Hansı partiya prezident seçkisinə gedir, kimin namizədi kimdir?

 

Dekabrın 9-dan Azərbaycanda növbədənkənar prezident seçkisi start götürüb. Seçki fevralın 7-nə təyin edilib.

YAP-ın namizədə İlham Əliyevdir

Siyasi partiyalardan, hələlik, yalnız hakim Yeni Azərbaycan Partiyası (YAP) seçkilərdə iştirak edəcəyini və namizədinin adını açıqlayıb. YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, yaxın günlərdə partiyanın İdarə Heyətinin iclası olacaq və prezidentliyə namizəd həmin iclasda irəli sürüləcək.

O qeyd edib ki, artıq prezidentliyə namizəd bəllidir və bu, partiyanın sədri, prezident İlham Əliyevdir. İ.Əliyev 2003-cü ildən Azərbaycan prezidentidir. Bu onun prezidentliyə namizəd kimi artıq beşinci seçkisidir.

Müxalif partiyalar isə, hələlik, seçkilərdə iştirak ilə bağlı qərar vermədiklərini deyir. Onlar tərəddüdlərini ölkədəki çətin durumla əlaqələndirirlər.

S.Həzi

 

AXCP: "Vəziyyət əvvəlki seçkilərdən daha ağırdır”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müaviniSeymur HəziAzadlıqRadiosuna bildirib ki, partiyanın seçki prosesində iştirakı ilə bağlı qərarı şənbə günü, dekabrın 16-da baş tutacaq qurultay verəcək:"Qurultayda bu məsələ müzakirəyə çıxarılacaq və biz prosesə münasibəti qurultayın qərarı ilə bildirəcəyik”.

S.Həzinin fikrincə, ilkin şərtlərə baxanda vəziyyət əvvəlki seçkilərdən daha ağırdır: "Seçki təyin olunmamışdan bir neçə gün qabaq ölkənin aparıcı media nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri və partiya fəalları həbs olunublar. Ölkədə 200-dən artıq siyasi məhbus var”.

AXCP bundan əvvəl 2018-ci ildə keçirilən növbədənkənar (6 ay önə çəkilmişdi) prezident seçkisini boykot etmişdi. Onda da bu partiyadan azad və ədalətli seçkilər üçün şəraitin olmadığı açıqlanmışdı.

A.Hacılı

 

Arif Hacılı: "Cəmiyyətin fikirlərini öyrənməyə çalışırıq”

Müsavat başqanı Arif Hacılıda bildirib ki, indiki şəraitdə seçkilərdə iştirakla bağlı müəyyən suallar var:"Müzakirələrimiz davam edir, eyni zamanda, biz cəmiyyətin fikirlərini öyrənməyə çalışırıq, sorğular keçiririk”.

Onun sözlərinə görə, sorğunun nəticələri, məsləhətləşmələr və hakimiyyətin bu müddət ərzindəki davranışları partiyanın qərar qəbul etməyində böyük rol oynayacaq: "Sənədlərin təhvil verilməsi üçün yanvarın 8-ə kimi vaxt var. Əgər Müsavat Partiyası seçkilərdə iştirak barədə qərar qəbul etsə, 7-10 gün ərzində biz lazım olan (40 min) imzaları toplayıb Mərkəzi Seçki Komissiyasına təhvil verə biləcəyik”.

Respublikaçı Alternativ (ReaL) Partiyasında da bu seçkilərlə bağlı məsləhətləşmələrin davam etdiyi açıqlanıb.

E.Nəsirov

 

YAP-ın Nəzarət-təftiş komissiyasının üzvü, deputat Elman Nəsirovun isə "Turan”a deməsinə görə, müxalif partiyaların davranışları və verdiyi bəyanatları göstərir ki, onlar seçki prosesinə qatılmaqdan çəkinirlər:"İndi Azərbaycan prezidentinin reytinqi ən yüksək səviyyədədir. Azərbaycan xalqı cənab İlham Əliyevə öz xilaskarı, torpaqları işğaldan azad edən müzəffər prezidenti kimi baxır. Bu reallıqda müxalifətin bu davranışlarını başa düşmək olar. Onlar fərqindədir ki, Azərbaycan prezidentinə ümumxalq məhəbbət var. Belə olan vəziyyətdə İlham Əliyevə rəqib olmaq həddindən artıq çox çətindir”.

Xatırlatma

Azərbaycanda son prezident seçkisi 2018-ci il aprelin 11-də keçirilib. Qanunvericiliyə əsasən, növbəti prezident seçkisi 2025-ci ildə keçirilməli idi. Azərbaycan Konstitusiyasına 2016-cı ildə edilən son dəyişikliklə prezidentlik müddəti 7 ildir. Əvvəl bu müddət 5 il olub.

Azərbaycanda son prezident və parlament seçkiləri vaxtından əvvəl – növbədənkənar keçirilib. Hakimiyyət bunu islahatların sürətləndirilməsi məqsədilə izah edib. Müxalifətə görə isə, hakimiyyət bu seçkiləri tez-tələsik, vaxtından əvvəl total saxtakarlıqlarla həyata keçirib. Mərkəzi Seçki Komissiyası (MSK) isə açıqlayıb ki, hər iki seçkidə xalqın iradəsi ifadə edilib.

AzadlıqRadiosu

 

               

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300