Türkiyə Jandarma Qüvvələrinin komandanı, ordu generalı Galib Mendi 4-6 may tarixlərində Azərbaycanda rəsmi səfərdədir.

Səfər çərçivəsində ordu generalı Müdafiə Nazirliyində, Dövlət Sərhəd Xidmətində, Daxili Qoşunlarda görüşlər keçirəcək, iki ölkə arasında hərbi sahədə əməkdaşlığın perspektivlərini müzakirə edəcək, məlumatlarda deyilir.

Səfərin son zamanlar Ermənistan-Azərbaycan sərhədindəki qoşunların təmas xəttində vəziyyətin gərginləşməsindən sonra baş tutması və əməkdaşlıq məsələlərinin müzakirəsi maraq doğurur.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu deyir ki, bu səfərin həm siyasi, həm də hərbi mənası var. Belə ki, Türkiyə tərəfi bu səfərlə göstərir ki, Azərbaycanla hərbi sahədə də yüksək səviyyəli əməkdaşlıq mövcuddur.

"Əslində, hərbi əməkdaşlığın yüksək olduğunu göstərən məqamlar yeni deyil. İki ölkə arasında intensiv olaraq birgə hərbi təlimlər keçirilir ki, bu da Azərbaycan Ordusunun döyüş bacarığının artmasında böyük rol oynayır.”

Ermənistanda və Rusiyada bəzi ekspertlər iddia edirdilər ki, Dağlıq Qarabağ cəbhəsində vəziyyət Türkiyənin müdaxiləsindən sonra gərginləşib.

Bunu, Türkiyənin Rusiyaya mesajı kimi dəyərləndirənlər də var idi. Baxmayaraq ki, "dörd günlük müharibə”dən sonra RF baş naziri və xarici işlər naziri səviyyəsində rəsmi Ankaranın münaqişədə hansısa rolunun olmadığı barədə açıqlamaları oldu.

Azərbaycanda Türkiyə hərbi bazası olacaqmı?

Türkiyənin bu münaqişəyə bilavasitə təsirinin olmadığı barədə məqamlar mövcuddur: Türkiyənin Azərbaycanda hərbi bazası yoxdur, Qarabağda Türkiyə istehsalı olan silahlardan istifadə olunmur, Bakı və Ankara arasında hərbi əməkdaşlıq Türkiyənin NATO üzvlüyü səbəbindən məhduddur, münaqişənin həlli prosesinə Türkiyə cəlb olunmayıb.


Image captionKTMT təşkilatı Qırğızıstan, Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Tacikistanı bir araya gətirir.

Azərbaycanda isə bu münaqişənin gərginləşməsində Rusiya faktorunun olduğu deyilir.

Çünki, Rusiyanın Ermənistanda iki hərbi bazası var, Qarabağda hər iki tərəfin istifadə etdikləri silahlar Rusiya istehsalıdır, Ermənistan Kremlin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür və Rusiya münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun üzvüdür.

Elxan Şahinoğlu gələcəkdə Azərbaycanda Türkiyə hərbi qüvvələrinin yerləşdirilməsini labüd hesab edir:"Doğrudur, burada NATO üzvlüyü amili var. Amma Türkiyənin baş naziri Ahmet Davutoğlu bu yaxınlarda Qatarda rəsmi səfərdə olarkən dedi ki, bu ölkədə hərbi qüvvələrini yerləşdirəcəklər. Qatarda mümkündür, Azərbaycanda yox?!”

"Azərbaycanla Türkiyə arasında KTMT kimi hərbi ittifaqın yaradılması perspektivini” Şahinoğlu, mümkün hesab edir.

Qars müqaviləsinə əsasən, Türkiyə Naxçıvanın təhlükəsizliyinin təminatçısıdır. Aprelin əvvəlindəki gərginlik zamanı bir neçə dəfə Naxçıvan istiqamətində də atəşkəsin pozulması halları baş verdi. Bu zaman Türkiyə həmin müqaviləni xatırlatmalı oldu.

"Hesab edirəm ki, bütün Azərbaycanı əhatə edən bir anlaşma olmalıdır. Bu, həm də Rusiyaya mesaj ola bilər ki, Türkiyə Azərbaycana hərbi müdaxilə zamanı onu tək qoymayacaq. Necə ki, KTMT-da belə bir bənd var. Amma son hadisələr göstərdi ki, KTMT yalnız Rusiya-Ermənistan müttəfiqliyindən başqa bir şey deyil. Bu təşkilata üzv olan dövlətlər, Rusiya istisna olmaqla Azərbaycanın yanında oldular,” analitik Şahinoğlu əlavə edir.

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Təşkilatının nizamnaməsinə əsasən, üzv dövlətlərdən birinə hücum bütün üzv dövlətlərə hücum deməkdir və əgər Ermənistana hər hansı bir dövlətdən hücum olunarsa, o zaman ona yüksək səviyyədə təhlükəsizlik zəmanəti verməkdədir.

Burada isə münaqişə Ermənistan deyil, Azərbaycanın işğal olunmuş ərazilərində getdiyi üçün Ermənistanın milli təhlükəsizliyinə təhdid yaradılmır.

Səfər "qonşulara mesaj”dır

Image copyrightAP
Image captionSonuncu dəfə Türkiyə ordusunun ən yüksək rütbəli zabiti Baş Qərargah rəisi Hulusi Akar Azərbaycanda ötən ilin oktyabrında rəsmi səfərdə olub.

Politoloq Nəsimi Məmmədliyə görə, Türkiyə Jandarma komandanının indiki vaxtda ölkəmizə gəlişi təəccüblü olmasa da, əlbətdə ki, təsadüfi də deyil.

Onun sözlərinə görə, Qarabağ cəbhəsində artan hərbi-siyasi gərginlik heç də Azərbaycan və Ermənistan arasındakı mövqe savaşı deyil.

"Rusiya açıq-aşkar regionda öz iştirakını artırmağa yönəlik addımlar atır. Təmas xəttində baş verən təxribatların arxasında daha böyük siyasi maraqlar gizlənir və Türkiyə bu maraqların gerçəkləşməsinə göz yummaq niyyətində deyil.”

Politoloq Məmmədli də bu səfəri "qonşulara mesaj” kimi dəyərləndirir.

"Öncəki illərdən fərqli olaraq, Türkiyə strateji müttəfiqlərinə daha qətiyyətli dəstək sərgiləyir.”

Sonuncu dəfə Türkiyə ordusunun ən yüksək rütbəli zabiti Baş Qərargah rəisi Hulusi Akar Azərbaycanda ötən ilin oktyabrında rəsmi səfərdə olub. Səfər 2015-ci ildə sentyabrın sonunda Ermənistan-Azərbaycan sərhədində, qoşunların təmas xəttindəki gərginlikdən sonraya təsadüf edib.(bbc.com)

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300