Fəlsəfənin təsadüf və zərurət qanunauyğunluğunu ali məktəbi bitirmiş hər kəs bilir. Qədim filosof Əflatun deyirdi ki, "kahinlər insan qəlbinin ölməz olduğunu bildirirlər, baxmayaraq ki, o yer üzündə öz varlığını itirir - bu hala ölüm deyilir, lakin yenidən var olur, heç vaxt yox olmur. Ona görə də ömrü  şərəflə  yaşamaq lazımdır”.

 

Şəmkirin Şiştəpə kəndində 1976-cı il noyabr ayının 2-də dünyaya göz açmış Vüqar Yusifovlar ailəsinin ilk övladı idi. Sonradan Nurəddin kişinin ailəsində 3 qız və 1 oğlan da doğuldu. Nə varlı oldular, nə kasıb. Hamı kimi az tapanda az yedilər, çoxlarını qonum-qonşu, ehtiyacı olanla böldülər. İllər də ağır gəldi. 1985-ci ildən sonra dağılan təsərrüfatlar, pozulan düzənlər bu kəndin insanlarının da həyatından yan ötmədi.  Əvvəlki əmin-amanlıq, birlik də dağılıb gedirdi. Sonra   Azərbaycanda yaşayan  yağı düşmənlərimiz  də  torpaqlarımızdan pay  istədi. Dedi ki, "arxamda rus durur, firəng dayanır.  Ağanəzərəm, belə gəzərəm!” . 

Nə yazıqlar olsun ki, Azərbaycan təkləndi. Həm içimizdən, həm də çölümüzdə olan düşmənlərimiz  dövlətimizin qəsdinə durdular. Qeyrətli oğullar Vətəni qorumağa getdilər. Nə canlarından, nə qanlarından qorxdular.

 

 

1992-93-cü ildə Vüqar Yusifov da kənd məktəbini müvəffəqiyyətlə bitirərək, Türkiyə Respublikasında Quru Qoşunları Ali Hərbi Məktəbinə daxil oldu. Hərbçi peşəsini özü seçmişdi. Çünki el-obasından şəhid olan neçə igidin yasında iştirak etmişdi, Xocalı fəlakətinin ağrısı var idi ürəyinin başında. Talan olmuş yurdlarımız, əsir qız-gəlinlərimizın acı talelərindən xəbərdar idi. 1998-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurub Azərbaycana qayıtdı. Müdafiə Nazirliyinin  N saylı  Xüsusi Təyinatlı hərbi hissəsində taqım komandiri kimi fəaliyyətə başladı. Gənc olmasına baxmayaraq, seçdiyi peşənin uğur cığırına düşdü.  Əvvəlcə rəhbərlik onu Xüsusi Təyinatlı Qüvvələrdə qrup komandiri, 2002-ci ildə həmin hərbi hissədə taborun qərargah rəisi, 2003-cü ildə isə tabor komandiri vəzifəsinə təyin olundu. Müdafiə naziri tərəfindən qüsursuz xidmətlərinə görə dəfələrlə medallarla təltif olundu, daha sonra isə Xüsusi Təyinatlı Alayın Qərargah rəisi vəzifəsinə qədər yüksəldi. Adı müstəqil Azərbaycan dövlətinin Ordusunda xidmət edən bacarıqlı hərbçilər siyahısına düşdü. Azərbaycanla stratejı əməkdaşlıq edən Amerika Birləşmiş Ştatlarında, Pakistanda, Polşadakı tərəfdaşlıq kurslarında, təlimlərdə iştirak edərək, peşəkarlığını daha da artırdı. Lakin gənc olmasına baxmayaraq, qazandığı uğurlarının sevincini ancaq evində bildilər. Heç kəndində-kəsəyində, yaxın qohumları da Vüqar Yusifovun qazandığı uğurlardan  xəbərdar olmadı. Həddindən artıq  təvazökarlığı  uğurlarını paylaşmağa mane olurdu.  

 

2014-cü ilin avqustunda cəbhəyanı yaşayış sahələrimizə düşmənin yeni təxribatının qarşısın alınmasında isə xüsusi xidmətlərinə görə fərqlənmişdi. Bu il martın 19-da polkovnik rütbəsini alanda da ailədə kimsənin bundan xəbəri yox idi. Vüqar belə qəhrəman oğlan idi...

 

Qardaş məhəbbəti başqa cür olur, itkisi necə ağır imiş...

 

 

Vətən şəhidimiz, torpaq şəhidimiz Vüqar Yusifov 10 il bundan əvvəl qurduğu ailəsi ilə Sumqayıtda yaşayırdı. Sumqayıtdakı evinə gəldim. Fikrimdə əvvəlcə uşaqları ilə söhbət edib, ataları haqqında soruşmaq niyyətim var idi. Gözlədiyimin tam əksinə oldu. Vüqarın ailəsi, qohumları dedilər ki, evə çox qonaq gələndə uşaqları yaxın qonşunun evinə ötürürlər. Çünki uşaqlar hələ də tam yəqin edə bilmirlər ki, ataları haradadır...

 

Söhbətə başlamaq istəsək də, qara gözlü, qıvrımsaçlı balaca oğlan uşağının səs-küyündən, hayqırtısından qulaq tutulurdu. Sözün yaxşı mənasında uşaq dinc oturmur, tullanıb-düşür,  öz aləmində kiminləsə dava-dava oyunu oynayırdı. Yusif idi... balaca Yusif. Vüqar Yusifovun sonbeşiyi. 2 yaşlı uşağın  müharibə oyunu oynamsına təccüblənmədim. Çünki bir zabit oğludur. Yəqin atası öyrədirmiş...

 

Üzümə dikilən gözlərə baxa bilmirəm. Vüqar Yusifovun  bacısı,  həyat yoldaşının, qaynanasının, böyük qaynanasının, baldızının gözləri üzümə dikilib. Qaynı Kənan Əliyev söhbəti açır. Evdəkilərə Vüqardan yazmaq istədiymi deyir. Üzümə zillənən o gözlərdəki kədəri ən məharətli rəssamlar çəkə bilərlər.  

 

 

Qaynansı Rəfiqə Əliyeva: - Vüqar bir başqa adam idi. Elə bilməyin ki, kürəkənimdir ona görə deyirəm... Qohum-əqraba arasında özünə elə hörmət qazanmışdı ki... Ürəyində hamıya yer var idi. Kimsənin xətrinə dəyməzdi. Evə nə qədər yorğun gəlsə idi, o iki qızından, bir oğlundan məhəbbətini əsirgəmirdi.  Yorğunluğuna baxmayaraq, aparıb onları gəzdirirdi. Böyük qızı Ayan bu yaxınlarda ona demişdi ki, "ata hamının atası məktəbə gəlir, sən bizim məktəbə gəlmirsən”. Həmin günün səhərisi qızı özü məktəbə apardı, sonra rəsm dərnəyinə apardı. Uşağın ürəyi  istəyən hər yerdə göründü.

 

Qaynı Kənan Əliyev: - Sumqayıtda yaşadığından mənə çox yaxın idi. Onunla 10 ildə elə doğmalaşmışdım ki, özümə böyük qardaş bilirdim. Çox mərd adam idi. Elə bilirəm ki, yetim qalmışam. Həmişə qardaş arzulamışdım Allahdan, verdi onu mənə, ləzzətini dadızdırıb, tez də apardı...

 

Bacısı Dünya Yusifova: - Qardaşsız bacı nəyə gərəkdir, - deyib gözlərinin yaşını qoşa bulaq kimi axıtdı. Bayaqdan  məclisə hakim kəsilən səbri dağıtdı elə bil. Hamı göz yaşına hakim ola bilmədi. 

 

- Hərdən elə bilirəm ki, harasa gedib. Yenə gələcək, yenə boynumu qucaqlayacaq. Qardaş məhəbbəti başqa cür olur, itkisi necə ağır imiş... İki qardaşım, iki bacım var. Vüqar ailədə böyük uşaq idi. Ata və ana babalarım vətən müharibəsində iştirak ediblər. Həmişə onların müharibədəki şücaətlərindən danışıb, fəxr edirdi. Sonra da bu müharibə düşdüyündən hərb yolunu seçdi. Elə məktəb vaxtından vətənpərvər idi. Məktəbdə də hamıdan birinci olurdu.  Kənddə hamı bilirdi ki, qardaım  hərbçidir. Ancaq belə qəhrəman, belə böyük yerdə işlədiyini bilmirdilər. Biz soruşanda deyirdi ki, təlimlərə gedir. Gedirdi və təlimdən qayıdardı. Heç vaxt ağlıma da gətirməzdim ki, qardaşım nə vaxtsa, hardansa qayıtmayacaq... Hələ gözləyirəm, hələ ümid edirəm... Baxmayaraq ki, qardaşımın dəfni günü o qədər insan axını gördüm. Bizim kənddə o qədər insan görməmişdim. Mənim  qardaşımı güllə öldürə bilməzdi. O qəhrəman, güclü bir oğul idi... Sirri-xuda qaldı... nə bilim bəlkə nə vaxtsa, necə həlak olduğunu, hansı şəraitdə həlak olduğunu dəqiq biləcəyik... Nə anam, nə atam  təsəlli tapa bilir. Bəlkə Azərbaycanın işğalda qalan torpaqları azad olunsa, o zaman rahatlıq tapaq... Atama-anama, ailəmizə o baxırdı... Kaş özü sağ olaydı.. elə kasılbçılığımız edərdik... 

 

- Ay bala, Cəbrayıl rayonu işğal ediləndə, Lalənin 4-5 yaşı var idi. Balaca uşaq idi, – deyib, gözlərinin dayanmayan yaşını silib, söhbətə başladı Tamara xala.  

 

- Lalə böyük qızım Rəfiqənin qızıdır. İndi mənim taleyimi yaşayacaq. 24 yaşım olanda həyat yoldaşımı itirdim.  İki qızım qaldı. Balaca-balaca. Allaha sığınıb, onları böyütdüm. Sonra da rayonumuzu ermənilər aldılar. Didərgin düşdük. Mən də Sumqayıta Rəfiqənin evinə gəldim. Çətin işdir... atasız uşaq böyütmək... Gərək mən görənləri nəvəm görməyədi... Lalə böyüdü... Cəbrayıl rayonu  hələ də düşməndədir. Lalənin əri də o düşmənin güləsinə tuş gəldi... İndi  Lalənin əri şəhid oldu...Dərd məndən əl çəkmir. Hara getsəm dalımca gəzir...

 

 

Uşaqlar atalarını necə xatırlayırlar...       

 

 

Elə bu vaxt Kənan əlində çərçivəyə salınmış bir rəsm gətirdi. Əsgər şəkli idi. Dedi ki, Vüqar şəhid olmazdan 15 gün əvvəl qızı Ayan çəkib. 9 yaşlı qız uşağının rəngli boya ilə çəkdiyi əsgər şəklinə baxanda titrəyiş keçdi canımdan. Göz yaşlarım içərisində soruşdum ki, bu nə möcüzədir? Anası Lalə danışdı:

 

- Mart ayının 15-də  Sumqayıtdakı Texniki Elmlər Liseyində  rəsm müsabiqəsi elan etdilər. Ayan  da Sumqayıt şəhərində keçirilən məktəblilərin rəsm sərgisində birinci yerin qalibi oldu. Atası bu şəkli görüb o qədər sevindi ki, həmin gün onları aparıb gəzdirdi. Ayan atasına, atası da Ayana sürprizlər etdi. Gözləri dola-dola atasına dedi ki, "müəllimə mənə göy qurğaşı çəkməyi tapşırdı, mən isə "əsgər çəkəcəyəm” deyib, səni çəkdim. İstədim yazam ki, "səninlə fəxr edirəm Azərbaycan əsgəri, ancaq utandım...”.  Xasiyyət etibarı ilə Ayan çox kövrəkdir...

 

Şəhid polkovnikin xanımı söhbətinə davam edir:

 

- Atalarıni itirdiklərini dillərinə gətirməyə cəsarət etmirlər. Onların yanında  atasının yoxluğundan danışmağa da ehtiyat edirik. Amma, evimizdə qəribə hadisələr olur.  Vüqarı  kənddə dəfn edən günün səhərisi, Aytən  ağlaya-ağlaya yuxudan oyanıb dedi ki, "atam məni çox istəmir”. Könlünü alıb, ovundurduq. Sözə tutduq ki, görək nə olub, nə deyəcək. Ayan həmin günü yuxu görüb. Evdəkilər yuxunu bütün təffərrüatı ilə Ayandan soruşanda, uşaq danışdı: 

 

"Atam çox gözəl bir yerdə süfrə açıb, 6 nəfər dostunu da yığıb yanına, ad gününü keçirirdi. Hər yer çox gözəl idi. Süfrə ətrafında oturanlar da hamısı şənlənirdilər. Ancaq onların əynindəki paltarlar da başqa idi. Heç atanın evdə elə paltarı yox idi. Mən istədim ki, gedəm atamın qucağında oturam, yenə mənə yemək yedizdirsin, ata mənə "rədd ol!” deyib qovdu, qucağına almadı. Ona görə ağlayıram ki, ata daha məni çox istəmir...”.

 

Qızlarım çox aqressiv olublar... Nəyisə bəhanə edib, başlayırlar ağlamağa. Əvvəllər belə deyildilər. Gedib-gəlib üzümdən öpürlər. O gün Ayan mənə deyir ki, !mən səni indi daha da çox istəyirəm!. Deyirəm ki, nə olub qızım? Deyir !bilmirəm ... nə olub, ancaq indi qardaşım Yusifi də, səni də hamıdan çox istəyirəm... Atamın üzü yadımdan çıxıb... Ona görə sizi çox istəyirəm”. Bəzən indiki zamanda, bəzən də keçmiş zamanda danışırlar ataları haqqında... Demişik ki, Amerikadadır, gec gələcək.  Bir neçə gün bundan əvvəl Aytən soruşur ki, "ana şəhidlər harada olur?”. Deyirəm ki, göylərdə...  O gün atası haqqında söhbət edirdilər iki bacı, Ayan deyir ki, nəyisə təəssüf ki, almayacaq atası... ancaq nə onlar , nə də biz "ata yoxdur” kəlməsini işlətməmişik. Bilmirəm nə vaxt açıb danışaq...

 

 

Sonuncu gün nağıla dönən Vüqarı necə yola salmasından danışır Lalə xanım:

 

- Aprelin 28-i səhər saat 6-da Vüqarı yola salanda ürəyim sıxıldı. Heç vaxt belə olmamışdım. Ağlaya-ağlaya dedim ki, nə vaxta kimi belə olacaq?.. Yığış otur evində. Yoxsa daha səndən boşanacağam. Yoruldum səni gözləməkdən... Qayıdıb dedi ki, "narahat olma, birdəfəlik qayıdıb, hər şeyi yoluna qoyacağam...”. 

 

Lalə "onda tez qayıt” deyib, gözlərinin yaşını silərək yola salmışdı Vüqarı: 

 

Qarabağda talan var,

Zülfün üzə salan var.

Gedirsənsə, tez qayıt,

Gözü yolda qalan var.

 

Bu ailədəki insanların  taleyində baş verənləri sanki əvvəlcədən  hiss etmə qabiliyyətləri var.  Son döyüşlər başlamazdan bir-iki gün əvvəl Lalə bir yuxu görmüşdü: 

 

"Yuxumda gördüm ki, məni yerə uzadıblar. Bədənimə çoxlu mismarlar vururlar. Evə isə Vüqarın tabutunu gətirirlər. Bayrağa bükülü... Oyanıb Vüqara zəng vurdum. Adətən mənə icazə vermirdi işdə olduğu zaman ona zəng etməyə. Deyirdi ki, özü zəng vuracaq. Soruşdum necəsən. Dedi salamatçılıqdır. Daha heç nə demədim... Fikirləşdim ki, yuxudur da....

 

Aprelin 1-i həmişə onunla  zarafat edib aldadardı uşaqlar. Ayan zəng edib,  bir zarafat elədi. Əvvəlcə inandı. Sonra 1 aprel olduğunu xatırlatdıı atasına. Telefonun o biri başında zarafat olduğunu biləndə ürəkdən güldü. Mən danışmaq istəyəndə, hirsli şəkildə ”sonra danışarıq” dedi. Məəttəl qaldım. Vüqar heç vaxt mənə qarşı belə kobudluq etməmişdi. Bu nə ola bilərdi. Narahatlıqlarım başladı. Sonra 2 aprel oldu. Yenə narahatam. Həmin gün bacım Nərminin ad günü idi. Onlarda oturmuşduq. Ayan xalasının ad gününə sağlıq demək əvəzinə dedi ki: "Arzu edirəm ki, birinci  atamın canı sağ olsun, sağ-salamat qayıtsın evimizə ...”. Məəttəl qaldıq. Anamın gözləri doldu. Axı Ayan təmas xəttində baş verənlərdən xəbərsiz idi. Bir də ki, biz nə vaxtsa, Vüqarın ölüm xəbəri gələcəyinə inanmırdıq. Vüqar kəşfiyyatın da, düşməndən qorunmağın da bütün sirlərini bilirdi. Aprelin 3-də  zəng vurdu. Çox soyuq danışdı. Səhəri dirigözlü açdım. Aprelin 4-ü səhər obaşdan, 6-da gedib qonşuma dedim ki, gəl yanımda dayan zəng vuraq Vüqarı axtaraq. Həmin vaxt Vüqara  telefonla mesajlar yazdım. Canını tapşıranda yazdığım isə "məni tək qoyma olub”. Sən demə mən yazan anda şəhid olubmuş.

 

 

Lalənin gözlərinin yaşı quruyub. Vüqardan danışanda sanki sağ-salamat adamdan bəhs edir. Gözləri də gülür hərdən. Lalə 10-cu sinifdə oxuyanda onu bəyənib, inadkarlıq göstərərək qızı və ailəsini razı sala bilmişdi Vüqar. Sonra Lalənin institut bitirməsinə də şərait yaradır.  Laləyə deyirmiş ki, Cəbrayılı alacağam sənin üçün... Həm də "Dağ çiçəyim deyirmiş” sevdiyinə. Lalə Vüqarın məktublarını, təbrik açıqcalarının hamısını bu günə qədər qoruyub saxlayıb. Hələ bir dəftər göstərdi. Vüqarın onunla ilk tanış olduğu gündən telefonla yazdığı mesajların saniyəsi, saatı, günü, ayı, ili ilə... hamısını bir –bir dəftərlərə köçürüb saxlayıb... Vüqarın ürək sözlərindən gündəlik yaradıb özünə... Elə bil ki, bilirmiş ki, 10 il olacaqdı xoşbəxt ailəliklərinin tarixi.

 

"Ürəyində zirvələrə bayraq sancmaq  həsrəti gəzdirirdi”

 

 

- Özünə heç gələcək götürmürdü- deyir Lalə. Bir dəfə də dedi ki, iki qızımız var. Bir oğlumuz da olmalıdır ki, gələcəkdə sənin dayağın olsun. Evə sığışmırdı. Onun üçün ən gözəl yer işlədiyi hərbi hissə idi. Evə gələndə uşaqları özü ilə tay-tuş olurdu. Belinə çıxırdılar, onlara qoşulub yerdə sürünürdü,oynayırdı. Sonra da deyirdi ki, "hərbi hissədə məni belə görsələr, inanmazlar ki, bu mənəm”. Qızlara vətənpərvərlikdən o q

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300