Aprelin 21-də Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə Qarabağ mövzusunda müzakirə təşkil edilib. Müzakirələrdə müxtəlif partiya və təşkilatların nümayəndələri və deputatlar iştirak edib.
Deputat Qüdrət Həsənquliyev Qarabag probleminin həll olunmamasının Azərbaycanda demokratiyanın yoxluğu ilə əlaqələndirilməsi ilə razı olmadığını deyib. Qüdrət Həsənquliyev öz çıxışında Rusiya amilini qabardaraq deyib ki, Azərbaycan Qarabağ münaqişəsini həll etmək üçün Rusiya ilə dil tapmalıdır. O, fikrini əsaslandırmaq üçün Gürcüstan prezidenti Mixail Saakaşvilinin ABŞ-la çox isti münasibətlərdə olmasına baxmayaraq, 2008-ci ildə Osetiya problemini həll edə bilmədiyini xatırladıb.
Buna reaksiya verən Müsavat başqanı Arif Hacılı o vaxtdan bəri dünyanın siyasi düzənində ciddi dəyişikliklərin baş verdiyini bildirib. Ukraynaya hərbi müdaxilədən sonra Rusiyanın dünya siyasətinə təsirinin azaldığını qeyd edən Arif Hacılı Rusiyanın ABŞ-la və Avropa dövlətləri ilə münasibətlərinin dəyişdiyini, soyuq müharibənin uzun illərdən sonra bərpa olunduğunu xatırladıb. Arif Hacılı həmçinin Rusiyanın dost münasibətlərində olduğu Ukrayna ilə düşmən olduğunu, Rusiyanın Türkiyə ilə münasibətlərinin pisləşdiyini, hətta Rusiya ilə Ermənistan arasında münasibətlərin gərginləşdiyini diqqətə çatdırıb. Arif Hacılı bildirib ki, bütün bunları nəzərə almadan 8 il əvvəl olan hadisəni əsas gətirərək Azərbaycanın Rusiya ilə əlbir olmasının vacibliyindən danışmaq, xarici siyasətdə çevikliyin olmamasının təzahürüdür.