Bakıda PKK-ya aid kitabı kim çap edib, kim yayır?
Bakıda PKK lideri Abdullah Öcalana həsr olunan kitab satılması haqqında məlumat yayılıb. 

Məlumat ilk olaraq sosial şəbəkədə yayılsa da sonradan bunu bir çox saytların xəbər formasına salması ilə, məsələ ictimaiyyətdə geniş müzakirə obyektinə çevrilib.  Belə ki,  Müslüm Yücelin "Abdullah Öcalan – Amaradan İmralıya” kitabının  fotosu paylaşılaraq, bunun "Əli və Nino” kitab mağazaları şəbəkəsində satıldığı iddia olunub. Kitabda Öcalanın terrorçu kimi deyil, bir qəhrəman kimi təqdim edilməsi bildirilir. 

Məsələ ilə bağlı adını çəkdiyimiz mağaza ilə sıx əməkdaşlıq edən "Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu ilə əlaqə saxladıq. Ş. Xuduoğlu "Yeni Müsavat”a bildirib ki, bu kimi kitabların çap edilməsi və yayılmasını doğru  hesab etmir:
"Ümumilikdə kitabların çap edilməsinin tərəfindəyəm. Ancaq elə kitablar var ki, onların yayılmasını, əlbəttə ki, istəmərəm. Qeyd edilən məsələyə gəlincə isə Öcalan minlərlə insanın qanının axmasına səbəb olan bir adamdır. Onun kitabının  hər hansı bir formada yayılmasını istəmərəm. O cümlədən  mənə də dəfələrlə bu kimi kitabları çap etməyim üçün müraciətlər olub. Misal üçün, Hitlerin "Mənim mübarizəm” kitabı ilə bağlı müraciətlər almışam. Ancaq  mən bu kitabı çap etməmişəm. Hesab edirəm ki, insanlara daha çox insani dəyərləri aşılayan kifayət qədər kitablar var ki, onları nəşr edərək yaymaq lazımdır. Nəinki aqressiyanı təbliğ edən, qisasçılığı yayan kitabları... Şəxsən bir daha qeyd edirəm ki, bu cür kitabların yayılmasına tərəfdar deyiləm”.

"Əli və Nino”da bəhs etdiyimiz kitabın satılmasına gəlincə isə Ş.Xuduoğlu aşağıdakıları bildirib:
"Məncə, bu məsələ artıq təkzib olunub. Çünki qeyd etdiyimiz mağazalar şəbəkəsində, ümumiyyətlə, belə bir kitab satılmayıb. Sosial şəbəkələrdə kitabın şəkili paylaşılaraq, mağazanın adı çəkilib. Ancaq hesab edirəm ki, burada qərəzli münasibət var, çünki qeyd etdiyim kimi orada belə bir kitab satılmayıb”.

Onu da qeyd edək ki, Azərbaycan PKK-nı rəsmi qaydada terrorçu təşkilat kimi tanımasını elan etməyib. Bu halın, PKK ilə bağlı kitabların ölkədə sərbəst formada satılmasına təsiri barəsində isə "Yeni Müsavat” qəzetinə deputatAydın Mirzəzadə münasibət bildirib. O söyləyib ki,  Azərbaycanda xaricdəki təşkilatların terror təşkilatı kimi tanınması  praktikası yoxdur:
"PKK qonşu və dost Türkiyənin  ərazi bütövlüyünü şübhə altına alan, orada terror aktı  törədən bir siyasi  təşkilatdır. Türkiyəyə təhdid göstərən istənilən təşkilat avtomatik şəkildə, hər hansı bir parlament qərarı olmadan  Azərbaycana da artıq düşmən təşkilat kimi qəbul edilir. Bəhs edilən kitabın Bakıda satılması informasiyası ilə rastlaşmamışam. Lakin əgər belə bir hal varsa, o zaman bununla Azərbaycanın hüquq-mühafizə orqanları ciddi şəkildə məşğul olmalıdırlar”.

Xatırladaq ki, 2004-cü ildə   "Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Adolf Hitlerin "Mənim mübarizəm” əsərini Azərbaycan dilinə tərcümə edərək, yaydığına görə, onun barəsində cinayət işi açılmışdı. Öcalandan bəhz edən kitabın Bakıda satılması ilə bağlı 

Əvəz Zeynallının da fikrini aldıq. O "Yeni Müsavat”a bildirib ki, PKK türk millətinin düşmənidir:
"Bu təşkilatı Türkiyənin dostları və  Avropa dövlətləri terror  təşkilatı elan edib. Bu, 35  mindən çox türk əsgərini, 30 mindən çox mülki vətəndaşı  öldürən qanlı təşkilatdır. Bu baxımdan  PKK-nı  təbliğ edən ədəbiyyatın yayılmasına fikir olaraq qarşıyam. Doğrusu, həmin ədəbiyyatı oxumamışam.  Ancaq bunu mənim tərcümə etdiyim Hitlerin kitabı ilə qarışdırmamaq lazımdır. Hitlerin kitabı tarixi və ideoloji kitabdır. Böyük bir dünya müharibəsinin yaranmasına səbəb olub.  Kitabın da tərcüməsi ideoloji məsələdir. PKK-nın təbliği isə başqa məsələdir”. 

Əli Rais-musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300