Müsavat başqanının müavini, köşə yazarı Tofiq Yaqublu həbsdən sonra

"Yeni Müsavat”a gəldi və məhbəs xatirələrini danışdı 

 

Mart ayının 19-da prezidentin əfv sərəncamı ilə azadlığa buraxılmış Tofiq Yaqublu dünən
redaksiyamızın qonağı oldu. Çoxdandır bu mənzərəni gözləyən, bunu arzulayan
əməkdaşlarımız üçün bu ziyarətin anlamı, gözəlliyi bir başqa idi. Həbs olunan zaman
qəzetimizin köşə yazarı olan Tofq Yaqublu öncə kollektivin üzvləri ilə görüşdü, qəzet və
sayt səhifələrində ona dəstək verdikləri üçün kollektivə minnətdarlığını bildirdi. 

Daha sonra isə baş redaktorumuz Rauf Arifoğlu, müsavat.com saytının
redaktoru Xalid Kazımlı, "Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli,
eləcə də bu sətirlərin müəllifinin iştirakı ilə geniş bir söhbət etdik. Məhbəs
həyatından, gələcək planlarından, dəyişən-dəyişməyən fikirlərindən danışan
Tofiq bəy bütün suallara aydınlıq gətirdi. 
 

Amma T.Yaqublu redaksiyamızda olduğu vaxt AXP sədri Pənah Hüseyn
və sabiq baş prokuror İxtiyar Şirin onunla görüşmək üçün redaksiyaya
gəlmişdilər. Müsahibə başlamazdan öncə P.Hüseyn T.Yaqubluya
görkəmli şair Ramiz Rövşənin vaxtilə Bayıl türməsində cəza çəkdikləri
zaman onlara yazdığı yazıdan bir cümləni xatırlatdı: "Bayır iylənir,
Bayıl isə soyuqdur, orda hər şey təmiz qalır...”

Qonaqlar gedir, jurnalistlərin söhbəti başlanır. Söhbəti klassik sualla
R.Arifoğlu açır.

- Hər şeydən əvvəl..  Necəsiz? 

- Ümumən normal. 

- Son illərdə qaldığınız 13 saylı cəzaçəkmə müəssisəsi çox
şəraitsizdir. İqlim olaraq da yaxşı yerdə yerləşməyib. (R. Arifoğlu
da həmin müəssisədə 4 ay cəza çəkib - red.) 

- Ora gedənə qədər də eşitdiyimiz məlumatlar belə idi ki, ən aşağı
kommunal şəraiti olan cəzaçəkmə müəssisəsi Güzdəkdə yerləşən
13 saylıdır. Həqiqətən çox pisdir.

S.Telmanqızı: 

- Yolları da pisdir. 

- Məndən həmişə bu yol haqqında soruşanda deyirdim ki, biz
oranın yollarını bir gedəndə görmüşük, bir də çıxanda. Cəmi iki dəfə.
 Çox pis külək olur. Ətrafda daş karxanaları var. Külək olanda tozdan
göz gözü görmür, inanın. 

R.Arifoğlu: 

- Nə qədər vaxt qaldınız orda? 



- Mən 2014-ci il oktyabrın 3-dən ordaydım. 3 qış keçirdim orda. 

S.Telmanqızı: 

- Amma ən rahat dönəminiz Şəkidəki təcridxanada olduğunuz
vaxt idi, deyəsən. 

- (Zarafatla) Bu məsələdə rekordlar qırdım. Əvvəlcə Kürdəxanıda oldum,
sonra Gəncə həbsxanasına apardılar. İki ay orda qaldım. Hər dəfə də
təkadamlıq kamerada idim. Təkadamlıq superdir. Çünki həm gigiyena,
həm sakitlik, təkbaşına kitab oxuya bilmək imkanları baxımdan təkadamlıq
uyğundur. 

R.Arifoğlu: 

- Kitab oxuduz yəni... 

- Xeyli oxudum. 

R.Arifoğlu: 

- Bəs kitab yazmaq necə, onunla da məşğul olduz? Siz eyni zamanda
çox yaxşı yazarsız. Köşə yazarlığından başqa da cəbhə gündəlikləriniz
var. Türmə xatirələrinizdən ibarət kitabınız olacaqmı? 

 

- Türmədə gündəlik yazmadım... Mən müharibədə olanda niyə yazırdım?
Düşünürdüm ki, qayıtmaya bilərəm. Qoy olub-bitənləri qara qutu kimi,
bir yerə yazım. Qeydlər apardığım dəftərçənin üstünə də əmim oğlunun iş
telefonunu yazıb qoymuşdum ki, başıma bir iş gəlsə, kimsə onu həmin
nömrədəki adama çatdırsın. O zaman ev telefonu, cib telefonu filan yox idi.
Mənim rəhmətlik nənəm müharibədə ölən Muxtar babam haqqında danışırdı ki,
"Nə ölüsünü bildik, nə dirisini. Ölü kağızını da almadıq, bilmədik harda qaldı”.
Mən də bunu eşitmiş adam idim, ona görə istəyirdim kİ, yazdıqlarım qalsın.
Bir dəftərçəni yazıb dolduran kimi evə yollayırdım. 

R.Arifoğlu: 

- İndi saat 1-ə 15 dəqiqə işləyib. Zonda olsaydınız, bu dəqiqələrdə nə
edəcəkdiz? 

- Yemək yeyəcəkdik. 



R.Arifoğlu: 

- Kiminlə? Türmədə "xlebnik” deyilən bir anlayış var. Sizin "xlebnik”iniz
kim idi? 

- Fərəc Kərimli və Gürcüstandan bir oğlan. Türmədə "Əhl” deyilən qeyri-rəsmi
oluşum vardı. Bu, rayonlar, regionlar üzrə qruplaşmadır və bir növ,
yardımlaşmaq institutudur. Bunu oğru dünyası təsis edib və illərdir ki, fayda
verərək, işləyən mexanizmdir. Türməyə təzə gələn adamın problemlərini
həll etmək ilk 15 gündə "Əhl”in üzərindədir. Bu problemlərin sırasına yeni gələn
məhbusun yataq, telefon məsələsi, yeməyini təmin etmək daxildir.  Bu 15 gündə
sən adaptasiya olunursan, evə zəng edirsən, problemlərin həll olunur. 15 gündən
sonra sən olursan adi birisi. Mən ora gedəndə orda siyasi məhbus yox idi. Ancaq
Əli İnsanov idi siyasilərdən. 

S.Telmanqızı: 

- İlk gələndə münasibət necə idi? Məsələn, girdiz zona. Sizi "Əhl" qarşılayır? 

- "Əhl” qarşılayır. 

R.Arifoğlu: 

- Haranın əhli? Bakı, yoxsa Borçalı? 

- Borçalı. 

R.Arifoğlu: 

- Niyə Borçalı? Siz Bakıda yaşaya-yaşaya niyə sizi Borçalıdan olan
"Əhl" qarşılayıb? Kökəncə Borçalıdan olmanızmı buna səbəbdir. 

- Bəli. "Əhl” deyilən qeydiyyat-yaşayış yerinə görə yox, doğum-kökən prinsipi
ilə təşkil olunub. Mən gəlməmişdən qabaq orda qərara almışdılar ki, məni də
Borçalı əhli qarşılasın. Orda bilirlər ki, kimlər gəlib, indi karantindədir və sair.
Məni, sadəcə, deyilən vaxtdan 2 gün tez buraxdılar. Mən də qəfil gəldim.
Gürcüstanlı uşaqlar dərhal qarşıladılar. 
S.Telmanqızı:




- Siyasi məhbuslara münasibət özəl olur? 

- Sözsüz hörmət var.  İkinci-üçüncü dəfə türməyə düşən adamlar vardı orda.
İnanın ki, dəhşət idilər. Ömründə kitab görməyən, kriminal tiplərdir. Cəmiyyət
bu gündədirsə, türmə də onun bir hissəsidir. Eləsi də vardı ki, təsadüfən
cinayət törətsə də,  zamanında bir ailə tərbiyəsi görmüşdü. Amma küçədə
böyüyən, söyüşdən, qışqırıqdan, davadan başqa heç nə bilməyənlər də
vardı. Onların heç  siyasətdən də anlayışları yoxdur. Amma tutulanların
əksəriyyəti hökumətdən narazıdır. Hökumətin məhkəməsi bunlar barədə
qərar çıxarıb, polis bunları tutub, müstəntiq bunlara iş kəsib. Ona görə də
assosiasiya belədir ki, siyasi məhbuslar da onlarla eyni cərgədədirlər. Ona görə
də rəğbətlə yanaşırlar. Orda hara gedirsənsə növbə olurdu. Xüsusilə ailə ilə
telefonla danışma məntəqəsində ciddi sıra var idi.  Amma ümumi qərar
qəbul olunmuşdu və məni növbəsiz buraxırdılar. Hətta mən buna etiraz edəndə,
qayıdıb dedilər ki, belə etməniz bizə qarşı hörmətsizlikdir,  biz jest etmişik, siz
buna layiqsiz. 

S.Telmanqızı:

- Siyasi məhbusların yaxınlarında hər zaman belə narahatçılıq olur ki,
içəridə ona qarşı hər hansı təxribat ola bilər, öyrədilmiş adamların
vasitəsilə nəsə edilər və sair. Siz nə zamansa belə situasiya ilə qarşılaşmısız? 

- Mən tutulan gündən çıxana qədər münasibət normal idi. Kürdəxanıdan Gəncəyə,
Şəkiyə qədər heç bir türmədə özümə qarşı pis heç nə görmədim. 

R.Arifoğlu: 

- Mən istəyirəm o bayaqkı "xlebnik” səhnəsini tamamlayaq. Əvvəla,
orda kiminlə çörək yemək çox önəmlidir. Çünki orada biri ilə çörək
kəsmək insanları bir-birinə bir ömür bağlayır. Az öncə "xlebnik”lərinizin
adını sadaladız, amma Əli İnsanovun adı ordan çıxmadı...


- Əli İnsanov özü təkcə olardı və yanında da bir nəfər ona kömək edəni vardı.
Bir var ümumi yeməkxana, bir də var təkcə özlərinin yemək bişirdikləri yer.
Əli müəllimin ayrıca bir barakda yeri vardı. Naharını edir, sonra isə həmin yeri
onun üçün yığışdırırdılar və gedirdi. 

S.Telmanqızı:

- Deyəsən, Əli İnsanov ehtiyatlanırdı. Zəhərlənmə ehtimalı barədə mediada
tez-tez yazılırdı... 

X.Kazımlı: 

- Onun barəsində çox vasvası adam olması rəyi vardı. Deyilənə görə, hətta
hansısa qapıya əlini vurmazdan əvvəl onu spirtli dəsmalla silirmiş... 

R.Arifoğlu: 

- Bir eks nazirin, YAP-çının türmə gününü anladın bizə... Necə başlanırdı
günü, necə keçirdi, nə edirdi? 



- Bir insan kimi, türmə yoldaşı kimi çox yaxşı insandır. Orda da öz peşəsində
idi, insanları müalicə edirdi, xəstə olanlara məsləhət verirdi. Hətta evində xəstəsi
olan məhbuslar, həbsxana işçiləri belə ondan məsləhət alırdı. Əli müəllim də
məsləhət verir, dərman yazır və kömək edirdi. Onun ciddi bir qrafiki vardı.
Səhər tezdən oyanar, bir saat gərgin idman edərdi. Qar yağsın, dolu yağsın,
fərq etməz. Qaçır, "jim” edirdi. Səhər yeməyindən sonra mütləq oxumalı idi.
Həftədə 5 dəfə vəkilləri yanına gəlirdi. Əli müəllim biz zona gələndə çox sevindi.
Düzdür, dedi ki, sizin azadlıqda olmağınızı istəyirəm, türməyə düşməniz
üzücüdür. Amma bununla belə, danışmağa adam tapıldığı üçün də sevindi. 

X.Kazımlı: 

- Onun nə qədər vaxtı qalıb? 

T.Yaqublu: 

- 5 ay yarım qalıb. 

S.Telmanqızı: 

- Azadlıqda olanda onunla bağlı yaranmış bir təəssürat vardı: bir az
əzazil, acıdil... 

- Bu adam doğrudan da sözübütöv, prinsipial adamdır. YAP-da o, vəzifədə
olub, heç kim üçün sirr deyil. 

S.Telmanqızı: 

- İsrarla əfv ərizəsi yazmadı. Bunu necə izah edirdi? 

- O cür adam bunu heç cür özünə sığışdırmaz. 

R.Arifoğlu:  

- Səhhəti, sağlamlığı necədi? 

- Normal. 

R.Arifoğlu:  

- Əli İnsanovun neçə yaşı var? 

- 70 oldu. 

R.Arifoğlu:  

- Həbsdən çıxandan sonra Azərbaycanda yaşayacaqmı? 

- Məncə, burada yaşayacaq. 

R.Arifoğlu:  

- Planları necədir? Məsələn, partiya yaradacaqmı? Çoxları düşünürdü
ki, Tofiq Yaqublu Əli İnsanovu Müsavat Partiyasına gətirəcək. Onun
gələcəkdəki siyasi addımları barədə müzakirələriniz oldumu? 

- Siyasi prosesləri səhərdən-axşama qədər müzakirə edirdik. Ölkə xaricində,
beynəlxalq aləmdə... Bir siyasi klub yaranmışdı, orda müzakirələr gedirdi... 

R.Arifoğlu: 

- Kimlər vardı orda? 

- Pərviz Həşimli, Fərəc Kərimli, İlkin Rüstəmzadə, Anar Məmmədli, Əbdül
Əbilov... 7 nəfər idik. 


R.Arifoğlu: 

- Türmə termini ilə desək, "qara dustaqlardan” ora qatılan olurdu? 

- Xeyr.  Onlar bizim diskussiyalara qatılmırdı. Amma arada gəlib sual verən,
hansısa məsələyə münasibətimizi öyrənmək istəyən olurdu. 

R.Arifoğlu: 



- Bir sözlə, Əli İnsanov türmədən çıxandan sonra hansısa partiya yaratmaq
və ya partiyaya qoşulmaqla bağlı planı olduğunu demədi..

- Xeyr.  Mən ona bu cür suallar verməz, onu partiyaya dəvət etməyi rəva
bilməzdim. Amma hesab edirəm ki, çıxandan sonrakı bir həftə ərzində onun
nə edəcəyi bəlli olacaq. Amma Müsavata və ya Cəbhəyə gedəcəyini düşünmürəm,
mənim qənaətim belədir. 

- Bəs azadlığa çıxacağına əmin idimi? Çıxmağa qoymayacaqları ilə bağlı bir
narahatçılığı var idimi? 

- Var idi. Mən də düşünürəm bunu. Bu adam 10.5 ildir ki, içəridədir. Barəsində Avropa
İnsan Haqları Məhkəməsinin qərarı var. Əgər bu günə qədər də onu buraxmırlarsa,
birinci variant odur ki, günə gün cəzasını çəkəcək. İkinci variant isə ona qarşı hər
hansı planın olması, azadlığa çıxmasına imkan verilməyəcəyidir. 

X.Kazımlı: 

- Azərbaycanda siyasi məhbuslarla bağlı iki variant olur. Ya günə gün cəzasını
çəkir, ya da müddətindən əvvəl, əfv fərmanı ilə azadlığa buraxılırlar. Məsələn,
Qurban Məmmədovu günə gün yatırdıb, sonra buraxıblar. 

R.Arifoğlu: 

- Türmənin kitabxanasında hansı kitablar var idi? 

- Qəşəng kitabxana var idi. Ölkə başçısının sərəncamı ilə dünya ədəbiyyatı
inciləri nəfis nəşr olunub. Penitensiar Xidmət də oradan götürüb və
türmələrə paylayıb. Dustaqların böyük əksəriyyəti gedib dini kitablar oxuyurlar.
Bu dəhşət idi... İkinci kateqoriya isə Çingiz Abdullayev, Çingiz Elatlı tipli
detektivləri oxuyurdular. Asdım-kəsdim janrında...

R.Arifoğlu: 

- Niyə deyirsiz ki, dini ədəbiyyat oxumaq dəhşətli şeydir? 

- Təsəvvür edin ki, onlardan bəziləri həmin o dünya ədəbiyyatından bir neçə kitab
götürüb apardı. Biz də sevindik ki, nə yaxşı bunlar belə kitabları da oxuyurlar.
İki gün sonra o gözəl kitabların içini yazıb-çizib geri qaytardılar. Oğru jarqonu,
etikadan kənar sözlərin hamısını o kitabların içinə yazıb gətirmişdilər.  
Dini ədəbiyyatı oxuyanları  qəbul etməməyimin səbəbi var. Çünki onlar
birmənalı şəkildə deyirlər ki, dünyəvi kitabları oxumaq haramdır. Onlar
məsciddə yığılırlar. Biri gəlib dünyəvi ədəbiyyatdan birini götürmüşdü. Onu az
qala döyürdülər ki, sən ancaq Quran və dini ədəbiyyat oxumalısan. Bizsə
deyirdik ki, hər iki janrdakı kitabları oxuyun, çünki biz dini ədəbiyyatı da
oxuyurduq və polemika zamanı hazırlıqlı idik. 

X.Kazımlı: 

- Tofiq Yaqublu hələ azadlıqda olanda Qurana 120 maddəlik təfsir yazmış
adamdır... 

R.Arifoğlu:  

- Qurana bu günə qədər 100 min adam təfsir yazıb, amma Qurana
heç nə olmayıb... 

T.Yaqublu:

- Amma ordakı təhlükə nədən ibarət idi, bilirsizmi? O vəhabilər birmənalı
şəkildə deyirdilər ki, çıxacağıq və bircə fətva gəlsin, universitetləri,
kinoteatrları dağıdacağıq. Mən ora təzəcə getmişdim. Orda şiə və vəhabilər
arasında ciddi toqquşma oldu. Qoşun yeritdilər, yoxsa qırırdılar bir-birini. 

R.Arifoğlu:  

- Hansılar daha çoxdur, türmələrdə? Şiələr, ya vəhabilər? 




T.Yaqublu: 

- Şiələr. Amma şiələrlə danışmaq olur, söz dinləyirlər. O birilərinə söz
deyirsən, gözü-başı qaçır... (gülür)

S.Telmanqızı: 



- Amma hər təcridxanada bu dini əhval ayrı cür olar yəqin ki.
Məsələn, Şəkidəki ilə Gəncədəki və ya 13 saylı cəzaçəkmə
müəssisəsindəki bir-birindən fərqlidir çox güman. 

T.Yaqublu: 

- Dustaqlar arasında İŞİD-ə simpatiyanı mən ilk dəfə Şəkidə müşahidə
etdim. Təsəvvür edin, efirdə baş kəsmə səhnəsini göstərirlər, dustaqlar
"Allahu əkbər” deyə qışqırır. İnanın, gəlirlər televizorlara baxırlar. İŞİD-lə
bağlı nəsə hərəkətli bir xəbər olanda qürur duyurlar, bir-birini təbrik
edirlər. Yox, əgər İŞİD-lə bağlı hansısa əməliyyat gedibsə, qüvvələri
zəifləyibsə, bunlar qəmginləşir. 






Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300