novruz-xonca

Türk xalqlarının ənənəvi Bahar bayramı olduğu kimi, müxtəlif dünya xalqlarının da inanc və mövsüm bayramları var. Bu yazımızda bəzi xalqların əsrlərlə qeyd etdiyi qeyri-adi milli bayramları haqda maraqlı məlumatları nəzərinizə çatdırırıq.

Hindistan – Holi bayramı

Qədim və zəngin mədəniyyəti olan Hindistanda qeyd edilən Holi baharın gəlişinə, təbiətin oyanmasına həsr olunub. Hindlilər bu bayramı fevral və mart aylarında qeyd edir. Bayram şənlikləri qadın və kişilər arasında şən döyüşlər, yarışlar, tonqal üzərindən tullanmaqla başlayır.  Sonra ibadət etdikləri tanrıların heykəllərini yelləncəklərdə yelləyir, onlardan xeyir-bərəkət arzulayırlar.
Bayramın maraqlı özəlliklərindən biri də insanların şənlik boyu müxtəlif rəngli bitkilərdən hazırlanmış boyaları bir-birinin üzərinə atması, bir-birilərini rəngarəng bayram yumurtaları kimi "bəzəmə”sidi. Bu boyama əməliyyatı insanlarda məzəli, şən ovqat yaradır, dərman bitkilərindən hazırlanan rəngli tozlar həm də yazbaşı yayılan infeksion xəstəliklərdən qorunmağa kömək edir.
Rio de Janeyro maskaradları

Əfsanəvi Rio de Janeyro!
Braziliyanın bu şəhəri maraqlı karnavalları, qeyri-adi festivalları ilə məşhurdu.
28 fevraldan başlayan Rio karnavalı dünyada səbirsizliklə gözlənilən ən dəlisov mərasimlərdən biridi. Bu karnavalı  cürbəcür parlaq rənglərin, qeyri-adi, əcaib kostyumların, çılğın rəqslərin, dəlisov rəqqasların, sehrbazların qaynar "kokteyli” də adlandırmaq olar.
Mərasimin dəqiq tarixi məlum olmasa da, onun qədim ənənələrə bağlı olduğu bəllidir.
Rio de Janeyronun Turizm Nazirliyi hər il karnaval ərəfəsində məktəblər arasında samba rəqs yarışları keçirir. Tədbir ölkənin bütün telekanalları vasitəsilə canlı yayımlanır. Bu yarışlarda hər bir məktəb özünün hərəkət edən meydançasında fərli geyimlər, musiqilər və rəqslər nümayiş etdirir. Yarışmanın sonunda qaliblər elan olunur və mükafatlandırılır.

Venesiya karnavalı

Hər ilin 12 günü Venesiya qeyri-adi dekorasiyalarla bəzənmiş nəhəng səhnəni xatırladır və bütün dünyanı özünə heyran edir.
Sərhədsiz fantaziya, ağlasığmaz kostyumlar, fasiləsiz musiqi, yuxusuz gecələr, küçələrdə sayrışan müxtəlif rəngli qayıqlar, hər cür qeyri-adiliklər, macəra və əyləncə!
Karnavalın son günü əhali San-Marko meydanına toplaşır, müxtəlif teatr truppalarının təqdim etdiyi şən  səhnəciklərə tamaşa edir, tamaşalar sona çatdıqdan sonra dinamik musiqi altında rəqs edə-edə küçələrə axışırlar. Karnaval nümayişçilərin meydanda nümayiş elətdirdikləri rəngarəng kostyum paradı, qara qüvvələrin rəmzi olan saman müqəvvaların yandırılması və San-Françesko kilsə zənglərinin möhtəşəm sədaları altında başa çatır.

 
Çində Bahar festivalı

Çində baharın gəlişinə hazırlıq yanvarın sonlarından başlayır, bayram şənlikləri 40 gün davam edir. Bayram günlərində səmaya minlərlə fişəng və rəngli hava fənərləri buraxılır. Bayramla əlaqəli olaraq, hər bir çinli öz evini milli ornament və simvollarla bəzəyir. Restoran və mağazalarda çin mətbəxinə aid bütün növ yeməklər satışa çıxarılır. Dünyanın buz və qar mədəniyyəti mərkəzi sayılan Xarbin şəhərində isə yanvarın 5-dən başlayaraq, buzdan hazırlanmış müxtəlif formalı heykəllərin, sənət nümunələrinin nümayişi həyata keçirilir. Lazerlə işıqlandırılan müxtəlif insan, heyvan və mifik varlıqların buz heykəlləri gecələr şəhərə ecazkar bir görkəm verir.

Havay adaları – "Üzən çıraqlar” festivalı

Havay adaları sakinləri ildə bir dəfə dünyasını dəyişmiş əzizlərinin xatirəsini yad etmək üçün okean sahilinə yığışır, kiçik lövhələr üzərinə bərkidilmiş şamları, yazdıqları dualarla birgə okean sularına buraxırlar. Kiçik gəmiciklər formasında düzəlmiş xatirə lövhələri sularda üzərək, ölənlərin ruhuna hörmət və ehtiram mesajları çatdırır.

Tailand – Gül festivalı

Tailandın Çianqmay əyaləti hər il canlanaraq, sanki təbiətlə birgə doğulur. Dünyanın müxtəlif yerlərindən yüz minlərlə turist bu festival ərəfəsində Tailanda üz tutur.
Bayram fevralın birinci həftəsinin üçgünlüyü boyu davam edir. Şəhər başdan-başa müxtəlif növ güllərlə bəzədilir. Gənc qızlar bayram şənliklərində çiçəklərlə bəzədilmiş paltarlar geyinir, "Güllər kraliçası” müsabiqəsinə qatılırlar. Yarışmada qeyri-adi, maraqlı kostyumda olan ən gözəl qız "Güllər kraliçası” adını qazanır.
Festivalı izləyən xarici qonaqlar, tailandlıların milyonlarla gül-çiçəyi necə topladıqlarına heyrətlərini gizlətmirlər.
 

Tailand – "Meymun banketi”

Maraqlı adət-ənələrə malik Tailandın Lopburi əyalətində hər il "Meymun ziyafəti” adlı yığıncaq təşkil edilir. 600-ə qədər meymun Lopburinin yerli əhalisinin təşkil etdiyi qonaqlıqda iştirak edir. Meyvə və tərəvəzdən hazırlanmış süfrədə meymunlar bütün gün ərzində yeyib-içir, əylənirlər. Əhalinin inancına görə, Rama allahı nə vaxtsa öz rəqibləri ilə döyüşərkən meymunlar ona yardım edib.

Yaponiya – "Lüt xeyirxahlar” bayramı

Mərasimin tarixi 767-ci ildən hesablanır.
Hər il fevral ayında üç mindən çox kişi qurşaqdan yuxarı soyunaraq  küçələrə çıxır. Yerli əhalinin inancına görə, onlar xeyirxahlıq missiyasını yerinə yetirirlər. Belə ki, insanlar küçələrdə lüt dolaşan könüllülərə yaxınlaşır, barmaqlarını toxunduraraq şəxsi bədbəxtliklərini və uğursuzluqlarını onlara ötürürlər. Şəhər əhalisinin bədbəxtliklərini "canına götürən” bu xeyirxahlar mərasim bitdikdən sonra məbəddə təmizlənirlər.
Lütlər fevral gününün şaxtasına dözmək  və bu ağır missiyanın öhdəsindən layiqincə gəlmək üçün istədikləri qədər sake (düyü arağı) içə bilirlər.

(azadliq.info)


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300