Ramil Quliyev: "Nə vaxtsa Azərbaycana qayıda bilərəm” -MÜSAHİBƏ
Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 4X100 metr məsafəyə estafet qaçışında qızıl medal qazanan Türkiyə yığmasının Azərbaycan əsilli atleti Ramil Quliyev qalibiyyəti ilə bağlı öz hisslərini bölüşüb.
Report-un R.Quliyevlə müsahibəsini təqdim edirik:
- Bakıdakı yarışdan sonra növbəti dəfə İslamiadada qalib oldunuz. Hansı hissləri keçirirsiniz?
- Yarış həyəcanlı və yaxşı keçdi. Komandamız estafetdə birinci oldu. Türkiyədəki İslamiadada da qızıl medal qazandığımız üçün xoşbəxtik.
- Sonda hər şey sizdən asılı idi...
- Estafet yarışlarında hər zaman axırıncı qaçıram. Yarışda son nöqtəni mən qoyuram.
- 200 metr məsafəyə qaçışda
gümüş medala sahib çıxdınız. Qızıl medal qazana bilməməyinizin əsas səbəbi nədir?
- Bizim üçün əsas yarış bir həftə sonra Almaniyanın Münhen şəhərində keçiriləcək
Avropa çempionatıdır. Bütün proqramımızı buna görə qurmuşuq. Bu gün artıq səfərə
yollanacağıq. İnanıram ki, orada yaxşı nəticə əldə edəcəyik.
- Azərbaycan atletlərinin
İslamiadadakı çıxışını necə dəyərləndirirsiniz?
- Onları tanıyıram. Hər yarışda görüşürük. Medal qazanan idmançıları təbrik
edirəm.
- Estafet yarışının sonunda
sizi Azərbaycan bayrağı ilə gördük. Bu öncədən planlaşdırılmışdı, yoxsa bayrağı
sizə kimsə verdi?
- Mən imkan olanda özümlə Azərbaycan bayrağı da götürürəm. Dünya çempionatında
da bayraq çıxarmışdım. Burada isə mənə bayrağı yarışı izləyən azərbaycanlılar
atdılar. Bəzən özüm bayraq gətirirəm, amma məşqçi başqa yerdə olduğu üçün verə
bilmir. İmkan olanda iki bayrağı da çıxarır və şəkil çəkdirirəm.
- Burada mükafatlandırma mərasiminə
bayraqla çıxmaq fikriniz var idi?
- Bəli. Komanda ilə şəkil çəkdirəndə də bayrağı çıxartdım.
- Həyat yoldaşınız Yekaterina
Quliyeva ilə birlikdə üst-üstə 5 medal qazandınız...
- İslamiadaya yaxşı hazırlaşmışdıq. İdmançıyıq, əlimizdən gələn hər şeyi
edirik. Bunun üçün buradayıq.
- Gələcək planlarınıza nələr
daxildir?
- Qarşıda bizi Avropa çempionatı gözləyir. Ondan sonra 2024-cü ildə Parisdə
keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlaşacağıq. Ümid edirəm ki,
olimpiadadan medalla dönəcəyik.
- İyulda keçirilmiş dünya
çempionatında nəyə görə iştirak etmədiniz?
- Mundial ABŞ-da keçirilirdi. Uzaq idi və yarışların proqramına uyğun gəlmirdi.
Bu səbəbdən, Avropa çempionatına üstünlük verdik.
- Hansısa formada və ya məşqçi
kimi Azərbaycana qayıtmaq ehtimalınız varmı?
- Bəlkə, nə vaxtsa qayıda bilərəm. Hər şey ola bilər. Paris-2024-dək aktiv
idmanla məşğul olacağam. Ondan sonra gedişata baxacağıq.