Azərbaycan müxalifətinin cəbhədəki döyüşdə iştirakı – kim nə yazdı?
Bu gün Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində davam edən gərgin döyüşlər nəinki Azərbaycanın, ümumiyyətlə, bütün dünyanın əsas mövzularından birinə çevrilib. Elə beynəlxalq təşkilatlardan, aparıcı dövlətlərdən tərəflərə edilən müraciətlər, aparıcı dünya mediasının Qarabağda müharibənin alovlanmasına yer ayırması da bunu sübut edir. 

Azərbaycan ordusu bu gün öz sözünü dedi. Ölkə prezidenti başda olmaqla, hökumətin ayrı-ayrı üzvlərinin də baş verənlərə reaksiyasını gördük. Bəs, bir  qayda olaraq "Qarabağ məsələsində iqtidar-müxalifət məsələsi yoxdur, lazım gələrsə, iqtidar təmsilçiləri ilə bir səngərdə düşmənə qarşı döyüşməyə hazırıq” mövqeyindən çıxış edən Azərbaycan müxalifəti cəbhədəki döyüşlərdə hansı səviyyədə iştirak etdi? Bunu araşdırmaq üçün siyasi partiya mənsublarının sosial şəbəkələrdə yazdıqlarına, həmçinin gün ərzində verdikləri açıqlamalara diqqət kəsildik. Məlum oldu ki, ölkə müxalifətinin bir sıra təmsilçiləri baş verənlərə biganə qalmayıb.  


Müsavat Partiyasının başqanı Arif Hacılı feysbuk statusunda "Tərtər, Füzuli və digər bölgələrimizdə yaranan hərbi gərginliklə bağlı vəziyyəti narahatlıqla izləyirik”-yazıb. O, qeyd edib ki, baş verənlər bu gün Müsavatın Məclisində də ətraflı müzakirə olunub: "Məlumat mübadiləsi apardıq, hərbi əməliyyatlar şəraitində üzərimizə düşən görəvləri bir daha dəqiqləşdirdik. Məclisin toplantısına Tərtərdən olan nümayəndələrimiz qatılmamışdılar. Onlar indiki məqamda rayondan çıxa bilməzdilər. Bizimlə yalnız telefonla əlaqə qurub, baş verənlərlə əlaqədar bizi məlumatlandırır, rayon ərazisində öz vətəndaşlıq borclarını yerin yetirirlər”. Partiya sədri daha sonra yazıb: "Müsavat Partiyası olaraq Ordumuza uğurlar arzulayırıq. İstər döyüş əməliyyatlarında iştirak etmək, istərsə də təbliğat və informasiya qovğasında Ordumuza hər cür dəstək verməyə, xalqımızın səfərbərliyi üçün əlimizdən gələni etməyə həmişə hazır olduğumuz kimi indi də hazırıq. Ərazi bütövlüyümüz uğrunda şəhid olmuş hərbi qulluqçularımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik.
Vətən sağ olsun!”


AXCP sədri Əli Kərimlinin feysbuk statusu da diqqət çəkir: "Bir halda ki, işğalçı Ermənistan atəşkəsi pozub, torpaqlarımızın işğaldan azad olunmasını istəyirik! Ermənilərin və havadarlarının bu təxribatını fürsətə çevirməliyik. Müdafiə nazirimiz deyirdi ki, elə ilk toqquşmada düşmən qüvvələrinin 70 faizini məhv edə bilərik. Biz nazirimizə inanmaq istəyirik. Onun bu sözlərinin reallaşmasını arzulayırıq. Buyurun, düşmənin səhvindən istifadə edin. Həm atəşkəsi pozduğuna görə Ermənistanın beynəlxalq səviyyədə qınanılmasına nail olun, həm də torpaqlarımızı işğaldan azad edin. Düşmənə elə dərs verin ki, bir daha bizi atəşkəsi pozmaqla şantaj edə bilməsinlər”. AXCP sədri ardınca bildirib: "Müxalifətdən isə qətiyyən narahat olmayın. Biz Azərbaycanda dövlət qurmuş, Qarabağ üçün savaşmış, şəhidlər vermiş siyasi qüvvəyik. Ordumuza hər cür dəstək verməyə hazırıq”. Ə.Kərimli ardınca tərəfdarlarına müraciət edib:

"1. Hökumətin fəaliyyətinə olan çoxsaylı və ciddi iradlarımıza rəğmən cəbhədə qızğın döyüşlər davam edən müddətdə hökumətin hərb siyasətini, ordu quruculuğundakı səhvlərini təftiş etməyəcəyik.

2. Çalışacağıq ki, orduda ruh düşkünlüyü və inamsızlıq, mülki əhalidə panika yarada biləcək məlumat və mülahizələr yayılmasın.

3. İmkanımız çatan bütün vasitələrlə erməni işğalçılığını beynəlxalq səviyyədə ifşa edəcəyik.

4. Bugünlərdə təbliğatımız əsgər və zabitlərimizdə yüksək döyüş ovqatı, xalqımızda qələbə əzmi yaratmağa xidmət edəcək.

Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə, doğmalarına səbr versin!

Allah əsgər və zabitlərimizi qorusun!”


Ermənilər tərəfindən işğal olunmuş torpaqlarda və ermənilərlə təmas xəttində vəziyyətin kəskin gərginləşməsi ilə bağlı xəbərlərlə əlaqədar  Antiböhran Koalisiyasına daxil olan siyasi partiya və ictimai təşkilatların nümayəndələri təcili məsləhətləşmələr keçirib. Bunu Musavat.com-a AXP lideri Pənah Hüseyn bildirib. O deyib ki, Koalisiya erməni silahlı qüvvələrinin hərəkətləri nəticəsində dinc əhali üçün yaranmış təhlükənin birdəfəlik aradan qaldırılması üçün Azərbaycan ordusunun həyata keçirdiyi tədbirlərə tam dəstək ifadə edilib və bütün xalqa  işğal olunmuş torpaqların azad edilməsində iştiraka hazır olması çağırışı bəyan edilib. 

 Hadisələrin gedişindən asılı olaraq koalisiyanın növbədənkənar toplantısının keçirilməsi məsələsi gündəmdədir.

 
AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin rəhbəri Razi  Nurllayev isə feysbuk ststusunda bunları yazıb: "Cəbhədə uğrumuzda qanını tökən əsgərlərimiz. Biləcəridən o yana keçə bilməyən müğənnilər isə restoranlarda var gücləri ilə mikrofonlara qışqırırlar, məsuliyyət hiss etməyən müştərilər isə ortaya tökülüb itələşə-itələşə oynayırlar. Ayıb olsun! Cəbhə bölgəsində döyüş gedir, itki də vermişik, amma Azərbaycan ordusu düşmənə layiqincə cavab da verir və şükürlər olsun ki, müsbət nəticə də var. 

Bəzi yüksəkliklər geri alınıb. Nə olub olmamasından asılı olmayaraq, müharibə vəziyyətindəyik. Buna uyğun hərəkət etmək vacibdir. Cəbhə bölgəsində müharibə gedirsə, Bakıda konsert, əyləncə təşkil edilməsi yolverilməzdir. Televiziyalar, radiolar da proqramlarına tam dəyişiklik edərək fəaliyyətini qəhrəmancasına döyüşən igid əsgər və zabitlərimizə həsr etməli deyillərmi?” R.Nurullayev bir məqamı da vurğulayıb ki, hər şeyi nə qanun, nə də tapşırıq həll edə bilər: "Vətəndaş başa düşməlidir ki, əsgərinin, zabitinin uğrumuzda qanı axıdılırsa, bizim də borcumuz onlara uyğun hərəkət etməkdir. Yadımdadır ki, 1991-ci ildən başlayaraq avtobus dayanacaqlarında var gücü ilə maqnitafonlar oxuyardı, restoranlar çal-çağır edərdi. 1992-1994-cü illərdə də bu davam etdi. Qana bulaşmış əsgərlər, qolu-qıçı itirilmiş zabitlər, könüllülər xəstəxanalarda dərman tapmırdı və inildəyirdi, ondan 30-40 metr kənarda insanlar yeyib-içir, özlərini müharibə aparan ölkə kimi aparmırdılar. Ayaz Mütəllibov getdi, AXC gəldi, AXC getdi, YAP gəldi, heç nə dəyişmədi. Yenə də cəbhədə qan, vuruş, qolunu-qıçını itirən, ürəyindən mərmi alan əsgərlər, paytaxtda isə əyləncə. Utanıram. Xəcalət çəkirəm. Gərək özümüz dəyişək və özümüzü müharibə aparan, əsgər itirən, başı üzərindən hər zaman təhlükə asılan millət kimi aparaq. Yoxsa, qələbə qazana bilmərik”.


İqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu sosial şəbəkələrdə yazıb: "Gün ərzində cəbhədən daxil olan məlumatları həyəcanla izləyirik. Döyüş qabiliyyəti yüksək olan milli ordumuzun qələbə xəbərləri bizi sevindirir və ruhlandırır. Əldə edilmiş zəfərin ardıcıl və davamlı olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə dönüş mərhələsinə çevrilməsi hər birimizdən məsuliyyət və həmrəylik tələb edir. Biz də Azərbaycan Demokratiya və Rifah Hərəkatı olaraq, bu şərəfli mübarizədə dəstəyimizi ifadə edir, yaralanlarlara şəfa, həlak olan şəhidlərimizə allahdan rəhmət diləyirik”.

****
 
Parlament müxalifəti də cəbhədə baş verənlərə reaksiya verib. 


BQP sədri, deputat Fazil Mustafa sosial şəbəkədəki şəxsi səhifəsində günün baş mövzusundan bəhs edib: "Tərtər və Adam bölgəsində gedən döyüşlərdə ordumuzun mübarizəsini hamımız birlikdə canı-könüldən, dualarımızla dəstəkləyirik. Bu yerlərdə hərbi-strateji mövqelərlə bağlı az-çox bilgim olduğuna görə irəliləmənin relyefə görə nə qədər çətin olduğunu söyləyə bilərəm. Bununla belə əsgərlərimizin fədakarlığı ilə bütün maneələrin aşalacağınına inancım böyükdür. Cəbhə xəttindən verilən xəbərlərdə hansısa panika yaradacaq davranışlardan çəkinməklə yanaşı, real olmayan xəbərlərlə süni ruh yüksəkliyi yaratmaqdan da uzaq durmaq lazım. Tam dəqiqləşdirilmiş rəsmi məlumatlardan sonra hansısa mövqenin ələ keçirilməsini bildirmək, sevinclə status və ya xəbər paylaşmaq daha doğru addım olardı məncə. İlkin informasiyaya görə 12 şəhidimiz var, Allahdan onlara rəhmət diləyirəm, yaralı əsgərlərimizə və mülki vətəndaşlara da şəfa diləyirəm. Allah ordumuzu müzəffər etsin!”


"Milli Ordumuzun qəhrəman əsgərlərinin işğalçı orduya sarsıdıcı zərbə endirərək torpaqlarımızın kiçik bir parçasını işğaldan azad etməsi Ermənistanda böyük vahimə yaradıb, onun havadarlarını təşvişə salıb”. Bu fikirlər isə  Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevə məxsusdur. 

Partiyanın mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, BAXCP sədri deyib ki, Azərbaycan Ermənistanın havadarlarının təzyiqindən çəkinməməli, düşməni danışıqlar masasında daha konstruktiv mövqe tutmağa məcbur etməlidir: "Azərbaycan bir daha bəyan etməlidir ki, torpaqlarının bundan sonra da işğal altında qalması ilə barışmayacaq. Azərbaycan BMT TŞ-nın təcili iclasının çağırılmasını və orada BMT TŞ-nın işğal olunmuş ərazilərimizin qeyd şərtsiz azad olunmasına dair qətnamələrinin icrasını tələb etməlidir. Mən torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizə allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə baş sağlığı verir, səbr diləyirəm”.


Müsavat başqanının müavini Tofiq Yaqublu sosial şəbəkədəki şəxsi səhifəsində yazıb:"Ordumuz ciddi uğur əldə edib, Talış, Seysulan kəndlərini və bir neçə strateji mövqeni ələ keçirib. Bax, belə düşmənə göstərməliyik ki, nə qədər gec deyil, torpaqlarımızı boşaldın. Yoxsa sizin üçün daha pis olacaq. Azərbaycan əsgəri, səninlə qürur duyuruq. Bircə qorxum var ki, deyilənlər yalana çıxmasın. Bunun ən yaxşı yolu o, olardı ki, Müdafiə Nazirliyi azad edilmiş kəndlərdən və mövqelərdən operativ çəkilişlər edib, yayımlayardı".


Ümid Partiyasının sədri İqbal Ağazadə də cəbhədə baş verənlərə nikbin yanaşması ilə diqqət çəkib. Sosial şəbəkədəki şəxsi səhifəsində partiya sədri yazıb: "Gün ərzində cəbhə xəttindən aldığımız məlumatlar həm üzücü,həm də sevindirici oldu. İşğaldan azad edilən kənd və strateji yüksəkliklərlə yanaşı, itkilərimiz də var. Allah şəhidlərimizə rəhmət etsin, başımız sağ olsun, Vətən yaşasın! İnanıram ki, biz bir gün mütləq Şuşada, Kəlbəcərdə, Laçında bayrağımızı dalğalandıracağıq. İnanıram ki, bir gün Göyçə gölünün dumduru sularına tamaşa edəcəyik. İnanıram ki, bir gün Cənubi Qafqazın gerçək lideri olacayıq-ədalətli, demokratik, güclü və güvənli vətənimiz olacaq... Niyə də olmasın?! Cəmiyyətimizin ən ümdə arzusu bu deyilmi? Arzulayırıqsa, edəcəyik-ümidlə o günü gözləyir,Ümidlə o günə gedirik..."


 E.PAŞASOY
musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300