüvvədə saxlanılır. 

163.6. Ev dustaqlığı qətimkan tədbirinin tətbiqinə bu Məcəllənin 157.8-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarına əsasən xitam verilə bilər.

Bu məsələ ilə bağlı detallarda isə qeyd olunub ki, ev dustağı olan şəxsin telefonla danışığı qadağan edilir, müəyyən insanlarla danışmasına icazə verilmir. Ev və mobil telefonları daim nəzarətdə saxlanılır. Ev dustaqlığına məhkum edilmiş şəxs evdən kənara çıxa bilməz. Həmin şəxs tam nəzarət altında olmalıdır.

Qanunvericiliyə əsasən, müəyyən şahidlər var ki, onlarla əlaqə saxlamağa icazə verilmir. Həmçinin poçt göndərişlərinə və digər rabitə vasitələrindən istifadəyə qadağa qoyulur. Ev dustaqlığına məhkum edilmiş şəxs öz evində qonaq qəbul edə, xeyir və şər məclislərində iştirak edə bilməz. Bu insanların yaşayış yerləri daim polis tərəfindən mühafizə olunur. 

Tanınmış siyasətçilər, vəzifəlilər arasında ev dustağı olmuş şəxslərin sayı az deyil. Bunlardan ən yaddaqalanı keçmiş deputat Gülər Əhmədova olub. Həbsinə bir ay qalmış, konkret 2013-cü ilin yanvarında barəsində ev dustaqlığı qərarı verilən G.Əhmədova həmin vaxt mediaya açıqlamasında "mən hər gün Nəsimi Rayon Polis İdarəsinin əməkdaına, sahə müvəkkilinə evimdə olduğuma dair iltizam verirəm” demişdi. Amma bir ay sonra, 2013-cü ilin fevralında onu həbs etdilər. 

Bundan başqa, 2015-ci ilin noyabrındakı baş verən MTN olaylarında da ev dustağı edilmiş bəzi şəxslər olub. Rəsmi açıqlama isə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) Əməliyyat-Texniki İdarəsinin sabiq rəisi, general-mayor Natəvan Mirvətova barəsində  verilib. Belə ki, ötən ilin noyabrında sabiq rəis haqqında başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

General-leytenant Hilal Əsədov ev dustağı edilməsi, onunla paralel MTN mərkəzi aparatının rəhbəri Fərhad Vahabov barədə də oxşar qərarın verilməsi yayılan məlumatlar sırasındadır. Halbuki bununla bağlı rəsmi qərar elan edilməyib. Eyni durumun eks  nazir Eldar Mahmudov üçün də keçərli olduğu deyilir. Amma E.Mahmudovun statusu barədə dəqiq məlumat açıqlanmayıb. Bunlar sadəcə fərziyyə sayılır. 

Bugünlərdə isə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevinbarəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət olunub.  Vəkili bildirib ki, onun ev şəraitində müalicə olunmağa ehtiyacı var. Bu səbəbdən Cahangir Hacıyevin istintaq müddətində ev dustağı edilməsi və ev şəraitində müalicə olunması üçün Nərimanov Rayon Məhkəməsinə müraciət olunub. 

Ümumiyyətlə, bu günə qədər bir çox məhbuslar, xüsusən də siyasi məhbus kateqoriyasında olanlar həbslərinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı müraciət ediblər. Müraciətlərdə əsasən onların səhhəti, himayələrində azyaşlı uşaqlarının olması kimi detallar əsas gətirilib. 

Sevinc TELMANQIZI -musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300