Davudoğlunun istefasının arxasındakı sirlər

AKP başqanı son çıxışında partiyadaşlarından halallıq istədi və Ərdoğan haqda danışdı; hakim partiyanın qurultayının vaxtı məlum oldu; ölkənin ikinci şəxsi kim olacaq? 

 

Türkiyə gündəmi bu ölkənin baş naziri Əhməd Davudoğlunun gözlənilmədən AKP-dən və vəzifəsindən getmək qərarı ilə çalxalanır. Mayın 4-də axşam saatlarında Beştəpədəki prezident iqamətgahında Ərdoğan-Davudoğlu arasındakı 1 saat 40 dəqiqəlik görüşdən sonra iki siyasət adamının yolları ayrılıb. 

Belə ki, görüşdən sonra AKP-nin növbədənkənar qurultaya gedəcəyi dəqiqləşib. Bu isə Türkiyənin son yarım əsrdəki ən güclü siyasi diplomatlarından sayılan Davudoğlunun vəzifəsini itirməsi ilə nəticələnib.

Artıq AKP-nin növbədənkənar qurultayının konkret zamanı da məlum olub. Mayın 5-də günorta saatlarında qurumun Mərkəzi İdarə Heyətinin toplantısında qurultayın mayın 22-də keçirilməsi barədə qərar qəbul edilib.

Əslində qalsa, Ərdoğan-Davudoğlu görüşünün getdiyi vaxtlarda hər kəs sonda baş nazirin istefa qərarının olacağını düşünürdü. Çünki bu görüş sıradan biri deyildi. Əvvəlki görüşlərdə əlində çanta və çamadanla hökumətə hesabat verməyə gələn baş nazirin bu dəfə əli boş idi...

AKP qurultayında başqanla bərabər baş nazirin də müəyyənləşəcəyi, eləcə də partiya rəhbərliyi ilə bərabər Ərdoğan hökumətinin daxilində də ciddi dəyişikliklərin olacağı gözlənilir. 


Mayın 4-dən etibarən Türkiyə hökuməti daxilində gedən şok gəlişmələr, eləcə də daim bir-birilərinə olan sədaqətləri ilə seçilən Ərdoğan və Davudoğlu arasındakı fikir ayrılığı hər kəsin təəccübünə səbəb olub. Baş verənlərin nədən qaynaqlanması müəmmalı olaraq qalmaqdadır. Doğrudur, aprelin 29-da AKP-nin Mərkəzi İdarə Heyətinin toplantısından sonra prezident və baş nazir arasındakı soyuq münasibətləri sezməmək mümkün deyildi. Belə ki, toplantıda Ərdoğanın təlimatı ilə qəbul edildiyi deyilən qərarla bölgə liderlərini təyin etmə səlahiyyəti partiya sədrindən, yəni Davudoğlundan alınmışdı. Bu da baş nazirin partiya rəhbəri statusunun şübhə altına alınması demək idi. Türk mediasının yazdığına görə, bu qərardan sonra baş nazir Ərdoğandan bunun səbəbini soruşub. Prezident ona hələ də partiyanın lideri olduğunu xatırladıb. 

Davudoğlu olayının yaşanması ilə bu məsələ ətrafında müxtəlif iddialar ortaya çıxıb. Bu iddiaların fonunda əsas tənqid hədəfinə prezident Ərdoğan tuş gəlir. Türk ekspertlərin fikirlərinə görə, Türkiyə rəhbəri ölkədə faktiki prezident idarə üsulunun bərqərar olması yolunda Davudoğlunu özünə rəqib görüb. Çünki Türkiyə dövlətində baş nazirin geniş səlahiyyətlərə sahib olduğu sirr deyil. Bunu da bir zamanlar bu postda çalışmış Ərdoğandan yaxşı bilən yoxdur. Bir faktı qeyd edək ki, qardaş ölkədə ilk dəfədir baş nazir hakimiyyətdən hərbi çevriliş və ya parlamentdə etimadsızlıq göstərilməsi nəticəsində deyil, hakim partiya daxilində yaranan ziddiyyətlər nəticəsində uzaqlaşdırılır.


Davudoğlunun Ərdoğanla münasibətləri "güclü prezident-çalışqan baş nazir” formuluna əsaslanırdı. Lakin tamamilə aydın idi ki, Davudoğlunun Nazirlər Kabinetini idarə etməsi əslində formaldır, nazirlər Ərdoğan tərəfindən təyin edilir və onun göstərişləri ilə hərəkət edir. Davudoğlu Türkiyədə, o cümlədən hakim partiyada Ərdoğandan sonra ən nüfuzlu siyasi fiqur hesab olunurdu. Sabiq prezident Abdulla Gülün gedişindən sonra AKP-də önə çıxa biləcək Davudoğlundan sonra ikinci bir şəxs yox idi. Ekspertlər hesab edirlər ki, Ərdoğan son addımları ilə əslinə qalsa, bir vaxtlar qurduğu partiyanın nəzarətindən çıxdığını sezib və buna görə də AKP-ni öz nəzarətində saxlamaq üçün ən yaxın silahdaşının üstündən xətt çəkməyə məcbur olub. Türkiyənin yeni baş nazirinin də prezidentdən asılı olacağı, bir növ formal statusa malik olacağını da indidən proqnozlaşdırmaq çətin deyil. 

Davudoğlu halallıq istədi

Mayın 5-də Davudoğlu lideri olduğu partiyanın növbədənkənar qurultayının çağırılması, eləcə də özünün siyasi karyerasına dair suallara cavab vermək üçün telekanalların kamerası önündə çıxış edib. Həyəcanlı görünən və danışdıqca səsi titrəyən Davudoğlu bunları deyib: "Mənim 20 aylıq baş nazirlik sürəcində əsas vəzifəm AKP-nin birlik və bütövlüyünü qorumaq olub. Baş nazirliyim dönəmində AKP-də qardaş qovğası olmadı, bir istefa da baş vermədi!”

O, seçkilərdən də danışaraq, "7 iyundakı növbədənkənar seçkilərdə başımızı dik tutduq”, deyib: "Zor bir dönəmdi, amma Türkiyəni bir saniyə də hökumətsiz buraxmadıq”.

Türkiyənin baş naziri daha sonra başçılıq etdiyi 64-cü hökumətin terrorla mücadiləsindən danışıb. "Bizim aldığımız qərarlar nə olursa-olsun, kimsə Türkiyənin iqtisadiyyatı ilə oynamağa qalxmasın. Son ana qədər vəzifə başında olan hökumətimiz var, kimsə ekonomi dəngələri ilə oynamağa qalxmasın”, deyə xəbərdarlıqda da bulunub: "Mən prezidentin tapşırığı ilə baş nazirliyi qəbul etdim, lakin bu məqamın haqqını vermək üçün də gecə-gündüz çalışdım... 81 vilayətimizə getdim - addımımı basmadığım vilayətimiz qalmadı... Bu, bir mühasibə yapma, baş nazirlik dönəminin qısa özətidir... ”

Bundan  sonra Davudoğlu 22 may qurultayında AKP rəhbərliyinə namizədliyini
verməyəcəyini açıqlayıb və bunun səbəblərindən danışıb: "Nizamnaməmizin gərəyi olaraq 22 mayda qurultay qərarı aldıq. Bu tarixdə fövqəladə qurultay keçirəcəyik. Xalq soruşa bilər, nədən seçkilərdə uduzan müxalif partiya başqanları kreslolarını mühafizə etdikləri halda, seçkilərdə təkbaşına iqtidar olan bir partiyanın rəhbəri istefa verir?” 

Daha sonra isə o, bununla bağlı qısa açıqlama verib. Məlum olub ki, AKP-nin son yönətim toplantısı və alınan qərarlar partiyanın rəhbəri və hökumətin başçısı olan Davudoğlunu razı salmayıb: "Mütabakat (ortaq anlaşma) olmayan yerdə iddiaçı olmam. Kimsənin də qəlbini qırmam...Ona görə də qərara aldım ki, istefa verim...”  

Məlum olur ki, partiya rəhbərliyi onun faktiki rəhbərliyindən xəbərsiz, böyük ehtimalla Ərdoğanın göstərişləri ilə,  bir sıra qərarlar alıb, bu da Davudoğlunu incidib.

Baş nazir öz çıxışında Türkiyənin prezidenti T. Ərdoğanı sayğılı ifadələrlə vəsf edib. O deyib ki, Ərdoğanla insani münasibətləri heç zaman pozmayacaq: "Cümhurbaşqanımızla son nəfəsimə qədər dostluq və qardaşlığımı qoruyacam. Kimsə mənim ağzımdan, zehnimdən cümhurbaşqanımızla bağlı neqativ söz eşitməyəcək. Cümhurbaşqanının onuru mənim onurumdur, onun ailəsi mənim ailəmdir”. 
  
Açıqlamalardan belə məlum olur ki, Davudoğlu bundan sonra elmi fəaliyyəti ilə məşğul olacaq. Eyni zamanda, AKP millət vəkili kimi parlamentdə də təmsilçiliyini saxlayacaq. Daha sonra o, təşəkkür açıqlamaları ilə çıxış edib, halallıq istəyib.

Çıxışın sonunda anlaşılan bu olub ki, Davudoğlu 22 maya qədər - fövqəladə qurultayda yeni AKP lideri seçilən ana qədər baş nazir kimi fəaliyyətini davam etdirəcək.

Davudoğlunu kim əvəzləyə bilər?

Türkiyənin baş nazirliyinə və AKP sədrliyinə iddiaçı olacaq 5 ismin adı hallanır. Bunların nəqliyyat naziri Binəli Yıldırım, energetika naziri və Ərdoğanın kürəkəni Berat Albayrak, ədliyyə naziri Bəkir Bozdağ, baş nazirin müavini və hökumət sözçüsü Numan Kurtulmuş, səhiyyə naziri Mehmet Müəzzinoğlu və xarici işlər naziri Mövlud Çavuşoğludur. Bu şəxslərin hər biri Ərdoğana birbaşa yaxın olan, Türkiyə hökuməti daxilində heç bir hədəfləri olmayan şəxslərdir. Bir sözlə, Ərdoğanın baş nazirlikdə görmək istədiyi şəxslər bu tipdə olmalıdır. 

Davudoğlunun gedişinin Avropa Birliyinin Türkiyə üzərindən viza rejimini götürməsi ərəfəsinə təsadüf etməsi də bir sıra müəmmalara yol açıb. Baş nazirin vəzifəsindən uzaqlaşdırılması səbəblərindən biri kimi də onun Türkiyənin dünyəvi dövlət olması üçün çalışdığı göstərilir. Bu fikirlərdə müəyyən qədər həqiqətlər var. Belə ki, günlər öncə Türkiyə parlamentinin sədri İsmayıl Qəhrəmanın "Dünyəvilik konstitusiyada olmamalıdır” kimi fikirlərinin üzə çıxması və buna Ərdoğan hökumətinin susqunluğu bir çox mətləblərdən xəbər verir. 

Onu da xatırlatmaq yerinə düşər ki, Davudoğlu Azərbaycanın özünə dost saydığı siyasətçilərdən hesab olunur. Onun ölkəmizə münasibəti də daim müsbət olub. Buna görə Davudoğlunun gedişi Azərbaycanda müzakirə olunmaqla yanaşı, təəssüf doğurub. 


Politoloq Elxan Şahinoğlu bildirdi ki, Türkiyə hökumətinin indiki vəziyyətdə daxilində baş verən ixtilaflar ciddi təhlükələr yarada bilər: "Rusiya ilə münasibətlər düzəlməyib, Suriyada İŞİD-çilər Türkiyəni hədəfə alıblar, Türkiyə milyonlarla qaçqın qəbul edib. Əslinə, qalsa bu ixtilaflar proqnozlaşdırılmışdı. Çünki Ərdoğanın xarizması o qədər yüksəkdir ki, nə zamansa Davudoğlu ilə yolları kəsişəcəkdi. Ərdoğan son vaxtlar təyinatlara da ciddi müdaxilə edirdi. Narazılıqlar o zaman başladı ki, Davudoğlu parlament seçkiləri öncəsi siyahıya MİT başqanı Hakan Fidanın adını salmaq istədi. Ərdoğan buna etiraz etdi. Ərdoğan keçmiş prezidentlərdən fərqlənir. Bütün proseslərə müdaxilə edir, siyasi müxalifəti də sərt tənqid edir. Türkiyə artıq konstitusiya dəyişikliyinə gedir. Parlamentdə Ərdoğan istənilən səsi yığa bilməyəcək və referendum yolu ilə dəyişiklikləri edəcək. Bundan sonra baş nazirin səlahiyyətləri istər-istəməz azalacaq. Prezidentlik önə keçəcək. Davudoğlu müstəqil qərar verə bilmədiyinə görə, görünür, vəzifədən getmək yolunu seçdi. Bir fakt da var ki, Davudoğlu olduğu 3 illik nazirlik dönəmində daxili və xarici siyasətdə heç bir uğur qazanmadı. Əksinə, Rusiya və Suriya ilə münasibətlər soyuqlaşdı. Sonda akademik çalışmalara qayıtmaq yolunu seçdi. Ərdoğan xarizmatik lider olduğundan inandırmaq qabiliyyəti yüksəkdir. Amma Davudoğlunda bunlar yoxdur. Ərdoğan düşünə bilər ki, Davudoğlunun açıqlamaları partiyanın gələcək reytinqinə ciddi təsir edər”.

Politoloq Davudoğlunun gedişinin Azərbaycana təsirləri və onu əvəzləyə biləcək şəxslər barədə də danışdı: "Türkiyədə kimlərin hakimiyyətə gəlməsinin önəmi yoxdur. Azərbaycanla strateji müttəfiqlikdən qopma olmayacaq. Bunun başqa yolu yoxdur. Bəzi fiqurların Davudoğlunu əvəz edəcəkləri barədə adları çəkilir. O fiqur baş nazir olmağa razılaşacaq ki, Ərdoğanın kölgəsində qalmağı qəbul edəcək. Yeni nazir başqa yol seçsə, Davudoğlunun aqibətini yaşayacaq. Numan Qurtulmuşun gəlişi AKP daxilində ixtilaflara yol aça bilər. Çünki o, yeni şəxsdir. Halbuki mən də onun Davudoğlundan zəif siyasətçi olduğunu düşünmürəm”.

E.Şahinoğlu Davudoğlunun gedişinə dünyəviliyin tərəfdarı olmasının da səbəb olduğunu istisna etmir:"Davudoğlunun gedişinə parlament sədrinin dünyəvilik barədə məlum fikirləri də səbəb ola bilər. Ola bilsin ki, Davudoğlu bununla razılaşmayıb. Sadəcə, eyni partiyada olduğundan açıq dilə gətirmir. O, istefa verməklə əslində geniş manevr imkanları qazanıb. Onun AKP-də qalıb-qalmayacağını bilmirik. Amma bundan sonra hökumətin addımlarını rahat tənqid edə bilər. Onun partiya quracağını düşünmürəm. Yeni baş nazirin necə siyasət yürüdəcəyini də bilmirik. Əgər dünyəvilik barədə parlament sədri ilə razılaşsa, nəzarət altında olacaq. Parlament sədrinin fikirləri özbaşına deyil, AKP mətbəxində hazırlanıb. Sadəcə, onun dili ilə cəmiyyətə çatdırırlar”. 

Cavanşir ABBASLI-musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300