AĞ Partiya qeydiyyata alındı

 

Tural Abbaslı Ədliyyə Nazirliyinin onlara rəsmi məktub göndərdiyini deyir

 

Ədliyyə Nazirliyi AĞ Partiyanın yenidən təqdim etdiyi üzvlük siyahılarını yoxlayıb.

 

Bu barədə partiyanın sədri Tural Abbaslı "Facebook” səhifəsində məlumat yayıb.

 

Tural Abbaslı bildirir ki, nazirlik siyahıları təsdiq edib və partiyanı dövlət qeydiyyatına alıb.

 

Bundan əvvəl partiyanın Ədliyyə Nazirliyinə təqdim etdiyi üzvlük siyahılarında çatışmazlıqlar aşkar edilib.

 

"Səhər Ədliyyə Nazirliyindən rəsmi cavab məktubu göndərilib. Məktubda qeyd edilir ki, AĞ Partiyanın üzvlərinin reyestrinin qanunauyğunluğu yoxlanılıb və bu proses yekunlaşaraq partiyamız qeydə alınıb. Bu münasibətlə bütün AĞ Partiyaçıları təbrik edir və bundan da böyük nailiyyətlər arzu edirəm”, – deyə o bildirib.

 

Azərbaycanda siyasi partiyalar bu il yanvarın 11-də qüvvəyə minən yeni "Siyasi partiyalar haqqında” Qanuna uyğun təkrar qeydiyyat üçün üzvlərinin siyahılarını Ədliyyə Nazirliyinə göndərirlər.

 

1992-ci ildən siyasi partiyaların fəaliyyətini tənzimləmiş qanun dövlət qeydiyyatı üçün 1000 üzv tələbi qoymuşdu.

 

Yeni qanun qeydiyyat həddini 5000 üzvə qaldırıb.

 

Dövlət qeydiyyatında olan 60-a yaxın partiyaya üzvlərinin sayını 5000 nəfərə çatdırmaq, onların reyestrini (siyasi partiya üzvünün adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı və əlaqə telefon nömrəsi) hazırlayıb Ədliyyə Nazirliyinə təqdim etmək üçün 180 gün vaxt verilib.

 

Həmin müddət iyulun 10-da bitib.

 

Hansı partiyalar buraxılıb?

 

2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub.

 

Qanunun qəbulundan bir neçə ay sonra Azərbaycanda 30-dan çox partiya özünü buraxıb.

 

Bu sıraya Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası, Aydınlar Partiyası, Kommunist Partiyası, Vahid Azərbaycan Milli Birlik və Azərbaycan Azad Respublikaçılar Partiyası və digərləri daxildir.

 

Partiyaları kim bağlayır?

 

Meydan TV-yə daxil olan məlumata görə, partiyaların çoxu sədrlərindən xəbərsiz, Prezident Administrasiyası tərəfindən buraxılır və həmin partiyaların rəhbərləri bu haqda hökumətə yaxın media orqanlarında çıxan xəbərlərdən öyrənirlər.

 

Məsələn, Liberal və Cümhuriyyət Xalq partiyalarının adlarını xatırlatmaq olar.

 

İyunun 24-də Liberal Partiyanın VIII qurultayı keçirilib və Əvəz Temirxan sədr seçilib.

 

Elə həmin gün də partiyanın fəaliyyətinin dayandırıldığı haqda mediada xəbər yayılıb.

 

Əvəz Temirxan isə bundan xəbərsiz olduğunu deyib: "Həmçinin qurultay yeni parlament seçkilərinə qədər partiyanın faəliyyətinin müvəqqəti dayandırılması haqda qərar qəbul edib, yəni bu, müvəqqəti dayanmadır, dekabrın 31-ə qədər. Ancaq məlumatı haradan alıbsa, "musavat.com” saytı Liberal Partiyasının fəaliyyətini dayandırması haqda xəbər yayıb. Biz bilmirik ki, onlar bu məlumatı haradan alıblar”.

 

Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Bədrəddin Quliyev isə açıqlama yayılandan bir gün əvvəl partiyanı buraxmaq barədə düşünmədiyini demişdi. Ancaq səhəri gün partiyasının buraxılması haqda bəyanat hökumətə yaxın saytlarda yayılıb.

 

Partiya sədrlərindən biri deyib ki, qərar Prezident Administrasiyasında verilir və mediaya ötürülür.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300