Balakən polisində ŞOK: Toka vermə əməliyyatı, müəmmalı ölüm-FOTOLAR
BRPŞ-nin cinayəti açma üsulları bu imiş...

Yanvar ayında Balakən rayonun Katex kəndində bir sıra cinayətlər baş verib. Silsilə şəklində baş verən cinayət hadisələri ujas kinoları xatıraladıb lap.
Miq.az-a daxil olan şikayət məktubunu oxuyandan sonra siz də ŞOK-a düşəcəksiniz.
Rayon sakini Bayramova Zərinənin adından daxil olan şikayətdə bildirilir ki, bir ayın içində camaatın evləri qarət edilir, tövlələr yandırılırdı. Yanvar ayı ərzində 6 tövlə yanmış, bir sıra evlər qarət edilmişdir. Evlərdən zinyət əşyaları və xeyli miqdarda pul qarət edilib. 
Miq.az-ın redaksiyasına daxil olan məktubda daha sonra yazılır: "Baş verən hadisələrlə əlaqədar mətbuatın susmasını başa düşmədik. Necə olur ki, bir ağac mövsümündən əvvəl çiçəkləyəndə, bir qoyun 3 bala verəndə və sairə bu kimi mənasız xəbərləri şok-şok başlığı altında işıqlandıran KİV bu olaya susurdu? Bir dəfə də olsun bunu işıqlandırmadılar. Nə idi bu məxfiliyin səbəbi?!
Balakən rayon polis şöbəsinin işçiləri kəndimizin küçələrinə tökülərək guya cinayətkarları tutmağa çalışırdılar. Kəndimizin bələdiyyə sədri Pirişev Çavanşir müəllim də kəndin cavanlarını, həmçinin qardaşımı polisə kömək məqsədi ilə bu işə cəlb etmişdir. Qardaşım gecə-gündüz polis işləri ilə birlikdə kasıbın malına göz dikən cinayətkarların axtarışında polislərə kömək edirdi. O zamana ki, yanvarın 28-i cinayət axtarış şöbəsində işləyən Qustarov Zaur səhər radələrində qardaşımı iclasa çağırır, rəis təlimatlar verəcək bəhanəsi ilə evdən aparır. 
Nəzərinizə çatdırıram ki, qardaşım Əhmədov Əziz Əliağa oğlu artıq bir il idi, Zaqatala Dövlət Təbiət Qoruğunda mühafizə yegeri işləyirdi. Qardaşım o gedən oldu. Hardan biləydik ki, evə soyuq cəsədi gələcək.
Şöbədə saxlanılan qardaşım haqqında lazım bilib bizə heç məlumat da vermədilər. Axşam kənd əhalisindən biri gələrək bildirdi ki, qardaşım Əziz Balakən rayon polis şöbəsində saxlanılıb. Bunu eşidən kimi polis şöbəsinə getdik. Heç bir məlumat ala bilmədik. Bizə bildirdilər ki, səhər izahatını alıb buraxacağıq. Səhər atamla-anam yenidən BRPŞ-nə getdilər. Orada da onları arxayın saldılar ki, oğlunuz 102-yə zəng edərək şikayət edib və polis şöbəsinə çağrılarkən gəlmədiyinə görə sutka verəcəklər ya da cərimə kəsəcəklər.
Qardaşım bir neçə ay bundan qabaq 102 xidmətinə zəng edərək kəndimizin sahə müvəkkili Növhərdən şikayət etmişdir. Bununla bağlı evə gələrək izahatını da almışdılar. 
Bu minvalla qardaşımı "bu gün sabah buraxacağıq”, "sutka verəcəyik ya da cərimə kəsəcəyik” deyə-deyə bizi aldatdılar və üstündən 4 gün keçdi. Bu 4 gün ərzində biz ailəsinə doğru-dürüst məlumat verməyi belə özlərinə borc bilmədilər. 
Fevralın 1-i (tutulduğunun 5-ci günü) qardaşımın "məhkəməsi” oldu.  Bizi məhkəməyə buraxmadılar, heç bir sənəd də təqdim etmədilər, sadəcə dedilər ki, 10 sutka verilib, 10 sutkanı yatıb çıxacaq... 
Sonra eşitdik ki, 10 sutkanı da qardaşıma yolda xuliqanlığa görə verilib. Hansı xuliqanlıq, nə xuliqanlıq yenə də açıqlama yoxdur ki, yoxdu...
 
Sən demə elə həmin gün onun ölümünə hökm kəsiblərmiş. 

Həmin gündən onu döyərək olmazın işgəncələr etmiş, kəndimizdə baş verən cinayətləri boynuna alması üçün təzyiglər etmişlər. 
Fevralın 2-si Əziz hər şeyi boynuna alıb adı ilə evimizdə axtarış apardılar. Təbii ki, evimizdən özünün sənədli tüfəngindən başqa heç bir şey tapılmadı. 
Axtarış zamanı polis şöbəsindən gələn Q. Zaur həyətimizə gələn kənd əhalisinə tövlələrimizi göstərərək "Gərək camaat gəlsin, sizin buraları yandırsın” demişdir. Sonra bizə yaxınlaşaraq oğurlanan qızılların qardaşımın baldızında olduğunu söylədi (Baxmayaraq ki, onların evində də axtarış aparılmış və heç nə tapılmamışdır). Hətta Q. Zaur əşyaları vermədiyi təqdirdə qardaşımın baldızını toka verəcəyini deyərək hədələdi də. Deməli, BRPŞ-nin cinayəti açma üsulları bu imiş...
 
Sözdə xalqın hüquq mühafizəçiləri kimi görünənlər əslində isə əsl cəlladlar imiş...

Elə həmin gün axşam saatlarında kənar şəxslər tərəfindən qardaşımın venasını kəsərək Balakən rayon xəstəxanasına aparıldığını öyrəndik. Şöbədə bir sutkasını belə bitirməyən qardaşımı venasını kəsib intihara cəht etməyə nə vadar etmişdir görəsən?
Xəbəri eşidən kimi ailəmizlə xəstəxanaya üz tutduq. Qapıda polislər qabağımızı kəsdilər. Müxtəlif bəhanələr gətirərək qah yıxılıb qolu kəsilib, qah da sutka verilib sutkasını yatır dedilər. Sutkanı xəstəxanadamı yatırlar sualımız başqa suallar kimi cavabsız qaldı. Qadın olmağımıza baxmayaraq qarşımıza 20-30 nəfər polis tökdülər. Yalvarışlarımıza, xahişlərimizə məhəl belə qoymayıb, gözü yaşlı ananı yaralı oğlunu görmək hüququndan belə məhrum etdilər. Necə olur ki, bu qədər yalvaranda anasını, bacılarını görüşə buraxmayan polis işçiləri gecə saat 2-də qardaşıma telefon verərək baldızına zəng etdirirlər ki, mənə paltar gətirib gəlsənə. Gecə saat 2-də polis rəisinin müavinləri gələrək qardaşımın baldızını xəstəxanaya aparırlar. Gecə elə xəstəxanadan birbaşa polis şöbəsinə aparılan baldızı Günay Hudulova oğurlanmış qızıllar səndədir ittihamı ilə 3 sutkadan artıq şöbədə saxlanılır. Fevralın 3-ü günün 2-ci yarısında qardaşımın yoldaşını, qaynanasını, anamı və bacımı xəstəxanaya çağırırlar. Oğlunuzun sizə deyəcəkləri var deyirlər. Anamgil palataya girəndə qardaşımın halsız, qolunda sistemlərlə oturduğunu görürlər. Həyat yoldaşı qardaşımın ayaqlarına baxaraq işgəncə faktlarını görür. Bu zaman başının üstündə duran polis rəisi Elnur "müəllim” və müavinləri qardaşımın həyat yoldaşına kobudluq etmiş, heç bir sual verməyə qoymamış, ancaq Əziz tez ol boynuna al, qutar bu işi sözlərini deyirdilər. Bu zaman qardaşım çox halsız və carəsiz görünürdü. Qardaşımın həyat yoldaşı onlara Əzizin heç bir günahı yoxdur bizim sübut və şahidlərimiz var ki, hadisələr zamanı o harda və kimlə olub deyəndə polis rəisi ona bizə sizə sübutlarımız lazım deyil, bizim öz üsullarımız var deyib. 
 
Günahsız insanlara işgəncələr verərək, təzyiglər göstərərək eləmədikləri cinayəti boynuna qoymaq – budurmu bunların üsulları?!...
 
Bacım da palataya girəndə polis işçiləri yenə də onu kobudlamış, heç bir sual verməyə qoymamışlar, sən müstəntiq deyilsən demişdilər. 
Yaxşı, əgər qardaşım doğurdan da cinayətkar idisə, ortada fakt var idisə,  niyə bizi təklikdə qoymurdular, qardaşıma da ağzını açmağa belə imkan vermirdilər. Dedikləri "boynuna al, qurtar bu işi, Əziz”- deyirdilər. Bacım qardaşımın yanında olarkən qardaşım rəisə dedi ki, rəis, nə olar bircə dəqiqə məni bacımla tək qoyun, xahiş edirəm. Sizin yanınızda dediklərimdən başqa heç nə deməyəcəm. Lakin rəis buna razı olmadı. Əgər hər şey şəffav və obyektiv idisə nəyə görə bizi təklikdə qoymaqdan qorxurdular. Görəsən, onlar qardaşımın bizə nə deyəcəyindən qorxurdular?
 
Bəlkə bütün bunların arxasında başqa bir həqiqət gizlənir?!..

Bütün bu Katex hadisələri də bunları ört-bastır edən bir pərdə idi? Qardaşımın məni yandırdılar, mənə tələ qurdular söyləməsi də buna bir işarə deyilmi? Bəlkə əsl həqiqət tam başqadır? Qardaşım isə bu cinayətin sadəcə bir qurbanıdır. 
Xəstəxanada qardaşım söhbət əsnasında bacıma gözü ilə işarə etmiş, əlindən tutaraq sıxmış, sanki gözləri ilə imdad istəyirdi. Qardaşım carəsiz halda evə gəlmək, uşaqlarını görmək istəyirəm demişdi. 
Ümumiyyətlə, bu qədər qan itirərək ağır vəziyyətdə olan birinin, xəstəxana palatasında, başında 5-6 nəfərin durması, gecə-gündüz ona sorğu və təzyiglərin edilməsi özü bir cinayət deyilmi?!...
 
Axı o da insandır, axı məhkumun da hüquqları var. Bu qədər tələskənliyin, canfəşanlığın səbəbi nə idi görəsən?

Vəkilin gəlməyinə 1 saat qalmış qardaşımın intihar etməsi sual doğurmurmu? Ürəyimi parçalayan cavabsız suallardan biri də budur ki, qardaşım nəyə görə venasına yeridilən sistemi tez-tez çıxarırmış (tibb bacılarınn dediyinə görə). Nəyə görə gecələr xəstəxana palatasına maskalı şəxslər girirmiş, onların məqsədi nə idi? Gecələr palatada nələr baş verirmiş? Qardaşım sanki bir terrorçu kimi qorunurdu. Sanki onun kiməsə, nəsə deyəcəyindən qorxurdular. Xəstəxanada və kəndimizdə də o qədər xof yaranıb ki, heç kim gördüyünü, bildiyini demək istəmir...
 
Nədir bu qorxunun səbəbi? 

Bütün bu haqsızlıqları görən kənd camaatı və xəstəxana işçiləri susur, heç kim heçnə demək istəmir, qorxurlar...
 
Fevralın 4-də eşitdik ki, xəstəxanada nəsə bir hadisə baş verib. Gedib gördük ki, polislər xəstəxananı əhatəyə alıb, yenə də bizi içəriyə buraxmadılar və heç bir məlumat vermədilər. Bir saata yaxın xəstəxananın qabağında durmağımıza baxmayaraq heç kim çıxıb bizə məlumat vermədi. Balakənin bütün polis şöbəsini ora tokmüşdürlər, hətta YPX-nı belə. 
Yenə də kənar şəxslərdən eşitdik ki, qardaşım özünü 3-cü mərtəbədən ataraq intihar edib. Mən başa düşə bilmirəm, azad bil ölkənin azad vətəndaşının hüquqlarını bu qədər pozmaq, tapdalamaq olarmı? Bir ailənin, bir ananın, bir atanın hüquqlarını bu qədər tapdalamaq olarmı? Gözü yaşlı bir ananın övladının isti nəfəsinə, son sözünə belə çatmağa haqqı yox idimi? Nə idi onun bu müəmmalı ölümünün səbəbi? İki körpə balasına həddindən artıq bağlı olan, xəstəxana palatasında belə körpələrimi görmək istəyirəm deyən, ailənin yeganə oğul övladı olan, qərib  anasının dayağı olan, günahsız birinin özünü qətlə yetirməsi şübhə doğurmurmu? Axı nə idi onun günahı, axı o nəyin və ya kimlərin qurbanı oldu? Onu kim bu həddə çatdırdı?...
 
Oğru idisə qanunla, faktla həbsə göndəriləydi, cəzasını çəkərdi. Bu qədər işgəncələrin səbəbi nə idi axı?... Qaranlıq məqamlardan biri bə budur ki, 2 litrə yaxın qan itirən, hətta ayaqları belə tutulan, deyilənə görə həmin gün vəziyyəti ağır olan, başının üstündə 4 polis duran biri özünü necə pəncərədən atdı?
Qeyd edək ki, bu cinayətlə əlaqədar BRPŞ-də 3 nəfər şübhəli bilinərək saxlanılmışdır. Onlar Əhmədov Əziz, Bullayev İsmayıl, Əbəçiyev Fəxridir. Qardaşımın ölümündən sonra onlardan biri buraxılmış, birinə isə 3 aylıq həbs qəti -imkan tədbiri kəsilmişdir. Həmin bu şəxslərdə də işgəncə faktları aşkarlanmışdır. Hətta onlara hədə qorxu da gəlmişdirlər ki, əgər bizim dediklərimizi deməsəniz, səhərə kimi başınıza oyun açarıq. Əgər bütün bu üzləşmələr aparılmışdırsa, şübhəlilər cinayəti boyunlarına  almışdırlarsa və əgər onlar doğurdan da cinayətkar idilərsə, bəs camaatın evindən talanan qızıllar, pullar və maddi dəlillər hardadır?!...
Bütün bu haqsızlıqları və özbaşınalıqları saymaqla qutarmır, hələ PŞ-nin qarşısında da təhqirlərə məruz qaldıq. Polis rəisinin müavini Nicat "müəllim” bizi təhqir etmiş, etik normalara sığmayan sözlərlə şöbənin həyətindən çıxartmışdır. Bütün bu özbaşınalıqlara nə zaman son qoyulacaq, hələ nə qədər ananın, bacının gözü yaşlı qalacaq, neçə körpə atasız böyüyəcək?
Bunu da qeyd etmək istəyirəm ki, qardaşımın intihar günü bir çox televiziya kanallarına müraciət etdik ki, bu hadisələri işıqlanıdırsınlar, ancaq onların da dəstəyini ala bilmədik. Heç bir televiziya kanalı səsimizə səs vermədi.
Yoxsa onları da hədə-qorxu ilə susdurmuşdular?
Hörmətli prezidentimiz hər çıxışında dəfələrlə məmur özbaşınalığından, xalqa qarşı laqeyid davranışdan danışmış və onları xalqa qarşı ədalətli olmağı tələb etmişdir. Bəs budurmu prezidentimizin xalqını həvalə etdiyi məmurların prezidentə etimadı. Mən əminəm ki, prezidentimizin rayonumuzda baş verən özbaşınalıqlardan xəbəri yoxdur... 
Mən YAP-nın sədaqətli üzvü kimi, demokratik bir ölkənin vətəndaşı kimi yeganə qardaşımı, arxasını itirən, fəryad edən bir bacı kimi aidiyyatı qurumlardan, prezidentimizdən, ölkəmizin birinci xanımından başımıza gələn bütün bu hadisələrin araşdırılmasını, istintaqın şəffav və obyektiv aparılmasını xahiş edirəm. Qünahsız qardaşımın haqqının tapdalanmasında, ölümündə günahı olanlar cəzalandırılsın. Bütün bu yazdıqların bəlkə də bəziləri üçün adı bir cəfəngiyyatdır, (belə də düşünələr olarmı yəni) ancaq inanın bu 33 yaşlı atanı itirən iki körpəcik balanın ağlaşma harayıdır...
Yeganə oğul övladını itirən ağbirçək ananın, beli bükülən atanın fəryadıdır...
Qardaş ciyninə arxalanan bacıların ahı-naləsidir...”
Hörmətlə,
Bayramova Zərinə
Balakən rayonu, Katex kəndi”.
Müraciətdəki iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.







Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300