nazarbayev

Qazax rəhbərliyi etirazları yatırmaq üçün SMS-lərdən və Facebook-dan istifadə edirlər.

PREZİDENT NİYƏ MESAJ YOLLAMALI OLDU

Mayın 6-da qazaxların böyük əksəriyyəti smartfonlarına qeyri-adi mənbədən gələn SMS-i görəndə çox təəccübləndilər. SMS-in mətnində üzrxahlıq tonu duyulmaqda idi. Amma bu mesajı göndərən nə üzr istəyən həyat yoldaşı, nə də peşman olmuş dost idi.

SMS Qazaxıstan dövlət başçısının Astanada yerləşən «Akorda» Sarayından göndərilmişdi. Mesajın mətni sadədir: «Respublika prezidenti Nursultan Nazarbayev ictimai həyəcan yaratmış Torpaq Məcəlləsinin bəzi maddələrinə moratorium elan edib».

Xəbər-mesajı aparıcı mobil operatorlar «Altel», «Beeline», «Kcell» və «Tele2» göndərib, özü də Nazarbaev-in qərarını açıqlamasından 24 saat keçməmiş. Prezident bu qərarı səs-küylü ictimai təzyiq altında verib. Söhbət dövlətə məxsus kənd təsərrüfatı torpaqlarının auksionlar vasitəsilə özəlləşdirilməsi haqqında mübahisəli planın təxirə salınmasından gedir. Sözügedən SMS də dövlətin atdığı addımın rəqəmsal təzahürüdür.

NAZARBAYEV SOSİAL ŞƏBƏKƏLƏRİN İMKANINI ARAŞDIRIR

Nursultan Nazarbayev keçmiş sovet respublikalarından olan Qazaxıstanı 25 ildir bərk-bərk sıxılmış qapaq altında idarə edir. Bəs dövlət başçısının son jesti nədən xəbər verir? Əslində, Nazarbayev-in SMS göndərməsi bir etirafdır. Sosial və digər rəqəmsal medianın ənənəvi informasiya təsir vasitələri – dövlətin nəzarətində olan qəzet, televiziya və radiodan daha effektiv olmasının susqun etirafı…

Nazarbayev-in anonslu videosu da Prezident Sarayının Facebook səhifəsində dövlətin nəzarət etdiyi kütləvi informasiya vasitələrindən daha öncə göründü.

Nazarbayev administrasiyası Facebook, ВКонтакте kimi rəqəmsal platformaların və mətn-mesajların potensial təsirini araşdırır. Bütün bunlar hakim dairənin müstəqil və müxalif media vasitələrinin sıxışdırıldığı bir ölkədə baş verir.

Atırau şəhərində mitinq.
Atırau şəhərində mitinq.

XOŞBƏXTLİK… HƏQİQƏT NAZİRLİYİ DƏ YARADILDI

Qazax prezidenti, sadəcə, əmin olmaq istəyir ki, ölkəsində hər bir kəs, xüsusən də son etiraz aksiyalarının önündə gedənlər hökumətin planını təxirə salmasından xəbərdardır. Amma onun atdığı addımlar bununla bitmir.

Mayın 5-də Nazarbayev yeni İnformasiya Texnologiyaları və Rabitə Nazirliyinin yaradıldığını elan edib. Ona prezidentin keçmiş mətbuat katibi rəhbərlik edəcək. Bu nazirlik «cari informasiya məsələlərinin təmin olunması və islahatların səmərəli həyata keçirilməsi» yönündə fəaliyyət göstərəcək.

Prezident qurumun işi haqqında deyir: «İnternetdəki vebsaytlar və sosial şəbəkələr də daxil olmaqla, bütün növ informasiya mühitinin monitorinqi aparılmalıdır. Bu, xüsusilə kəskin problemlərin aşkarlanması və ona operativ reaksiya göstərilməsi üçün edilir». Nazirliyin digər məqsədi, Nazarbayev dediyi kimi, «həm elektron, həm də çap sahəsində ölkənin informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində informasiya məhsullarının keyfiyyətinin yaxşılaşdırılmasıdır».

Bir çox Facebook istifadəçiləri yeni nazirliyin yaranmasını əndişə ilə qarşılayıblar. Onlar bu nazirliyi«Həqiqət nazirliyi», «Xoşbəxtlik nazirliyi» və «Oruell qarabasması» ilə müqayisə edirlər.

Torpaq Məcəlləsinə düzəlişlərin icrasının dayandırılması ölkəboyu iki həftə davam edən nümayişlərdən sonra mümkün olub. Bu, 2011-ci ildə ölkənin cənub qərbindəki Janaozen və Şetpe şəhərlərində baş vermiş etirazlardan sonra ictimai qəzəbin tüğyan etdiyi ən böyük aksiya idi. O zaman polis etiraz edən neftçilərdən, ən azı, 16 nəfərini güllələmişdi.

Bu il aprelin 24-də ölkənin qərbindəki Atırau şəhərində, azı, 1000 nəfər torpaqların satışa çıxarılmasına etiraz edib.

Qazax fəallar mayın 21-də daha böyük şəhərlərdə kütləvi etiraz aksiyalarına çağırışlar ediblər.

(azadliq.org)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300