İranın nüfuzlu din adamlarından sayılan Ayətullah Şirazi ölkənin dini lideri Xameneinin İmam Mehdi ilə əlaqə qurduğunu iddia edib.

Moderator.az xəbər verir ki,   Qum şəhərində təşkil olunan beynəlxalq konfransda danışan Şirazi Xameneinin Cəmkəran məscidində İmam Mehdi ilə bağlantı qurduğunu deyib.

Sözü gedən mövzunun ictimaiyyət arasında geniş maraq doğurduğunu nəzərə alıb, din yazarı, otuzdan çox kitabın müəllifi olan tədqiqatçı Paşa Yaquba müraciət edərək, məsələyə münasibət bildirməsini xahiş etdik. 

Yazıçının fikirlərini sizə təqdim edirik:

-Bu mövzu ruhlarla bağlı olduğundan və ruh haqqında da danışmaq elm verilmiş şəxslərə qadağan olunduğundan, bu barədə çox danışa bilmirəm. Allahdan qorxuram ki, birdən ağzımdan nəsə qaçırdaram. Çox sirləri açmaq istəmirəm, ona görə də bu mövzudan həmişə qaçmağa çalışmışam.

Bu mövzuda ancaq onu deyə bilərəm ki, İmam Mehdinin zühuru onların gözlədiyi kimi baş verməyəcək. Çünki, Mehdi xilaskar deməkdir. Bir xilaskar çıxacaq, imam Mehdinin, eləcə də bütün imamların və peyğəmbərlərin yarımçıq qalmış missiyasını davam etdirəcək. 
Ruhla bağlı indiyədək demədiyim kiçik bir informasiyanı demək istəyrəm (günah edirəmsə Allah bağışlasın). Ruhun çoxsaylı funksiyalarından biri də proqram (kompyuter proqramı) formasında olmasıdır. Ruh həm də bir missiyadır. Bu missiya da proqrm kimi həmin missiyanı daşıyıb dünyasını dəyişmiş birindən  başqasına keçə bilir – Allahın əmri ilə! 
Bilmək lazımdır ki, bütün peyğəmbərlər və imamlar əslində bir-birlərinin missiyasını davam etdiriblər... 
Bu gün bəşəriyyətin zühurunu gözlədiyi xilaskar da həmin missiyanın (hansı ki, bütün peyğəmbərlərə və imamlara yüklənmişdi)  daşıyıcısı olaraq, günahkarlara Allahdan gələcək bəlanı, mömünlərə isə, müjdəni xəbər verəcək.   Amma heç inanmıram ki, bu gün onu gözləyənlər  həmin xilaskarı qəbul etsinlər.

-Nəyə görə?

Çünki, həmin xilaskar xalqın içərisindən çıxacaq. Necəki bütün imamlar və peyğəmbərlər indiyədək hamısı xalqın içərisindən, əsasən də kasıb təbəqədən  çıxıblar. Göydən indiyədək xilaskar gəlməyib. Bu barədə Rəbbim Quranda belə buyurur:

De: "Əgər yer üzündə (siz insanlar kimi) arxayın gəzib dolaşanlar mələklər olsaydı, sözsüz ki, onlara bir mələk peyğəmbər göndərərdik!” 17:95

Bugünki insanlar da ruh olsaydılar, Allah göydən hansısa ruhu göndərərdi.  İnsan olduğumuz üçün, bizi xəbərdar etmək üçün göndərilən şəxs də özümüz kimi insan olmalıdır. Məntiq və Quran bunu deyir.

Bu gün bəşəriyyət mənəvi böhran içərisində olduğundan və kütləvi şəkildə zülmə məruz qaldıqlarından, Allah elm verdiyi bir qulunu bu missiya ilə görəvləndirəcək (bəlkə də görəvləndirib, nə bilmək olar). O da Quranı, onun hökmlərini təbliğ edib, milləti islah etməyə, doğru yola yönəltməyə çalışacaq - bundan əvvəlki peyğəmbərlər və imamlar kimi. Və o şəxs çox güman ki, heç vaxt özünü cəmiyyətə Mehdi kimi, İmam kimi təqdim etməyəcək. Sadəcə öz adı ilə təbliğ (irşad) fəaliyyəti ilə məşğul olacaq (bəlkə də olur). Bu gün baş verən təbii fəlakətlər daha da intensivləşəcək və o təbliğə inanıb doğru yolu tutan 29 faiz əhali bu fəlakətlərdən sağ çıxacaq. Qalan 71 faiz isə, dəryaların payıdır. Təsadüfü deyildir ki, Yerin 29 faizində insan yaşayır, 71 faizi isə dəryalardır. Xatırladım ki, insan orqanizmindədə su ilə quru maddə 29-un 71-ə nisbətindədir.

-İran alimlərinin iddia etdiyinə görə həmin şəxs mütləq imamların nəslindən olmalıdır. Sizcə bu belə olacaqmı?

-Sizə incə bir məsələni izah edim. Həzrət Peyğəmbərimiz Məhəmməd əleyhissəlamın iki oğlu (İbrahim və Qasım) yetkinlik yaşına çatha-çatda Allah onları öldürdü. Və şübhəsiz ki, atalarının qəlbinə dağ çəkildi. Sizcə Allah-təala Öz sevdiyi elçisinin qəlbinə niyə belə dağ çəkilmsinə razı oldu?
Bunun iki səbəbi vardı. Birincisi, sonralar  mömünlərdən kiminsə övladı gənc yaşda ölərsə, bunu özünə dərd etməsin və bunu Allahın qəzəbinin təzahürü hesab edib bəd gümana düşməsin. 
İkinci səbəbi o idi ki, Məhəmməd əleyhissəlam bir ideoloji rəhbər – lider idi. Gələcəkdə o da hamı kimi öləcəkdi. İnsanların ona sevgisi böyük olduğundan, Peyğəmbər öləndən sonra deyəcəkdilər ki, yerinə növbə ilə oğlanlarını seçəyin. Peyğəmbərə olan sevgi və inamlarını sonra onun oğlanlarına yönəldəcəkdilər. Bu da heç də yaxşı nəticə vermiyəcəkdi. Çünki, ola bilsin ki, Peyğəmbərin oğlanları heç də həmin ideologiyanın daşıyıcısı olmasınlar (Nuhun oğlu kimi), yaxud onlar ataları kimi savad və liderlik qabiliyyətinə malik şəxsiyyət olmasınlar. Millət bunu dərk etmədiyindən, həmin uşaqları özlərinə lider seçib öz-özlərini məhvə aparardılar. Ona görə də Allah bütün bunları qabaqcadan gördüyündən həmin oğlan uşaqlarının ölməsinə qərar verdi.

-Elə isə, niyə Allah o oğulları Peyğəmbərə vermişdi? Elə əvvəldən verməsəydi olmazdımı?

-Haqlı və yerində verilmiş sualdır. Buna cavab almaq üçün həmin dövrün adət-ənənəsinə nəzər salaq. Bildiyimiz kimi, İslama qədər qız uşaqlarını öldürüb, ancaq oğlanları saxlayırdılar. Peyğəmbər bunun qarşısını alsa da, yenə də cəmiyyətdə oğlan uşaqlarının nüfuzu yüksək olaraq qalırdı. Həmin vaxt cahiliyyətin müəyyən əlamətləri qaldığından, oğlan uşağı olmayan ataya pis baxırdılar. Hətta, ataları oğulların adıyla çağırırdılar. Məsələn,  "Əbülqasım” – Qasımın atası. Bu səbəbdən də Allah Öz elçisinə oğlan uşağı da bəxş etdi ki, cahillər ona dil uzatmasınlar. 
Amma bir həqiqət də var ki, bayaq dediyim kimi, oğullar heç də atalarının malik olduğu elmə, qabiliyyətə malik olmurlar. Özəlliklə də ideologiya sahəsində. Bir anlıq öz yaşadığımız  cəmiyyətin yaxın keçmişinə nəzər salaq. Hansı ideoloji liderin oğlu onun missiyasını davam etdirib? Onun kimi qabiliyyətə və elmi biliklərə sahib olub? Demək olar ki, heç kimdə bu hallar müşahidə olunmayıb. Deməli imamların da övladlarının (seyyidlərin törəmələrinin) bu gün həmin missiyanı davam etdirəcəyini iddia etmək absurddur. 

Mən bir tədqiqatçı olaraq, imamların bəzi layiqli törəmələrindən olan kəramət sahibləri haqda araşdırmalar aparmışam və bir neçə kitabımı onlara həsr etmişəm. Tarixdə o nəsildən həqiqətən də nümunəvi əxlaqa və mənəviyyata malik seyyidlər (seçilmişlər) çıxıb və onlar kəramət sahibləri olaraq, cəmiyyətin inam və sevgisini qazanıblar. Amma təssüflər olsun ki, bu gün onların törəmələrinin böyük əksəriyyəti nəinki  həmin yolda deyillər, əksinə cəmiyyət onların bəzilərinin əlindən əlhazar etməkdədir. Şəxsən mən haqqında kitablarımın birində bəhs etdiyim bir kəramət sahibinin (seyyidin) öz oğlunu necə qarğıdığını yuxumda gördüm. Hansı ki, onun oğlu bu gün yaşayır və ləyaqətsiz əməlləriylə xalqı bezdirir (müəyyən səbəblərdən adını çəkmirəm). 

Bütün bunları nəzərə alıb, məntiqlə demək olar ki, peyğəmbərlərin və imamların missiyasının (proqramının) daşıyıcısı heç də o nəsildən olmayacaq. Sadəcə Allahın elm verdiyi sadə, imanlı  bir şəxs olacaq.  Allah bu barədə Quranda çoxlu ayələr göndərib.

"Allah istədiyi kimsəni özünə (peyğəmbər) seçər və tövbə edib Ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər!” Quran, 42:13

Və yaxud:

"Allah Öz əmri ilə mələkləri (Cəbraili) vəhy ilə bəndələrindən istədiyinə (!) göndərib belə buyurar: "İnsanları əzabımla qorxudub (bu həqiqəti Mənim adımdan onlara) bildirin: "Məndən başqa heç bir tanrı yoxdur. Məndən qorxun!” Quran, 16:2

Ayələrdən göründüyü kimi, Allah istədiyi qulunu özünə Peyğəmbər (xəbər verən) seçər və bəla göndərməmişdən öncə onun diliylə bəşəriyyəti xəbərdar edər:

 "Elə bir məmləkət yoxdur ki, qiyamət günündən əvvəl Biz onun əhalisini məhv etməyək və ya onu şiddətli əzaba düçar etməyək. Bu, kitabda yazılmışdır!”

"Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (Allaha itaət etməyi, insanlara  zülm etməməyi) əmr edərik. Lakin onlar (bu çağrışa məhəl qoymayıb) pis-pis işlər törədərlər. Beləliklə, (o məmləkətə əzab verilməsi haqqındakı) hökm vacib olar və onu yerlə yeksan edərik. Quran, 17:16

-Paşa bəy, indi Siz konkret olaraq Ayətullah Şirazinin fikirlərini qəbul edirsinizmi? Onun dediyi sözə inanırsınızmı?

- İmam Mehdi 5 yaşında dünyasını dəyişib (ruhuna Allahın salamı olsun!). Hamı kimi o da kiminsə ancaq yuxusuna girə bilər. Aşkar görə bilməz. Mən buna inanmıram. Bunu  sadəcə reklam, ucuz təbliğat hesab edirəm. Bu həm də insanları qəsdən çaşdırmağa yönəlmiş bir təbliğat da ola bilər. 

-Xilaskar çıxarsa, cəmiyyət onu necə tanıya bilər?

-Onda xüsusi bir əlamətlər olmayacaq və nə var-dövlətinə, nə də libasına görə cəmiyyətdən fərqləməyəcək. Sadəcə elminə, iman və əxlaqına görə seçiləcək ki, bunu da hamı dərk edə bilməyəcək. Çünki, bu şeylər daxildə olur. O başqa din xadimlərindən (mollalardan) onunla fərqlənəcək ki, təbliğ etdiyi Qurana birinci özü əməl edəcək. Özü əməl etmədiyini heç vaxt təbliğ etməyəcək! İnsanlara tövbə edib doğru yola dönməyi təbliğ edərkən, özü də tövbəkar olacaqdır.

Bir tədqiqatçı olaraq xilaskarı (Mehdini) yuxusunda görənlərə çox rast gəlmişəm Azərbaycanda. Açığı onların yuxuda gördükləri hallar və orada danışılan söhbətlər daha hikmətli və doğrudur, nəinki iranlıların dediklər. Məsələn, bir Mehdi aşiqi gördüyü yuxunu belə nəql etdi: çoxlu adamlar vardı. Onların içərisində bir nəfər çox nurani, hündür boylu, yaraşıqlı bir nəfər dedi ki, mən xilaskaram (İmam Mehdiyəm). Bu vaxt qeybdən bir səs də mənə dedi ki, bu adam həqiqətən də sənin gözlədiyin xilaskardır. Ora toplaşanlar arasından bir qadın dedi ki, mən səni tanıyıram axı, sən filankəs deyilsən (dediyi ad yuxu görənin yadında qalmayıb)? İmam dedi bəli, sənin tanıdığın filankəsəm. Amma indi xilaskarlıq missiyasını yerinə yetirirəm.

Bu yuxunu görən Mehdi aşiqi məndən onu yozmağımı istədi. Dedim gördüyün yuxu çox hikmətlidir və həqiqətdir. Yozumu odur ki, insanlar arasından bir nəfər yuxarıda qeyd etdiyim kimi həmin missiyanı davam etdirəcək. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300