Oxucu olmaq dərdiKitab... Mənim üçün insan qədər ali bir varlıqdır. Söhbət əlbəttə yaxşı kitabdan gedir. Yaxşı müəllifin yaxşı kitabı, ən əziz dostdur. Bu şəxsən mənim kitaba, yazıçıya dəyərimdir.

 

Oxumağa hərfləri öyrəndiyim gündən başlamışam. O vaxt uşaqlar üçün "Tumurcuq” jurnalı çıxırdı (bilmirəm yenə dərc olunurmu), ona abunə olmuşdum. Abunənin pulunu bir ay atam verirdi, bir ay babam. Sonra hamısını babam ödədi. İlk mütaliəm o qəzetlə başladı. Əlimə nə keçirdi oxuyurdum. Qəzet, jurnal, nağıl kitabları, hətta evdəki sənədləri, çekləri oxuyurdum. Hərflər məni çəkirdi elə bil. Üçüncü sinifdə oxuyanda isə ilk dəfə həcmi çox az olan roman oxudum. Alman xanım yazıçının yazdığı əsər idi. Nə romanın, nə də müəllifin adı yadımda deyil. Amma süjeti bugünkü kimi xatırlayıram.

 

Oxumağı çox sevirəm. Həyatı kəşf etməyə elə uşaqlıqdan oxumaqla başlamışam. Oxumaq mənə qəribə bir sevinc hissi bəxş edirdi. Amma təəssüf ki, bu hissini bölüşməyə heç kim olmurdu. Çox az insan ədəbiyyatla maraqlanır, oxuyur və ən əsası çox az insan ədəbiyyatı anlayır. Kitablar məni insanlardan soyutmağa başlamışdı. Onlar məni, mən də onları anlamırdım. İnsanların fikirləri mənə çox bəsit gəlirdi. Mən danışanda isə mənə gülən qohumlar, tanışlar vardı... İstər danışıq tərzimi, istər fikirlərimi, istərsə də leksikonumdakı sözləri anlamırdılar. Bu məni dəli edirdi.

İndi sakitləşmişəm, başqa insanlarla onların öz dilləri ilə danışmağı öyrənmişəm.

 

Kitablarımı qızıl qoruyurmuş kimi qoruyuram. Çox səliqəli oxuyur, vərəqləri qatlamıram. Səhifəni yadımda saxlayıram, vəssalam. Evdə hamı bilir ki, kitablarıma toxunan olanda dəli oluram. Kimsə kitabıma toxunanda rəsmən qısqanıram kitabları. Qısqanclıq məndə ancaq kitablara qarşıdır. Heç kimi və heç nəyi kitabı qısqandığım kimi qısqanmamışam. Çünki heç kim məni kitab qədər xoşbəxt edə bilməyib. Kitab mənim zəif nöqtəmdir. Bir dəfə evində şəxsi kitabxanası olan birisinə paxıllığım tutmuşdu. Ən böyük arzum mənə aid balaca bir otağım olsun, dörd divarı kitab rəfləri, rəflərdə səliqəli düzülmüş kitablar...

 

Orta məktəbdə oxuyanda dərs proqramlarından, dərslikləri oxumaqdan hər zaman zəhləm gedib. Doqquzuncu sinfə qədər "3”-lə oxumuşam. 10-11 sinifdə qiymətlərimi də düzəltdim, hələ üstəlik ali məktəbi də qazana bildim. Tələbə vaxtı isə qrupda oxuyan yox idi. Qızlar kitabxanadan dərs kitabları götürəndə mən ədəbiyyat götürürdüm. Bir sözlə, oxumağı, kitabı sevirəm.

 

Kitabxanalarda az oxucu ilə tanış olmamışam. Yaxşı oxucular tanımışam. Həqiqətən oxuyan, məndən çox bəlkə də. Özünü göstərmək üçün kitabxanaya gələnləri də tanımışam... Hansısa əsəri müzakirə edəndə, elə söz deyib, anlamışam ki, ya oxumayıb, ya da oxusa da anlamayıb.

 

Ümumiyyətlə, səmimi və qeyri-səmimi oxucunu beş metr məsafədən duya bilirəm. Yaxşı oxucu isə hələ yaxşı insan demək deyil. Olub ki, savadlı oxucudur, insani keyfiyyətləri sıfır! Özündən razı, həddini bilməz... Belə insandan qaçmaq lazımdır. Savadsız insandan daha təhlükəlidir.

 

Ümumi götürəndə bizdə oxumaq və oxucu mədəniyyəti hər oxucuda yoxdur. İki tip oxucu mövcuddur. Özlərini göstərmək üçün "oxuyanlar” ya da oxuyub özlərini "alim” "filosof” sayan, "dəyərli fikir bildirən” boz, rəngsiz insanlar.

 

Birinci tiplər zərərsizdirlər. Bir az özlərini göstərirlər, bu onlara bəs edir. İkinci tip oxucular isə, araşdırmaçı filosoflar olurlar. Bildilər, bilmədilər danışırlar. Adama deyərlər araşdırma üçün alt yapı olmalıdır alt yapı, Google-dan "copy” edib Wordə yapışdırmaq araşdırma deyil.

 

O cəhənnəm, hələ bir yazıçılarda səhv axtaranlar, öz aləmlərində onları səhv çıxaran, yersiz tənqid edən yerini bilməyən sırtıq oxucular da var. Məsələn, yazıçıdan bir az xoş üz görən xaraktersiz oxucu başlayır ağıl öyrətməyə, belə yazma, elə yaz.. Yazmağı bilirsən, özün yaz də!.. Yazıçılar əsəblərini qorumaq üçün oxucularla məsafə saxlamaq məcburiyyətində qalanda isə, olurlar yekəxana, özündən razı... Qurunun oduna yaş da yanır. Odur ki, yazıçı dəyərli, savadlı oxucudan da sırf bu səbəbdən uzaq düşür. Söz yox, səviyyəli, kültürlü, özünü bilən oxucular da var, amma heyf ki azdır.

 

Bizdə oxucuların hamısının kültürlü olması, ən azı kitaba, oxumağa dəyər verməsi, yazıçıya hörmət etməyi bacarması və oxu mədəniyyətinin  yüksək səviyyədə formalaşması diləyi ilə...! (kulis)


Səmayə Bayramova 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300