Müsavatda müharibə müzakirəsi – ReportajAprelin 12-də Müsavat Partiyasının təşəbbüsü ilə "Qarabağ savaşının 2 aprel mərhələsi: Qazandıqlarımız və itirdiklərimiz” mövzusunda Dəyirmi Masa keçirildi. Müsavatın qərargahında təşkil olunan toplantı torpaqlarımız uğrunda şəhid olan vətəndaşlarımızın xatirəsinə sayğı duruşu ilə başladı.

Müzakirələrə bir sıra siyasətçilərlə yanaşı, hərbi ekspertlər və ziyalılar da qatılmışdı. Toplantının gedişatı "Azadlıq” radiosunun efirində canlı olaraq yayımlanırdı.  

Müsavat başqanı Arif Hacılı giriş nitqindən sonra, sözü Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərə verdi.

İsa Qəmbər öncə bu müzakirələrin tam zamanında təşkil olunduğunu qeyd edərək, Müsavat Partiyasına buna görə təşəkkürünü bildirdi.

Mif dağıldı

MSDM sədri çıxışında aprelin əvvəlində ordumuzun həyata keçirdiyi hərbi əməliyyatın iki ən əhəmiyyətli məqamını qeyd etdi. İsa Qəmbər bildirdi ki, müxtəlif yorumların olmasına baxmayaraq, hər kəs cəbhə bölgəsində irəliləyişin olduğunu qəbul edir. Belə bir mif vardı ki, ermənilər Rusiyanın köməyi cəbhə xəttində çox güclü müdafiə istehkamları yaradıblar və guya bu istehkamları dağıltmaq mümkün deyil. Cəbhə xəttində ordumuzun irəliləməsi ilə bu mif dağıldı. İkincisi, bu əməliyyatın fonunda cəmiyyətin əhval ruhiyyəsində bir dönüş yarandı. Sübut olundu ki, cəmiyyətimiz torpaq uğrunda birləşməyə hazırdır. Cəmiyyətimizi həm də şəhidlərimiz birləşdirdi.

İsa Qəmbər qeyd etdi ki, Rusiya Qafqazı nəzarətdə saxlamaq üçün Qarabağ münaqişəsindən istifadə edir. Ona görə də, Azərbaycan Rusiyadan gələn ən cəlbedici təkliflərə belə maraq göstərməli deyil. Hakimiyyət Azərbaycanın dövlət maraqlarını güdməli, ordunu gücləndirməlidir. Güclü ordunun, güclü iqtisadiyyatın, güclü dövlətin qurulması isə azadlıqların təmin edilməsindən keçir.

İsa Qəmbər cəmiyyətin bütövləşdiyi bir dövrdə hakimiyyətin AXCP sədri Əli Kərimlinin evinin qarşısında piketlər təşkil etməsini əxlaqsız siyasət adlandırdı. Qeyd etdi ki, hakimiyyət cəmiyyətin bütövləşməsindən qorxduğu üçün siyasi konfrontasiyanı dərinləşdirmək yolunu tutub.

MSDM sədri şəhid ailələrinə, müharibə əlillərinə və ümumilikdə bütün veteranlara dövlət qayğısının artırılmasının vacib olduğunu da bildrdi.

Hakimiyyətin iki səhvi

İsa Qəmbərə çıxışına görə təşəkkürünü bildirən Arif Hacılı Müsavatın ordumuzla və xalqla birlikdə olduğunu vurğulayaraq, hakimiyyətin bu mərhələdə iki ciddi səhv buraxdığını qeyd etdi ki. Birincisi hakimiyyət ordumuzun uğurunu öz adına çıxmaqla vətəndaş həmrəyliyinə zərbə vurur. İkincidi, müxalifətdə olan AXCP sədri Əli Kərimlinin evinin qarşısında biabırçı piketlər təşkil etməklə, cəmiyyətin bütövləşməsi prosesini durdurmağa çalışır.

Arif Hacılı Rusiyanın baş naziri Dmitri Medvedev və onun müavini Dmitri Roqozinin çıxışlarına istinad edərək, Qarabağ münaqişəsinin davam etməsində Moskvanın maraqlı olduğunu və bu məqsədlə hər iki tərəfə silah satmaqda davam etdiklərini bildirdi.

Arif Hacılı qeyd etdi ki, Azərbaycan xarici siyasətdə öz addımlarını Türkiyə ilə uzlaşdırmalı olduğunu, mütərəqqi dünyaya inteqrasiyanı inkişaf etdirməlidir.

Ermənistana şərt qoyulmalı idi

Daha sonra çıxış edən Konfliktoloq Elxan Mehdiyev Rusiyanın Qarabağ münaqişəsində rolu barədə deyilənlərlə razılaşmadı. Elxan Mehdiyevin fikrincə, Ermənistan Rusiyanın dəstəyindən də məhrum olub və bütün dünyadan təcrid edilib.

Elxan Mehdiyev ordumuzun uğurlu əməliyyatı nəticəsində erməni mifinin dağılması fikri ilə razı olduğunu qeyd etdi. Onun fikrincə bu əməliyyat Minsk Qrupunun həmsədrlərinin də fikrində dönüş yaradıb.

Elxan Mehdiyevin fikrincə, rəsmi Bakı uğurla başlayan əməliyyatı dayandırmaq üçün Ermənistanın qarşısına şərt qoymalı idi. Biz avantaj əldə etdikdən sonra əməliyyatı dayandırdıq, amma hakimiyyətin hansısa şərtlər qoyub-qoymadığı məlum deyil.

Məsuliyyət və səlahiyyət bölünməlidir

Daha sonra Real Hərəkatının sədr müavini Natiq Cəfərli çıxış etdi. O qeyd etdi ki, Ermənistanla münaqişənin həlli üçün həm sülh danışıqlarından, həm də hərbi yoldan paralel şəkildə istifadə olunmalıdır.

Natiq Cəfərlinin fikrincə, indi torpaqlarımızın azad olunması üçün əlverişli şərait yaranıb. Hakimiyyət bu şəraitdə həm məsuliyyət, həm də məsuliyyət bölgüsünə baçlamalıdır. Ermənistanda prezident Serj Sarkisyanın keçmiş prezident Levon ter Petrosyanla görüşdüyünü xatırladan Natiq Cəfərli cəmiyyətin mobilizasiya olması üçün Azərbaycanda səlahiyyət və məsuliyyətin bölünməli olduğunu dedi. Hakimiyyətin bunun əvəzinə Əli Kərimlinin evinin qarşısında piketlər təkil etməsinin böyük səhv olduğunu bildirdi.

Rusiyanın Ermənistana dəstək verməsi məsələsinə toxunan Real təmsilçisi, bu məslədə paritetə nail olmaq üçün, ya Türkiyənin də prosesə səfərbər edilməsi, ya da başqa analoji adım atılmasının lazım olduğunu qeyd etdi.

Elə bir uğur yoxdur

VHP-nin sədr müavini Arif İsmayılov cəmiyyətin eyforiyaya qapılmasının anlaşılan olduğunu dedi. Onun fikrincə, ordumuz ciddi bir uğura imza atmayıb, hələ işğal altında olan rayonlarda heç biri azad edilməyib, ona görə də uğurdan danışmaq yersizdir. Arif İsmayılov qeyd etdi ki, ermənilərin güclü müdafiə sisteminə malik olması haqqında mifi də elə bu hakimiyyətin özü yaradıb.

Arif İsmayılov şəhid ailələrinə və Qarabağ qazilərinə qayğının artırılmasının vacibliyindən də danışdı.

Qlobal proseslər xeyrimizə işləyir

Turan agentliyinin direktoru Mehman Əliyev öz çıxışında 2 aprel əməliyatlarını dünyada gedən qeo-politik proseslər prizmasından şərh etdi. Mehman Əliyevin fikrincə, regionda qüvvələr nisbəti ABŞ-ın xeyrinə deyişib. ABŞ Rusiyanı fövqəldövlət olaraq yox, regional dövlət olaraq görmək istəyir.

Mehman Əliyev hesab edir ki, Azərbaycan ordusunun bir qədər irəliləməsi həmsədr dövlətlər tərəfindən razılaşdırılıb. Mehman Əliyev xatırlatdı ki, cəbhə xəttində hərbi əməliyyat İlham Əliyevin ABŞ-dan qayıtdığı və hələ ölkəmizə çatmadığı bir məqamda başlayıb. Bundan sonra həmsədr dövlətlər atəşkəs çağırışı ilə çıxış etsələr də heç bir dövlət Azərbaycan ordusunun irəliləməsinə sərt reaksiya verməyib. Mehman Əliyevin sözlərinə görə, Ermənistan özünü qalib dövlət saydığı üçün Qarabağ münaqişəsinin sülh yolu ilə həlli müşkülə çüvrilib. Ona görə Azərbaycan ordusunun bu mifi dağıltması lazım idi ki, Ermənistan konstruktiv mövqeyə məcbur edilsin. Bu əməliyyat Ermənistana ilk xəbərdarlıq idi, kompromisə getməsələr, əməliyyatların davamı gələcək.

Mehman Əliyevin fikrincə, indi bütün dünyada böyük dəyişikliklər prosesi gedir və bu qlobal proseslər bizim xeyrimizə işləyir. 2019-cu ildə bütün dünyada ciddi iqtisadi yüksəliş gözlənilir. Qərb bu iqtisadi yüksəliş dövrünün resurslarından diktatorların yararlanmasını istəmir. Bu səbəbdən bu illər ərzində antidemokratik rejimlər islahatlara getməyə məcburdurlar, əks halda devriləcəklərini anlayırlar. Mehman Əliyevin fikrincə, bu siyasətlə artıq Rusiya da barışıb və bu səbəbdən Putin hakimiyyəti islahatlara start verib.

Mehman Əliyyev Azərbaycan hakimiyyətinin də islahatlar məcbur olduğunu və artıq bu istiqamətdə ilk addımların atıldığını dedi.

Qələbə üçün 5-7 milyard manat

İstiqlalçı millət vəkili İsgəndər Həmidov  öz çıxışında Rusiyanın işğalçı siyasətini sərt tənqid etdi, Qarabağ münaqişəsinin də elə Moskva tərəfindən yaradıldığını və idarə olunduğunu bildirdi. O, həmçinin son günlərdə özünün cəbhə bölgəsində – Tərtərdə olduğunu bildirdi və toplantı iştirakçılarına bəzi yeni məlumatlar verdi. İsgəndər Həmidov qeyd etdi ki, Talış kəndində 1993-cü ildən sonra heç vaxt mülki əhali yaşamayıb.

Müharibənin qansız mümkün olmadığını deyən İsgəndər Həmidov, şəhidlərin sayının çoxalmasını istəmədiyini, lakin vətən naminə qurbanların verilməsinin labüd olduğunu bildirdi.

İsgəndər Həmidov münaqişəni həll etmək üçün təcrübəli əsgərlərdən və zabitlərdən ibarət hərbi birləşmələrin yaradılmasını, onların təminatı və silah-sursat üçün təqribən 5-7 milyard manat pul xərclənilməsini təklif etdi.

Müzakirələrdə Müsavat başqanının müavinləri Yadigar Sadıqov və Tofiq Yaqublu, analitik Toğrul Cuvarlı, hərbi ekspert Üzeyir Cəfərov, Divan üzvü Alya Yaqublu, yazıçı Mehriban Vəzir, müsavatçı Fəzli Mehdiyev, "Basta” saytının redaktoru Mustafa Hacıbəyli və digərləri iştirak etdilər.

Üzeyir Cəfərov dedi ki, əslində Azərbaycan ordusu genişmiqyaslı əməliyyat aparmayıb, son hərbi əməliyyatlar Beyləqan və Bərdə hərbi birləşmələrinin gücü hesabına həyata keçirilib. Üzeyir Cəfərov hərbi əməliyyatlarda həlak olan zabitlərin sayının çox olması, şəhidlərimizin xeyli hissəsinin minaya düşərək həlak olması haqqında məlumat verdi.

Toğrul Cuvarlı müzakirə olunan məsələləri şərh etməklə yanaşı, bir sıra açıq sualların qaldığını bildirdi. O qeyd etdi ki, bu əməliyyatların başlamasının səbəbi, eləcə də Rusiyanın bu mərhələdə məqsədi və rolu barədə suallara aydın cavab tapılmalıdır. Prosesləri izləməli və müzakirələri davam etdirməliyik.

Tofiq Yaqublu həm Azərbaycanın, həm də Ermənistanın ali baş komandanlarının öz ölkəsində olmadıqları bir məqamda hərbi əməliyyatların başlanmasının müəmmalı olduğunu qeyd etdi. O bildirdi ki, 20 ildən artıq müddətdə Qarabağı azad edə bilməyən indiki iqtidarın dövründə hansısa ciddi hərbi uğurların olacağına inanmır.

Yadigar Sadıqov dedi ki, bu əməliyyatlarda əsas qazancımız cəmiyyətdə, xüsusən gənclərdə vətənpərvərlik hissinin oyanmasıdır. Ən böyük itkimiz isə şəhidlərdir. Müsavat başqanının müavini hakimiyyəti hesabatlı olmamaqda qınadı və cəmiyyətə bu əməliyyatlar haqqında yetərincə məlumat verilmədiyini bildirdi.

Alya Yaqublu hərbi əməliyyatların başlaması səbəbi haqqında hakimiyyətin verdiyi məlumatın inandırıcı olmadığına diqqət çəkdi. Alya Yaqublu şəhidlərin sayının çox olduğunu, dövlətin və cəmiyyətin hər bir əsgərin həyatına sayğıyla yanaşmalı olduğunu bildirdi.

Fəzli Mehdiyev qeyd etdi ki, münaqişənin bu mərhələsində ən çox qazanan tərəf Rusiya olub. Onun fikrincə, Moskva bu yolla Azərbaycanı Kollektiv Təhlükəsizlik Şurasına və Gömrük İttifaqına sürükləmək istəyir.

Mustafa Hacıbəyli qeyd etdi ki, hərbi əməliyyatlar bir fakta çevrildikdən sonra onun qazancları və itkiləri məlumdur. Hakimiyyət cəmi bir həftə əvvəl devalvasiyadan, bahalaşmadan, işsizlikdən narazı olan əhalinin etirazları ilə üz-üzə idi. Diqqəti bu problemlərdən Qarabağ probleminə yönəltdilər, amma Qarabağ problemini də həll etmədilər.

Mehriban Vəzir bu müzakirələri təşkil etdiyinə görə, Müsavat Partiyasına təşəkkür etdi, dinlədiyi çıxışlarda bir çox rəyləri öyrəndiyini bildirdi. O qeyd etdi ki, istənilən məsələdə ictimai rəy həlledici rol oynayır. Qarabağda 3 gün ərzində gedən müharibə ictimai rəyi Azərbaycanın xeyrinə dəyişdirib. Mehriban Vəzir bunun böyük irəliləyiş olduğunu bildirdi. Mehriban Vəzir müzakirə iştirakçılarına təqdim olunan qətnamə layihəsinə də bir sıra təkliflər irəli sürdü.

Müzakirələrə Arif Hacılı yekun vurdu. Müsavat başqanı hər kəsə təşəkkür edərək bildirdi ki, Dəyirmi Masanın qətnamə layihəsinə müzakirələrdə irəli sürülən təkliflər əlavə edildikdən sonra sənəd ictimaiyyətə açıqlanacaq.

 

Mustafa Hacıbəyli, bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300