İlaxır çərşənbədə azərbaycanlılara qarşı törədilən soyqırım - Tarixi həqiqətlər

Urmiyanın tarixinə bu faciə "Qara çərşənbə” kimi düşüb

 

98 il bundan əvvəl, Novruz bayramı ərəfəsində Güney Azərbaycanın qərb bölgəsində azərbaycanlılara qarşı böyük soyqırım törədilib. Təhqiqatçıların apardığı araşdırmalara görə, 1918-ci ildə həmin bölgənin türklərdən ibarət şəhərlərində, o cümlədən Urmiya, Salmas, Xoy, Sulduzda təxminən 150-200 min azərbaycanlı kütləvi şəkildə ermənilər və assorular tərəfindən qətlə yetirilib. Uzun müddət İran hökuməti bu məsələni müxtəlif bəhanələrlə ört-basdır etməyə çalışsa da, yerli tarixçilər geniş şəkildə araşdırma və təhqiqatlar apararaq millətimizə qarşı törədilən faciəni ictimaiyyətə çatdırmağa nail ola biliblər. 

AMEA Şərqşünaslıq İnstitutunun "Cənubi Azərbaycan" şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əkrəm Rəhimli ötən əsrin əvvəllərində törədilən soyqırım hadisələri ilə bağlı "Yeni Müsavat”a danışıb:  "Soyqırım 1918-ci ildə törədilsə də hadisələr əsasən 1917-ci ilin dekabr ayından başlayıb. Türkmənçay müqaviləsindən sonra Cənubi Azərbaycanın qərb bölgəsində, Urmiya, Sulduz, Xoy, Salmasda məskunlaşan ermənilər tədricən burda muxtariyyət yaratmaq arzusuna düşüblər. Əsas məqsədləri Şimali və Cənubi Azərbaycan torpaqlarını öz ərazilərinə birləşdirmək olub. Tarixi sənədlərdə göstərilir ki, 1917-ci ilin dekabr ayında ermənilərin başçısı Vaçiki və assoruların dini və siyasi rəhbəri Marsimonu Qafqazın o zaman mərkəzi hesab edilən Tiflis şəhərinə çağırıblar. Qeyd edim ki, Cənubi Azərbaycanın qərb bölgəsində məskunlaşan assorular həmin dövrdə 60 min ailədən ibarət idi. Onlar vaxtilə I dünya müharibəsində türk ordusuna xəyanət etdiklərinə görə Türkiyə tərəfindən izlənilir, cəzalandırılırdılar. Buna görə də kütləvi şəkildə köçüb Urmiya ətrafında yerləşmişdilər. Onların da rəhbəri Marsimon idi. Bu işə İsmayıl Simitkonu da qoşurlar. Ona söz verirlər ki, məhəlli bir muxtar dövlət yaradılacaq ki, onun da bir qismi Kürdüstan dövləti, bir hissəsi də erməni və assoruların olacaq. 

Beləliklə, onlar ideoloji və nəzəri cəhətdən silahlandırılır və söz verilir ki, hər cəhətdən onlara köməklik ediləcək. Hadisələrin təməli Tiflisdə qoyulur və 1918-ci ilin yanvar ayından başlayaraq tədricən Urmiyanın ətraf kəndlərində, yaşayış məntəqələrində türklərə qarşı məhəllə xarakterli soyqırımlar törədilir. Soyqırım həmin ilin fevral ayında geniş bir miqyas alıb, açıq şəkildə erməni-türk davasına çevrilir. 

İşin gedişində Simitko görür ki, assorularla ermənilər türklərə badalaq gəlir. Buna görə də o, blokdan çıxır və kürdlər bu soyqırımda iştirak etmir. 

Fevral ayının 21-dən başlayaraq geniş miqyaslı soyqırımlar başlayır. Əgər qətillər əvvəlcə ayrı-ayrı kəndlərdə, bölgələrdə olurdusa indi artıq Urmiyanın mərkəzində törədilirdi. Qətillərə burda yerləşən xristian dövlətinin konsulluqları, mədəniyyət mərkəzləri, məktəbləri yaxından köməklik edir. Silahları isə ruslar verirdi. Ən böyük soyqırım isə ilaxır çərşənbədə törədilir. Bu, Urmiyanın tarixində "Qara çərşənbə” adlanır. Belə ki, Novruz bayramına bir həftə qalmış Urmiyanı ələ alan ermənilər elan edirlər ki, evlərdə axtarışlar aparılacaq, kimdə silah varsa təhvil versin, əks halda həmin şəxslər öldürüləcək. Axtarışı ilaxır çərşənbədə edirlər, çünki bilirdilər ki, həmin gün azərbaycanlıların demək olar ki, hamısı evdə olur. Həmin gecə kişiləri evlərdən yığaraq danışıq aparmaq adı ilə bir karvansaraya aparırlar. Qadınları isə səhəri gün yığıb başqa bir karvansaraya aparırlar. Kişilərin olduğu karvansaraya od vurulur, qadınlara qarşı isə  zorakılıq edilir, cinayətlər törədilir. Sulduz da ermənilərin əlinə keçir”

Tarixçinin sözlərinə görə, azərbaycanlıların köməyinə gələn türk qoşunlarının sayəsində soyqırımı dayandırmaq mümkün olub: "Qacar dövləti isə bu qətillərə çox biganə və soyuqqanlı yanaşır. Ermənilər bu biganəliyi fürsət bilib qırğınların miqyasını böyüdürlər. Qırğınlar o qədər böyük yer alır ki, Türkiyədəki türk qardaşlarımız görür ki, millətimiz qırılıb aradan gedir. Buna görə də həmin ilin aprelində türklər köməyə gəlir. Beləliklə, soyqırımların qarşısı alınır. Ermənilərin məğlub olduğunu görən Andranik 3 minlik qoşunu ilə Arazın o tayına keçərək Xoya gedir.  

Qeyd edim ki, Urmiyada soyqırım qəflətən olub. Yəni ermənilərin həyata keçirdiyi plandan yerli əhalinin xəbəri olmayıb. Ancaq Xoyda bu məsələ təşkilatı baxımdan yaxşı olur. Xoy ağsaqqalları başa düşürlər ki, Andranik kütləvi qırğın törətmək istəyir, buna görə qərara gəlirlər ki, şəhərin hər tərəfdən qapıları bağlanılsın və şəhər əhalisi bir nəfər kimi şəhərin müdafiəsinə qalxsın. Hətta xoylu xanımlar da şəhərin müdafiəsində iştirak edir, silahlanırdılar.

Beləliklə, Andranikin dəstəsi burda uğur əldə edə bilmir. Aprelin sonunda türklər gələndə ermənilər qaçmağa başlayırlar. Lakin onlar hansı rayondan keçib gedirdilərsə qarşılarına çıxan türkləri öldürürdülər”.

Tarixçinin sözlərinə görə, ötən əsrin əvvəllərində Cənubi Azərbaycanda törədilən soyqırım Şimali Azərbaycanda baş verən  soyqırımdan qat-qat çox olub:"Hesablamalara görə, 160-200 min azərbaycanlı qətlə yetirilib.

Ötən il Urmiyada köhnəlmiş məktəb binasını yenidən tikmək üçün bünövrə qazan zaman orda kütləvi qəbirstanlıq çıxır. Bu əhalinin çox böyük həyacanına səbəb oldu. Həmin ərazini çərçivəyə alıb muzey kimi saxlamaq istədilər. Ancaq İran dövləti milli iğtişaşlar olmasın deyə bu məsələni tez bir zamanda ört-basdır etdi, guya təsadüfi bir şeydir və məzarlığın üstü bağlanıldı. Halbuki, bu, həmin dövrdə qətlə yetirilən azərbaycanlıların məzarlığı idi”.

Əkrəm Rəhimli azərbaycanlılara qarşı törədilən soyqırımla bağlı aparılan araşdırma və təqdiqatlardan da söz açıb:
"Bu cür dəhşətli hadisə uzun müddət, təxminən 60 il toz-torpaq içində qalıb. Bu barədə danışan şəxslər təqib olunurdu. Lakin İranda baş verən 79-ci il inqilabından sonra bu məsələyə qarşı bir qədər yumşalma oldu. Bundan istifadə edən azərbaycanlı ziyalılar, tarixçilər, milli düşüncəli insanlar hadisəni qabardıb ortaya gətirdilər. 

Rəsmi dövlət məmurunun yazdığı "Oda tutulmuş Urmiya” kitabında hansı şəhərdə nə qədər insanın öldürüldüyü barədə məlumatlar var. Səməd Sərdariniyanın "Arazın hər iki sahilində soyqırım”, hazırda Salmasda yaşayan gənc tarixçi Tohid Məlikzadənin bu barədə olan iki kitabını dilimizə tərcümə edib yaydıq. Bundan başqa, mətbuatda həmin dövrün susmuş həqiqətləri haqda yüzlərlə yazılar, məqalələr dərc olunub”.

Əslən Salmasdan olan, tanınmış milli fəal, "GAMAC” təşkilatının sözçüsü Məhsa Mehdili Bərzin də bildirib ki, Novruz bayramı ərəfəsində millətimizə qarşı törədilən soyqırım barəsində həm tarixçi, həm də fəallar sayəsində geniş şəkildə təbliğ olunmaqdadır:
"Mən salmaslıyam və böyüklərim həmin soyqırım haqqında danışanda gözlərindəki o acını unuda bilmirəm. Çağrılmamış işğalçılar tərəfindən xanımlara təcavüz etmə, baş kəsmə, evlərə, bazarlara od vurulması...

Qeyd edim ki, Osmanlı ordusunun və Azərbaycan mücahidlərinin yağıların torpaqlarımızdan boşaldılmasında unudulmaz rolu və payı olub. Olaylar çox mötəbər yazarlar tərəfindən arxivləşdirilib, özəlliklə o dönəm, o bölgədə rəsmi məqam olanlar və bəzi mötəbər yazarlar tərəfindən qeydə alınıb. Ən önəmlisi də bunları xalqımızın tarixi hafizəsi qeyd edib. Bu olaylardan sonra hakimiyyətə gələn pəhləvilər anti-Azərbaycan siyasəti götürüblər.  Onlar zatən 1946-cı ildə xalqımızı qətliam ediblər. 1925-ci illə (Pəhləvi quruluşu) 1918-ci il arasında 7 il var. Buna baxmayaraq, pəhləvilər bu tarixi qeyd etməyib, hətta unutdurmaq siyasəti yürüdüblər. Yeni rejim dönəmində də azərbaycanlı yazarların xaricində dövlətin bu haqda gördüyü iş olmayıb. Bu barədə hətta bir sətir həddində belə dərs kitablarında yazılmayıb. 

Hər il İran hökumətinin rəsmi izni və qoruması altında ermənilər saxta, sözdə soyqırımlarını protesto edib Türkiyə səfirliyi qarşısına toplanır və türkləri ittiham edirlər. Amma əgər azərbaycanlılar öz topraqlarında məruz qaldıqları bu dəhşətləri dilə gətirib haqq istəsələr, İran rejimi ermənilərə sahib çıxır.

Azərbaycanlılara qarşı törədilən soyqırım haqqında milli fəallarımızın da aktivli sayəsində geniş şəkildə təbliğ olunmaqdadır. Lakin bu, yetərli deyil. Çünki Cənubi Azərbaycanın qərb bölgəsində eyni olayların baş verməsi potensialı var. Terroçu PKK və dəstəkçiləri bu bölgədən Azərbaycan adını silmək yerli xalqı torpağını tərk etməyə məcbur buraxmaq istəyir”.

Xalidə Gəray-musavat.com

 



Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300