16 yaşında şəhid olmağı arzuladı, 26 yaşında arzusuna çatdı...
 
Cəsədi 7 gün ermənilərdə qalan baş leytenant, kəşfiyyatçı Elnur İsgəndərovun qəhrəmanlıq
hekayəsi... 

Şəhidin anası: "Oğlum 1989-cu ildə anadan olub. O anadan olarkən başlanan
müharibə 2016-cı ildə oğlumu əlimdən aldı”...

"Elnur dəfn olunan gün 9 aylıq oğlu ilk dəfə dil açıb "ata” dedi”


Şəhidlik uca bir zirvə, şərəfli bir dünya köçüdür və hər kəsə nəsib olmur. Aprel
döyüşləri zamanı bu zirvəyə yüksəlmiş şəxslərdə biri də baş leytenant,
kəşfiyyatçı Elnur İsgəndərovdur. Qəhrəmancasına son nəfəsinə qədər döyüşmüş
Elnur İsgəndərovun evində olub, qəhrəmanlıq hekayəsini onun ailəsinin dilindən
dinləmək üçün şəhidimizin doğulub boya başa çatdığı ata ocağına- Şəki şəhərinə
yola düşdük. 

Şəhidin evinə daxil olarkən həm qürur verici bir aura, həm də kədər vardı. Elnurun
ata-anası onun ölümü ilə barışa bilməsələr də, qəhrəmancasına, bu cür şərəfli
zirvənin hər adama nəsib olmaması ilə təsəlli tapırlar. 

Bu kədərli ailənin fikrini az da olsa, şəhidimizin  hər şeydən xəbərsiz 9 aylıq körpəsi
Elmanın gülüşü dağıdırdı. 

Əlbəttə, Bu Elmanla bağlı atasının arzuları vardı. Gələcək xoş günlərinin, oğlunun
ona bir gün ata deyəcəyi günün xəyalını qururdu. Ancaq Elnurun gələcək
arzularının ən başında gələn Azərbaycanı bütöv görmək, düşmən tapdağı altında
olan torpaqları azad etmək idi. Məhz hərbiçi olmağı da bu arzusunun reallaşması
ümidi ilə seçmişdi. Bu yolda canından keçməyə hazır olan E.İsgəndərovun bir arzusu
da bu yolda şəhidlik zirvəsinə ucalmaq idi və arzusuna çatdı...

Şəhid Elnur İsgəndərovun anası Gülnar İsgəndərova oğlunun ilk dəfə şəhid
olmaq arzusunu 16 yaşında olarkən dilinə gətirdiyini dedi: "Hərbiçi olmağı
özü istədi. Heydər Əliyev adına Ali Hərbi Məktəbi də əla qiymətlərlə bitirdi. Çox
vətənpərvər uşaq idi. Axırıncı dəfə ermənilərin vertolyotunun vurulması xəbərinə
elə sevinclə baxdı ki, mən onu heç belə görməmişdim. Çox vətənpərvər idi.
Elnur 1989-cu ildə anadan olub. O anadan olarkən başlanan müharibə 2016-cı ildə
oğlumu əlimdən aldı. Elnur 9-cu sinifdə oxuyanda Xocalı faciəsi ilə bağlı tədbir
keçirmişdilər. Oğlum o tədbirdə çıxış etmişdi və ilk dəfə 16 yaşında şəhid olmaq
arzusunu dilə gətirmişdi. O, 16 yaşında bunu arzuladı, 26 yaşında da arzusuna
çatdı. Elnur peşəsinin vurğunu idi. Daim irəli getmək istəyirdi, məqsədyönlü
insan idi. Baş leytenant rütbəsinə kimi yüksəldi. General olmaq arzusunda idi”.

Elnurun ölüm xəbəri aldığı faciəvi günü anası belə xatırlayır: "Mən Bakıda
Elnurun yanına idim. Oğlum ailəsi ilə işinə görə orada yaşayırdı. O, N saylı hərbi
hissədə baş leytenant, kəşfiyyatçı idi. Neçə vaxt idi ki, oğlumdan xəbər ala
bilmirdim. Düzdür, televiziyadan görürdüm ki, qarışıqlıqdır. Amma ağlıma
gəlməzdi ki, oğlum şəhid olacaq. Şəkiyə gəldik. Böyük oğlum dedi ki, gedim
Bərdəyə, Elnurla birlikdə olan oğlan var, ondan xəbər alacam. Dedim ki, getmə
heç nə deməyəcəklər, çünki onların qaydasıdır ki, hətta ən yaxınlarına belə
işləri barədə məlumat verməsinlər. Oğlum səhərə yaxın gəldi Şəkiyə və dedi ki,
Elnuru tapmışam amma yaralıdır. Sən demə oğlum dünyasını dəyişibmiş...”.
Gözü yaşlı şəhid anasının oğlu ilə bağlı bir arzusu ona milli qəhrəman adının
verilməsidir. Bu, yalnız ananın deyil, bütün Şəki camaatının istəyidir. Bununla
bağlı imza toplama kampaniyası da həyata keçirilib və aidiyyəti qurumlara
göndərilib. Şəhid anasının bir istəyi də sülh yolu ilə torpaqların alınmasıdır:
"Biz məsələnin sülh yolu ilə həll olunmasını istəyirik. Anaların mənim kimi
gözü yaşlı qalmasını, uşaqların yetim qalmasını istəmirəm. Oğluma milli
qəhrəman adı verilsin və oğlu gələcəkdə atası ilə fəxr etsin”.

Şəhidimizin qardaşı Seymur İsgəndərov Elnurun cəsədinin 7 gün
ermənilərdə qaldığını dedi: "Bir həftə idi ki, şəhərdə şəhidlərimizin olması
barədə söhbətlər gəzirdi. Amma tam dəqiq məlumat yox idi. Dəqiq məlumatı
aprelin 10-da Şəki şəhər Hərbi Çağırış Məntəqəsindən aldım. Qardaşım
aprelin 3-də Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub. Elnur
kəşfiyyatçı idi. Onların qrupu 9 nəfər ali hərbi rütbəli şəxslərdən ibarət
olub. Bu qrupun hamısı şəhid olub. Qardaşımgil düşmənlə təmas xəttindən
45 kilometr içəridə olublar. Bu qrup düşmən üzərinə ən çox gedən xüsusi
təyinatlı qruplardan biri olub. Onlar təmas xəttindən 45 kilometr içəridə
mövqelərinin möhkəmlənməsi üçün 5-6 saat gözləyiblər. Bir sözlə, öz
əməliyyatlarını sona qədər yerinə yetiriblər, geri qayıtmayıblar. Ermənilər
hücum edib və onları öldürüblər. Qardaşım aldığı ağır qəlpə yarasından
dünyasını dəyişib. Ermənilər onların cəsədlərini aparıb 7 gün saxlayıblar.
Yalnız dəyişdirilmə zamanı Azərbaycana təhvil veriblər. Qardaşım Lələ
təpənin alınmasında da iştirak edib”.

Şəhidin həyat yoldaşı Məlakə İsgəndərova onun yolunu hələ də
gözlədiyini deyir: "Elnur sonuncu dəfə gedəndə mənə bəzi məişət xarakterli
şeylərin yerini göstərdi. Nəyin harada olduğunu dedi. Mən də dedim ki, niyə
vidalaşan kimi danışırsan. Sadəcə olaraq deyirdi ki, bil. Sağollaşıb getdi ki,
10 gündən sonra qayıdacam. Amma həmin günün axşamı gəldi və dedi ki,
getməyim sabaha qaldı. Sanki Allah bizə bir gündə birlikdə vaxt keçirməyə
möhlət verdi. Gəlib uşaqla oynadı. Uşaq həmin günü o qədər sevincək
idi ki, onu heç vaxt belə görməmişdik. Atasını heç yemək yeməyə qoymurdu.
Qışqırıb çağırırdı, oynamaq istəyirdi. Sanki o da hiss etmişdi ki, bu atası ilə
keçirdiyi son günüdür. Səhəri, yəni martın 29-u getdi. 3 gün dalbadal telefonla
danışdıq. Sonuncu dəfə aprelin 1-də telefon əlaqəsi yaratdıq. Hər şeyin yaxşı
olduğunu dedi. Soruşdum ki, nə vaxt gələcəksən, dedi bilmirəm. O, heç vaxt
işi barədə mənə məlumat vermirdi. Mən də bilirdim ki, müharibə olsa
gedəcək. Biz il yarım idi ki, ailə həyatı qurmuşduq. O il yarımda həmişə məni
sanki bu günə hazırlayırdı. Həmişə deyirdi ki, güclü ol, həyatdı hər şey
ola bilər. Amma mən inanırdım ki, o qayıdacaq. Hələ də onu gözləyirəm”...

M.İsgəndərova göz yaşları içərisində oğlunun ilk dəfə Elnur dəfn edilən
günü dil açıb "ata” sözü dediyini bildirdi: "Elnurun cəsədi gələn günü
uşaq çox ağladı, heç cür sakitləşdirə bilmirdik. Sanki atasının ölümünü duymuşdu.
Hələ çox balacadır, danışmırdı. Elnuru dəfn edən günü uşağın yanına gəldim və
uşaq məni görən kimi "ata-ata” dedi. İndi də atasının böyük çərçivədəki şəklini
görən kimi "ata” deyib çağırır. Onun uşağımızla bağlı planları, arzuları vardı.
Deyirdi, uşaq böyüsəydi onu oxudardım. O uşağımızın hansı ali məktəbdə
oxuyacağını belə Yalnız ixtisasını uşağın öz öhdəliyinə buraxmışdı ki, özü
hansı ixtisası istəsə, onu da seçər. Oxumağa, savada önəm verirdi”.
 
Övladının gələcəkdə atası kimi hərbiçi olmaq istəsə ona şərait yaradacağını
deyən Məlakə xanım bunu gələcəkdə övladının ixtiyarına buraxacağını
dedi.//musavat.com


 



Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300