Pərvanə Məmmədli: ”Cavad Heyət xalqın bir növ susdurulub, lal olmuş dilini özünə qaytardı”
O taylı - bu taylı Azərbaycanın böyük övladı Cavad Heyət artıq bir neçə ildir ki, aramızda yoxdur. Publisist, ictimai-xadim, araşdırmaçı kimi inqilabi işlər görən böyük doktorun əsasını qoyduğu məktəb bu gün də yaşayır. Dünya tibb elmində öz dəsti - xətti ilə seçilən Cavad Heyət haqqında onun irsinin araşdırıcısı, fəlsəfə doktoru Pərvanə Məmmədli ilə müsahibəni təqdim edirik:


-İranda ilk dəfə ürək və böyrək əməliyyatlarını aparan, buna görə də "pioner həkim" kimi tarixə düşən həmyerlimiz Cavad Heyətin şəxsiyyət və yaradıcılığına meyl nədən qaynaqlandı?

-Mən Cavad Heyətlə çoxdan tanışam. Onun yaradıcılığına tələbə olduğum vaxtlarda müraciət etmişəm. Magistr dərəcəsinin (indiki dillə desək) müdafiəsi üçün diplom mövzum "Varlıq" dərgisinin nəşri ilə bağlı idi. Bu tarix 1980-ci illərə gedib çıxır. Jurnalı öyrənməkdə əski Azərbaycan əlifbasını, fars dilini bilməyim köməyimə gəldi. "Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə" cəmiyyətində çalışırdım. Bu cəmiyyətə xarici ölkələrdə Azərbaycanla bağlı çap olunan jurnallar gəlirdi. Onların içində "Varlıq"da vardı. Cəmiyyətin dəvəti ilə Cavad Heyət Azərbaycana gəlirdi. Elmi tədbirlərdə iştirak edirdi. Doktorun Azərbaycanda çoxlu dostları vardı. Onların arasında həkimlər çoxluq təşkil edirdi. Məsələn, tanınmış cərrah Nurəddin Rzayevlə yaxından dostluq edirdi. Azərbaycana gələndə onun evində qalırdı. Dostları sırasında Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin, Vaqif Aslanovun, Yaşar Qarayevin də adlarını çəkmək olar. Çox vaxt ailəsi ilə birgə gəlirdi. Ailə üzvləri ilə də tanış olmuşdum. Vaxti ilə mən elmi araşdırmalarla bağlı Cavad Heyətə məktublar ünvanlayır, onlara da cavablar alırdım. Çoxları bildirirdi ki, zaman gələcək, bu məktublar tarixi fakta çevriləcək. 

-Xaraktercə necə biri idi? 

-Möhkəm xarakterə malik idi. Demək olar ki, hər sahəyə maraq göstərirdi. Özü məsuliyyətli olduğu üçün  insanlarda da bu xüsusiyyətə önəm verirdi. Dəyərli məsləhətlər verirdi. Onun fikirləri araşdırmalarıma böyük kömək olub. Həkimlikdən boş qalan vaxtlarını qiraətə sərf edir, xarici səfərlərdə olanda isə kitabxanalarda keçirməyə üstünlük verib, qədim əlyazmalar axtarışında olurdu.

-Onu Quzey Azərbaycanda müfəssəl araşdıran yeganə tədqiqatçı sizsiniz. Ümumiyyətlə, araşdırma ilə bağlı fikirlərinizi söyləyə bilərsinizmi?
 
-Bir şəxsiyyəti illərlə araşdırmağa başlayanda əsərlərinin təsir dairəsindən ayrıla bilmirsən. Deyərdim ki, orta səviyyəli əsərini belə şah əsər səviyyəsində qəbul edirsən. Çox zaman sevdiyi yazarın bədii əsərlərini oxuyanlar da belə hislər keçirir. Çünki onun yaradıcılığına ürəkdən bağlanırsan, başqalarının sezdiyi çatışmazlıqları görməz olursan. Doğrudu, bu hal tənqidçi üçün, əsəri təhlil edən üçün məqbul sayılmır. Çünki bu zaman obyektiv, tərəfsiz olmaq gərəkir. Bax mənim üçün Cavad Heyətin yazdıqlarını  araşdırmaq belə bir hislə bağlı olub. Ümumiyyətlə, doktor geniş dünyagörüşünə, dərin erudisiyaya malik idi, gözəl praqmatik idi. Yəni, əqidə, ideya, həyati məqsədini yalnız emosiya, fikir, söz səviyyəsində saxlamırdı. Onu mütləq əmələ çevirirdi. Məsələn, İranda Pəhləvilərin hakimityyəti sürəcində fars şovinistlərinin kəskin hücumlarına məruz qalan Azərbaycan dili, ədəbiyyatı, tarixi, mədəniyyəti üzərindəki təhriflər və yalanları atıb, əsl həqiqəti oxuculara çatdıra bilmişdi. Həyat devizlərindən biri  bəlkə də ”Vaxt sərvətdir” idi. Mən onu qədim Şərq filosoflarına, klassik dövrün ziyalılarına bənzədirdim. Türk və fars dili ilə yanaşı fransız və ərəb dilini də mükəmməl bilirdi. Şərq poeziyasının vurğunu olub, irfan elminə vaqif idi. 

-Cavad Heyəti bir cümlə ilə necə ifadə edərdiniz?

-Bunun çətin olduğu aşkardır. O insan tək cümləyə sığmaz. Nəinki tək cümlə, çoxsaylı cümlələr belə azlıq təşkil edər. Əgər buna məcburamsa gərəkdir ki, tək cümləyə belə sığdırım: "Öz milləti, dili, tarixi ilə fəxr edən və bunlar uğrunda daim çalışmış bir şəxsiyyət" O, həm də uzun illər xalqın yadırğadığı, unutdurdurulmuş dilini özünə qaytardı. Farsca ürək "del" adlanır. Deməli, Cavad Heyət mənsub olduğu xalqının delini-dilini müalicə edib sağaltdı, onu yaşatdı.

-Cavad Heyətlə sonuncu görüşünüzü necə xatırlayırsınız?

-Doktor 2014 - cü ildə Azərbaycana gələndə xəstə idi. Yanına ailə üzvlərindən savayı, 2 - 3 nəfəri buraxırdılar. Bunlardan biri də mən idim. Ziyarətinə getdiyim zaman onunla söhbətləşirdik. Belə söhbətlərin birində məlum oldu ki, Doktor xatirə yazırmış. Bildirirdi ki, nə qədər ki, sağam, bunları üzə çıxarmayacağam. Xatirələri 2 hissəli idi. Biri şəxsi həyatından, digəri isə atası ilə bağlı xatirələrdən ibarət idi. Bundan başqa o, məhəbbət şeirləri də yazırdı. Bunu da heç kəsə bildirmək istəmirdi. Bildirirdi ki, ətrafım məni rəsmi biri kimi tanıyır. Həssaslığımı, kövrək hislərimi ifadə etdiyim şeirlərimin sağlığımda oxunmasını istəmirəm. Ancaq şeirlərinin çap olunmasını vəfatından sonra istəyirdi.

-Keçək Cavad Heyətin publisist kimi şah əsəri olan "Varlıq"dərgisinə. Niyə 1979-cu ildə yaranmış dərginin adı "Varlıq" qoyuldu?

-Əslində jurnalın adı "Səhənd" deyə düşünülmüşdü. Sonradan dəyişdirilib "Varlıq" oldu. Jurnalın ilk sayı vaxtsız həyatdan köçmüş  şair Bulud Qaraçorlu Səhəndə həsr olundu. "Varlıq" elə bir fəlsəfi məfhum idi ki, çox şeyi əhatə edirdi. Varlıq - yəni xalqın varlığı, mövcudiyyət kimi anlaşılmalıdır.  Jurnal yadırğanmış, unudulmuş Azərbaycan dilini özünə qaytardı. Jurnalın nömrələrində izahlı lüğət də verilirdi. Ortaq türkcədə yazılırdı. "Varlıq" bir növ əlifbaya bənzəyirdi. 

-Bəs Doktordan sonra jurnal öz məramnaməsinə nə dərəcədə sadiq qalıb?

-Cavad Heyət vəfatınadək jurnala rəhbərlik edib. 2014 - cü ildən etibarən "Varlıq" Türkiyədə çap olunmağa başlayıb. Redaktoru isə Məhəmməd Rza Heyətdir.  Bu jurnalı daha çox elmi cameə oxuyur. M.R. Heyətin Türkiyədə məskunlaşması jurnalın da məhz orada çıxmasına səbəb oldu. Hal-hazırda dərginin bir neçə sayı çıxıb.

-Bir az Doktorun varisi Məhəmməd Rza Heyət və qızlarından danışaq. Onlar Cavad Heyətin yolunu davam etdirirlərmi?

- Cavad Heyətin 5 qız övladı var. Onlardan Bir qızı - Maral xanım Los-Ancelesdə yaşayır. Stomatoloqdur. Digər  bir qızı fars dili mütəxxəsisidir. Həkim kimi də, publisist kimi də yolunu davam etdirənlər var. Məhəmməd Rza Heyətə gəlincə isə, o, doktorun yaxın qohumudur. Türkiyədəki "Varlığ"ın hazırkı, əməkdaşları da Cavad Heyətə yaxın olmuş adamlardan təşkil olunub. Belə deyək, Cavad Heyətin "şineli”ndən çıxıblar. Həm Doktorun zamanındakı, həm də indiki "Varlıq" mənə doğmadır. Jurnaldakı mövzular ciddi dəyişikliyə uğramayıb. 

Firayə Allahverdiyeva
BDU-nun jurnalistika fakültəsinin III kurs tələbəsi

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300