sirmemmed

Dostlar! 1958-ci il noyabr ayının 18-də "Azərbaycan Kommunist Partiyasının tarixi” kitabının müzakirəsi ilə bağlı müşavirəni giriş sözü ilə Azərbaycan KP MK katibi Abdulla Bayramov açdı. Tədbirdə Sov.İKP MK yanında Marksizm-Leninizm İnstitutunun direktorunun müavini, professor Nikolay Şataqin başda olmaqla Moskvadan, Gürcüstandan, Ermənistandan, Dağıstandan, Qazaxıstandan, Türkmənistan və Tacikistandan marksizm-leninizm institutlarının filiallarının rəhbərləri və tanınmış partiya tarixçiləri iştirak edirdilər.

Kitabda məsələlərin yeni formada qoyulması ilə razılaşmayan əsas iddiaçılar adından Bakıda yerləşən Zaqafqaziya Ali Partiya məktəbinin kafedra müdiri, professor Pyotr Valuyev çıxış etdi. Valiyev Azərbaycanda kapitalizmin olmaması barədə Stalinin X qurultaydakı yekun sözü üzərində geniş dayandı və "Bakının Azərbaycanın bətnindən çıxmadığı, onun Nobel və digər kapitalistlər tərəfindən tikildiyi” barədə Stalinin müddəasını "faktoloji materiallarla” əsaslandırmağa çalışdı. Stalin vaxtilə bu müddəanı ona görə irəli sürmüşdü ki, sovetləşmədən sonra Sovet rəhbərliyinin Bakını və onun ətraf neft rayonlarını Rusiya Federasiyasının tərkibində daxil etmək kimi gizli planları var idi. Lakin Nərimanov belə sərsəm iddiaların qarşını ala bilmişdi.

Kitabın əleyhdarları, xüsusilə, Moskvanın nöqteyi-nəzərini müdafiə edənlər Azərbaycanda kapitalizmin inkişafı ilə bağlı niyə Azərbaycan tarixçilərinin fikirləri ilə razılaşmaq istəmirdilər? Sov.İKP MK-nın şöbə müdiri Vasili Snastin məsələyə aydınlıq gətirərək deyirdi ki, biz gərək açıq şəkildə göstərək ki, Azərbaycan keçmişdə harda idi, indi isə hansı yüksəkliyə, hansı nailiyyətlərə gəlib çıxmışdır. Bakının sosial-iqtisadi şəraitini bütün Azərbaycana şamil etmək bizim nəyimizə gərəkdir. Belə təəssürat yaranır ki, Azərbaycan tarixi keçmişin həsrəti ruhunda yazılmışdır. Valuyev kitabda yer almış NərimanNərimanovun Azərbaycan Kommunist Partiyasını ancaq müsəlman kommunistləri bazasında qurmaq, "Hümmət”i isə müstəqil Azərbaycan Kommunist Partiyası kimi tanıtmaq cəhdlərini siyasi cəhətdən düzgün olmayan millətçilik kimi qiymətləndirirdi.

Həmin müşavirənin iştirakçılarından hazırda yalnız bir nəfər sağdır. O, Moskva Dövlət Universitetində aspiranturanı bitirdikdən sonra Azərbaycan mətbuatı tarixi üzrə uğurla namizədlik dissertasiyası müdafiə edib Bakıya qayıtmış Azərbaycan Dövlət Universitetinin gənc müəllimi Şirməmməd Hüseynov idi. Pyotr Valuyevdən sonra söz alan Şirməmməd müəllim Moskvada təhsil aldığından rus dilini yaxşı bilsə də, lakin Azərbaycan dilində sözə başladı və onun çıxışını rus dilinə akademik Əlisöhbət Sumbatzadə tərcümə edirdi. O, dedi: "Pyotr Valuyevin indiki çıxışından sonra partiya tarixi institutu tərəfindən yazılmış "Azərbaycan Kommunist Partiyasının tarixi” kitabına, onu hazırlayan kollektivə mənim hörmətim və məhəbbətim daha da artdı. Ona görə ki, uzun zaman Azərbaycan Kommunist Partiyasının tarixini yazmaq elə bir əllərə, elə adamlara tapşırılırdı ki, onlar Azərbaycanı tanımırdılar… Onlar Azərbaycan dilində olan ədəbiyyatı, materialları yaxşı oxumağı bacarmadıqları üçün Azərbaycanın özünəməxsus xüsusiyyətləri ilə əlaqədar olan bir sıra məsələləri də həll edə bilmirdilər… Kitabın ən yaxşı məziyyətlərindən biri də odur ki, burada "Hümmət” təşkilatının rolu doğrudan da əməlli-başlı geniş surətdə əks edilmişdir.”

Şirməmməd Hüseynovun fikrincə, kitabın digər mühüm cəhəti Azərbaycanda bolşevik hərəkatı ilə yanaşı, inqilabi demokratik hərəkatı da əhatə etməsində idi. O, dedi: "Məlumdur ki, Azərbaycanın mütərəqqi yazı-çıları, inqilabçı demokratları Azərbaycanın müstəqilliyi uğrunda… mübarizə aparırdılar.” Kitabın girişində Azərbaycanın Rusiyaya birləşdirilməsinin mütərəqqi hadisə kimi dəyərləndirilməsinə toxunan Şirməmməd Hüseynov bildirdi: "Lakin biz bununla yanaşı Azərbaycan xalqının bu birləşmədən sonra öz milli istiqlaliyyəti uğrunda mübarizədən əl çəkdiyini söyləyə bilmərik. Kitabda Azərbaycanın ya Rusiya, ya da İranla birləşdirilməsi məsələsi qoyulur. Bununla əlaqədar belə bir sual meydana çıxır ki, məgər 6-7 milyonluq bir xalqın, onun qabaqcıl adamlarının Azərbaycanın milli istiqlaliyyətini bərpa etmək fikri olmamışdırmı?” Nəhayət, Şirməmməd Hüseynov öz çıxışında daha ciddi bir məsələyə toxundu. Bu, Azərbaycanın birləşdirilməsi məsələsi idi. O, deyirdi: "Kitabda Cənubi Azərbaycanla Şimali Azərbaycan arasındakı inqilabi əlaqələrdən danışılmışdır. Ancaq bu məsələnin əsas məğzi – Azərbaycanın birləşdirilməsi uğrundakı mübarizə məsələsi məncə kölgədə buraxılmışdır. Bu məsələni ciddi qoymaq lazımdır.”

Şirməmməd Hüseynovun bu məzmunda çıxışı Moskvadan gələnləri əməlli-başlı narahat etdi. Onun çıxışı iclasın protokoldan götürülüb elə həmin axşam təcili şəkildə Moskvaya göndərdilər. Sov.İKP MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri Vasili Snastin bu çıxışla bağlı Sovet rəhbərliyi üçün hazırladığı məlumatda yazırdı: "Azərbaycan Dövlət Universitetinin müəllimi Şirməmməd Hüseynov deyir ki, kitabda Azərbaycanın ya Rusiyaya, ya da İrana birləşdirilməsi məsələsi qoyulur. Bəyəm Azərbaycanın öz müstəqil inkişaf yolu ola bilməzdi? Məsələni belə formada qoymaq nə dərəcədə doğrudur? Bəyəm fəhlə sinfi məsələləri belə həll edir, bəyəm bolşeviklər bu məsələləri belə həll edirdilər? Yoldaş Hüseynov isə məsələni fəhlə sinfinə, bolşeviklərə yaraşmyan ədəbsiz bir formada qoyur.” Şirməmməd müəllimin bu məzmunda çıxışından sonra məsələ daha dramatik xarakter aldı. Müşavirə iştirakçıları iki yerə bölündü, orada çıxış edən bütün Azərbaycan tarixçiləri kitabın müdafiəsinə qalxdı və bütün qeyri-azərbaycanlılar, xüsusilə Moskvadan gələn partiya tarixçiləri onun millətçilik mövqeyindən yazıldığını sübut etməyə çalışdılar. Noyabrın 19-da müşavirənin ikinci günü daha dramatik şəraitdə keçdi.

Yazı Milli Şuranın sədri, professor Cəmil Həsənlinin Facebook səhifəsindən götürülüb.

(azadliq.info)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300