Bakının "at gedişi”, bağlanan dəhliz və ekoaksiya: Hədəf nədir?

 

Azərbaycan QHT-ləri və media nümayəndələrinin Laçın dəhlizini bağlayaraq, aksiya keçirmələrinin planı şübhəsiz Prezident Admnistrasiyasına hazırlanıb. Lakin prosesdə bütün güc strukturları ilə yanaşı, XİN və daha bir neçə qurumun təklifləri və tövsiyyəsi əsasında ərsəyə gətirilib.

Lakin hədəfin Ağdərədəki qızıl və mis yataqları olması və ya orada monitorinqin keçirmək istəməsi real deyil. Çünki Azərbaycan əgər belə bir istəkdə olsaydı, bunu 44 günlük müharibədən sonra, Ağdam işğaldan azad edildikdə reallaşdırardı. Hətta həmin vaxt mümkün olmasaydı belə, Fərrux əməliyyatından sonra bunu həyata keçirmək Bakı üçün su içim qədər asanlaşmışdı və o zaman bu addımı atardı. Deməli, məsələ nə mədən, nə də monitorinq deyil.

Əvvəlcə, gedişlərə baxaq. Hadisələr 13-14 sentyabr sərhəd təxribatlarından başladı. Ermənistanın sərhəddimizdə təxribat törədərək, 80 əsgərimizin Şəhid olmasına nail oldu. Bunun ardından böyük itikilər verərək, az qala Cermuxu belə itirməli olacaqdılar ki, qanlarının arasına ruslar girdi. Rusiya ilə danışıqlardan sonra Azərbaycan Ordusu bir sıra strateji yüksəkliklərə sahiblənmək şərti ilə hərbi əməliyyatları dayandırdı. Bunun ardından gündəmə Laçın dəhlizindən Xankəndinə silah və sursatın daşınması gətirildi. Azərbaycan tərəfi ermənilərə fakt qarşısında qoyaraq, hətta dəhliz vasitəsi ilə Qarabağa ötürülmüş silahların siyahısını belə yayımladı.

Lakin ermənilər bununla da hesablaşmayıb, davam etməyə cəhd göstərdilər. Ardından İranın Ermənistana, oradan da Qarabağa silah ötürməsi faktı gündəmə gətirildi. Həmin silahların da siyahısı yayımlandı.

Belə olan halda, yəni, Ermənistan Rusiya və İranın əliylə Qarabağdakı separatçıları silahlandırmağa başladığını görən Bakı, prosesə yeni bir mərhələdən başlamaq qərarı vermək məcburiyyətində qaldı. İlk olaraq meydana ekoloqlar göndərildi. Onlar Xocalıya qədər gedərək, orada rus sülhməramlılarının qərargahında müzakirələr apardılar. Razılaşma isə bu oldu ki, ekoloqlarımız yol xəritəsi təqdim edərək, qızıl və mis mədənlərində monitorinq təşkil edəcəklər. İikinci mərhələdə də ruslar ermənilərin əliylə bu prosesə imkan vermədilər. Bir-neçə qotur ermənini ekoloqlarımızın qarşısına çıxarıb, onları mədənə buraxmadılar.

Aydın məsələ idi ki, Bakı hadisələrin bu səmtdə gedəcəyini yaxşı bilirdi. Və ermənilərin "aksiya” təşkil etməsi daha əlverişli addımların atılması üçün zəmin yaratdı. Ardından QHT-lər və media qabağa verildi ki, bu da hazırlanmış planın ikinci mərhələsi hesab olunmalıdır.

Ancaq Azərbaycanın hədəfini bundan sonrakı mərhələsi çox maraqlıdır. Bakı nə edəcək? Hansı addımlar atacaq?

Bəzi addımları təxmin etmək mümkündür. Amma bunun üçün proseslərin bir qədər də dərinləşməsi lazımdır. Nəzərimcə, Bakının hədəflədiyi məsələlər aşağıdakılardır:

         1.Azərbaycan Qarabağda müvəqqəti yerləşmiş rus sülhməramlılarının 2025-ci ilə qədər çıxarılmasını hədəfləyir. Lakin indiki mərhələdə əsas məqsədi rusları Qarabağdan çıxarmaq yox, onları neytrallaşdırmaq, əvvəlki kimi sərbəst qalmalarına imkan verməmək və ən əsası Bakı ilə hesablaşmalarını təmin etməkdir. Bunu keçirilən aksiyadan da aydın görmək olur. Belə ki, etirazçılar "Rus sülhməramlıları Qarabağdan çıxsın” deyil, "Volkov getsin” deyirlər. Aydın məsələdir ki, məqsəd rusları toplu halda yox, komandanlarını göndərməkdir.

         2. Azərbaycanın hədəflədiyi ikinci vacib məsələ Şuşanın ətraf kənd və qəsəbələri, paralel olaraq Xocalı şəhəridir. Şuşanın ətraf kəndlərinin Azərbaycan Ordusunun nəzarətində olması Xankəndi çəmbərini daha da daraldıb, minimum həddə endirmək, habelə Qarabağda yaşayan ermənilər üçün bəlli bir ərazidə yaşamaq şəraiti yaratmaqdır. Yəni, Bakı Şuşanın kəndlərinə nəzarət etməklə, həm də Şuşanın təhlükəsizliyini tam təmin etmək, eyni zamanda, gələcəkdə əhalinin köçürülməsi ilə Xankəndinin ətrafını tamamilə bağlamaqdır.

    Xocalı isə Azərbaycan üçün olmazsa olmazdır. Hələ "Qisas” əməliyyatı zamanı da məlum olmuşdu ki, Bakı Xocalıya sahiblənmək, orada yerləşmək üçün ciddi cəhdlə çalışır. Bu həm də ermənilərin tamamilə ruhdan salınması və Şəhid şəhəri regionun mərkəzinə çevirmək üçün vacibdir.

         3.Azərbaycanın digər hədəfi Laçın dəhlizində əlverişli mövqe tutmaq, ona nəzarəti leqallaşdırmaqdır. Volkovun bu yaxınlarda "dəhlizdə mini gömrük postu qurulacaq və Bakı ilə razılıq əldə edilib” açıqlaması da bunu deməyə əsas verir. Hələlik Azərbaycan gömrükçüləri prosesdə fiziki olaraq iştirak etməyəcəklər. Lakin yüklərin yoxlanılması prosesi onlayn həyata keçiriləcək. Minimal hədəf həmin buraxılış məntəqəsini qurmaqdır. Bunun ardından isə pasport yoxlanışı prosesini həyata keçirmək mərhələsi gələcək.

         4.Hədəflərdən biri də Qarabağ, Ermənistan və Rusiyadakı erməni və erməni diasporunun qidalandığı və əsas gəlir mənbələri olan mədənlər üzərində nəzarət, onun istismarının Bakının əlinə keçirilməsidir. Qeyd edim ki, Ruben Vardanyan Qaravağa rusların təlimatı ilə gəlib. Onun hədəfi Qarabağda uzun müddət qalaraq, bu torpaqları Azərbaycandan qoparmaq deyil. Əgər imkan yaranarsa, bundan imtina etməyəcəyi də dəqiqdir. Vardanyan Qarabağa iki missiya ilə göndərilib. Birinci missiya, yataqların talanması prosesini maliyyələşdirməklə, qızıl və digər qiymətli metalları Ermənistana, orada da xaricə satmaqla böyük pullar qazanmaqdır. Bu, Vardanyanın işinə həm də ona görə yarayır ki, Rusiyadakı çirki pulların yuyulmasını rahatlıqla həyata keçirəcək. İkinci missiya, əldə olunan pullardan Qarabağdakı separatçıların maliyyələşdirməsini həyata keçirməklə, onları güclü saxlamağa cəhddir. Məlumdur ki, təkcə Qızılqaya mədənindən separatçılara hər il vergi adı altında 50 milyon dollara yaxın pul verilir. Bu Qarabağdakı separatçı kəsim üçün kiçik rəqəm hesab olunmur. Bir də bunun üzərinə digər "ödəmələri” də əlavə etsək, o zaman daha böyük məbləğlərin ortaya çıxacağına şahid olarıq.

  Azərbaycanın məqsədi həm separatçıları, həm də erməni diasporunu bu gəlirlərdən məhrum etməkdir. Həm də uzun illər Qarabağdan böyük pullar qazanan erməni diasporu üçün bu əraziləri əlverişsiz yerə çevirməkdir. Yəni, onların göz dikdikləri və illərdir taladıqları coğrafiyadakı əllərini kəsməkdir.

Beləliklə, Azərbaycanın Laçın dəhlizindən başlatdığı prosesin hədəfi sıradan bir ekoloji monitorinq razılaşması əldə etmək üçün deyil. Bu yeni bir mərhələ, eyni zamanda, erməniləri daha da məhdud dairəyə salaraq, şərtləri diqtə etmək üçün əlverişli imkan yaratmaqdır.


Fikrət Fəraməzoğlu,

Jurnalist Araşdırma Mərkəzinin rəhbəri

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300