Qarşıda bizi referendum və seçkilər gözləyir

 

Gələn ilin büdcəsindən MSK-ya seçki üçün 2 dəfə artıq pul ayrılıb. 2024-cü ilin "Dövlət büdcəsi haqqında” qanun layihəsində göstərilir ki, gələn il dövlət büdcəsindən seçkilərin keçirilməsi və statistika tədbirləri üçün 110 milyon 935 min manat ayrılması nəzərdə tutulub. Bu, 2023-cü ilin dövlət büdcəsindən eyni istiqamətə ayrılan vəsaitlə müqayisədə 2.3 dəfə çox vəsait deməkdir. 2024-cü ildə seçkilərə sonuncu parlament seçkilərinin keçirildiyi 2020-ci illə müqayisədə (57.7 milyon manat) 1.9 dəfə, sonuncu bələdiyyə seçkilərinin keçirildiyi 2019-cu illə müqayisədə (51.3 milyon manat) 2.2 dəfə, sonuncu prezident seçkisinin keçirildiyi 2018-ci illə müqayisədə isə (67.6 milyon manat) 1.6 dəfə çox vəsait ayrılıb.

Hansı seçkilər ola bilər?

Dəqiq olan odur ki, gələn il Azərbaycanda bələdiyyə seçkiləri keçirilməlidir. Bu seçki əvvəlkilərdən fərqli olacaq. Çünki artıq Qarabağ da var. İndi necə olacaq? Seçkidə Qarabağdan kimlər iştirak edə bilər? Qanunvericiliyə hər hansı dəyişiklik edilməlidirmi?

Xatırladaq ki, bu yaxınlarda deputat Erkin Qədirli də 2023-cü ilin payızında referendum, gələn ilin noyabrında Milli Məclisə seçkilər, dekabrda bələdiyyə, 2025-ci ilin aprelində isə prezident seçkilərinin keçiriləcəyini qeyd etmişdi.

Demokratiyanı Öyrənmə İctimai Birliyinin sədri Mirəli Hüseynov mövzu ilə bağlı ASTNA-nın suallarını cavablandırıb.

* * *

Sual: Mirəli bəy, gələn ilin büdcəsindən MSK-ya seçki üçün 2 dəfə artıq pul ayrılıb. Dediyimiz kimi gələn il bələdiyyə seçkiləri ilidir. Bəs sizcə, ikinci seçki nə ola bilər?

Mirəli Hüseynov

 

Cavab:Büdcədən MSK-ya ayrılan vəsaitdə artımın bir seçki üçün nəzərdə tutulduğundan çox nəzərdə tutulması artıq ortada müəyyən planın olmasından xəbər verir. Çox böyük ehtimalla artım çoxdan kuluarlarda müzakirə olunan və hərdən qeyri-rəsmi şəkildə də olsa hakimiyyət mətbəxinə yaxın şəxslərin dilindən səsləndirilən növbəti referendumun keçirilməsi ilə bağlıdır. Bu günlərdə Milli Məclisin insan hüquqları komitəsinin sədri Zahid Oruc tərəfindən referenduma olan zərurətin gündəmə gətirilməsi təsadüfi hesab edilə bilməz. Bəllidir ki, cənab Z. Oruc ali siyasi hakimiyyətin razılığı olmadan bu fikirləri səsləndirməzdi. Ölkənin siyasi həyatında və idarəetmədə müşahidə olunan dəyişikliklər və tendensiyalar da Konstitusya dəyişikliyini ehtiva edən növbəti referendum iddiaları ilə bağlı ehtimalları gücləndirir.

Sual: Konstitusiyaya görə, növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir. Yəni gələn ilin noyabrında həm də parlament seçkiləri keçirilə bilər?

Cavab:Əlbəttə, nəzəri və hüquqi baxımdan mümkündür. Amma, indiki zamanda bunu o qədər də aglabatan hesab etmirəm. Ən azından hazırda növbədənkənar parlament seçkilərinə hər hansı zərurət və ciddi səbəb yoxdur. Parlament siyasi hakimiyyət üçün problem və təhlükə yaratmırsa, seçkini-seçkiyə qatmağın heç bir mənası olmur. Növbəti bələdiyyə seçkilərinin 2024-cü ilin dekabr ayına təsadüf etməsi Milli Məclisə seçkilərin keçiriləcəyinə az ehtimal verir.

Sual: Oktyabr ayının sonuna sayılı günlər qalıb. Qanunvericiliyə görə referendum 60 gün öncədən elan olunmalıdır. Yəni bu ay bitsə, demək ki, referendum məsələsi də gələn ilə qalacaq, ya da keçirilməyəcək. Amma bir çox ekspertlər hesab edirlər ki, referendum keçirilməsə parlament seçkiləri effektiv olmayacaq. Siz nə düşünürsünüz bu barədə? Referendum bu ilin sonu və ya gələn ilin əvvəli keçiriləcək?

Cavab:Əvvəla ondan başlayaq ki, referendum keçiriləcəkmi? Bir neçə amil, o cümlədən hakimiyyətin hələ xeyli əvvəldən buna hazırlaşması ilə bağlı gəzən söz-söhbətlər və bu ideyanın məhz hakimiyyət üçün çox əlverişli olan indiki şəraitdə dövriyyəyə buraxılması referendumun keçirilməsi ilə bağlı niyyətin ciddi olduğunu göstərir. Dəyişən siyasi reallıqlar və çağırışlar da hakimiyyəti dəyişikliklərə getməyə stimullaşdırır. Zaman və mövcud reallıqlar bu dəyişikliklərə səbəb olacaq referendumun növbəti ildə baş verəcəyini düşünməyə əsas verir.

Sualın parlament seçkilərinin referendumdan sonra keçirilməsi ilə bağlı gözləntilərə gəldikdə isə, əlbəttə bu gözləntiləri bölüşürəm. Yenə də gəzən söz-söhbətə inansaq, ortada parlamentli respublikaya və proporsional seçki sisteminə keçid niyyəti vardır. Siyasi partiyalarla bağlı qanunvericiliyin və praktikanın dəyişməsi də bu ehtimalların gerçəkliyə yaxın oldugunu deməyə əsas verir. Buna görə də Milli Məclisə seçkilərin növbəti ildə gözlənilən referendumla ölkənin siyasi və seçki sisteminə əl gəzdirildikdən sonra keçirilməsi daha ağlabatan və məntiqli görünür.

Sual: Gələn il Azərbaycanda bələdiyyə seçkiləri keçirilməlidir. Bu seçki əvvəlkilərdən fərqli olacaq. Çünki artıq Qarabağ da var. Qarabağda da bələdiyyələr formalaşdırılmalıdır. İndi necə olacaq? Seçkidə Qarabağdan kimlər iştirak edə bilər? Qanunvericiliyə hər hansı dəyişiklik edilməlidirmi?

Cavab:Seçki hüququ olan vətəndaşın bələdiyyə seçkilərində iştirakı üçün hüquqi tələb kimi şəxsin müvafiq bələdiyyə ərazisində daimi yaşaması, yəni həmin ərazidə qeydiyyatda olması faktı çıxış edir. Buna görə də məcburi köçkünlər indiyədək keçirilən bələdiyyə seçkilərində iştirak edə bilməyiblər. İndi isə torpaqlarımız işğaldan azad olub və müəyyən qədər geridönüş də vardır. Lakin geridönüşün olması hələ bu şəxslərin dərhal bələdiyyə seçkilərində iştirak edə bilməsi anlamına gəlmir. Bunun üçün hüquqi əsaslar təmin edilməyib. Vətəndaşın bələdiyyə seçkilərində iştirakı üçün onun yaşadğı ərazidə bələdiyyə olmalıdır. İşğalda olan ərazilərdə isə obyektiv səbəblərdən bələdiyyələr təşkil edilməyib. Digər ərazilərdən fərqli olaraq işğal zonasında torpaq islahatı aparılmadığından bələdiyyələrin əraziləri və torpaqları da müəyyən edilməyib. Ona görə də ilkin olaraq işğal zonasında olan ərazilərdə torpaq islahatı aparılması, bələdiyyələrin torpaqları və əraziəri müəyyənləşməlidir. Yalnız bu məsələ qanunvericilik qaydasında həll edildikdən sonra vətənlərinə dönən vətəndaşlarımız bələdiyyə seçkilərində iştirak edə biləcəklər.

Sual: Artıq Qarabağ problemi bitdi. Sizcə, demokratiya Azərbaycana bu seçkilərlə gələ bilərmi? Demokratik, şəffaf, ədalətli seçki keçirmək üçün hansı addımlar atılmalıdır?

Cavab:Şübhəsiz ki, Qarabağ problemi ölkədə demokratiyanın inkişafına təsir göstərən amillərdən olub. Əlbəttə ki, bu amil üzərindən manipulyasiyalar da az olmayıb. Lakin problemi yalnız bununla izah etmək doğru olmazdı. Təcrübə göstərir ki, demokratiyanın təşəkkülü və inkişafında əsas və həlledici faktor kimi ümumilikdə toplumun demokratiyaya nə qədər hazır və ona sadiq olması çıxış edir. Hazırda bizim təcrübədə toplum demokratiyanın əhəmiyyətini və üstünlüyünü müəyyən qədər dərk etmiş olsa da, ona çatımlılıq üçün adekvat davranış sərgiləmir. Bunun özü də bir çox ciddi səbəblərlə bağlıdır və bəzi hallarda toplumu qınamaq da olmur. Həyatda heç vaxt öz təcrübəsində görmədiyi və müntəzəm olaraq əks təbliğatın təsiri altında olan toplumdan fövqəladə nəticələr də gözləmək doğru olmazdı. Toplum demokratiyanın Qərbdən gəlməsinin fərqindədir və belə bir şəraitdə region dövlətləri qarışıq güclü anti-Qərb təbliğatının təsiri altında olması demokratiya haqqında yanlış təsəvvürlərin formalaşmasını şərtləndirir. Zaman və şərait hələlik demokratiyanın xeyrinə olmasa da, toplumun buna hazırlanmasını qarşımızda olan əsas vəzifə kimi görürəm.


ASTNA.biz

Kamran MAHMUDOV

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300