Aprelin 23-də mərhum jurnalist Nərgiz Yaqublunun il mərasimi keçirildi. Ötən ilin bu günündə torpağa tapşırılan gənc fəalın mərasimində onun əqidə yoldaşları, dostları, demokratik düşərgənin və vətəndaş cəmiyyətinin öndə gedən isimləri iştirak edirdilər. 

Müsavat başqanının müavini Səxavət Soltanlının aparıcılığı ilə keçirilən tədbir Nərgiz Yaqublunun ruhunu bir dəqiqəlik sükutla yadetmə ilə başladı.

İlk olaraq söz Müsavat başqanı Arif Hacılıya verildi. O, gənc müsavatçı xanımın itkisinə bütün Azərbaycanın üzüldüyünü bildirdi: "Nərgiz Yaqublu cəmi 25 il yaşadı. Qısa həyatında cəmiyyətə, ətrafında olan insanlara o qədər enerji, güc verdi ki, ölümü bütün Azərbaycan miqyasında qeyd olundu. Onun ölümünə Azərbaycandan kənarda olanlar da göz yaşı tökdülər. Biz də göz yaşı tökdük. Amma hesab etmirəm ki, biz Nərgiz xanımı belə mərasimlərdə ağlamaqla xatırlamalıyıq. Ən faciəli günlərdə belə biz onu işıq saçan görmüşük. Hətta ağır qəza keçirdikdən sonra onu bizə, ağsaqqallara təsəlli verən görmüşük. Sanki bu xanımın daxilində bir işıq yanırdı. O işıq təkcə onu yox, ətrafını, bütövlükdə cəmiyyəti işıqlandırırdı. Biz yəqin ki, Nərgiz xanım barəsində keçmiş zamanda danışmayacağıq. Çünki o, yoxluğu ilə belə cəmiyyətdən itib getmədi. Onun xatirəsi bütün Azərbaycan cəmiyyətinin qəlbində daim yaşayacaq. O, Azərbaycan gəncliyinə uzun illər bundan sonra da nümunə olacaq. Onun haqqında əsərlər yazılacaq, portretləri çəkiləcək. Gördüyü işlər, yaşadığı həyat növbəti nəsillərə nümunə kimi danışılacaq. İlk növbədə, Tofiq bəy, Maya xanım, Nigar xanım və Rəhim bəy başda olmaqla, bir daha onların yaxınlarına başsağlığı verirəm. Bu insanlar Azərbaycan cəmiyyətinin dik durmağında böyük rol oynayan şəxslərdir. Bu ailə cəmiyyətə nümunədir. Hər bir valideyn Nərgiz kimi övladı ilə fəxr edərdi. Nərgiz xanıma Allahdan rəhmət diləyirəm, valideynlərə övladlarını Nərgiz ruhda tərbiyə  etməyi arzulayıram”.

Daha sonra söz MSDM rəhbəri İsa Qəmbərə verildi: "O çətin gündən bir il keçdi. Mənim üçün həyatımda ən ağır günlərdən biri idi. Övladım kimi sevdiyim gənclərdən birini-Nərgizi itirmişdim. Nərgiz Azərbaycan gəncliyinin rəmzlərindən biri olaraq, daim qəlbimizdə yaşayacaq. Tarixdə daim yerini tutacaq. Qəhrəman təkcə Nərgiz deyil, bu ailənin özü Azərbaycanda qəhrəman ailələrdən biridir. Millətə daim xidmət edən bir ailədir. Qarabağ savaşında belə döyüşmüş ailədir. Allah bu ailəni çox sınaqlara çəkib. Çətinliklərə baxmayaraq, ailə bu çətin sınaqlardan şərəflə keçib. Türkiyədə bu gün Milli Suverenlik və Uşaq bayramıdır. Nərgizin dünyasını dəyişməsi bu günə öz möhürünü vurdu və bizlər üçün bu günün mahiyyəti fərqləndi. Bir məqamı deyəcəm, nə dərəcədə yerindədir, sizin ixtiyarınıza buraxıram. Xeyir və şər hər zaman bir yerdədir. İl mərasiminə gələndə xəbər aldım ki, oğlum Turqutun qız övladı dünyaya gəlib. İlk nəvəmdir. İlk nəvəmə, eləcə də, bütün övladlara xoşbəxtlik arzulayıram. Arzu edirəm ki, dünyaya gələn qızlarımız Nərgiz kimi gözəl, mübariz olsunlar. Tanrı Nərgizin ruhunu şad eləsin”.

Müsavat Məclisinin sədri Nüşabə Sadıxlı Nərgiz Yaqublunun daim qəlblərdə yaşayacağını qeyd etdi: "Nərgiz qəlbimizdədir. O, qısa ömründə böyük işlər gördü. Əlindən nə gəlirsə, bu millətin istiqlalı üçün etdi. Bir qədər də yaşasa, daha böyük işlər görərdi. Allah sevdiyi kəsləri yanına aparır. Onun xarici nə qədər gözəl idisə, daxili də elə idi. Nərgiz Yaqublular ailəsinin, Müsavatın, xalqımızın itkisidir. Hər kəsə başsağlığı verirəm”.

"Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Nərgiz Yaqublunu daim pozitiv, hadisənin üzərinə gedən, seçdiyi peşəsinə şövqlə yanaşan bir jurnalist kimi xatırlayacaqlarını söylədi: "Nərgiz qəzetdən ayrılarkən hallaşa bilmədik. Elə bir dövrə təsadüf etdi ki, onun Azərbaycanı tərk etməsi ölkədə olmadığım zamana təsadüf etdi. Sadəcə mesaj yazdı, təşəkkür etdi, getmək məcburiyyətini ailə qurması səbəbindən söylədi. Sonra telefonla danışdıq… Onu işlədiyi zaman ən müxtəlif nöqtələrə, qaynar olaylara, xarici səfərlərə də göndərdik. Yeni işə başlamasına baxmayaraq, özəl xəbərlərlə elə bir istedad göstərdi ki, Azərbaycan jurnalistikasında uzun müddət olan şəxslər də onun kimi məhsuldar deyildi. Ona böyük ümidlərimiz var idi. Düşünürdük ki, jurnalistikamızın yeni ulduzu parlamaqdadır. Çox təəssüf ki, ölüm onu sıralarımızdan vaxtsız ayırdı, dünyasını dəyişdi. Bizim də dünyamızı özü qədər kiçiltdi. Şükürlər olsun ki, bu gün  onun övladı qalıb. O, hamıya, Azərbaycana əmanətdir. Allah onu qorusun. Yaqublu ailəsinə, "Yeni Müsavat” kollektivinə, Müsavat Partiyasına, Azərbaycan gəncliyinə, xalqına bir daha başsağlığı verirəm. Bu cür gənci itirdiyimiz üçün başımız sağ olsun”.

Bir ay öncə həbsdən çıxan Müsavat başqanının müavini Yadigar Sadıqov mərhum jurnalistlə bağlı xatirələrindən danışdı: "Nərgizi sonuncu dəfə məhkəməmdə gördüm. Sonra acınacaqlı xəbəri duydum. Həbsdə bunu eşitmək çox ağır idi. Səni anlayacaq, dərdinə şərik olacaq kimsə olmur. Nərgiz ilk dəfə diqqətimi ADNA hadisələri ilə bağlı keçirilən aksiyalarda cəlb etmişdi. Öz fədakarlığı ilə gəncliyimizin liderinə çevrilmişdi. Bəşəriyyətin azadlığı üçün mübarizə aparan bütün insanların itkisidir”.

"Yeni Müsavat” qəzetinin köşə yazarı Zamin Hacı da çıxış etdi: "Nərgiz həddindən artıq nikbin insan idi. O cür problemlərin içərisində olan birisinin nikbinliyi insanda ruh yüksəkliyi yaradırdı. Problemlərini Nərgiz xanım heç kimə hiss etdirmirdi. O, ulduz kimi həyatımızdan parlayıb getdi. Unudulmaz bir insandır. Cəmi 25 il yaşadı, amma özünü ölkəyə tanıtdı. Şəxsən mənim 25 yaşımda fəaliyyətim heç nədən ibarət idi. Burada olan hər kəs özünün 25 yaşını xatırlasın, kim idi, nə iş görmüşdü… Nərgiz xanım bu yaşında çox işlər gördü. Xatirəsi daim qəlbimizdə yaşayacaq”.

Nərgiz Yaqublunun yaxın dostu, BDU-nun müəlliməsi Xəyalə Əfəndiyevanın çıxışı sözün həqiqi mənasında mərasim zalını göz yaşlarına qərq etdi: "Ötən ilin bu vaxtları idi. Kim deyirsə ki, zaman yaraları sağaldır, səhvdir, acılar daha da dərinləşir. Nərgizə bir söz vermişdim ki, Tofiq bəy azad olunsa, yanına ayaqyalın gələcəm. Martın 18-i tezdən Tofiq bəyin azadlığa çıxmasından sonra Nərgizin görüşünə ayaqyalın getdim. Artıq azadlığın dadı belə qalmayıb. Nərgiz yoxdur, həmişə yarımçıq qalacağıq. Nərgiz hamıdan çox Tofiq bəyin azadlığa çıxmasını istəyirdi. Tələbələrim soruşurdu ki, müəllimə, profilinizdəki gözəl xanım kimdir. Deməmişdim, amma özləri tapmışdılar. Bir neçə gün öncə xarici tələbələrimə Azərbaycan dilində inşa vermişdim. 5-6 tələbə Azərbaycan haqqında yazmışdı. Qalanları, 50 nəfəri isə profilimdəki Nərgiz haqqında yazmışdılar.  Lahorlu tələbəm yazmışdı ki, Nərgiz yaşasaydı, Bənazir Bhuttonun Pakistan üçün etdiklərini Azərbaycan üçün edərdi. Nərgizdən yadigar qalan Kənanımıza, Tofiq bəyə, hamımıza başsağlığı verirəm”.

AXCP sədri Əli Kərimli mərhumla bağlı bunları dedi: "Tofiq bəy çox acılar yaşadı. Vətən üçün nə lazımdırsa, onu etdi. Vətən üçün gəncliyində vuruşdu. Bütün gəncliyini mübarizəyə həsr etdi. Övladları da özü kimi oldu. Təəssüf ki, sonradan acı dövr başladı. Tofiq bəy qamətini dik saxlaya bildi. Nərgizin övladı hamımızın balasıdır. Artıq bu ailəyə Allah xoş günlər nəsib eləsin. Tofiq bəyi bu acılar böyütdü və Azərbaycan üçün simvol şəxsiyyətlərdən biri etdi. Allah Nərgizimizə rəhmət eləsin”.

Milli Şura sədri Cəmil Həsənli gənc xanımın itkisinin ağır olduğunu söylədi: "Bu gün biz Azərbaycan gəncliyinin parlaq simalarından birinin anım mərasiminə yığışmışıq. Nərgizlə bir neçə dəfə görüşməli olmuşdum. İş belə gətirmişdi. Onun istedadını, içərisində olan vətən sevgisini müşahidə etmək mənə qismət olub. Nərgiz qısa həyat yaşadı, amma bioqrafiyasını, hekayəsini yarada bildi. Daim demokratik mübarizənin önündə oldu. Yaqublu ailəsi öz hekayəsini yaradıb. İtki nə qədər böyük olsa da, başqa çarəmiz yoxdur. Tofiq bəyə səbir diləyirik. Allah rəhmət eləsin”.

Çıxışların ardından anım mərasimi müsavatçı gənclərin Nərgiz Yaqublu barəsində hazırladıqları video-slaydın nümayişi ilə davam etdi. Slaydda mərhum gənc siyasi fəalın keçdiyi həyat yolu, apardığı mübarizə, fəaliyyəti və ailə qurarkən yaddaşlara həkk olan şəkilləri, eləcə də, bir yaşlı övladı Kənanın fotoları əks olunmuşdu.  Həmçinin, videoda satirik şair Mirzə Sakitin "O, Nərgizdir” şeiri və Yaqublunun azyaşlı övladına deyə biləcəyi arzuları, sözləri, nəsihətləri Seymur Həzinin qələmə aldığı mətnlə səsləndirildi. Video-slayd zalda duyğusal anlar yaşatdı.

Anım tədbirindən sonra Nərgiz Yaqublu məzarı başında anıldı. Mərhumun ruhuna dualar oxundu, qəbirüstünə güllər qoyuldu.

Xatırladaq ki, Nərgiz Yaqublu bir il öncə Rusiyanın Tomsk şəhərindəki xəstəxanada müalicə olunarkən dünyasını dəyişib. N.Yaqublu ölümündən bir həftə əvvəl övladını dünyaya gətirsə də, həkimlər gənc xanımın həyatını xilas edə bilməmişdilər.


Yeni Müsavat

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300