Partiya sədri MSK-ya meydan oxuduMaliyyə hesabatının MSK-ya verilməsi tələbinin konstitusiyaya pozuntusu olduğu bəyan edildi

 

Mərkəzi Seçki Komissiyası dövlət qeydiyyatından keçmiş partiyalara illik maliyyə hesabatlarını təqdim etmək üçün aprel ayına qədər vaxt verib.

MSK sədrinin müavini Natiq Məmmədli bildirib ki, bu günə qədər 14 siyasi partiya 2015-ci il üzrə illik maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim edib. Onun sözlərinə görə, Azərbaycanda siyasi partiyaların fəaliyyəti şəffaf, dürüst olmalıdır: "Partiyalar qanunvericiliyə uyğun olaraq aprelin 1-ə qədər illik maliyyə hesabatlarını MSK-ya təqdim etməli və hesabatlarını dərc edərək rəsmiləşdirilmə prosesini başa çatdırmalıdır. Keçən il ilk il olduğu üçün siyasi partiyaların bu sahədə fəaliyyətinin təkmilləşməsinə ehtiyac duyulurdu. Bu ildən isə partiyalar illik maliyyə hesabatlarını aprelin 1-ə qədər mütləq MSK-ya təqdim etməlidir”.

O, qeyd edib ki, bu il hesabatlarını təqdim etməyən partiyalara qarşı qanunvericilikdə nəzərdə tutulan addımlar atılacaq: "Bununla bağlı Ədliyyə Nazirliyinə müvafiq müraciət edəcəyik. Ümid edirəm ki, bununla bağlı siyasi partiyalara qarşı sanksiyalara ehtiyac qalmayacaq. MSK partiyalar üçün bu sahədə maarifləndirici xarakterli tədbirlər təşkil edir. Gələcəkdə isə beynəlxalq təşkilatlar da bu sahədə partiyaların maarifləndirilməsinə cəlb olunacaq”.

Partiyalardan hansıların maliyyə hesabatı verib-vermədiyini araşdırdıq. Bəlli oldu ki, dövlət büdcəsindən maliyyələşən (parlamentdə təmsil olunan) partiyaların əksəriyyəti hesabat verib.

Parlamentdə təmsil olunmayıb dövlət büdcəsindən maliyyələşməyən partiyalardan Müsavat Partiyasının başqanı Arif Hacılı partiyanın maliyyə hesabatının MSK ya təqdim edildiyini bildirdi.

AXP sədri Pənah Hüseyn də bildirdi ki, maliyyə hesabatını qanunun tələbini nəzərə alaraq MSK-ya təqdim ediblər.


Hesabat verməyən partiyaların qeydiyyatının ləğv oluna biləcəyi ilə bağlı isə P.Hüseyn dedi ki, bu cür məsələ məhkəmə ilə həll olunur. MSK ancaq Ədliyyə Nazirliyinə müraciət edə bilər: "Partiyaların fəaliyyəti seçki ilə bağlı olduğu üçün bəzi ölkələrdə maliyyə hesabatları MSK-ya təqdim edilir. İki ildir bizdə də belədir. Prinsipcə, maliyyə hesabatını MSK-ya və ya başqa quruma verməyin elə bir ciddi fərqi yoxdur”.


ADP sədri Sərdar Cəlaloğlu isə siyasi partiyaların seçkilərdən başqa fəaliyyətləri ilə bağlı MSK-ya maliyyə hesabatı verməsinin konstitusiyaya zidd olduğunu bildirdi: "MSK-nın partiyalardan illik maliyyə hesabatı tələb eləməsi Konstitusiyanın 72-ci maddəsinin pozulmasıdır. Seçkidə iştirak etmiş partiyalar yalnız seçki ilə bağlı maliyyə hesabatı verə bilər. Siyasi partiyaların ümumi fəaliyyəti ilə bağlı MSK-ya illik maliyyə hesabatı verməsinin tələb olunması Konstitusiyaya zidd olduğu üçün hər hansı partiyanın Siyasi Partiyalar haqqında Qanuna edilmiş məlum maddəni pozaraq MSK-ya maliyyə hesabatı verməməsi məsuliyyət yarada bilməz. Ölkənin əsas qanunu Konstitusiyadır və əslində Konstitusiyaya zidd olaraq məlum qanuna məlum əlavəni ediblər. Ona görə də Siyasi Partiyalar haqqında Qanunda siyasi partiyaların MSK-ya illik maliyyə hesabatı verməsini əks etdirən maddənin özü Konstitusiyaya zidd olduğu üçün o maddənin hüquqi gücü yoxdur. Maliyyə Nazirliyinin səlahiyyətində olmalı məsələ MSK-ya verilibsə, bugünkü durumda MSK bu tələbə uyğun deyil. Uyğun olması üçün MSK-da struktura dəyişiklikləri olmalıdır, ona əlavə səlahiyyətlər verilməlidir. Əgər MSK bu gün hesabatları yoxlamaq imkanına malik deyilsə, onda bu hesabatları formal olaraq almağın nə mənası var? Heç bir mənası yoxdur. Partiyaların fəaliyyətinə MSK-nın müdaxilə etməsi qanun pozuntusudur. MSK-nın hədə xarakterli bəyanatları Azərbaycanda hüquqi nihilizmin nümunələrindən biridir. Siyasi partiyaların fəaliyyətinin yoxlanması hüquqi maliyyə məsələlərində Maliyyə Nazirliyinə, hüquqi məsələlərdə isə Ədliyyə Nazirliyinə məxsusdur. Partiya maliyyə vəsaiti alıb zorakılığa, çevrilişə çağırarsa, o halda partiyanın məsuliyyəti yaranır, qeydiyyatının qalıb-qalmaması məsələsi ortaya çıxır. Dövlət büdcəsindən maliyyələşməyən partiyalardan maliyyə hesabatı tələb eləmək ümumiyyətlə absurddur. Partiyanın fəaliyyətində Dövlət Təhlükəsizlik Xidməti və digər hüquq mühafizə orqanları tərəfindən hansısa bir pozuntu qeydə almayıblarsa, partiyanın hansısa qanunsuz yollarla pul əldə edib siyasi fəaliyyətlə məşğul olduğu barədə fakt yoxdursa, MSK-Məzahir Pənahov, dövlət hansı əsasla siyasi partiyadan maliyyə hesabatı tələb eləməlidir? Dövlət yalnız özünün verdiyinin xərclənməsinə və qeyri-qanuni xərclərə nəzarət edə bilər. Mən öz cibimdən pul xərcləyib Lənkəranda partiya üzvlərimlə görüşə gedirəmsə, bunun hesabatını niyə verməliyəm?!”


AMİP katibi Əli Orucov bildirdi ki, MSK-nın saytına daxil olan hər kəs partiyaların maliyyə hesabatlarının əslində formal xarakter daşıdığının şahidi ola bilər: "Rəsmi dövlət qeydiyyatından keçən partiyaların əksəriyyətinin təqdim etdiyi hesabatlar sadəcə doldurulmuş standart blanklardan ibarətdir. Azərbaycanın siyasi palitrasındakı mövcud reallığı təqdim olunmuş həmin hesabatlarda görmək və dəyərləndirmək mümkündür. AMİP hər ilin sonunda formalizmdən uzaq olaraq həm fəaliyyəti, həm də gördüyü və görəcəyi işlərlə bağlı ənənəvi olaraq mətbuat vasitəsi ilə xalqa hesabatını verır. Maliyyə hesabatı da tələb olunduğu üzrə MSK-ya təqdim edilib. Ona görə də bizim MSK-nın hədələrindən çəkinəcəyimiz bir şey yoxdur”.

Ümid Partiyası, KXCP, VİP, AXCP, Azadlıq Partiyası, ALDP də MSK-ya hesabat təqdim edib.
Beləliklə, araşdırmadan məlum oldu ki, tanınan və az-çox fəaliyyətləri müşahidə olunan partiyalar maliyyə hesabatlarını veriblər. MSK-ya hesabat təqdim eləməyənlər dövlət qeydiyyatından keçib heç bir fəaliyyəti, varlığı ilə yoxluğu ümumiyyətlə bəlli olmayan partiyalardır.

Etibar SEYİDAĞA-musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300