"Xalqımız tezliklə bu apatik vəziyyətdən çıxıb taleyini öz əlinə alacaq”

10 gün keçdi. Novruz bayramı ərəfəsində həbsdən azad olunan siyasi məhbuslar gözaydınlığa gələnlərlə görüşlərini başa vurub, ölkədəki vəziyyət haqqında bilgilərini dəqiqləşdirmək imkanı qazandılar. Onların görüşlərini oxuculara çatdırmağa çalışacayıq. İlk müsahibimiz Müsavat başqanının müavini, artıq keçmiş vicdan məhbusu Yadigar Sadıqovdur.

 – Yadigar bəy, sizi konkret nəyə görə həbs etdiklərini guman ki, özünüz yaxşı bilirsiz. Yəni, rəsmi ittihamın şərləmə olduğu məlumdur.  Sizi niyə tutmuşdular? Və niyə buraxdılar?

– Təbii ki, müxalif mövqeyimə görə. Sosial şəbəkələrdə kifayət qədər fəal idim və hakimiyyətin ağrılı yerlərinə toxunurdum. Deyilənlərə görə, çox kreativ, məhsuldar  fəaliyyət göstərirdim. Hakimiyyətin səbr kasasını daşdıran isə, zənnimcə, 2013-cü ilin yanvarında İsa Qəmbərin Lənkəran səfərini təşkil etmək üçün göstərdiyim 2 cəhd oldu. Bundan sonra həbsimə qərar verildi. Həm də prezident seçkiləri yaxınlaşırdı və iqtidar hesab etdi ki, həbsdə olmağım onlara daha az başağrısı gətirər.
Buraxılmağım isə çox güman ki, iqtisadi amillərlə bağlıdır. Neft qiymətlərinin düşməsindən sonra rejimin xarici maliyyə strukturlarına ehtiyacı yaranıb. Qərblə münasibətləri düzəltmədən isə bu strukturların yardımına ümid etmək olmaz.

– Azadlığın ilk günlərinin təəsüratı nədir? Ölkədə nə dəyişib, nə yox?

– Ölkədə rifah halı kəskin pisləşib. Həbsimdən öncə də normal deyildi, indi isə lap bərbaddır. Bunu həm öz müşahidələrim, həm də vətəndaşlardan eşitdiklərim əsas verir söyləməyə. Müvafiq olaraq narazılıq da çoxalıb.

– Müsavat başqanının müavinisiniz, Bakıda, yoxsa Lənkəranda yaşayacaqsınlz?

– Bakıda yaşamağın yolları haqqında düşünürük.

– Etnik gərginliyin yaradılması cəhdləri olan regionda yaşayırslnız , burada münüsibətləri yaxşı bilirsiniz,  bu məsələrlə ciddi məşğul olmaq niyyətiniz varmı?

– Bildiyiniz kimi, həbsimə qədər İsa Qəmbərin milli məsələlər üzrə müşaviri idim. Müavin kimi belə sahə nəzərdə tutulmasa da, bu mövzu üzrə yenə də fəaliyyət göstərmək fikrindəyəm. Məsuliyyətli bir dövrə qədəm qoyuruq, milli münasibətlər kimi vacib sahəni gözardı etmək olmaz.

– Hakimiyyət günahsız insanları həbs edir, sonra azadlığa buraxmaqla hansısa siyasi məqsədlərinə çatır. Kramer bunu məhbuslarla alver adlandırıb. Hakimiyyətin yoxdan özünə belə bir siyasi vasitə yarada bilməsi  fərasət deyilmi?

– Kramer haqlıdır. Yadınıza bir şeyi salmaq istəyirəm. Bir neçə il öncə İranda 2 azərbaycanlı şair həbs olunmuşdu. Bunun guya əvəzini çıxan iqtidar "Səhər” telekanalının müxbiri həbs etdi. Halbuki o da Azərbaycan vətəndaşı idi.

Öz vətəndaşlarının girov götürülərək alver predmetinə çevrilməsi, ən yumşaq şəkildə ifadə etsək, biabırçılıqdır. Mən bunu fərasət adlandırmazdım. Elə şeylər var ki, hətta hakimiyyəti qorumaq naminə rəva görülməməlidir. Vətəndaşlara olmasa da, heç olmasa özünə hörmət edilməlidir.

– Müxalifət, sizcə, niyə hakimiyyətə gələ bilmir? Bu vəziyyət, sizcə nə vaxt bitəcək, hakimiyyətin dəyişməsi nədən asılıdır?

– Hakimiyyəti dəyişmək üçün ilk növbədə xalqın fəallığı, daha sonra da beynəlxalq dəstək lazımdır. Əsrimizin əvvəllərində xalqın fəallığı olsa da, beynəlxalq dəstək qazana bilmədik. Əksinə, Azərbaycanda təsir imkanları olan bütün dövlətlər "varis” planına dəstək verdilər. 2003-cü il seçkiləri zamanı Müsavat Partiya təəssüf ki, təkcə hakimiyyətlə deyil, beynəlxalq qəsdlə üz-üzə qaldı. Təbii ki, qüvvələr nisbəti çox qeyri-bərabər olduğundan məğlub olduq. Bu gün isə beynəlxalq şərait daha münasib görünür, lakin toplum fəal deyil. Narazılıq böyük olsa da hələ ki, xof və ümidsizlik daha çoxdur. Lakin əminəm ki, bu müvəqqəti haldır. Xalqımız tezliklə bu apatik vəziyyətdən çıxıb taleyini öz əlinə alacaq.
Mustafa Hacıbəyli, bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300