Şəmsəddin Hacıyev dövlətin 667 min manatını öz şirkəti vasitəsilə necə mənimsədi...

Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) "Turan-2009” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı 667475 manat məbləğində pulun universitetin xeyrinə ödənilməsi tələbinə dair iddia qaldırıb. İddiaya 1 saylı Baki İnzibati-İqtisad Məhkəməsində baxılır.

Bu məlumat virtualaz.org saytına 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsindən daxil olub.

Məlumata görə, "Turan-2009” MMC-nin universitetə 667475 manat məbləğində pul vəsaiti borclu olması faktı MMC rəhbərliyi ilə universitetin sabiq rektoru Şəmsəddin Hacıyev tərəfindən imzalanaraq təsdiq edilmiş üzləşmə aktı ilə və digər rəsmi sənədlərlə də təsdiq olunur.

Bu sənədlər məhkəməyə təqdim edilsə də "Turan-2009” MMC-nin rəhbərliyi həmin pulun ADİU-ya qaytarılmasından imtina edir.

Sözügedən iddia ərizəsi məhkəmənin hakimi Vüsalə Baxışovanın icraatındadır.

Məlum olduğu kimi, ADİU dövlət büdcəsindən maliyyələşən təşkilatdır. Ona görə də universitet tərəfindən malların alınması, işlərin və xidmətlərin görülməsi dövlət vəsaitləri hesabına həyata keçirilir. Bu səbəbdən ADİU tərəfindən malların alınması, iş və xidmətlərin görülməsi qaydaları və şərtləri "Dövlət satınalmaları haqqında” qanunla müəyyən edilmiş qayda və tələblərə əsasən həyata keçirilir. Qanunun 13-cü maddəsində isə göstərilir ki, iddiaçının nümayəndəsi və ya vəzifəli şəxsi ilə birbaşa qohumluğu, qəyyumluq, hamilik və ya övladlığa götürmə, təsisçilik və asılılıq münasibətləri olanlar satınalma prosedurları zamanı satın alan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola bilməzlər.

"Turan-2009” MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş "Turan-2009” MMC-nin nizamnaməsinə və dövlət qeydiyyatına alınmasına dair şəhadətnaməyə əsasən isə həmin MMC-nin təsisçisi Hacıyev Şəmsəddin Hümmət oğlunun həyat yoldaşı Hacıyeva Zemfira Əli qızıdır.

Maraqlıdır ki, ADİU-nun iddiası ilə tenderlər keçirilən zaman Şəmsəddin Hacıyev universitetin rektoru vəzifəsində işləyib. Həmin tenderlərdə iştirak edən "Turan-2009” MMC-nin direktoru isə Şəmsəddin Hacıyevin qardaşı oğlu Hacıyev Cavid Fəxrəddin oğlu olub.

Məhkəməyə təqdim edilmiş müqavilələrdən də göründüyü kimi, ADİU ilə tenderin qalibi olmuş "Turan-2009” MMC arasında bağlanan müqavilələri iştirakçı tərəflərin vəzifəli şəxsləri qismində ADİU adından Şəmsəddin Hacıyev, "Turan-2009” MMC-nin adından isə onun qardaşı oğlu Cavid Hacıyev imzalayıblar.

Həmin müqavilələr üzrə tərəflər arasında on milyonlarla manat həcmində işlər görülüb. Bu isə "Dövlət satınalmaları haqqında” qanunun "dövlət satınalmalarında maraqların ziddiyyəti”ndən bəhs edən 13.2 və 13.2.1-ci maddələri ilə müəyyən edilmiş qaydaların kobud surətdə pozulması deməkdir.

Məhkəmədən verilən məlumata görə, bu, Şəmsəddin Hacıyevlə ADİU arasında olan yeganə iddia deyil. Tərəflər arasında məhkəmədə həmçinin Şəmsəddin Hacıyevin himayəsində olan "İqtisadçı-2005” MTK ilə bağlı mübahisəyə dair də iddia tələbləri var. Bu mübahisələrdən birinə isə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində hakim Tahirə Əsədova tərəfindən baxılır.

Virtualaz.org


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300